Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-359/2024 13.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-777/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 17000 (on yeddi min) manat məbləğində pul vəsaitinin tutulmasına dair qətnamə qət edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tərtər rayonunun Cəmilli kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Fərdi əməklə məşğul olaraq Cəmilli kəndindəki evinin həyətində tövlə tikərək orada iribuynuzlu malları saxlayıb kökəldərək satıb pul əldə edərək ailəsini dolandırır. 2021-ci ilin mart ayında Bakı şəhərində olan zaman əvvəlcədən tanıdığı Şamaxı şəhər sakini tanışına saxlayıb kökəltdiyi iribuynuzlu malları satmaq istədiyini söyləyib. Bu vaxt Şöhrət adlı şəxs Şamaxı şəhərində yaşayan xalası oğlu Şirvanın heyvan alveri ilə məşğul olduğunu söyləyərək ona zəng edib Bakı şəhəri Xırdalan dairəsinə gəlməyi xahiş etdi. Şirvan deyilən yerə gəldi və onunla heyvanların alqı-satqısı barədə söhbətlər edərək 8 baş iribuynuzlu malları bir həftə müddətinə pulunu ödəmək şərti ilə 18000 (on səkkiz min) manata Cavabdeh satmağa razılaşmışlar. Şirvan həmin gün “Qazel” markalı maşınla Tərtər rayonu Cəmilli kəndinə getmiş, iddiaçının əmisi oğlu X3 8 baş iribuynuzlu malları Şirvanın gəldiyi maşına yığaraq yola salmışdır. 2021-ci ilin mart ayında Şamaxı şəhərinə gedib Şirvandan 18000 manat pulunu tələb etmiş və ondan cəmi 1000 manat pul almışdır. Sonuncu dəfə qalan 17000 manat pulunu tələb edərkən Cavabdeh İddiaçı hədə-qorxu gələrək pulunu verməyəcəyini bildirmişdir.
3. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh İddiaçı hər birinin qiyməti 1700 manat olmaqla 8 baş iri buynuzlu heyvanı ümumilikdə 13600 manata aldığını, həmin puldan isə 1000 manatını qaytardığını, qalan borcunu isə hissə-hissə verəcəyini bildirmişdir.
4. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-777/2023 saylı qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia qismən təmin edilərək, Cavabdeh 12600 (on iki min altı yüz) manat pulun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin ona 17000 manat borclu olmasını təsdiq edəcək heç bir sübut təqdim etməsə də, cavabdeh iddiaçıdan həqiqətən də 13600 manat dəyərində iri buynuzlu heyvan aldığını və həmin borcundan 1000 manatı pulu qaytarıldığını və qalan pulu da qaytaracağını etiraf etmişdir.
6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 448.1, 882.1, 882.4, 882.5, Mülki Prosessual Məcəllənin 14.2, 77-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sübutlar araşdırılmamış, izahatı dinlənilməmiş və təktərəfli qətnamə çıxarılmışdır. Bundan əlavə bu işə bir dəfə baxılmışdır. İşə bir dəfə baxılıb qiymət verildiyi halda yenidən qətnamə çıxması düzgün deyil.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (...) 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
14. Maddə 608. Alğı-satqı haqqında müddəaların tətbiqi Əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir.
15. Maddə 427. Öhdəliyin icrası müddəti (...) 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. (...) 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
17. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
18. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
21. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, hazırkı iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş aktı olması halı müəyyən edilməmişdir. Belə ki, apellyasiya şikayətində bu işə bir dəfə baxılması göstərilsə də, bu barədə hər hansı məlumat və ya qərar (icra qeydi) əlavə edilməmiş, o cümlədən “Elektron məhkəmə” informasiya sistemində İddiaçı hazırkı mülki işdən başqa digər işinin olması barədə məlumat aşkar edilməmişdir.
25. İş materiallarından isə müəyyən edilmişdir ki, iddiaçı 24 iyun 2023-cü il tarixdə məhkəməyə müraciət etməzdən əvvəl Tərtər Rayon Polis Şöbəsinə müraciət etmiş və Tərtər Rayon Polis Şöbəsinin təhqiqatçısı R.Hüseynovun 24 may 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bu isə mövcud mülki işə baxılmasını istisna edən və ona mane olan hal deyildir.
26. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
27. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
28. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 may 2023-cü il tarixli həmin qərarın surətindən görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh İddiaçıla 8 baş iri buynuzlu heyvanları 18000 manata yox, 13600 manata razılaşdıqlarını və həmin puldan 1000 manatını ödədiyini, yerdə qalan borcunu hissə-hissə verəcəyini bildirmişdir.
29. Göründüyü kimi cavabdeh 2021-ci ilin mart ayında iddiaçıdan nisyə olaraq 13600 manat dəyərində iri buynuzlu mal-qara almış və borcundan 1000 manatı ödəmişdir.
30. İddiaçı isə 8 baş iri buynuzlu mal-qaranı cavabdehə nisyə olaraq 18000 manata satdığını, cavabdehin isə həmin borcundan yalnız 1000 manat pul qaytardığını, qalan 17000 manat pulu isə qaytarmadığını göstərmişdir.
31. İddiaçı cavabdehə nisyə olaraq mal-qaranı 18000 manata satdığını, cavabdeh isə 13600 manata satdığını göstərsə də, iddiaçı mal-qaranı 18000 manat satması barədə məhkəməyə heç bir sübut növü təqdim etməmişdir.
32. Kollegiya hesab edir ki, cavabdeh tərəf iddiaçıya 13600 manat borcunun olduğunu etiraf etdiyindən, həmin borcdan 1000 manatın ödənilməsi tərəflərin izahatları ilə təsdiq edildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq 12600 manat məbləğin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul etmişdir.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
34. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-777/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.