Məhkəmə qərarları › İş №2(105)-1018/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1018/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1018/2021 12.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Şuşa Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2(077)-80/2020 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şuşa Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2(077)-80/2020 saylı qətnaməsi ilə (hakim A.M.Həsənov) İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və vurulmuş zərərin ödənilməsi tələbinə dair ilk iddia qismən təmin edilib, Cavabdeh 400.000 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi və Cavabdeh İddiaçı qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verib, Şuşa Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2(077)-80/2020 saylı qətnaməsinin ləğv edilərək ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 15.07.2016-cı il tarixli, 3M-274 reyestrli kredit müqaviləsi bağlanmış və sonuncuya 400.000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən Cavabdeh 15.07.2017-ci il tarixədək 400.000 manat məbləğində almış olduğu pulu geri qaytarmalı olmasına baxmayaraq borcu könüllü olaraq qaytarmamışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmiş qalmaqdadır. Ona görə də, Cavabdeh 400.000 (dörd yüz min) manat məbləğində əsas borcun, 52.000 (əlli iki min) manat məbləğində bank faizinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul ödənilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Prezidentinin 21.12.2015-ci il tarixli Fərmanı ilə tütün məlumatlarının və alkoqollu içkilərin idxalına və istehsalına icazə verən xüsusi razılıqlar (lisenziyalar) ləğv edildikdən sonra tütün məhsullarının ölkəyə idxalını təşkil edərək yüksək mənfəət əldə edəcəyini düşünmüşdür. Bununla əlaqəli olaraq tanışı X4 ona Rusiya Federasiyasının vətəndaşı olan və orada yaşayan İddiaçı bəhs etmiş və sonuncunun Belarus Respublikasındakı tütün məhsulları istehsal edən şirkətlər ilə müqavilə bağlayaraq həmin məhsulların öz ölkəmizə idxalını təşkil edə biləcəyini bildirmişdir. Ona görə də təsisçisi və direktoru olduğu “xxxx” MMC adından İddiaçı etibarnamə vermiş və həmin etibarnaməni tanışı Ə.Süleymanov Rusiya Federasiyasına gedərək İddiaçı təqdim etmişdir. Bundan sonra Belarusiya Respublikasından Azərbaycan Respublikasına tütün məhsullarının idxal edilməsinə dair “xxxx” MMC adından etibarnamə əsasında İddiaçı və Belarusiya Respublikasının «xxxx» X7 ASC arasında 13 aprel 2016-cı il tarixli, 1065 saylı müqavilə bağlanmış və İddiaçı bu müqavilə əsasında kifayət qədər yüksək mənfəət əldə edəcəyinə onu inandırmışdır. Rafail idxal işlərinin həll edilməsinin təşkil edilməsi qarşılığında 400.000 manat məbləğində pul istəmiş, o da bu işdən yüksək mənfəət əldə edəcəyini düşünərək razılaşmışdır. Lakin həmin məbləği birdəfəlik deyil hissə-hissə ödəyəcəyini bildirmiş və İddiaçı onunla razılaşaraq aralarındakı müqavilənin təminatlı olması üçün borc müqaviləsi bağlamağı təklif etmişdir. Birlikdə notariat kontorunda 15 iyul 2016-cı il tarixdə kredit müqaviləsi bağlamışlar. Lakin müqaviləni bağladıqdan sonra planladıqları idxal işi baş tutmamışdır. Belə ki, tütün məlumatlarının idxal edilməsi üçün zəruri olan aksiz markaları Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müxtəlif bəhanələr gətirilərək verilməmişdir. Şikayət ərizələri əsasında Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurası və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Apelyasiya Şurası tərəfindən qəbul edilmiş qərarlarına əsasən “xxxx” MMC-yə tütün məlumatlarının idxal edilməsi üçün nəzərdə tutulmuş aksiz markalarının verilməsi vəzifəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulmuş, lakin hazırkı vaxtadək Nazirlik tərəfindən həmin vəzifə icra olunmamışdır. Bu səbəbdən İddiaçı və Belarusiya Respublikasının «xxxx» X7 ASC arasında 13 aprel 2016-cı il tarixdə bağlanmış 1065 saylı müqavilənin icrası mümkün olmamış və İddiaçı 400.000 manat məbləğində pul ödənilməmişdir. Baş verənlərdən aydın olur ki, onunla İddiaçı arasında bağlanmış müqavilə əslində kredit müqaviləsi deyil, əldə olunacaq gəlirdən ödəniləcək məbləğ olduğundan aralarında bağlanmış əqdin etibarsız hesab edilməsini xahiş etmişdir. Həmçinin Belarus Respublikasının «xxxx» X7 ASC ilə müqavilə bağlamaq üçün İddiaçı 20.000 ABŞ dolları məbləğində xərc çəkdiyini bildirdiyindən həmin məbləği ödəyə biləcəyini qeyd etmişdir. Ona görə də, onunla İddiaçı arasında bağlanmış 15.07.2016-cı il tarixli, 3M-274 reyestrli kredit müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul ödənilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şuşa Rayon Məhkəməsi 25 avqust 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mövcud vəziyyətdə birinci instansiya məhkəməsi tərəfindən heç bir araşdırma aparılmadan, yalnız kredit müqaviləsinin mövcudluğu əsas götürülərək ilkin iddiaçı tərəfindən ona 400.000 manat pul verildiyinin sübut olunduğu göstərilmişdir. Halbuki Rusiya Federasiyasının vətəndaşı olan və Rusiya Federasiyasında yaşayan əvvəllər tanımadığı və tütün məmulatları biznesinin təşkili ilə bağlı tanış olduğu şəxsin birdən-birə ona olduqca yüksək məbləğ təşkil edən 400.000 manat borcun verilməsi normal məntiqə və həqiqətə uyğun deyildir. Eyni zamanda onların əlaqələri həmin biznesin təşkili ilə bağlı olduğu və həmin kredit müqaviləsinin bu bizneslə əlaqədar olaraq bağlandığı onun tərəfindən ona məxsus “xxxx” MMC-nin nümayəndəsi kimi tütün məmulatlarının Azərbaycan Respublikasına idxalı üçün Belarusiya Respublikasında bağladığı müqavilələrlə təsdiq olunur. Bu səbəbdən də, aralarında bağlanmış müqavilə borc müqviləsi deyil kredit müqaviləsi adlandırılmışdır. Bundan əlavə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericilinə əsasən 10.000 manatdan artıq pul Azərbaycan Respublikasından xarici dövlətə aparıldıqda və ya Azərbaycan Respublikasına gətirildikdə həmin məbləğ gömrük bəyannaməsində öz əksini tapmalıdır. Mövcud vəziyyətdə isə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn İddiaçı tərəfindən belə gömrük bəyənnaməsi və ya bank hesabından 400.000 manat pulun çıxarılmasına dair müvafiq sənəd sübut kimi məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda İddiaçı tərəfindən 400.000 manat məbləğində pulun Azərbaycan Respublikasına gətirilməsi barədə müvafiq bəyannamənin olub-omaması barədə Azərbaycan Respublikasının Gömrük Komitəsinə və Sərhəd Xidmətinə sorğu verilməsi, onun tərəfindən Azərbaycan Respublikasında bank hesabından 400.000 manat pulun çıxarılıb-çıxarılmaması barədə Mərkəzi banka sorğu verilməsi barədə vəsatətləri birinci instansiya tərəfindən əsassız olaraq təmin edilməmişdir. Bundan əlavə onunla İddiaçı arasında olan mövcud münasibətlərin iştirakçısı olan X4 və X5 birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq şahid kimi dindirilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış 15 iyul 2016-cı il tarixli, 3M-274 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 400.000 manat məbləğində borc pul vermiş, Cavabdeh isə həmin məbləği 15.07.2017-ci il tarixədək qaytarmalıdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Apelyasiya Şurasının 03.11.2016-cı il tarixli, 01 saylı qərarından görünür ki, “xxxx” MMC-nin direktoru Cavabdeh şikayəti təmin edilib, “xxxx” MMCyə tütün məlumatlarının idxalı üçün aksiz markalarının verilməsi, həmin markalar ölkəyə gətirilərkən Nazirliyin aparatının Vergi siyasəti və gəlirlər şöbəsi tərəfindən təmin olunması, Nazirliyin aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinova tapşırılsın ki, aksiz markalarının hazırlanması üçün sifarişlər verilərkən tütün məlumatlarının, alkoqollu içkilərin idxalına və istehsalına icazə verən lisenziyaların ləğvi ilə əlaqədar aksiz markalarının alınması ilə bağlı artan tələbat nəzərə alınmaqla həmin markalara olan tələbatın dəqiq proqnozlaşdırılması məqsədi ilə zəruri tədbirlər görməsi, Maliyyə Nazirliyinin Apelyasiya Şurasının Katibliyinin rəhbəri Mayis Piriyevə tapşırılsın ki,Katibliyin fəaliyyətini “Mərkəzi icra hakimiyyəti orqanlarının X2 Nümunəvi Əsasnamə”nin tələblərinə uyğun təşkil etməsi qərara alınmışdır. «xxxx» X7 ASC və «xxxx» MMC-nin etibarnamə əsasında nümayəndəsi İddiaçı arasında bağlanmış 13 aprel 2016-cı il tarixli, 1065 saylı müqavilədən görünür ki, ümumi dəyəri ******* ABŞ dolları təşkil edən tütün məhsullarının Belarus Respublikasından Azərbaycan Respublikasına göndərilməsini tədarükçü, yəni «xxxx» X7 ASC öz üzərinə götürmüş, Alıcı,yəni «xxxx» MMC isə Qrodno ş. FCA şərtləri ilə «İNKOTERMS2000» Beynəlxalq Ticarət Terminlərin açılışı qaydalarına uyğun məhsulu qəbul etməyi və ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Sadalanan maddi hüquq normalarının və tərəflər arasında bağlanmış 15 iyul 2016-cı il tarixli, 3M-274 reyestr nömrəli kredit müqaviləsinin şərtlərini və müqavilənin qüvvədə olmasını nəzərə alaraq Cavabdeh İddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1 və 740.2-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qarşılıqlı iddia ərizəsində və apelyasiya şikayətində Cavabdeh onunla ilk İddiaçı arasında bağlanmış 15 iyul 2016-cı il tarixli, 3M-274 reyestr nömrəli kredit müqaviləsinin formal olaraq bağlandığını və həmin müqavilə əsasında ona pul verilmədiyinə istinad edərək müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin tədqiq olunan faktiki hallarına əsaslanaraq hesab edir ki, mübahisələndirilən müqavilə iddia edildiyi kimi formal olaraq bağlanmaqla etibarsız əqd hesab edilə bilməz. Çünki işdə əqdin yalnız görünüş üçün bağlanmasına əsas verən hallar mövcud deyildir. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Göründüyü kimi qanunun mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında 15 iyul 2016-cı il tarixli, 3M-274 reyestr nömrəli kredit müqaviləsinə təkcə onun hərfi mənası baxımından deyil, iş üzrə tərəflərin qarşılıqlı münasibətləri, müqaviləyə qədərki və sonrakı danışıqları, onun digər şərtləri və mənası baxımından qiymət verilməlidir. Tərəflər arasında yaranmış hazırkı mübahisə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin etibarsız hesab edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-354-cü maddələri ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsi ilə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsızlığının əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddənin məzmunundan göründüyü kimi, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Qeyd olunan maddənin tələblərinə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddənin məzmunundan göründüyü kimi, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. İş materiallarından göründüyü kimi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisələndirdiyi müqavilə notariat orqanında bağlanaraq təsdiqlənmiş və müqavilənin bağlanmasında tərəflər şəxsən iştirak etmişlər, onlara hüquq və vəzifələri izah edilməklə müqaviləni şəxsən imzalamış və müqavilənin surətləri tərəflərə verilmişdir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 6-cı bəndinə əsasən notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməli, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsi ilə notariat hərəkətlərini aparmaqdan imtina edilməsinin əsasları müəyyən edilmişdir. Həmin qanunun 7-ci bəndinə əsasən əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. İş materiallarından isə görünür ki, notariat hərəkətləri aparılarkən tərəflərin bağladıqları əqdin məzmununun tərəflərin həqiqi niyyətinə uyğun olmaması müəyyən edilməmiş, 12 bənddən ibarət müqavilənin məzmunu tam aydın olmaqla onda məzmunu dərk olunmayan ifadələr işlənməmiş, müqaviləni şəxsən tərəflər notariat kontorunda imzalamışlar və müqavilənin surəti tərəflərə verilmişdir. İddiaçı tərəfindən cavabdeh ona qarşı müqavilə üzrə pul tələbinə dair iddia qaldırmayana kimi həmin müqavilə onun tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış 15 iyul 2016-cı il tarixli, 3M-274 reyestr nömrəli kredit müqaviləsi qanunvericiliyin tələblərinə müvafiq olaraq bağlanılmış və həmin müqavilə notariat kontorunda təsdiq olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qanuni əsaslarla bağlanmış kredit müqaviləsinin etibarsızılığı üçün qanunvericiliklə müəyyən edilmiş yuxarıda qeyd edilmiş əsaslardan heç biri mövcud deyil. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh 400.000 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi və Cavabdeh İddiaçı qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirmədən və apelyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2(077)-80/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar