Məhkəmə qərarları › İş №2(105)-1011/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1011/2025

18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1011/2025 18.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-45/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40000 (qırx min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X3 ilə bir neçə ildir ki, dostdurlar. O, “Sədərək” Ticarət Mərkəzində xırda alverlə məşğul olur. Onun da polkovnik təqaüdü almağını bilirdi. Bir gün ümumi razılıqla ondan 40000 manat biznesini artırmaq məqsədilə borc alıb ki, gəlirlərindən ona pul verəcək. Beləliklə ona ümumilikdə 40000 manatın dövriyyəsindən qazandığı puldan hər ay 1000 manat, cəmi 12000 manat pul verib. Sonra sabah-sabah deyərək, pul və dövriyyədən qazandığından ona ümumiyyətlə pul ödəməyib. Onun şifahi pretenziyalarına da “get, nə istəyirsən elə“ deyib. Pul borcunun - 40000 manatın ona qaytarmalı olduğunu onun ailəsi də bilib. SMS və whatsapp yazışmaları da bunu sübut edir. Özü də bunu dəfələrlə etiraf edir ki, pulu olanda qaytaracaq. Onu dələduzluq maddəsilə şikayət edib tutdurmaq fikrində də deyil ki, etibarından sui-istifadə edib, 40000 manat pulunu mənimsəyib. Əslində ona borc vermişdir ki, özü dediyi kimi, biznesini genişləndirsin, qazancından da ona 1000 manat ödəsin. O, şifahi əqdlərini pozmuş və hazırda münasibətləri kəsilmişdir. Nə qazanclarından ona pul ödəmir, nə də ki, 40000 manatını qaytarmır. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumunun və vəkilə ödənilən cəmi 2210 manat vəsaitin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-45/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 28 000 manat pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 210 manat pul olmaqla ümumilikdə, 28210 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Natiq İsmayılov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 2(074)-45/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək, 40000 manat pulun və vəkilə ödənilən 2000 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində nəzərə alınmamışdır ki, 12000 manat pul cavabdeh tərəfindən qazandığı pullardan öz hesabladığı faiz kimi iddiaçıya qaytarılmışdır.Əsas məbləğin də qaytarılacağı söz verilsə də ,əməl edilməmişdir. Bundan başqa vəkilə 2 dəfəyə ödənilən 2000 manat xidmət haqqının bank qəbzlərini və hüquqi yardım müqaviləsinin möhürlənmiş surətini məhkəməyə sübut kimi təqdim etmişlər. Lakin birinci instansiya məhkəməsi təqdim etdikləri sübutlara diqqət yetirməmiş və qətnamə qəbul edərkən bu tələbə qiymət verilməmiş, nə üçün cavabdehdən tutularaq iddiaçıya ödənilməsi göstərilməmişdir. Şahid ifadələri, cavabdehin özünümüdafiə xarakterli, həqiqətə uyğun olmayan, bir-birinə zidd olan izahatları da işin hallarına -yəni cavabdehin xeyrinə qəbul edilə bilməzdi. Cavabdeh özündə olan “40000 manat pulu aldım” yazısını da ekspertiza keçirilməsi üçün məhkəməyə verməkdən boyun qaçırtmışdı və nəticədə xətşünaslıq ekspertizası geri qaytarılmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi vəkil xərcinin ödənilməsi hissəsində qismən ləğv edilməli, hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin: 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1 -ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qeyd etmişdir ki, iddiaçının cavabdehə borca pul verməsini Cavabdeh məhkəmə iclasında etiraf etmişdir. Lakin, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan borc kimi alınmış pulun 40000 manatın iddiaçıya qaytarıldığını bildirsə də, cavabdeh tərəf bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da cavabdeh tərəfə borcun qaytarılmasına dair sübutlarını təqdim etməsi təklif olunaraq, bununla bağlı məhkəmə hazırlıq iclasları dəfələrlə təxirə salınaraq cavabdeh tərəfə sübutlarını təqdim etməsi üçün şərait yaradılsa da, cavabdeh tərəf borcun qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında cavabdeh tərəfindən ona 12000 manat pulun qaytarıldığını etiraf etmişdir. Göründüyü kimi cavabdeh iddiaçıdan 40000 manat pul almış, həmin pulun 12000 manatını qaytarsa da, 28000 manatını qaytarmamışdır və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Tərəflər arasında pul məbləğlərinin cavabdehə verilməsinə dair yazılı müqavilə bağlanmış olmasa da, cavabdehin izahatı və şahid ifadəsi həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pul məbləğlərinin verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşır, apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin dəlili kimi qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, 12.000 manat pul cavabdeh tərəfindən qazandığı pullardan öz hesabına faiz kimi iddiaçıya qaytarılmışdır. Buna görə də əsas məbləğ kimi ödənilmiş 40.000 manat da iddiaçıya qaytarılmalıdır.Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında münasibətlərdə borca görə faizlərin ödənilməsi nəinki nəzərdə tutulmayıb, hətta müqavilənin yazılı formasına belə əməl olunmamaışdır. Ona görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlili əsassızdır. İş materiallarında olan Azərbaycan Beynəlxal Bankının Kredit haqqında bildiriş məlumatına əsasən müəyyən edilir ki, vətəndaş İddiaçı Bakı şəhər 19 saylı Vəkil Bürosunun hesabına 320 manat ödəmişdir. Lakin birinci instasniya məhkəməsi işə baxarkən onu nəzərə almamışdır. Kollegiya həmçinin qeyd edir ki, tərəflər arasında vəkillə hüquqi yardıma görə bağlanmış müqaviləyə əsasən ödəniləcək məbləğin iki min manat olması müəyyən edilsə də, həmin müqavilə birinci instansiya məhkəməsinin qətnaməsi elan edildikdən sonra təqdim olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi vəkil xərcinin ödənilməsi hissəsində qismən ləğv edilməli, hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-45/2025 nömrəli, 14 may 2025-ci il tarixli qətnaməsi qətnaməsi vəkil xərcinin ödənilməsi hissəsində qismən ləğv edilsin. Hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar