Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-707/2025 16.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi ilə İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı verilmiş “müqavilələrin dəyişdirilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “müqavilələrin dəyişdirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 №-li Təmir İnşaat İstehsal Tresti və "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 30 iyun 2014-cü il tarixli borc müqaviləsinin və 16 №-li Təmir İnşaat İstehsal Tresti və "xxxx" MTKnın hüquqi varisi Cavabdeh1 arasında bağlanmış 13 iyul 2016-cı il tarixli borcun əvəzləşməsinə dair müqavilənin dəyişdirilməsi və hər iki müqavilə üzrə "xxxx" Mənzil Tikinti Kooperativi və Cavabdeh1 əvəzinə borc verən (birinci tərəf) şəxs qismində fiziki şəxs olaraq onun adının qeyd edilməsi, yəni hər iki müqavilənin 16 №-li Təmir İnşaat İstehsal Tresti və İddiaçı ilə bağlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 №-li Təmir İnşaat İstehsal Trestinin direktoru Yusif Nəsirov maliyyə dəstəyi olaraq borca pul istədiyindən iddiaçı şəxsən öz vəsaiti hesabına ******* (iki milyon doxsan doqquz min iki yüz) manat pul vəsaitini borc qismində trestə vermiş və borcun təminatı olaraq ümumi çəkisi 2624 ton (1 ton=800 manat) olan 2200 ədəd dəmir boru girov qoyulmuşdur. Həmin zaman trestdə məsuliyyət yaratmaq üçün aralarında razılığa əsasən pulların şəxsən ona çatması şərtilə 30 iyun 2014-cü il tarixində Trest və təsisçisi olduğu "xxxx" MTK arasında borc müqaviləsi bağlanmışdır. Sözügedən müqavilə bağlanılsa da, həmin pul vəsaiti onun şəxsi vəsaiti olmuşdur. Yəni müqavilə üzrə borc verən qismində MTK qeyd edilsə də, MTK-nın büdcəsindən həmin pul verilməmişdir. Bu faktı MTK-nın büdcəsində pulun olmaması da birbaşa sübut edir. Trest üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyi üçün "xxxx" MTKnın hüquqi varisi olan Cavabdeh1 MTK arasında borcun əvəzləşdirilməsinə dair 13 iyul 2016-cı il tarixli müqavilə bağlanılmış, dəmir boruların borcun əvəzi olaraq verilməsi barədə razılığa gəlinmişdir. Borc verilmiş pulun iddiaçının şəxsi pulu olduğunu, MTK-ya heç bir aidiyyətinin olmadığını Cavabdeh1 MTK-nın digər təsisçiləri və eləcə də həmin zaman direktoru olan X6 da bilirdi. Sözügedən müqaviləni Qənbər Fətullayev bağlayan zaman razılaşmışdır ki, həmin müqavilədə boruların satılması və satışdan əldə ediləcək pulun ona qaytarılması barədə qeyd olacaq. Lakin yenicə məlumat əldə etmişdir ki, MTK sözügedən qeydi yazmayaraq ona çatası vəsaitin qanunsuz və əsassız şəkildə MTK-ya çatması barədə müqavilə bağlamışdır. Borc qismində verilmiş pullar iddiaçının puludur, həmin pulun MTK-ya heç bir aidiyyəti yoxdur. Cavabdehlərə də məlum olduğu kimi trest əsl həqiqətdə həmin pulu və ya bunun təminatı olan dəmir boruları ona verməli idi. Son illərə kimi narahat olma, pulların sənə veriləcək deyərək vaxt istəsələr də, hazırkı günə nə pulu, nə də borular verilməmişdir. Cavabdehlərin hərəkətləri nəticəsində iddiaçı pulundan, ona çatası haqlardan məhrum olmuşdur. Hazırkı gündə ona çatası pullar ödənilmədiyindən, müqavilələr ümumi danışıqlara, razılaşmalara zidd olduğundan, ya borc verdiyi pullar, yaxud da təminatı olan dəmir borular ona qaytarılmalı, ya da sözügedən hər iki müqavilə dəyişdirilməli və hər iki müqavilə borc verən şəxs qismində fiziki şəxs olaraq şəxsən onunla bağlanmalıdır. Dəfələrlə yazılı, şifahi xəbərdarlıqlara, pretenziya ilə müraciət edilməsinə baxmayaraq, heç bir addım atılmadığından iddiaçı hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 19 mart 2025-ci il tarixində məhkəməyə etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırkı iddia ərizəsi üzrə iddiaçının yazdıqları heç bir reallığı əks etdirməməkdədir. Belə ki, 30 iyun 2014-cü il tarixdə Cavabdeh1 MTK ilə 16 nömrəli X3 arasında ******* manat məbləğində borc müqaviləsi imzalanmışdır. Borc məbləği ödənilmədiyindən 13 iyul 2016-ci il tarixdə notarial qaydada borcun əvəzləşdirilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən borcun əvəzi olaraq trestə məxsus olan 2200 ədəd, ümumi çəkisi 2624 ton (1 ton - 800 manat) dəmir boru MTK-ya verilmişdir. Trestin "Biləcəri Təmir-Quraşdırma" QTSC-yə də borcu mövcud olmuş və bu barədə məhkəmə qətnaməsi qəbul olunmuşdur. Bu səbəbdən QTSC cavabdehlər Trestə və MTKya qarşı borcun əvəzləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və dəmir boruların geri qaytarılması tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Lakin Cavabdeh1 MTK-ya məxsus olan borular əsassız olaraq QTSC-nin sahibliyində olmuş və bu səbəbdən uzun sürən məhkəmə prosesləri başlanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 MTK-nin cavabdehlər QTSC və trestə qarşı iddiası ilə 1614 ədəd borunun QTSC-nin qanunsuz sahibliyindən alınaraq MTK-ya qaytarılması, QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502088 manat və 30 manat dövlət rüsumunun əvəzinin QTSC-dən tutularaq MTK-ya ödənilməsi qət edilmişdir. Məsələ bir neçə dəfə Bakı Apellyasiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin baxış predmeti olmuş, sonda Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 may 2023-cü il tarixli qərarı ilə Cavabdeh1 MTK-nın kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolegiyasının 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, yeni qərar qəbul edilərək, iddia tələbi qismən təmin olunmuş, cavabdeh "xxxx" QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502088 manatın "xxxx" QTSC-dən tutularaq iddiaçıya ödənilməsi, 1614 ədəd borunun cavabdeh "xxxx" QTSC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçı Cavabdeh1 MTKya qaytarılması qət edimişdir. Həmin qərardan cavabdeh "xxxx" QTSC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət etmiş, Konstitusiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli qərardadı ilə tərəflər arasında Barışıq sazişi təsdiq olunaraq iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, ərizəçinin iddia etdiyi müqavilələr üzrə uzun sürən məhkəmə prosesləri baş vermiş, hətta qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə həmin müqavilələrin etibarlılığı təsdiqini tapmışdır. Bundan başqa, iddiaçı həmin borcun özü tərəfindən verildiyini bildirsə də, bunu təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Mübahisəli müqavilələr hüquqi şəxslər arasında bağlanmış, iddiaçı sadəcə olaraq hüquqi şəxsi təmsil edən şəxs kimi onu imzalamışdır. Hazırkı halda iddiaçı ilə MTK və MTK-nın təsisçiləri arasında münasibətlər kəskinləşdiyindən iddiaçı tərəfindən bu tip əsassız iddia irəli sürülmüşdür. 30 iyun 2025-ci il tarixli məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil 15 iyul 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək məhkəmə baxış iclasının başqa vaxta təxirə salınması xahiş olunmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 16 №-li Təmir İnşaat İstehsal Tresti ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 30 iyun 2014-cü il tarixli borc müqaviləsinin 1.1-ci bəndinə əsasən borc verən "xxxx" Mənzil Tikinti Kooperativi ******* (iki milyon doxsan doqquz min iki yüz) manat məbləğində pul vəsaitini borc alan 16 №-li Təmir İnşaat İstehsal Trestinə 2 il müddətinə qaytarılmaq şərti ilə maliyyə yardımı kimi borca verir, borcalan isə bu müqavilənin şərtləri və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh1 ilə 16 nömrəli X3 arasında bağlanmış 13 iyul 2016-cı il tarixli “Borcun əvəzləşdirilməsinə” dair müqaviləyə əsasən tərəflər 30 iyun 2014cü il tarixində borc verilmiş ******* manat pul ödənilə bilmədiyi üçün borcun borc alan “16 nömrəli X3”nə məxsus 2200 ədəd, ümumi çəkisi 2624 ton (1 ton - 800 manat) dəmir boru ilə əvəzləşdirilməsi, 16 nömrəli X2 aldığı borcun, yəni ******* manatın əvəzinə sonuncuya məxsus 2200 ədəd, ümumi çəkisi 2624 ton (1 ton - 800 manat) dəmir boruların bu müqaviləyə əsasən borc verən Cavabdeh1nə təhvil verilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-31/2023 saylı 11 may 2023-cü il tarixli qərarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli 2-2(81)-449/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 1614 ədəd borunun cavabdeh "Biləcəri Təmir Quraşdırma” QTSC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçı "Cənnət Park” MTK-ya qaytarılması, cavabdeh "Biləcəri Təmir Quraşdırma” QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502088 manat və 30 manat dövlət rüsumunun əvəzinin cavabdeh "Biləcəri Təmir Quraşdırma” QTSC-dən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh QTSC həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli 2-2(103)-548/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli 2- 2(81)-449/2018 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh QTSC həmin qətnamədən kassasiya şikayəti verməklə, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli 2-2(102)-57/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli qərarı ilə iddiaçının cavabdeh QTSC-yə, Trestə və 3-cü şəxsə qarşı boruların cavabdeh QTSC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması və sair tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 yanvar tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, MPM-nin 82.3, 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 13-2(102)-1(k)/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 yanvar tarixli 2-2(102)-57/2019 saylı qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 02 oktyabr tarixli 2-2(103)- 548/2018 saylı qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 25 fevral 2021-ci il tarixli 2-2(103)- 70/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2018-ci il 25 iyul tarixli 2-2(81)-449/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh QTSC həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 iyul tarixli 2- 2(102)-302/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 7 yanvar 2022-ci il tarixli qərarı ilə iddiaçının cavabdeh QTSC-yə, Trestə və 3-cü şəxsə qarşı boruların cavabdeh QTSC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması və sair tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 iyul tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 130-cu maddəsinin İX hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63.4, 65-69-cü maddələrinə, MPM-nin 82.3, 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 aprel 2022-ci il tarixli 13-2(102)-2(k)/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli 2- 2(102)-302/2021 saylı qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 25 fevral tarixli 2-2(103)-70/2021 saylı qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 19 sentyabr 2022-ci il tarixli 2- 2(103)-774/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli 2-2(81)-449/2018 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin olunmamışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verməklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 11 may 2023-cü il tarixli 2-2(102)-31/2023 saylı qərarı ilə iddiaçı "Cənnət Park” MTK tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 sentyabr 2022-ci il tarixli 2- 2(103)-774/2022 saylı qətnaməsi ləğv olunmuş, yeni qərar qəbul edilmiş, iddia tələbi qismən təmin olunmuş, cavabdeh "Biləcəri Təmir Quraşdırma” QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502088 manat pulun "Biləcəri Təmir Quraşdırma” QTSC-dən tutularaq iddiaçıya ödənilməsi, 1614 ədəd borunun cavabdeh "Biləcəri Təmir Quraşdırma” QTSC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçı "Cənnət Park” MTK-ya qaytarılması qərara alınmış, iddia tələbi qalan hissədə təmin olunmamışdır. "Biləcəri Təmir Quraşdırma” Qapalı Səhmdar Cəmiyyəti Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-31/2023 saylı 11 may 2023-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 dekabr 2024-cü il tarixli qərardadı ilə tərəflər arasında barışıq sazişi əldə edildiyinə görə "Biləcəri Təmir Quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 16 №-li Təmir İnşaat İstehsal Tresti və "xxxx" Mənzil Tikinti Kooperativi arasında 30 iyun 2014-cü il tarixli borc müqaviləsi və həmin müqavilə əsasında 16 №-li Təmir İnşaat İstehsal Tresti və "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqi varisi Cavabdeh1 arasında 13 iyul 2016-cı il tarixli borcun əvəzləşdirilməsinə dair müqavilə bağlanmışdır. Hazırda iddiaçı 16 №-li Təmir İnşaat İstehsal Tresti və "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 30 iyun 2014-cü il tarixli borc müqaviləsi üzrə borcluya verilmiş ******* (iki milyon doxsan doqquz min iki yüz) manat pul vəsaitinin ona məxsus olduğunu iddia edərək hər iki müqavilə üzrə "xxxx" Mənzil Tikinti Kooperativi və Cavabdeh1 əvəzinə borc verən şəxs qismində fiziki şəxs olaraq onun adının qeyd edilməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki hüquqda müqavilə anlayışı üç əsas struktur element əsasında formalaşır: subyekt tərkibi, məzmun və forma. Bu elementlərin hər biri müqavilə münasibətlərinin hüquqi mahiyyətini müəyyən edir və onların hər birinin ayrılıqda hüquqi əhəmiyyəti mövcuddur. Subyekt tərkibi müqavilə münasibətlərində iştirak edən və həmin münasibətlərin hüquqi nəticələrinə birbaşa təsir göstərən şəxslərin məcmusudur. Bu şəxslər müqavilə öhdəliklərinin tərəfləri olub, müvafiq olaraq kreditor (tələb hüququ olan tərəf) və borclu (öhdəliyi yerinə yetirmək vəzifəsi olan tərəf) qismində çıxış edirlər. Subyekt tərkibi müqavilənin hüquqi qüvvəsinin yaranması və onun icra mexanizminin işə düşməsi üçün zəruri şərtlərdən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Qanunvericilik bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarı). Məhkəmə xüsusilə nəzərə alır ki, iddiaçı tərəfindən mübahisələndirilən müqavilələr üzrə bütün məhkəmə instansiyaları səviyyəsində bir neçə məhkəmə çəkişməsi baş tutmuş, aparılmış məhkəmə prosesləri zamanı tərəflər arasında müqavilənin mövcudluğu, onun şərtləri, borcun məbləği, müqavilənin icrası, öhdəliklərin yerinə yetirilməsi və digər müvafiq hüquqi məsələlər araşdırılmış, qüvvəyə minmiş məhkəmə aktları ilə 16 №-li Təmir İnşaat İstehsal Tresti, "xxxx" Mənzil Tikinti Kooperativi və onun hüquqi varisi Cavabdeh1 bu müqavilə münasibətlərinin bilavasitə iştirakçıları və tərəfləri kimi tanınmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən borcun faktiki olaraq onun tərəfindən verildiyinə dair edilən istinad, mübahisələndirilən müqavilələrin subyekt tərkibini dəyişdirmək üçün hüquqi əsas təşkil etmir və müqavilə münasibətlərinin azadlığı prinsipinə ziddir. Əgər borc vəsaiti iddiaçının təşəbbüsü, tapşırığı və ya razılığı ilə onun təsisçisi hüquqi şəxs vasitəsilə təqdim edilibsə belə, bu, yalnız həmin iddiaçı ilə hüquqi şəxs arasında mövcud olan daxili hüquqi və ya təşkilati münasibətlərin nəticəsi hesab oluna bilər. Bu cür hallar isə borc müqaviləsinin və borcun əvəzləşdirilməsinə dair müqavilənin subyekt tərkibində dəyişiklik edilməsi üçün müstəqil əsas yaratmır və iddiaçının müqavilənin tərəfi kimi tanınması üçün hüquqi zəmin təşkil etmir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının müqavilənin tərəfi kimi tanınması və müqavilə tərəflərinin dəyişdirilməsi tələbi Mülki Məcəllə ilə müəyyən olunmuş müqavilə azadlığı prinsipinə və müqavilə münasibətlərinin hüquqi mahiyyətinə ziddir. Bundan başqa məhkəmə qeyd edir ki, İddiaçı ******* (iki milyon doxsan doqquz min iki yüz) manat pul vəsaitini borc qismində 16 №-li Təmir İnşaat İstehsal Trestinə verməsini bildirsə də, bunu təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı verilmiş “müqavilələrin dəyişdirilməsi” tələbi barədə iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı verilmiş “müqavilələrin dəyişdirilməsi” tələbi barədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-707/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-707/2025
16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver