Məhkəmə qərarları › İş №2(105)-1010/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1010/2022

13.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1010/2022 13.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: alimentin miqdarının artırılması) Sumqayıt şəhəri, 13 aprel 2022-ci il Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair Şamaxı Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(074)-1327/2021 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə 13 aprel 2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edib, Cavabdeh azyaşlı 04 dekabr 2017-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şamaxı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(074)-377/2020 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş 100 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq 175 manat sabit pul məbləğində və əlavə olaraq uşağın müalicə xərclərinə görə 100 manat aliment olmaqla, ümumilikdə 275 manat alimentin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(074)-377/2020 nömrəli qətnaməsi ilə onunla Cavabdeh arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş 04 dekabr 2017-cu il təvəllüdlü X6 onun himayəsində saxlanmaqla azyaşlı Mələyin yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Artıq uşaq böyüyür, tələbatı çoxalır və eyni zamanda göz xəstəliyindən əziyyət çəkir. Hər dəfə onu Bakı şəhərində yerləşən müxtəlif Göz klinikalarına müayinəyə və müalicəyə aparan zaman əlavə vəsait sərf edir. Aldığı aliment uşağa çəkdiyi xərci ödəmir. Cavabdeh işləyir, aylıq gəliri 600-700 manat təşkil edir. Lakin o, övladına 100 manat alimentdən başqa heç bir əlavə köməklik göstərmir. Cavabdehin iddia ərizəsinə qarşı etirazı daxil olmamışdır. İş materiallarına əlavə edilmiş AZ-İV № 237638 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 04.12.2017-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası X2r. İşdə olan arayışdan görünür ki, Cavabdeh 17 aprel 2019-cu il tarixdən etibarən "xxxx" MMC-nin “Bolmart” mağazalar şəbəkəsində satıcı vəzifəsində işləyir və orta aylıq vəzifə maaşı 320 manat təşkil edir. Şamaxı rayon İcra və probasiya şöbəsinin məktubundan görünür ki, Cavabdeh halhazırda qalıq aliment borcu 780 manat təşkil edir. Şamaxı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(074)-377/2020 nömrəli qətnaməsi ilə X5 və Cavabdeh arasında 20.09.2016-cı ildə Şamaxı rayon qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 20.09.2016-cı il tarixdə 249 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 04.12.2017-ci il təvəllüdlü X6 iddiaçının (anasının)- X1 himayəsinə verilmiş, Cavabdeh 03 mart 2020-ci il tarixdən başlayaraq 04.12.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment və 3 yaşına çatanadək saxlanılması üçün hər ay 30 manat məbləğində aliment alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. AZ-İ № 378925 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X5 arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 16.01.2021-cı il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(074)-1327/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilib, Şamaxı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(074)-377/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 04 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Natiq İsmayılov) Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün müəyyən edilən 100 manat sabit pul məbləğində alimentin məbləği hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artdığından alimentin məbləği “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” 29 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 175 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 78.2, 112.1-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddianın uşağın müalicə xərcləri ilə bağlı hər ay 100 manat pulun tutulmasına dair hissəsini təmin etmədikdə Ailə Məcəlləsinin 81.1, 81.2-ci maddələri ilə əsaslandıraraq hesab etmişdir ki, iddiaçı tərəfindən uşağının gözünün müayinəsi ilə bağlı arayış və reseptlər təqdim edilsə də hazırda uşağın müalicə alması və həmin müalicəyə çəkilmiş xərclərə dair heç bir sübut təqdim edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(074)-1327/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş olsa da, nəticə etibari ilə məsələni tam-dürüst araşdırmamış, onun maddi durumunu, aylıq gəlirini nəzərə almamış və əsasən iddiaçının tələbinə uyğun olaraq alimentin məbləğini məhz sabit pul şəkilində tutulmasını qət etmişdir ki, bu da onun maddi durumunu acınacaqlı vəziyyətə düçat etməyə bərabərdir. İş yerindən təqdim etdiyi arayışa əsasən onun aylıq qazancının ümumi məbləği 320 manat olduğu halda və başqa heç bir gəlirinin, qazancının olmadığını məhkəmə nəzərə almalı və Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi, yəni 1 uşağa görə gəlirinin ¼ hissəsinin tutulması barədə qətnamə qəbul etsəydi daha ədalətlilik, obyektivlik, xüsusən də qanunverciliyin tələblərinə uyğun əməl etmiş olardı. Uşağa görə tətbiq edilmiş alimentin məbləği əmək haqqının ¼ və sabit məbləğ olaraq ümumilikdə 100 manat təyin edildiyi halda, təkrar məhkəmə iddiaçının tələbinə uyğun olaraq alimenti 100 manatdan 175 manat məbləğində müəyyən edilmişdir. Bu da onun yaşayış hüququna ziddir, çünki 320 manat əmək haqqı aldığı halda məhkəmə onun əmək haqqının 50 faizdən çoxunu aliment olaraq iddiaçının xeyrinə tutulması nəticəsinə gəlmişdir. Ona görə də, məhkəmənin gəldiyi nəticə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydınlaşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. İddiaçı göstərmişdir ki, Cavabdeh restoranda işləyir, onun orta aylıq gəliri 1000 manatdan çox təşkil edir. Cavabdeh onları atıb getmiş və həmin vaxtdan heç bir maddi köməklik göstərmir. Uşağı saxlamaq onun üçün maddi cəhətdən çətindir. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstıtusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsi Maddə 75.4. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1 və 78.2. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(074)-1327/2021 nömrəli qətnaməsini - Şamaxı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(074)-377/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 100 manat sabit pul məbləğində təyin edilmiş alimentin miqdarının artırılıb, 04 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində müəyyən edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız qeyd olunan hissədə araşdırılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Birinci instansiya məhkəməsi hesab etmişdir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (100 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Alimentin artırılması barədə qətnamənin qəbul edilməsindən sonra minimum yaşayış tələbatları və uşaq böyüdükcə saxlanması üçün çəkilməli olan xərclərin həcmi artmışdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” 29 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği ölkə üzrə uşaq üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq 175 manat sabit pul məbləğində müəyyən edilməli dir. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, tələb 04 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş 100 manat sabit pul məbləğində alimentin artırılıb hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda müəyyən edilmiş aliment məbləği ilə artırılması tələb olunan aliment məbləği arasında fərq 75 manat təşkil edir. Həmin məbləğin bir il ərzində məcmusu isə (75 X 12 ay) 900 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(074)-377/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar