Məhkəmə qərarları › İş №2(105)-1010/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1010/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1010/2021 11.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4624/2020 saylı qətnaməsindən İddiaçı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4624/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Emin Abdullayev) İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 Əlibaxış oğluna və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, əsas borc üzrə 3326,45 ABŞ dolları, faiz borcu üzrə 2164,51 ABŞ dolları, xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 235,8 ABŞ dolları olmaqla, cəmi 5726 ABŞ dolları 76 sent məbləğində pulun (ödəniş günü ABŞ dollarının manata olan ekvivalentinə uyğun manatla) və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 Əlibaxış oğlundan tutularaq İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Əlibaxış oğlundan və Cavabdeh2 müştərək qaydada cəmiyyətin xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 3326,45 ABŞ dolları əsas borc, 2164,51 ABŞ dolları faiz borcu, kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 235,8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5726,76 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Əlibaxış oğlu xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “Nikoyl” İKB açıq səhmdar cəmiyyətindən illik 24 faizlə 24 ay müddətinə 5500 ABŞ dolları kredit götürmüşdür. xx.xx.2016-cı il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxx 2020-ci il tarixədək Cavabdeh1 Əlibaxış oğlunun banka xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3326,45 ABŞ dolları əsas borcu, 2164,51 ABŞ dolları faiz borcu, kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək geckdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 235,8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5726,76 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə iddia tələbinin təmin edilməmiş hissəsində qanunsuz və əsassız olduğuna görə ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə iddia tələbinin zamin Cavabdeh2 qarşı olan hissəsini rədd edərkən, qətnamədə göstərmişdir ki, iddiaçı kredit borcunun əsas borclu olan Cavabdeh1la yanaşı, zamin kimi Cavabdeh2 da tutulmasını tələb etmiş, lakin iş materiallarında iddiaçı ilə Cavabdeh2 arasında hər hansı zaminlik müqaviləsi mövcud deyildir, iddia ərizəsinə yalnız Cavabdeh2 tərəfindən imzalanmış xx.xx.2016-cı il tarixli müqavilə əlavə edilmişdir ki, həmin müqavilə ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə dəyişiklik edilmişdir, lakin Cavabdeh2 xx.xx.2015-ci il tarixli müqavilədə zamin kimi iştirak etmədiyi üçün xx.xx.2016-cı il tarixli müqavilə Cavabdeh2 zaminlik öhdəliklərinin yaranması üçün əsas ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin maddələrini düzgün tövsif etməyərək, qətnamədə səhv nəticəyə gəlmişdir. Cavabdeh1 Əlibaxış oğlu və Cavabdeh2 ilə bank arasında 4-M1Z1G1-1-0-630-15 saylı, xx xxxxxx 2015-ci il tarixli kredit və 4-M1Z1G1-1-0-630-15 saylı, xx xxxxxx 2015-ci il tarixli zaminlik müqavilələrinin müddətinin uzadılması ilə əlaqədar xx xxxx 2016-cı il tarixdə əlavə saziş bağlanmışdır. Həmin müqavilənin 11.3-cü bəndinə əsasən zaminlik üzrə münasibətlər tərəflərin qarşılıqlı razılığı ilə, zaminliklə təmin olunmuş öhdəlik üzrə borcun digər şəxsə yönəldilməsi zamanı zamin eyni borcalan üçün cavabdeh olacağı barədə banka razılıq vermədikdə, zaminin məsuliyyətini ağırlaşdıran və ya onun üçün qeyri-qənaətbəxş olan şərtlər bu müqaviləyə əlavə edildikdə xitam olunur. Müqavilə ilə nəzərdə tutulan halların zaminə münasibətdə mövcud olmamasına baxmayaraq, xx xxxxxx 2015-ci il tarixli, 4-M1Z1G1-1-0-630-15 saylı “Bank hesab, kredit və zaminlik” müqaviləsinin müddətinin uzadılması ilə əlaqədar bağlanmış xx xxxx 2016-cı il tarixli əlavə sazişdə qeyd edilən şərtlər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Əksinə, birinci instansiya məhkəməsi mübahisəni mahiyyəti üzrə həll etmək əvəzinə, iddianı zaminə münasibətdə təmin etməmək məqsədilə qanunvericiliyin aidiyyatı olmayan normalarını uyğunlaşdıraraq qətnamədə tətbiq etmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MM-nin müxtəlif maddələrinə istinad edərək, zaminə münasibətdə iddia tələbinin əsassız olduğunu qeyd edərək və formal mülahizələrlə həmin hissədə iddianı rədd etməklə Azərbaycan Respublikası MM-nin normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissədə ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X8 onunla “Nikoyl” X5 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 4-M1Z1G1- 1-0-630-15 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)- 2268/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2015-ci il tarixli, 4-M1Z1G1-1-0-630- 15 saylı zaminlik müqaviləsi etibarsız hesab edilmişdir. İddiaçı açıq səhmdar cəmiyyəti həmin qətnamədən şikayət verməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə bank arasında ayrıca zaminlik müqaviləsi bağlanmamış, Cavabdeh2 ancaq xx xxxx 2016-cı il tarixli zaminlik müqaviləsinə əlavəni imzalamışdır. Cavabdeh2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 Əlibaxış oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarından görünür ki, “Nikoyl” X5 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 4-M1Z1G1-1-0-630-15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 Əlibaxış oğluna 24 ay müddətinə illik faiz dərəcəsi 24 faiz olmaqla 5500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan “Nikoyl” X5 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 Əlibaxış oğlu və X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4-M1Z1G1-1-0- 630-15 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, “Nikoyl” X5 açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 Əlibaxış oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4-M1Z1G1-1-0-630-15 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün zamin X8 məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan “Nikoyl” X5 açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 Əlibaxış oğlu arasında bağlanmış 4-M1Z1G1-1-0-630-15 saylı, xx.xx.2015-ci il tarixli kredit və “Nikoyl” X5 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 Əlibaxış oğlu və X8 arasında bağlanmış 4-M1Z1G1-1-0-630-15 saylı, xx.xx.2015-ci il tarixli zaminlik müqavilələrinə xx.xx.2016-cı il tarixli əlavənin surətindən görünür ki, həmin müqavilələrə dəyişiklik edilərək müqavilələrin müddəti 39 ay, kreditin bağlanma tarixi xx.xx.2019-cu il, kreditin illik faiz dərəcəsi 24 faiz müəyyən edilmiş, əlavəni zamin kimi Cavabdeh2 imzalamışdır. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli, 4-M1Z1G1-1-0-630-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Əlibaxış oğlunun xx.xx.2020-ci il tarixə əsas borcu 3326,45 ABŞ dolları, faiz borcu 2164,51 ABŞ dolları, əsas borca hesablanmış əldən çıxmış fayda olaraq 5% 235,8 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 Əlibaxış oğlu, X8 və Cavabdeh2 xx.xx.2015ci il tarixli, 4-M1Z1G1-1-0-630-15 saylı kredit müqaviləsinə görə verilmiş krediti 5 gün müddətində könüllü şəkildə ödəmədikləri təqdirdə, məhkəmə qaydasında tutulması üçün tədbirlər görülməsi barədə xəbərdar edilmişlər. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-2268/2020 saylı qətnaməsinin surətindən görünür ki, X6 İddiaçı açıq səhmdar cəmiyyətinə qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və öhdəliyə xitam verilməsi tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2015-ci il tarixli, 4-M1Z1G1-1-0-630-15 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. İşdən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti kredit müqaviləsi üzrə borcu əsas borclu olan Cavabdeh1 Əlibaxış oğlu ilə yanaşı, zamin kimi Cavabdeh2 da tutulmasını tələb etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, “Nikoyl” X5 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 4-M1Z1G1-1-0-630-15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 Əlibaxış oğluna 24 ay müddətinə illik faiz dərəcəsi 24 faiz olmaqla 5500 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi “Nikoyl” X5 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 Əlibaxış oğlu və X8 arasında xx.xx.2015-ci il tarixli, 4-M1Z1G1-1-0-630-15 saylı zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2016-cı il tarixli əlavəyə əsasən həmin kredit və zaminlik müqavilələrinə dəyişiklik edilmiş, əlavəni zamin kimi Cavabdeh2 da imzalamışdır. İddiaçı açıq səhmdar cəmiyyəti iddia ərizəsində borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlandığını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Nikoyl” X5 açıq səhmdar cəmiyyəti ilə Cavabdeh2 arasında hər hansı zaminlik müqaviləsi bağlanmamışdır, iddia tələbinin Cavabdeh2 qarşı olan hissəsi yalnız Cavabdeh1 Əlibaxış oğlu ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 4-M1Z1G1-1-0- 630-15 saylı kredit və X8 ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 4-M1Z1G1-1-0-630-15 saylı zaminlik müqavilələrinə dəyişiklik edilməsinə dair xx.xx.2016-cı il tarixli əlavə ilə əsaslandırılmışdır. Zaminlik müqaviləsi mövcud olmadığı halda, mövcud olmayan müqaviləyə əlavə və dəyişiklik edilməsi hər hansı öhdəliyin yaranması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-2268/2020 saylı qətnaməsi ilə “Nikoyl” X5 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4-M1Z1G1-1-0- 630-15 saylı zaminlik müqaviləsi etibarsız hesab edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, qanunvericilikdə nəzərdə tutulan əsaslar olmadığından iş üzrə birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh2 münasibətdə iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4624/2020 saylı qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar