Məhkəmə qərarları › İş №2(105)-1001/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1001/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1001/2023 13.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X3 və Cavabdeh3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-3811/2020 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh Elsever Qafarovla iddiaçı arasında bağlanan xx.xx.2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdeh Elsever Qafarova 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.

2. Həmin tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 2181 saylı sazişə əsasən kredit xətti 158 ay müddətinə artırılmışdır. xx.xx.2014-cü il tarixli sazişlə kredit xətti müqaviləsinin müddəti artırılaraq 192 ay müddətinə müəyyən edilmişdir. Cavabdeh Elsever Qafarov xx.xx.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kreditin cavabdehə verilməsini işdə olan eyni tarixli kassa məxaric orderi də təsdiq edir.

3. Sonradan xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli sazişlərə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş və kreditin müddəti xx.xx.2018-ci il tarixinə kimi uzadılmışdır.

4. Zaminlik müqavilələrinə və ona əlavələr edilməsi haqqında sazişlərə əsasən kredit xətti müqaviləsi üzrə Elsever Qafarovun öhdəliklərinin icrasını təmin etmək məqsədilə müvafiq olaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçı qarşısında zamin olmuşlar.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 4/933 saylı ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş, İddiaçı QSC-nin Sumqayıt filialı ilə Cavabdeh3 arasında bağlanmış 03S00001915 nömrəli 24 sentyabr 2013-cü il tarixli zaminlik müqaviləsində və İddiaçı QSC-nin Sumqayıt filialı ilə Cavabdeh3 arasında bağlanmış 03S000019156 nömrəli 24 sentyabr 2013-cü il tarixli zaminlik müqaviləsinə dəyişklik və əlavələr edilməsi haqqında 2 dekabr 2014-cü il tarixli sazişdə “5.2 Zamin:" qrafalarındakı- imzalar Cavabdeh3 tərəfindən icra olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı QSC X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 9039,87 ABŞ dolları məbləğində kredit borcu, 8393,16 ABŞ dolları faiz borcu və 14080,49 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə, 31513,52 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh Elsever Qafarov arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən ona 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2012-ci il tarixli, 2181 saylı sazişə əsasən kredit xətti 158 ay müəyyən edilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2014-cü il tarixli sazişlə kredit xətti müqaviləsinin müddəti artırılaraq 192 ay, məbləği isə 300000 ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Elsever Qafarov iddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq 2,1667 % olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Buna baxmayaraq cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini yerinə yetirməmişdir. Digər cavabdehlərlə iddiaçı arasında bağlanmış zaminlik müqavilələrinə əsasən onlar Cavabdeh1 kredit ğhdəlikləri üzrə zaminliyi öz üzərlərinə götürmüşlər.

8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-3811/2020 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, əsas borc üzrə 9039,87 ABŞ dolları, faiz borcu üzrə 8393,16 ABŞ dolları, cərimə üzrə 1000 ABŞ dolları olmaqla, cəmi 18433 (on səkkiz min dörd yüz otuz üç) ABŞ dolları 03 (üç) sent məbləğində pulun (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatının cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Emin Abdullayev).

9. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Ona görə də maliyyə arayışında göstərilən məbləğdə əsas borc və faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

10. Məhkəmə hesab etmişdir ki, 9039,87 ABŞ dolları əsas borc məbləğinə 14080,49 ABŞ dolları cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 1000 ABŞ dolları məbləğində müəyyən edilməsini daha ədalətli hesab etmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 445.2.1, 462.1, 467, 470.1, 472.1, 739.1, 739.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh3 apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3811/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin ona aid hissədə ləğv edilməsi və İddiaçı QSC ilə onun arasında imzalanmış zaminlik müqaviləsinə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. Şikayətin dəlilləri:

14. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq bildirir ki, cavabdeh Elsever Qafarov onun qızı ilə ailə qurduqdan sonra onun qaynanası kimi 2012-ci ildə banka gedib zaminlik müqaviləsinə imza atmışdır. Bundan sonra onunla bankla arasında hər hansı bir müqavilə imzalanmamışdır.

15. Birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasları barədə ona hər hansı bir bildiriş gəlmədiyindən bu barədə xəbəri olmamamışdır. Məhkəmə qərarı barədə onun pensiyasından tutulmalar aparıldıqdan sonra məlumat almışdır.

16. Bundan əlavə qeyd etmək lazımdır ki, İddiaçı QSC ona, yəni, zaminə qarşı iddia qaldırarkən Mülki Məcəllədə müəyyən edilmiş müddətləri buraxmışdır. İş materiallarından müəyyən etmək olar ki, İddiaçı QSC iddia ərizəsi ilə 2020-ci ilin iyul ayında MM-ilə müəyyən olunan zaminliyə xitam verilməsinə əsas olan müddətləri buraxdıqdan sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi işin faktiki halları ilə biri biri ilə ziddiyyət təşkil edən hallara qiymət vermiş, bu da qanunvericiliyin tələblərinə əsasən yol verilməzdir.

17. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddia tələbi ona aid hissədə işin faktiki hallarına və mövcud qanunvericiliyinin tələblərinə uyğun olmadığına görə ona aid hissədə iddia tələbi təmin edilməməlidir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. İddiaçı tərəfindən apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi X3 apellyasiya şikayətin etiraz edərək təmin edilməməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada digər cavabdehlər X2, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.

22. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

23. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

28. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.

29. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

30. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

31. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

32. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

33. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

34. Maddə 477. Zaminliyə aşağıdakı hallarda xitam verilir:

35. 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda;

36. 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə;

37. 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə;

38. 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

47. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh3 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-3811/2020 nömrəli qətnaməsini özünə aid olan hissədə mübahisələndirərək həmin hissədə ləğv edilməsini xahiş etmişdir..

48. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X2 ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh X2 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Göründüyü kimi borcun təminatı olaraq X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 zamin durmuşlar.

51. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə borcun cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulması qənaətinə gəlmişdir. Cavabdeh3 isə apellyasiya şikayətində zaminlik müqaviləsindəki və zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdəki imzaların onun tərəfindən imzalanmadığını və iddiaçı bank tərəfindən iddia müddətinin ötürüldüyünü əsas götürərək ona münasibətdə iddia tələbinin təmin edilməsi ilə bağlı məhkəmə qətnaməsində göstərilən hissədən narazılığını ifadə etmişdir.

52. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh3 münasibətdə iddia tələbini qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

53. Belə ki, yuxarıdakı normaların tələblərindən də aydın olur ki, borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və zaminlər kredit xətti müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

55. Apellyasiya şikayətində mübahisələndirilən halın araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1001/2023 nömrəli, 17 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 4/933 saylı ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş, İddiaçı QSC-nin Sumqayıt filialı ilə Cavabdeh3 arasında bağlanmış 03S00001915 nömrəli 24 sentyabr 2013-cü il tarixli zaminlik müqaviləsində və İddiaçı QSC-nin Sumqayıt filialı ilə Cavabdeh3 arasında bağlanmış 03S000019156 nömrəli 24 sentyabr 2013-cü il tarixli zaminlik müqaviləsinə dəyişklik və əlavələr edilməsi haqqında 2 dekabr 2014-cü il tarixli sazişdə “5.2 Zamin:" qrafalarındakıimzalar Cavabdeh3 tərəfindən icra olunması öz təsdiqini tapmışdır.

56. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

57. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, İddiaçı QSC zamin Cavabdeh3 qarşı iddia qaldırarkən Mülki Məcəllədə müəyyən edilmiş müddətləri buraxmışdır.

58. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə kollegiya qeyd edir ki, AR Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələblərinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

59. İş materiallarından müəyyən edilir ki, Elsever Qafarovla iddiaçı arasında bağlanan xx.xx.2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdeh Elsever Qafarova 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmış, həmin tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 2181 saylı sazişə əsasən kredit xətti 158 ay müddətinə artırılmış, daha sonra xx.xx.2014-cü il tarixli sazişlə kredit xətti müqaviləsinin müddəti artırılaraq 192 ay müddətinə müəyyən edilmişdir. Yəni öhdəliyin icra müddəti 16 il, başqa sözlə, xx.xx.2024-cü il tarixinədək müəyyən edilmişdir.

60. İş materiallarından görünür ki, AccessBank ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinin 4.1-ci bəndində müqavilənin “borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədə olması“ müəyyən edilmişdir. Bundan başqa İddiaçı QSC-nin Sumqayıt filialı ilə Cavabdeh3 arasında bağlanmış 03S000019156 nömrəli 24 sentyabr 2013-cü il tarixli zaminlik müqaviləsinə dəyişklik və əlavələr edilməsi haqqında 2 dekabr 2014-cü il tarixli sazişdə “sazişin borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gəln öhdəlikləri tam icra olunanadək qüvvədə olması” müəyyən edilmişdir.

61. Yuxarıda istinad olunan maddənin əsas dispozitiv şərtlərindən göründüyü kimi zaminliyə xitam onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halla şərtləndirilmişdir.

62. Daha öncə qeyd edildiyi kimi hazırki iş üzrə kreditin qaytarılma müddəti 16 il, başqa sözlə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gün xx.xx.2024-cü il müəyyən edilmişdir.

63. Zaminliyə xitam verilməsi əsasları daha əvvəl qeyd edilmiş qanunvericlik norması, eləcə də tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmişdir. Başqa sözlə, qanunvercilikdə zamin şəxsin zaminlikdən azad edilməsi üçün ərizə təqdim edilməsi nəzərdə tutulmamışdır.

64. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.

65. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

66. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

67. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)- 3811/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 127 (bir yüz iyirmi yeddi) manat Cavabdeh3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-3811/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 127 (bir yüz iyirmi yeddi) manat Cavabdeh3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar