Məhkəmə qərarları › İş №2(105)-1007/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1007/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1007/2023 17.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması" tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(034)-62/2023 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları xx.xx.2022-ci il tarixli arayışa əsasən, cavabdehin banka 9609.34 manat məbləğində əsas borcu, 1249.56 manat məbləğində faiz borcu, 308.31 manat məbləğində cərimə borcu olmaqla, cəmi 11167.21 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Sumqayıt şəhəri sektoru tərəfindən verilmiş 658 nömrəli xx.xx.2023-cü il tarixli arayışa əsasən, cavabdeh Məmmədov X1 rayonundan məcburi köçkündür. Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 9609.34 manat məbləğində əsas borc, 1249.56 manat məbləğində faiz borcu, 308.31 manat məbləğində cərimə borcu olmaqla, cəmi 11167.21 manat borcun və 124 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 20% olmaqla, 11500 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(034)-62/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh 9609.34 manat məbləğində əsas borc, 1249.56 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10958.90 manat məbləğində borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş 124 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Gülsarə İmanova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmış həmin kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 20% olmaqla, 11500 manat məbləğində kredit vermişdir. Lakin cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdir. Həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin icra müddəti bitməmiş, eyni zamanda cavabdehin kredit müqaviləsi üzrə 316 gün gecikməsi vardır. Bundan başqa, tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, iddiaçının tələb etdiyi 308.31 manat məbləğində cərimənin məhkəmə Azərbaycan Respublikasının MM-nin 467ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 124 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh Məmmədov X1 rayonundan məcburi köşkündür. Odur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 124 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 423, 425.1, 442, 448.1, 467, 739.1, 739.2, Mülki Prosessual Məcəllənin 9.1.20, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı ASC apellyasiya şikayəti verib, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2(034)-62/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmə qətnaməsində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsini rəhbər tutaraq, cavabdehin Zəngilan rayonundan məcburi köçkün olmasını əsaslandıraraq iddia ərizəsinin verilməsinə görə iddiaçı (bank) tərəfindən ödənilmiş 124 manat dövlət rüsumunu banka aid etmişdir. Prosesual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi qətnamənin qismən, yəni rüsumun iddiaçıya aid edilməsi hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamənin qəbul edilməsi üçün əsasdır “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinin məntiqi nəticəsindən də görünür ki, imtiyazları olan şəxslər iddia ərizəsini verdikdə dövlət rüsumundan azad olunurlar. Digər tərəfdən hətta həmin şəxslər cavabdeh kimi də azad olunmuş sayılsalar belə, bu azadolma bankın hesabına həyata keçirilə bilməz. Lazım gəldikdə dövlət hesabına kompensasiya məsələsinə baxıla, yəni məcburi köçkünün yerinə dövlət iddiaçının rüsumunu ödəyə bilər. MPM-nin 123 və 124-cü maddələrində müəyyən hallarda rüsumun dövlət büdcəsindən və dövlət büdcəsinə ödənilməsi üsuluna müraciət olunmuşdur. Hazırkı işdə də rüsum məsələsi bu cür həll oluna bilər. Azərbaycan Respublikası MPM-nin 108.2-ci maddəsi ilə müəyyən olunmuşdur ki, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2ci hissəsinə əsasən hakimlər işlərə ədalətlə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. «Dövlət rüsumu haqqında» AR Qanunu Maddə 1.1. Dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İddiaçı ASC Zəngilan Rayon Məhkəməsinin qətnaməsinin yalnız dövlət rüsumun əvəzinin tutulması hissəsindən apellyasiya şikayəti verdiyindən, kollegiya Zəngilan Rayon Məhkəməsinin qətnaməsinin yalnız bu hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddiaçı tərəfindən ödənilmiş 124 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi hissəsində ləğv edilərək həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, 124 manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Sumqayıt şəhəri sektoru tərəfindən verilmiş 658 nömrəli xx.xx.2023-cü il tarixli arayışla müəyyən olunur ki, cavabdeh Məmmədov X1 rayonundan məcburi köçkündür. Birinci instansiya məhkəməsi həmin əsas üzrə iddiaçı tərəfindən ödənilmiş 124 manat dövlət rüsumunu iddiaçıya aid etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, ilk öncə qeyd olunmalıdır ki, cavabdehin hüquqazidd hərəkətləri, müqavilə tələblərini, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi iddiaçını hazırki iddia ilə məhkəməyə müraciət etməyə vadar etməklə, iddiaçıya zərər vurmuşdur. Belə ki, tərəflər arasında münasibətləri tənzimləyən müqavilə öhdəliklərinə riayət olunsaydı, iddiaçı da məhkəməyə müraciət etməz və dövlət rüsumunun ödənilməsinə lüzum olmazdı. İddiaçının iddia ərizəsində tələb etdiyi 124 manat isə artıq ödənilmiş dövlət rüsumunun əvəzinin ona qaytarılması barədədir. Yəni, iddiaçı ona vurulmuş zərəri cavabdehdən tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ödənilmiş 124 manat məbləğində dövlət rüsumunu iddiaçıdan tutmaqla səhvə yol vermişdir. Bu səbəbdən qətnamə həmin hissədə ləğv olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddiaçı tərəfindən ödənilmiş 124 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi hissəsində ləğv edilərək həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, 124 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(034)-62/2023 nömrəli qətnaməsi qismən - iddiaçı tərəfindən ödənilmiş 124 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı ASC tərəfindən ödənilmiş 124 manat məbləğində dövlət rüsumun əvəzi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar