Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1015/2021 07.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X3, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şuşa Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Həsənov) iddianın qismən təmin edilməsi, ləğv prosesində olan QSC «Bank Standard» ilə Cavabdeh arasında bağlanmış 07 aprel 2015-ci il tarixli 100/13/100921/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1482 (bir min dörd yüz səksən iki) manat 19 (on doqquz) qəpik məbləğində əsas borc, 590 (beş yüz doxsan) manat 24 (iyirmi dörd) qəpik məbləğində faiz borc, 52 (əlli iki) manat cərimə borcu, 223 (iki yüz iyirmi üç) manat 23 (iyirmi üç) qəpik gecikdirilmiş vaxt üçün hesablanmış 5% məbləği olmaqla, cəmi 2347 (iki min üç yüz qırx yeddi) manat 66 (altmış altı) qəpik borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan QSC «Bank Standart» KB-nin xeyrinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Ləğv prosesində olan QSC «Bank Standard» ilə Cavabdeh qarşı iddia qaldıraraq, bankla cavabdeh arasında bağlanmış 07 aprel 2015-ci il tarixli 100/13/100921/15 saylı kredit müqaviləsi üzrə 1482 (bir min dörd yüz səksən iki) manat 19 (on doqquz) qəpik məbləğində əsas borcun, 590 (beş yüz doxsan) manat 24 (iyirmi dörd) qəpik məbləğində faiz borc, 952 (doqquz yüz əlli iki) manat cərimə borcu, 223 (iki yüz iyirmi üç) manat 23 (iyirmi üç) qəpik gecikdirilmiş vaxt üçün hesablanmış 5% məbləği olmaqla, cəmi 3248 (üç min iki yüz qırx səkkiz) manat 66 (altmış altı) qəpik borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan QSC «Bank Standard» ilə Cavabdeh arasında 07 aprel 2015-ci il tarixli 100/13/100921/15 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən bank cavabdehə istehlak məqsədi üçün 12 ay müddətinə illik faiz dərəcəsi 28% müəyyən edilməklə 2000 manat məbləğində kredit vermişdir. Müqavilə bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir. Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu ödəmir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi S.Muradzadə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehdən tutulmalı olan cərimə məbləgi məhkəmə tərəfindən kəskin azaldılmışdır. Məhkəmə maddi normaların pozulması ilə qəbul edilmişdir. Kredit müqaviləsinə əsasən borc alan cavabdeh bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditora müqavilədə müəyyən edilmiş faiz miqdarında cərimə və dəymiş zərəri ödəməyi öhdəsinə götürmüşdür. Şuşa Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(077)-260/2020 saylı qətnaməsi cərimə hissəsində ləğv edib, iddianın həmin hissədədə tam təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. O, iddiaçı ilə 07 aprel 2015-ci il tarixli 100/13/100921/15 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən bank ona istehlak məqsədi üçün 12 ay müddətinə illik faiz dərəcəsi 28% müəyyən edilməklə 2000 manat məbləğində kredit vermişdir. Kreditin verilməsindən sonra tərəfindən ödəniş cədvəlinə uygun olaraq aylıq ödənişlər vaxtıvaxtında ödənilmişdir. Lakin sonradan bank bağlandıgı üçün bank tərəfindən aylıq ödənişlərin qəbulu dayandırılmışdır. Bu səbəbdən də o ödənişləri ödəmək istəsə də ödəyə bilməmişdir. Bankın məqsədi kreditin ödənilməsi deyil, müəyyən olunmuş faizləri və cərimə pulunu həddindən artıq şişirtməklə əsassız varlanmaq olmuşdur. Şuşa Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(077)-260/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia müddətinin keçməsi tətbiq edilməklə iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi Ə.F.Əsgərova apellyasiya şikayətini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayətləri təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit müqaviləsinin olmasına və cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, tərəflərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB ilə Cavabdeh arasında bağlanmış 07 aprel 2015-ci il tarixli 100/13/100921/15 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə 2000 manat məbləğində borc pulun verilməsi, kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uygun olaraq krediti kreditora qaytarılması müqavilənin predmetini təşkil etmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən kreditin istifadəsinə görə Borcalan kreditora illik 28% dərəcəsi ilə faiz ödəyir. İşdə olan 07 sentyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 07 aprel 2015-ci il tarixli 100/13/100921/15 saylı kredit müqaviləsi üzrə 02 sentyabr 2020-ci il tarixinə iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəliyi 1482,19 manat əsas borc, 590,24 manat faiz borcu, 952,66 manat cərimə borcu, 223.23 manat məbləgində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləgi olmaqla, ümumilikdə 3248,32 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 15 sentyabr 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında əsas borc üzrə 1482,19 manat, 590,24 manat faiz borcu, 952,66 manat cərimə borcu,223.23 manat gecikdirilmiş vaxt üçün pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-c il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmə kollegiyası iddiaçının iş üzrə məhkəmə tərəfindən cərimə borcunun azaldılmasının düzgün olmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası Cavabdeh iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə apellyasiya şikayətində gətirdiyi dəlili qəbul etmir. Belə ki, iddia müddətinin tətbiqi barədə ərizə birinci instansiya məhkəmə prosesində təqdim edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh məhkəmə iclaslarında şəxsən iştirak etmişdir, lakin iddia tətbiqi üçün heç bir ərizə təqdim edilməmişdir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X2 və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin bu iş üzrə 16 noyabr 2020-ci il tarixli 2(077)-260/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1015/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1015/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver