Məhkəmə qərarları › İş №2(105)-1013/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1013/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1013/2025 17.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, e-2(060)-393/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh “vakala” borc müqaviləsi üzrə əsas borc üzrə 2053,17 manat, faiz borcu üzrə 195,29 manat olmaqla, cəmi 2248,46 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 42,48 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSCnin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-5B-90 saylı, 10 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə, № 113/14 saylı “vakala” Borc Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə, 20%-lə, 3151 manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Müqaviləyə əsasən bank borc alana “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriya №-li avadanlığın (avtomatik yuyucu) alınması məqsədi ilə kredit müqaviləsi üzrə 3151 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı borcalanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (5.4 bəndi) Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 24 aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh təhvil verilmiş akta əsasən müqavilə üzrə hazırda olan əsas borc üzrə 2053,17 manat, faiz borcu üzrə 195,29 manat olmaqla, cəmi 2248,46 manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduqları maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Odur ki, hesab edir ki, İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Cavabdehin qeydiyyat ünvanının dəyişib-dəyişilməməsi ilə bağlı Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli **********1 saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum “X8 Edilməsi Agentliyi” MMC tərəfindən xx.xx.2024-cü il tarixli 76 saylı müraciət məktubu ilə müraciət edilmiş və İdarə tərəfindən xx.xx.2024-cü il tarixli 18/2-1555/2024 saylı cavab məktubu ilə bildirilmişdir ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə əsasən “Fərdi məlumatlar haqqında” 13.1-ci maddəsinə əsasən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı əsasında yol verilir. Bu səbəbdən də iddiaçı olaraq cavabdeh barədə MAPS arayışını məhkəməyə təqdim edə bilmir.

3. Cavabdeh məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, yaşadığı ünvan üzrə 2014-cü ildə Kirvi şirkətinin əməkdaşlarının təklif etdiyi tozsoranı kredit vasitəsilə əldə etmişdir. Bunun üçün Kirvi şirkəti ilə kredit müqaviləsi imzalamışdır. İlk ayın krediti ödənildikdən sonra məhsulun işləmə prinsipi istənilən nəticəni vermədiyi üçün müqavilədə göstərilən şərtlərə uyğun olaraq geri qaytarmışdır. Hadisədən 10 il müddət keçdikdən sonra İddiaçı QSC-nin qaldırdığı iddiaya əsasən onun kredit borcu olduğu irəli sürülür və məhkəməyə müraciət edilmişdir. İddiaçı QSC-dən heç bir məbləğ və ya məhsul almamışdır. Əgər onun İddiaçı QSC-yə borcu var idisə, 10 il müddətində nəyə görə bu iddia irəli sürülməmişdir. Hal-hazırda 77 yaşındadır və pensiya ilə dolanır. Müqavilənin şərtlərinə uyğun olaraq məhsulu geri qaytardığı halda bu borcun ona aidiyyəti olmamalıdır. Onun bu kredit borcunu ödəmək öhdəliyinin olmadığı qənaətindədir. İddianın əsassız olduğunu bildirmişdir.

4. İddia ərizəsinə yazılı etiraz daxil olmamışdır.

5. Azərbaycan Beynəlxalq Bankı İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 113/14 saylı “Vakala” borc müqaviləsindən görünür ki, borcalan “Kirby” firmasının istehsalı olan “Sentria” modelli, ********** seriya nömrəli avadanlığın (avtomatik yuyucu) borc aldığı pul vəsaiti ilə dərhal almağı, borcu qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirini borcverənə qaytarmağı, borcverən isə borcalana 3151 manat məbləğində borc verməyi öhdəsinə götürmüşdür.

6. xx.xx.2014-cü il tarixli, 113/14 saylı müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, ödənişlərin icra edilməsi müddəti xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir.

7. 17 mart 2014-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh «Azərbaycan Beynəlxalq Bankı» ASC-dən 3119 manat məbləğində kredit vəsaitini qəbul etmişdir.

8. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanına uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq İddiaçı QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt edir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhviltəsliminə dair xx.xx.2018-ci il tarixli Aktdan görünür ki, Cavabdeh 113/14 saylı, 17 mart 2014-cü il tarixli müqavilə üzrə 2053,17 manat məbləğində əsas borcu, 195,29 manat məbləğində faiz borcu üzrə təhvil-təslim aparılmışdır.

10. “X8 Edilməsi Agentliyi” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024cü il tarixli bildirişdən görünür ki, 10 gün müddətinə borcu ilə bağlı ödənişi icra etməsi tələb edilmiş, əks təqdirdə 2248,46 manat borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur.

11. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən tərtib edilmiş 19 sentyabr 2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, Cavabdeh 2053,17 manat əsas borc, 195,29 manat faiz borcu vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

12. Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, e-2(060)-393/2025 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 442, 443.1, 448.1, 425.1, 462.1, 467, 372.1, 372.2, 375.2 və 373.2-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 218.3, 216-220, 227, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

14. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, e- 2(060)-393/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyator şikayəti onunla əsaslandırmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında bağlanmış Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S- FK-5B-9 saylı, 10 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İslam Bankçılığı Departamenti ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2014-cü il tarixdə, №113/14 saylı “vakala” borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 3.151 (üç min yüz əlli bir) manat məbləğində kredit verlmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayırılmış kredit hesabından istifadə etmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı on beş gün müddətində “Azərbaycan Beynəlxal Bankı” ASC-yə məxsus problemli aktivləri müəyyən etsinlər və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likivid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra- “Aqrarkredit QSC) idarəetməsinə verilməsi üçün tədbirlər görsünlər. Həmin fərmanda müəyyən edilmişdir ki: (2.1) Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş aktivlərin İddiaçı QSC tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizili borc istiqrazlarının İddiaçı QSC tərəfindən emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirlməsi hesabına təmin edilir; (2.2) İddiaçı QSC tərəfindən emissya ediləcək istiqrazların tələb olunan həcmi və müddətləri “Azərbaycan Beynəlxalq Bankı” ASC-də aktivlərin alınması tədbirləri ilə uzlaşdırılır və buna müvafiq dövlət zəmanətinin həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limitinin məbləğində nəzərə almır; (2.3) İddiaçı QSC bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq alınmış aktivləri idarə edərkən aşağıdakı vəzifələri yerinə yetirir (2.3.1) “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunverciliyə əsasən əldə etmək və həyata keçirmək; (2.3.2) ödəmə vaxtı keçmiş kredit borclarının (fazilərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetrilməsi üçün qanunvercilkdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qalırmaq, tələbi girova yönəltmək və s.) görmək; (2.3.3) tələb girova (ipotekaya) yönəldildiyi halda, girov (ipoteka) qoyulmuş əmlakın idarə edilməsini həyata keçirmək, həmin əmlakın dövlət əmlakına aid edilməsi barədə təkliflər vermək və ya ixtisaslaşmış təşkilatlar tərəfindən açıq hərraclarda satışını təşkil etmək, əldə olunan vəsaitin borc öhdəliklərindən irəli gələn tələblərin ödənilməsinə yönəldilməsini təmin etmək; (2.34.) aktivlərin idarəedilməsi ilə əlaqədar tələb olunan xərcləri bu Fərmanın 2.1-ci bəndinə əsasən əldə olunan vəsait hesabına, bu məqsədlər üçün hər il təsdiq olunan xərclər smetasına uyğun olaraq həyata keçirməkdir. Həmçinin iş materiallarına əlavə edilmiş “X8 Edilməsi Agentliyi” MMC-nin Nizamnaməsinin 1.1-ci bəndində göstərilir ki, “X2 Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmaya Kredit Təşkilatının (bundan sonra “Aqrarkredit QSC” adlanacaq) tabeliyində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlət məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanı ilə İddiaçı QSC-yə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində iştirak etmək məqsədilə yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvercilik aktları və bu Nizamnamə əsasında həyata keçirir. İşə əlavə edilmiş S-FK-5B-90 saylı 10 aprel 2018-ci il tarixli “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən problemli aktivlərin satın alınması il bağlı təhviltəslim aktdan görünür ki, 10 aprel 2018-ci il tarixdə borclu şəxs Cavabdeh dair sənədlər İddiaçı QSC-yə verilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı QSC Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərini özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanının icrası üçün iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsas məqsədi həmin Fərmanının icrasını təmin etmək üçün məhkəmə qaydasında cavabdehdən 2.248.46 (iki min iki yüz qırx səkkiz manat 46 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 42,48 (qırx iki manat 48 qəpik) manat məbləğində kredit borcunu alaraq dövlət büdcəsinə ödəməkdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Qeyd olunan Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilir ki: 6.1 Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2 Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3 Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirlməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda analoji mübahisələr mübahisənin hazırkı məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduğumuz maliyyə itkisini qarışlamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Qətnamə onunla əsaslandırılmışdır ki, prosesin gedişatında cavabdehin nümayəndəsi X3 tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmiş, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı isə iddia müddəti ötürüldükdən sonra iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilən əsaslardan göründüyü kimi cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməklə öhdəliyin icrasından birtərəfli qaydada imtina etmiş, işə baxmış məhkəmə də bunu qəbul etməklə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə əsaslanmaqla kifayətlənmiş, işin hallarının obyektiv araşdırılmasına təşəbbüs göstərməmişdir. Aşağıda qeyd olunan əsaslara görə hesab edir ki, məhkəmə əsaslı araşdırma aparmamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşmüşdür. Qeyd edək ki, iddiaçının əsas məqsədi həmin Fərmanın icrasını təmin etmək üçün məhkəmə qaydasında cavabdehdən əsas borc üzrə 2.053.17 (iki min sıfır əlli üç manat, 17 qəpik) manat, əsas borc olmaqla, cəmi 2.248.46 ( iki min iki yüz qırx səkkiz manat 46 qəpik) manat məbləğində kredit borcunun alınaraq dövlət büdcəsinə ödəməkdir. Belə olan halda analoji mübahisələr mübahisənin hazırkı məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduqları maliyyə itkisini qarışlamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Odur ki, hesab edir ki, İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Həmçinin cavabdehə 04 sentyabr 2020-ci il tarixli 4748 saylı bildiriş göndərilərək yeni restrukturizasiya müqaviləsinin bağlanılması təklif edilsə də cavabdeh bildirişə hər hansı bir şifahi münasibət bildirməmişdir. Hesab edir ki, yuxarıda qeyd olunan halları nəzərə alaraq iş üzrə iddia müddətinin ötürülməməsi məhkəmə tərəfindən üzürlü sayıla bilər. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-393/2025 saylı qətnaməsi məhkəmə tərəfindən tam, obyektiv və hərtərfli araşdırılmadığına görə ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

17. İddiaçının nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

18. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Beynəlxalq Bankı İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 113/14 saylı “Vakala” borc müqaviləsi bağlanmış, borcalan “Kirby” firmasının istehsalı olan “Sentria” modelli, ********** seriya nömrəli avadanlığın (avtomatik yuyucu) borc aldığı pul vəsaiti ilə almağı, borcu qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirini borcverənə qaytarmağı, borcverən isə borcalana 3151 manat məbləğində borc verməyi öhdəsinə götürmüşdür. Ödənişlərin icra edilməsi müddəti xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqavilə bağlanmış və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanına uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq İddiaçı QSC-nin idarəetməsinə vermiş və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt etmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçı araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.

25. Cavabdeh iddiaya etiraz edərək iddia tələbi üzrə müddətin ötürüldüyünü bildirmişdir.

26. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

27. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır. Lakin məhkəmə iclasında cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi əsaslı olsa da, cavabdeh tərəfindən iddia müddətinin ötürülməsi barədə məhkəməyə ərizə təqdim edilmişdir. Azərbaycan Beynəlxalq Bankı İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında xx.xx.2014-cü bağlanmış “Vakala” borc müqaviləsi üzrə öhdəliyin icra edilməsi müddəti 17 mart 2016-cı il tarixədək müəyyən edilmişdir. İddiaçı isə öhdəliyin icrası müddəti bitdikdən uzun müddət sonra, yəni 25 sentyabr 2024cü il tarixdə məhkəməyə müraciət etmişdir.

28. Məhkəmə qeyd etmişdir ki, sözügedən müqavilənin icra edilməsi müddətinin bitməsi anından 9 ildən artıq müddət keçmişdir. Ödənişinin icra edilməsi müddətinin 17 mart 2016-cı il tarixədək müəyyən edildiyi nəzərə alındıqda, cavabdehin bank qarşısında öhdəliyinin müddətinin 17 mart 2016-cı il tarixində bitməsi, bu müddət ərzində sözügedən borc müqaviləsi üzrə icra edilməmiş öhdəliyinin olması və iddiaçının bu halı sorğulamaması anlaşılan deyildir. Hətta sözügedən müqavilə üzrə borcun tələb edilməsinin xx.xx.2018-ci il tarixdə iddiaçıya güzəşt edildiyi nəzərə alınsa belə, həmin müddətdən də xeyli vaxt keçmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etdiyindən iddia təmin edilməməlidir.

29. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, e- 2(060)-393/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

31. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

32. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşdüyünü, Fərmanın icrası ilə bağlı zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır, bu baxımda cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir.

33. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı aşağıda şərh olunanları da qeyd etməyi zəruri hesab edir:

34. Azərbaycan Beynəlxalq Bankı İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında xx.xx.2014-cü bağlanmış “Vakala” borc müqaviləsi üzrə öhdəliyin icra edilməsi müddəti 17 mart 2016-cı il tarixədək müəyyən edilmişdir. İddiaçı isə öhdəliyin icrası müddəti bitdikdən uzun müddət sonra, yəni 25 sentyabr 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

37. Konstitusiya Məhkəməsi həmin qərarında müəyyən etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.

38. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri).

39. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

40. Yuxarıda qeyd olunan normaların tələblərindən də görünür ki, pozulmuş hüquqların bərpası ilə bağlı müraciət yalnız həmin mübahisələrə tətbiq olunan iddia müddətləri ərzində edilə bilər.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384-385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, e-2(060)-393/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar