Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-101/2025 07.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-1816/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Belə ki, iş materiallarında olan:
1. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 5000 manat pulu hissə-hissə qaytarmaq şərtilə borc almışdır
2. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 5000 manat pul borc almış, ümumilikdə 10000 manat pulu hissə-hissə qaytarmağı öz üzərinə götürmüşdür.
3. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 5000 manat pul borc almış, həmin pulu 2 ay müddətində qaytarmağı öz üzərinə götürmüşdür.
4. "xxxx" ASC-nin məhkəmə qərardadına əsasən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, İddiaçı Cavabdeh adına olan hesab nömrəsi ******************** olan pensiya kartından xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müxtəlif tarixlərdə, müxtəlif ATM-lərdən pul çıxarmışdır.
5. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli hesabdan çıxarışından görünür ki, Cavabdeh adına olan hesab nömrəsi ******************** olan pensiya kartından ATM vasitəsilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəmi 3613 manat pul çıxarılmışdır (nağdlaşdırılmışdır).
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 manat pulun və 120 manat ödənilmiş dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun yaxın tanışıdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə ondan 5000 (beş min) manat borc olaraq pul götürmüşdür (hissəhissə qaytarmaq şərti ilə). Bundan sonra xx.xx.2021-ci il tarixdə ondan 5000 (beş min) manat borc olaraq pul götürmüşdür. Ümumilikdə cavabdeh - Cavabdeh ondan 10.000 (on min) manat məbləğində borc olaraq pul götürmüşdür. Bu günə kimi dəfələrlə onunla telefon əlaqəsi saxlasa da, cavabdeh ona cavab vermir. Artıq başa düşmüşdür ki, Cavabdeh onun etimadından istifadə edərək onu aldatmışdır. Odur ki, o, da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara almışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
8. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh 11400 manat məbləğində pulun və 120 manat məbləğində dövlət rüsumu kimi ödənilmiş pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddiaçının cavabdehə verdiyi ümumilikdə 15000 manat borcdan cəmi 3600 manat pul qaytarılıb. Həmin pulları o, 2021-ci ilin mart ayından 2023-cü ilin sentyabr ayına kimi cavabdehə məxsus pensiya kartlarından çıxarıb. 2023-cü ilin sentyabr ayı üçün və ondan sonra kartda problem olduğundan pul götürə bilməyib. Ona görə də, iddia tələbi olaraq 15000 manat deyil, 11400 manat pul tələb edir. Cavabdehə məxsus kartdan çıxarılan pul cəmi 3600 manat olub. Daha onra isə əlavə olaraq bildirmişdir ki, son hesablamalarına əsasən cavabdehə məxsus pensiya kartından iddiaçı tərəfindən 3613 manat pul çıxarılıb.
10. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, o, cavabdehə məxsus kartdan 3 il ərzində 3613 manat pul çıxarıb. Yönləndirmələri cavabdeh özü proqram vasitəsilə edib və o şəhid pulundan edilənlərdir. Kart onda 2021-ci ilin mart ayından olmuşdur. 2022-ci ildən cavabdehin pensiya məbləği 175 manata düşmüşdür. 600 manat şəhid pensiyasını o götürməmişdir. Ən son 2023-cü ildə 50 və 21 manat pul götürmüşdür.
11. Məhkəmə iclaslarında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ona faizə pul verib. O, iddiaçıdan hər dəfə 2000 manat olmaqla 3 dəfə pul götürüb. İltizamdakı imzalar onundur, buna məcbur olaraq imza atmışdır. Lakin qəbzlərdə pulun qaytarılmasının təminatı kimi 5000 manat yazılıb. O, iddiaçıdan 2000 götürdüyü halda kağıza 5000 yazdığı üçün iddiaçının ona borcu var. O, pul götürərkən yanında 3 nəfər şahidi olub. O, iddiaçıya 2021-ci ilin fevral ayında pensiya kartını vermişdir, karta əvvəllər 294 manat əlilliyə görə pul gəlirdi. O, iddiaçıya götürdüyü pulların əvəzində 3 il əzində 9000 manatdan çox pul qaytarıb. 2000 manatı lotoreya oynayaraq qaytarmış, qalan pulları isə iddiaçı onun pensiya kartından çıxarıb. Karta 600 manat prezident təqaüdü və 294 manat pensiya yüklənirdi. Pensiya kartına köçən 600 manat şəhid pullarını o, özü bank proqramı vasitəsilə çıxarmış, iddiaçı yalnız onun 2-ci qrup əlillik pensiyası olan 290 manatı götürmüşdür. Pensiya kartının müddəti bitdikdən sonra o, 2024cü ilin yanvar ayında yenisini almış, bundan sonra kart onun özündə olmuşdur.
12. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-1816/2024 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia qismən təmin edilmiş, Cavabdeh 5187,67 manat və ödənilmiş dövlət rüsumu üçün 71,88 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun 53,12 manatı iddiaçının özünə aid edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə 5000 manat olmaqla, cəmi 15000 manat borc almış, götürdüyü borc müqabilində iddiaçıya öz pensiya kartını vermiş, iddiaçı isə öz növbəsində həmin kartdan 2021-ci ilin mart ayından 2023-cü ilin avqust ayına kimi 9812,33 manat pul çıxarmışdır. Bu hal mübahisəsiz olmaqla iddiaçının etirafı (həmin tarixlərdə kartdan nağdlaşdırma əməliyyatı etməsi), cavabdehin izahatında və bank tərəfindən məhkəməyə göndərilmiş məlumatlarda öz əksini tapmışdır. Həmin kartın müddəti qurtardıqdan sonra cavabdeh yeni kart almış və bununla da, tərəflər arasında mübahisə yaranmışdır. Hazırda İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11400 manat pulun və 120 manat ödənilmiş dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazının əsası kimi qeyd etdiyi hal, yəni əslində iddiaçıdan 2000 manat götürdüyü, lakin borcun təminatı olaraq iltizamlarda 5000 manat yazıldığını bildirməsi nə cavabdeh tərəfindən sübut edilmiş, nə də məhkəmə iclasında öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə iclasında dindirilmiş şahid ifadələri də mötəbər sübut kimi qiymətləndirilə bilməz və məhkəmə bunu inandırıcı hesab etmir. İşdən görünür ki, tərəflər arasında olan borc müqavilələrinə görə Cavabdeh iddiaçıya hazırda 5187,67 manat borcu qalmışdır. Bu fakt onun iltizamlardakı imzaların özü tərəfindən icra edildiyi barədə məhkəmə iclasındakı etirafından və iş matariallarına əlavə edilmiş mötəbər sübutlarla təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 5187,67 manat pul (15000-9812.33) Cavabdeh iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.2, 739, 740-cı maddələrinin, Mülki Prosessual Məcəllənin 106.1, 106.3, 119.1, 217.3, 217.4, 216-220, 360-cı maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-1816/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdehə ümumilikdə 15000 manat məbləğində borc vermişdir. Cavabdeh isə 15000 manat məbləğində borcdan cəmi 3600 manat pul qaytarmışdır. Həmin pulları o, 2021-ci ilin mart ayından 2023-cü ilin sentyabr ayına kimi cavabdehə məxsus pensiya kartlarından çıxarmışdır. Bununla bağlı məhkəmə qərardadı əsasında "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli hesabdan çıxarış təqdim olunmuşdur. Məhkəmə həmin çıxarışa əsaslanaraq belə qənaətə gəlmişdir ki, Cavabdeh adına olan hesab nömrəsi ******************** olan pensiya kartından ATM vasitəsilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəmi 9812,33 manat pul çıxarılmışdır (nağdlaşdırılmışdır). Halbuki, çıxarışdan da göründüyü kimi pullar daha çox telefonda olan bank tətbiqi vasitəsilə (İBA MOBİLE-hesabdan çıxarışda öz əksini tapır) məxaric olunmuşdur. Hər iki tərəfin qeyd etdiyi kimi cavabdeh tərəfindən mobil tətbiqi deyil, pensiya kartı ona təqdim edilmişdir. Məhkəmə tərəfindən ATM vastəsilə çıxarılan pullar düzgün qaydada hesablanmamışdır. Halbuki, hesabdan çıxarışdan da göründüyü kimi onun tərəfindən ATM vasitəsilə yalnız 3600 manat məbləğində pul çıxarılmışdır. Qeyd olunanlar işin mübahisəsiz halıdır. Məhkəmə iclaslarında cavabdeh tərəf də kartın onda olduğunu, tərəfindən yalnız ATM vasitəsilə pulun çıxardıldığını, borcunu bu vasitə ilə ödədiyini etiraf etmişdir. Məhkəmə isə işin mübahisəsiz halına nəzər yetirməmiş, hesabdan çıxarışda qeyd olunduğu halda onun tərəfimdən ATM vasitəsilə çıxarılan pulları səhv hesablamışdır. Cavabdeh pensiya kartını ona təqdim etsə də başqa yolla öz ehtiyacları üçün pulları məxaric etmişdir. Bu da bir daha təsdiq edir ki, cavabdeh borcun ödənilməsində maraqlı olmamış, onu aldatmaqda davam etmişdir. Qeyd olunanlardan da göründüyü kimi Abşeron Rayon Məhkəməsi sübut olunduğu halda işə hərtərəfli baxmamış, nəticədə qanunsuz və əsassız olaraq qətnamə qəbul etmiş, onun hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən "xxxx" ASC-nin xx.xx.2024-cü il tarxili hesabdan çıxarışda qeyd olunduğu halda, ATM-dən çıxarışlar düzgün hesablanmamışdır. Nəticədə əsassız qətnamə qəbul edilmişdir. "xxxx" ASC-nin xx.xx.2024- cü il tarxili hesabdan çıxarışından da göründüyü kimi məxariclərin çoxu İBA mobile vasitəsilə həyata keçirilmişdir. Həmin mobil tətbiq isə cavabdehə məxsusdur və onun mobil telefonundadır. Bu hallar məlum olduğu halda məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə sübutları nəzərə almamış, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarxili hesabdan çıxarışda qeyd olunan bütün məxariclərin qanunsuz olaraq yalnız ona məxsus olması qənaətinə gəlmiş, iddia tam əsaslı olduğu halda ədalətsiz və qanunsuz qətnamə qəbul edərək, iddianı qismən təmin etmiş, onun hüququnu kobud şəkildə pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdilər.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)
21. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
23. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 529. Öhdəliyin icrasının qəbulu 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.
25. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
26. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
28. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
29. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
32. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
35. Belə ki, iş materiallarında olan qəbzlərə (iş v. 22, 23 və 64) əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı ayrı-ayrı vaxtlarda ümumilikdə 15000 manat pul vəsaiti almışdır. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli hesabdan çıxarışından görünür ki, Cavabdeh adına hesab nömrəsi ******************** olan pensiya kartından ATM vasitəsilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəmi 3613 manat pul çıxarılmışdır. Həmin müddət aralığında aparılmış digər əməliyyatlar İBA mobile vasitəsilə həyata keçirilmişdir.
36. Cavabdeh məhkəmə iclaslarında (iş v. 77, 83) verdiyi izahında da etiraf etmişdir ki, İddiaçı tərəfindən yalnız onun 2-ci qrup əlillik pensiyası olan 290 manat götürülmüşdür. Pensiya kartına köçürülən 600 manat təqaüdü o, özü götürmüşdür.
37. Məhkəmə iclasında verdiyi izahatında İddiaçı qeyd etmişdir ki, o, cavabdehə məxsus kartdan 3 il ərzində 3613 manat pul çıxarıb. Yönləndirmələri cavabdeh özü proqram vasitəsilə edib. Kart onda 2021-ci ilin mart ayından olmuşdur. 600 manat təqaüdü o götürməmişdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulmalı olan məbləğ müəyyən edilərkən ona məxsus hesab nömrəsi ******************** olan pensiya kartından ATM vasitəsilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçı tərəfindən çıxarılmış pul vəsaitlərinin nəzərə alınması düzgün olmuş, lakin məhkəmə ATM vasitəsilə çıxarılmış pul vəsaitinin miqdarını düzgün hesablamamışdır. Belə ki, hesabdan ümumilikdə istifadə olunan məbləğ 9812,33 manat məbləğində olsa da, hesabdan çıxarış məlumatlarından görünür ki, ATM vasitəsilə cəmi 3613 manat pul məxaric edilmişdir. Bununla da, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş məbləğin ümumilikdə 3613 manat olduğu nəzərə alınaraq bu məbləğ iddiaçıya qaytarılmalı olan 15.000 manat məbləğdən çıxılmalı və iddiaçıya cavabdeh tərəfindən 11387 manat məbləğində pul vəsaiti ödənilməlidir.
39. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
40. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Beləliklə məhkəmə kollegiyası iş üzrə təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-1816/2024 nömrəli qətnaməsi - Cavabdeh 5187,67 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi hissəsində dəyişdirilməli, Cavabdeh 11387 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-1816/2024 nömrəli qətnaməsi - Cavabdeh 5187,67 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi hissəsində dəyişdirilsin. Cavabdeh 11.387 (on bir min üç yüz səksən yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.