Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1011/2024 06.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakı ilə, İddiaçı “X3”ın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, e-2(012)-288/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “X3” cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 5677.33 manat əsas, 402.8 manat faiz olmaqla, cəmi 6080.13 manat bоrcun və 80.8 manat dövlət rüsumunun tutularaq “X3” Bakı filialının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «X3»ın Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 1013 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 59 ay müddətinə 6000 manat kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X3»ın Bakı filialı ilə Cavabdeh1 arasında 1195 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən, borcalan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq, hər ayın həmin günü banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla, 157,23 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə əsasən, borcalan tərəfindən kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda bankın verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq borcalan xx.xx.2023-cü il tarixə banka kredit borcu üzrə 1415,07 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2023-cü il tarixə kimi borcalan tərəfindən banka 790 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1 bəndinə əsasən, kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün borcalan banka illik 29% ödəməlidir. xx.xx.2023-cü il tarixə cavabdehin banka olan borcu müqavilə şərtlərinə əsasən, hesablanmış faizlərlə birlikdə 6080,13 manat təşkil edir. Bundan 5677,33 manat vaxtı keçmiş kredit borcu, 402,8 manat faiz borcu təşkil edir. Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, zamin borcalanın bank qarşısında öz öhdəliyini yerinə yetirənədək borcalanla birlikdə məsuliyyət daşıyır. Bu səbəbdən də, məhkəməyə müraciət olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(012)-288/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 1013 saylı kredit müqaviləsi üzrə 5677,13 (beş min altı yüz yetmiş yeddi manat on üç qəpik) manat əsas, 398,5 (üç yüz doxsan səkkiz manat əlli qəpik) manat faiz borcu olmaqla, cəmi 6075,63 (altı min yetmiş beş manat altmış üç qəpik) manat borcun və 80,8 (səksən manat səksən qəpik) manat dövlət rüsumunn alınaraq iddiaçı «X3»ın Bakı filialının xeyrinə tutulması, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(012)-288/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində və qətnamədə qeyd edildiyi kimi heç də öz müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə Mülki Məcəllənin 385.1, 442, 448-ci maddələrinin məzmununa nəzər yetirməmiş və yalnız iddiaçının mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Onun tərəfindən qanunun hansı tələbinin konkret pozulması halı müəyyən edilməmişdir. Məhkəmə yalnız iddiaçının iddia ərizəsində göstərilənləri əsaslı hesab edərək heç bir araşdırma aparmadan tələbin təmin olunması haqqında qətnamə qəbul etmişdir. Halbuki, iddiaçı onun müqavilə öhdəliklərini yerinə yetirməməsi barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə onun iştirakını təmin etmədən, həmin vəzifələri yalnız iddiaçının mövqeyinə münasibətdə icra edərək heç bir mötəbər dəlilə əsaslanmamışdır. Yalnız ekspert rəyi əsas gətirilərək tələb təmin edilmişdir. İş materiallarında iddiaçının təqdim etdiyi heç bir sübut yoxdur. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Bu halı düzgün müəyyən etmək üçün isə mütləq qaydada çəkişmə prinsipinə əməl edilməli və bundan sonra qərar qəbul edilməli idi. İddiaçının cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsini göstərməsi məhkəmədə tələbin əsaslı olması haqqında əminlik yaratmamalı idi. Belə ki, iddia tələbi xx.xx.2022-ci il tarixli, 1013 saylı kredit müqaviləsi üzrə 5677.33 manat məbləğində əsas borc kimi irəli sürüldüyü halda, məhkəmə çox şübhəli xx.xx.2024-ci il tarixli 9/1076 saylı ekspert rəyi üzrə müəyyən edilmiş 5677.13 manat məbləğində əsas borcu, 398.5 manat faiz borcu, ümumi olaraq 6075.63 manat borcu müəyyən etmişdir. Halbuki, cavabdehin hazırda bank qarşısında 5000 manat məbləğində borc öhdəliyi mövcuddur. Amma təəssüf ki, məhkəmə bu hallara qiymət verməmiş, işə baxıldığı faktiki dövrə qalan borcu dəqiqləşdirməmişdir (maliyyə arayışı tələb etməmişdir). Həmin dövr üçün aylarda Leyla ödəniş etsə də, bəzi ödənişlər nəzərə alınmamışdır. Əksinə bank tərəfindən ona hesablanmış borc əsassız olaraq şişirdilmişdir. Azərbaycan Respublikası MM-nin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddənin təfsirinə görə tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda məhkəmə müqaviləni maraqlı tərəfin tələbi ilə ləğv edə bilər: 1) müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 2) şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyyatla aradan qaldıra bilməz. Tərəflər arasında bağlanmış müqavilədə şəraitin dəyişməsi ilə bağlı, yenə də bank öz maraqlarını unutmamışdır. Lakin bu şərtlərlə kredit ödəmək də bir tərəfin xeyrinə hazırlanmış standart müqaviləyə əsasən onun vəzifələrinə daxil deyildir. Göründüyü kimi cavabdeh öz hərəkətləri ilə əhəmiyyətli pozuntuyа yol vermişdir ki, bununla da digər tərəfə vurduğu zərər nəticəsində,o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İddiaçının ona qarşı sadaladığı qanunsuz hərəkətləri, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci, 13.7-ci və 18.0.5-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə iddiaçı tərəfindən müqavilənin şərtlərinə əməl olunduğu üçün pullarını istədiyini müəyən etmişdir. Lakin müəyyən edilən bu halın nə ilə, hansı mötəbər sübutla öz təsdiqini tapması sübuta yetirilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyidirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 kreditin onun tərəfindən götürüldüyünü bildirərək qeyd etmişdir ki, cinayət işi ilə əlaqədar təqsirləndirildiyi üçün həbsdə olması ilə bağlı borcunu ödəyə bilməmişdir, lakin hal-hazırda azadlıqda olduğu üçün borcunu ödəməyə hazırdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq digər Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, bununla əlaqədar məhkəmə kollegiyasına hər hansı sübut təqdim etməmişdir.Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İş materiallarında olan kredit verən «X3»ın Bakı filialı ilə kredit alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1013 saylı kredit müqaviləsindən görünür ki, kredit verən kredit alana mənzilin təmiri məqsədilə istifadə haqqı illik 19 faiz hesablanmaqla 59 ay müddətinə 6000 manat kredit verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, kredit alan ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2027-ci il tarixə kimi hər ay banka 157,23 manat, sonuncu ay isə 157,45 manat ödəməklə qaytarmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, kredit alan kredit müqaviləsi üzrə bankdan 6000 manat kredit vəsaitini imza edərək təhvil almışdır. İş materiallarında olan kreditor «X3»ın Bakı filialı ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1195 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İş materiallarında olan «X3»ın Bakı filialının Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, bank tərəfindən borcalanlara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə və aidiyyəti hüquq mühafizə orqanına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borclunun banka 5677,33 manat əsas, 402,8 manat faiz borcu olmaqla, cəmi 6080,13 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/10076 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2022-ci il tarixli, 1013 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh2 xx.xx.2023-cü il tarixə banka olan borcu ümumilikdə 6075,63 manat müəyyən edilir, o cümlədən: əsas borc üzrə 5677,13 manat, faiz borcu üzrə 398,5 manat. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə qətnaməsində onunla əsaslandırmışdır ki, işin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borclu Cavabdeh2 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Göründüyü kimi, cavabdehin kredit müqaviləsi üzrə borc məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/10076 saylı rəyinə əsasən, cavabdehin müqavilə üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 5677,13 manat, faiz borcu üzrə 398,5 manat borcunun olması müəyyən olunmuşdur. İddia ərizəsindən göründüyü kimi, cavabdehə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən əsas borca görə 5677,33 manat, faiz borcuna görə 402,8 manat hesablanmışdır. Birinci instansiya məhkəməsi iddia tələbi ilə ekspert rəyini paralel şəkildə qiymətləndirib Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, ekspert rəyini əsas sübut növü kimi qiymətləndirib nəzərə alır və cavabdehdən iddiaçının xeyrinə kredit müqaviləsi üzrə əsas borca görə 5677,13 manat, faiz borcuna görə 398,5 manat borcun tutulmasını daha məqsədəmüvafiq hesab etməklə, eyni zamanda, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi iddiaçı “X3” ilə Cavabdeh2 arasında kredit müqaviləsi və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, borcalan (cavabdeh) Cavabdeh2 “X3” ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət - cavabdehlik daşıyır. Eyni zamanda digər Cavabdeh1 da zaminlik müqaviləsindən irəli gələn öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda Bankın məhkəmə qaydasında cavabdehlərdən borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətlərinin dəlillərində borc məbləğinin qətnamədə qət ediləndən daha az olmasını qeyd edərək bildirmişdir ki, digər Cavabdeh2 tərəfindən ödənişlər edilmişdir. Lakin borcun düzgün müəyyən edilməməsi ilə bağlı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə yuxarıda qeyd edildiyi kimi Cavabdeh2 borc məbləğinin olduğunu etiraf etmiş və ödəməyə hazır olduğunu bildirmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, e-2(012)-288/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1011/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1011/2024
06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver