Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1003/2022 30.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(060)-7920/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərardadı ilə (hakim E.Hüseynov) ünvan 1-də yerləşən 31 saylı mənzilin özgəninkiləşdirilməsi ilə bağlı qoyulmuş qadağanın ləğv edilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7920/2021 saylı, 10 fevral 2022-ci il tarixli qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı təmin etmək barədə ərizə verərək, iddia tələbi ilə bağlı iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəsini alanadək, ünvan 1-də yerləşən 31 saylı mənzilin özgəninkiləşdirilməsinin cavabdehlərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəsini alanadək, ünvan 1-də yerləşən 31 saylı mənzilin özgəninkiləşdirilməsinin cavabdehlərə qadağan edilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ünvan 1-də yerləşən ümumi sahəsi 40,95 kv.m olan 2 (iki) otaqlı 31 nömrəli mənzilə dair cavabdehlər arasında qanunu pozmaqla bağlanmış alqı-satqı müqavilələri nəticəsində əsassız varlanan cavabdehlər Cavabdeh2 34150 (otuz dörd min yüz əlli) manat, Cavabdeh1 isə 15000 (on beş min) manat habelə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair iddia tələbi rədd edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 10 fevral 2022ci il tarixli, 2(060)-7920/2021 saylı qərardadı ilə ünvan 1 ünvanda yerləşən, 31 saylı mənzilin özgəninkiləşdirilməsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin 15.09.2021-ci il tarixli qərardadı ilə qoyulmuş qadağanı ləğv edilmişdir. Qeyd olunmalıdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(060)- 7920/2021 saylı qətnaməsindən apelyasiya şikayəti verilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarını araşdırıb, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və ərizəyə yenidən baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini 02 dekabr 2021-ci il tarixli, 2(060)-7920/2021 saylı məhkəmə qətnaməsinin qanuni qüvvəsini alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə İddiaçı tərəfindən mübahisələndirilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2022-ci il tarixli qərardadı ilə şikayətin əsassız olması əsası ilə təmin edilməmişdir. İşdən görünür ki, Cavabdeh1 müvəqqəti təminat tədbirinin ləğvi barədə ərizə ilə məhkəməyə müraciət edərək zərurət aradan qalxdığından ünvan 3 ünvanı üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri) Mülki Prosessual Məcəlləsinin 158.1.2. maddəsinə əsasən müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə tədbirlər sırasına müvəqqəti təminat tədbirləri xüsusi yer tutur. İşdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli qərardadı ilə qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair İddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7920/2021 saylı, 02.12.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş müddət bərpa edilərək, apellyasiya şikayəti mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almamış, başqa sözlə desək müvəqqəti təminat tədbirinin ləğvi üçün əsas aradan qalxmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli və onunla bağlı 02 mart 2022-ci il tarixli qərardadları ləğv edilməli və müvəqqəti təminat tədbirinin götürülməsi barədə ərizəyə yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1, 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli və onunla bağlı 02 mart 2022-ci il tarixli qərardadları ləğv edilsin. Müvəqqəti təminat tədbirinin götürülməsi barədə ərizəyə yenidən baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1003/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1003/2022
30.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver