Məhkəmə qərarları › İş №2(105)-1004/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1004/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1004/2023 26.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(034)-40/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Zəngilan Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.İmanova) iddianın təmin edilməsi, Cavabdeh 85.000 manat məbləğində pul və 330 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə 85.000 manat pulun və 330 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, tanışı Cavabdeh xx.xx.2022-ci il tarixdə 85.000 manat borc vermiş və onlar bunu notariat qaydada təsdiq etmişlər. Aralarında olan razılığa görə cavabdeh borcu xx.xx.2022-ci il tarixədək ödəməli idi. Lakin aradan xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan imtina etmişdir. Artıq bir ilə yaxın vaxt keçmiş, cavabdehdən borcdan 1 manat da olsun qaytarmamış və qaytarmaq fikri də yoxdur. Ümumilikdə heç nə qaytarılmamışdır. Bu şəxslərin kifayət qədər səriştələri var. Avtomobilləri, mülkləri, villaları var, amma heç biri öz adlarına deyildir. Şəxsən o, özü qarşı tərəflə danışmış, gedin nə istəyirsiniz edin demişdir. Cavabdehin qardaşı, saxta etibarnamə hazırladığı üçün məsuliyyətə cəlb olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Fərəcov X2 Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin həmin qətnaməsini qanunsuz, əsassız və qərəzli hesab edir. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və onları düzgün tətbiq etməmişdir. Məhkəmə işin mahiyyəti üzrə düzgün nəticəyə gəlməmiş, öz qətnaməsini işin faktiki hallarına uyğun əsaslandıra bilməmişdir. O, əvvəllər İddiaçın tanımamışdır. X3 tanımışdır. X1 Vəliyevanın yaxın qohumudur. O, İddiaçı hər hansı bir pul vəsaiti almamışdır. Vəliyev İlyasın 2 ədəd “Mersedes Benz” markalı avtomobili var idi. Dediyinə görə həmin avtomobilləri Almaniyadan gətirmişdir. Ona təklif etmişdir ki, gəl həmin avtomobilləri sataq və pulun sahibkarlıq məqsədi ilə başqa işə qoyaq. O da razılaşdı və həmin avtomobilləri satmaq üçün ona verdi. O da həmin avtomobilləri sataraq İlyas Vəliyevlə birlikdə Abşeron Rayonu, Müşviq qəsəbəsində yerləşən gölün qurudulmasına sərf etdilər. Sonradan Amalya adlı bir xanım ona zəng edərək həmin avtomobillərin ona məxsus olduğunu bildirdi. O isə bunu bilmədiyini qeyd etdi. İlyas ona bunu deməyibdir. Bundan sonra o, həmin avtomobillərin pulunu ondan tələb etdi və təkidlə bildirdi ki, həmin pulları ondan alacaqdır. Pulu ondan almaq məqsədi ilə o, Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etdi. Söhbət zamanı İddiaçı bildirdi ki, o, Almaniyada yaşayır və oradan avtomobillər göndərə bilər. ona bildirmişdir ki, birbaşa onun adına oradan avtomobil göndər burada satsın. O, əvvəlcə razılaşmadı, lakin sonra bildirdi ki, bu şərtlə maşın göndərə bilər ki, bu iki maşının pulunu versin. Ona bildirdi ki, hal-hazırda əlində pul yoxdur. Olan vəsait gölün qurudulmasına sərf edilibdir. Bundan sonra İddiaçı bildirdi ki, notarial qaydada borc müqaviləsi bağlansa ona əlavə olaraq yenə də avtomobil göndərər. O da bu şərtlə razılaşmış və 19 aprel 2017-ci il tarixdə notarial qaydada borc müqaviləsi bağlanmışdır. Həmin dövrdən xx.xx.2022-ci tarixə qədər ondan bir səs çıxmadı və yenidən xx.xx.2022-ci il tarixdə bildirdi ki, o borc müqaviləsinin müddəti bitib yenidən müqavilə bağlamaq lazımdır. O da həmin şərtlə yenidə razılaşmış və yeni borc müqaviləsi bağlanmışdır. Bir müddət keçəndən sonra məhkəmədən ona bildiriş gəldi. Məhkəmədə İddiaçı tərəfindən ona hər hansı pul vəsaitinin verilmədiyini bildirmişdir. Əlavə olaraq məhkəmədə bildirilmişdir ki, tərəfindən iki ədəd avtomobil İlyasdan alınmışdır və həmin avtomobilləri İddiaçı deyil, İlyas Vəliyev ona vermişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 16 fevral 2023cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni iddiaçının pulu tələb etmək hüququna malik olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Abşeron rayon 2 saylı Notariat Ofisində tərəflər arasında 15 aprel 2022-ci il tarixdə 85.000 manat məbləğində borc pulun verilməsi barədə müqavilənin bağlanması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü iddiaçının üzərindədir. İddiaçı həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinin dəlili isə ondan ibarət olmuşdur ki, iddiaçı tələb etdiyi kredit müqaviləsi üzrə ona pul verməmişdir. Məhkəmə kollegiyası tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə Abşeron rayon 2 saylı Notariat Ofisinə sorğu verilmiş və 160 №li 26 iyul 2023-cü il tarixli Abşeron rayon 2 saylı Notariat Ofisinin məktubunda qeyd edilmişdir ki, 15 aprel 2022-ci il tarixdə notariat ofisində İddiaçı ilə Cavabdeh arasında təsdiq edilmiş 3M-298 reyestrli kredit müqaviləsi rəsmiləşdirilən zaman verilən borc notariat ofisinin depozit hesabı vasitəsilə verilməmişdir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən kredit müqaviləsi üzrə borcun cavabdehə verilməsini sübut etmə yükü üzərinə düşən iddiaçı tələb etdiyi xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 85.000 manat məbləğində pulu cavabdehə verdiyini sübut etməli olduğu halda, bunu təsdiq edən hər hansı bir tutarlı sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Bu baxımdan məhkəmə kollegiyası iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini Mülki Məcəllənin 739-cu və Mülki Prosessual Məcəllənin 77.1ci maddələrinin tələbləri baxımından qanuni və əsaslı hesab etmir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Apellyasiya şikayəti təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı borcun tutulmasına dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar