Məhkəmə qərarları › İş №2(105)-1008/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1008/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1008/2023 22.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(034)-28/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8492.13 manat əsas, 1894.35 manat faiz, 9.41 manat cərimə borcu olmaqla, cəmi 10.395.89 manat məbləğində borcun və ödənilmiş 121.63 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25% ödəmək şərtilə 8493 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə "xxxx" KB ASC-yə 8492.13 manat əsas, 1894.35 manat faiz, 9.41 manat cərimə borcu olmaqla, cəmi 10.395.89 manat məbləğində borcu yaranmışdır. Zəngilan Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(034)-28/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 8492.13 manat əsas, 1894.35 manat faiz, 9.41 manat cərimə borcu olmaqla, cəmi 10395.89 manat məbləğində borcun iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş 121.63 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Gülsarə İmanova). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(034)-28/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normaları pozulmuş və prosessual normalar nəzərə alınmamışdır. Bundan əlavə qətnamədən də göründüyü kimi nə iddiaçının, nə də cavabdehin məhkəmə iclasında iştirakı təmin olunmamış,nəticədə də prosessual hüquq pozuntusu ilə müşaiət olunan qətnamə qəbul edilərək şişirdilmiş pul məbləğinin tutulması qət edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, buna dair sübutlarını təqdim etməmiş, iddiaçının nümayəndəsi isə heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25% ödəmək şərtilə 8493 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin banka 8492.13 manat əsas, 1894.35 manat faiz, 9.41 manat cərimə borcu olmaqla, cəmi 10.395.89 manat məbləğində borcu vardır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək Cavabdeh 8492.13 manat əsas, 1894.35 manat faiz, 9.41 manat cərimə borcu olmaqla, cəmi 10395.89 manat məbləğində borcun iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasını, Cavabdeh Zəngilan rayonundan məcburi köçkün olması səbəbindən iddiaçı tərəfindən ödənilmiş 121.63 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsini qət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25% ödəmək şərtilə 8493 manat məbləğində kredit verilmiş, lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə tərəflər arasında bağlanmış kredit müqaviləsinin ayrılmaz və tərkib hissəsi olan ödəniş cədvəli əsas götürülməklə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə "xxxx" KB ASC-yə 8492.13 manat əsas, 1894.35 manat faiz, 9.41 manat cərimə borcu olmaqla, cəmi 10.395.89 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Apellyasiya şikayətinin cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin yaşadığı ünvana məhkəmə prosesinin keçirilməsinin yeri və vaxtı barədə bildiriş göndərilmiş, cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş, növbəti məhkəmə iclasının yeri vaxtı barədə məhkəmə bildirişini qəbzə imza etməklə qəbul etmiş, növbəti məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmış, istifadəsində olan mobil telefon nömrəsinə “sms bildiriş” göndərilsə də, məhkəmə iclasında iştirak etməmişdir (i/v 14-28). Belə ki, bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Apellyasiya şikayətinin digər dəlili ilə bağlı, yəni şişirdilmiş pul məbləğinin tutulmasını cavabdeh ümumiyyətlə əsaslandırmamışdır. Bundan əlavə işin 7-ci vərəqində təsbit olunmuş ödəniş cədvəlinə əsasən cavabdeh tərəfindən əsas borc məbləği üzrə hər hansı ödənişin edilməsi iş materialları ilə təsdiq olunmur. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(034)-28/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar