Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1013/2024 11.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin və debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-779/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia ərizəsinin qismən təmin edilməsi, abonent Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 319.68 (üç yüz on doqquz manat altmış səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, ümumilikdə, cəmi 349.68 (üç yüz qırx doqquz manat altmış səkkiz qəpik) manat pul vəsaiti İddiaçı İB-nin xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı İB Cavabdeh qarşı dəymiş maddi zərərin və debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 4872.96 manat zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 131.88 manat və 70.05 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 5074.89 manat pul vəsaitinin cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 137922 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” imzalanmış və həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********06178 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmuş və təbii qazı talamışdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən fotoçəkilişlərlə lentə alınmışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə, cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli 053357 saylı akt əsasında 4872.96 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2022-ci ilin noyabr-dekabr ayları üzrə 28.20 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-sentyabr ayları üzrə 103.68 manat sərfiyyat cəmi 131.88 manat sərfiyyat borcu qalmışdır. 2022-ci ilin noyabr ayından 2023-cü ilin sentyabr ayına qədər cavabdeh ödəniş etməmişdir. Qeyd olunanlardan əlavə, cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 131.88 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda, abonentin saldosu üzrə 5004.84 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə, təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdiyimiz qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X2nın pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin tam təmin edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini tam təmin yox, qismən təmin etmişdir. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndirilən qətnamədə istinad olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı birinci instansiya məhkəməsi iddia tələbinin tam təmin edilməsini qət edərdi. İş materiallarında yer almış və təqdim olunan sübutlar iddia tələbinin tam əsaslı olmasını göstərdiyi halda birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia ərizəsini qismən təmin etmişdir. İddia tələbi tam əsaslı olduğu halda və iddiaçı tərəf olaraq da bu halı sübuta yetirdiyi halda, birinci instansiya məhkəməsi iddia tələbini tam yox, hər hansı bir əsas olmadan qismən təmin etmişdir. Digər tərəfdən, cavabdeh nə iddia ərizəsinə etiraz bildirmiş, nə də ki ona dair aktın tərtib edilməsini mübahisələndirmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq, tam sübuta yetirilmiş iddia tələbini tam yox, qismən təmin etmişdir. Göründüyü kimi maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmiş qətnamə heç vaxt qanuni və əsaslı ola bilməz. Cavabdehə aid olan **********06178 abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidi iddia tələbinin tamamilə təmin edilməməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan İddiaçı hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdankənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı məhz Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnamədə göstərdiyi nəticə qismən işin hallarına uyğun olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallanı araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini məhkəmə araşdırması zamanı iddiaçının “X2”nın tələblərinə zidd olaraq, təbii qazdan qeyri-qanuni istifadə etməsi öz təsdiqini tapması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı İB vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmununa əsasən iddianın təmin edilməyən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, iddiaçı cavabdeh tərəfindən dəymiş zərərin və debitor borcun ona ödənilməsini xahiş edir. “X2”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqısı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qərarın 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki passportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Deməli, cavabdeh qanunvericiliyin tələblərinə görə yaşadığı ünvan üzrə quraşdırılmış qaz sayğacının toxunulmazlığına cavabdeh olan şəxs hesab olunmaqla, həmin sayğaca müdaxilə, o cümlədən qanunsuz qoşulma nəticəsində paylayıcı İddiaçınə dəymiş ziyana görə məsuliyyət daşıyır. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. "X2"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 6.5. bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-1. bəndində isə qeyd edilmişdir ki, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmalıdır (6.5-1.1-6.5-1.3 bəndləri). İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır (6.5-3. bəndi). İşdən göründüyü kimi iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma cavabdehin əməkdaşları tərəfindən aşkar edilmiş, kənar xətt qazpaylayıcı şəbəkədən ayrılmış və bu barədə xx.xx.2022-ci il tarixli 053357 saylı akt tərtib edilməklə cavabdeh təşkilat tərəfindən 4872.96 manat dəymiş zərərin məbləği hesablanmaqla iddiaçıdan tələb edilmişdir. Lakin bu zaman cavabdeh təşkilat tərəfindən cərimənin məbləğinin hesablanması “X2”nın tələblərinə uyğun aparılmamışdır. Belə ki, qeyd olunan qaydanın 6.5.3. bəndinə əsasən qanunsuz qoşulma hallarında qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin 12 aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı nəzərə alınmaqla hesablama aparılmalıdır. Bu qaydaya uyğun hesablama zamanı isə iddiaçıya cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli akt üzrə (4.7x12x90=5076 kub.metr x 0,12=609.12 manat), 609,12 manat cərimə hesablanmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin cavabdehin qaz sərfiyyatına görə 131.88 manat debitor borcunun tutulması hissəsinə gəldikdə isə qeyd edir ki, həmin hissədə iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. Abonent Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 609 (altı yüz doqquz) manat 12 (on iki) qəpik pul vəsaiti İddiaçı İB-nin xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1013/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1013/2024
11.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver