Məhkəmə qərarları › İş №2(105)-1021/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1021/2024

06.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1021/2024 06.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi , iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin və debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(027)-519/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 4458,24 (dörd min dörd yüz əlli səkkiz manat 24 qəpik) manat borcun tutularaq **********01980 saylı abonent koduna və 64 manat 59 qəpik dövlət rüsumunun iddiaçı “Azəriqaz" İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Xaçmaz RQİİ ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”yə əsasən Birlik abonentə məxsus Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB tərəfindən **********01980 nömrəli abonent kodu verilmiş, mənzilində qaz sayğacı quraşdırılmışdır. xx.xx.2023-ci il tarixdə onun istifadəsində olan qaz xəttlərinə və qaz sayğacına baxış keçirilmiş, abonentin sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdir. Bu barədə video çəkiliş aparılmış, abonent barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Akta uyğun olaraq abonent Cavabdeh hesab koduna itirilmiş qazın ziyanı olaraq 37152 m3 və ya 4458,24 manat məbləğində ziyan hesablanaraq onun abonent koduna işlənilmişdir. Quba Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(027)-519/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 1503 (bir min beş yüz üç) manat məbləğində pulun və 64,59 manat dövlət rüsumunun İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına məcburi qaydada tutularaq ödənilməsi qət edilmişdir (hakim Rahim Həsənov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(027)-519/2024 nömrəli qətnaməsinin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ARNK-nin xx.xx.2011ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş“Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndində qeyd edilmişdir ki, qazpaylayıcı tərəfindən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göründüyü kimi İddiaçıİB-nin Xaçmaz RQİİ-nin Quba XS-nin işçiləri abonent X1 kənar xətlə təbii qazdan qanunsuz istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Belə ki, X7 özü də qanunsuz halın aşkar edilməsində iştirak etmişdir. Bu vaxt qanunsuz təbii qazdan istifadə halı video çəkilişlə müşayət olunmuşdur. Cavabdeh qanunsuz, sayğacdan kənar xəttin olduğunu etiraf edir. Lakin ziyan məbləğinin çox hesablandığından həmin aktdan narazılığını bildirmişdir. Qazpaylayıcı şəbəkəyə (qaz xəttinə) qeyri-qanuni qoşulma, qaz sayğacına müdaxilə və ya digər qanunsuz istehlak hallarında paylayıcıya dəyən zərər SOCAR-ın Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na uyğun olaraq hesablanacaqdır. İddiaçı İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz XSnin işçiləri həmin Qaydalara uyğun abonentin qaz işlədici cihazlarında istehlak olunan qazın hesabatına uyğun ziyan hesablamışlar. Xaçmaz Rayon Məhkəməsi qətnamə qəbul edərkən sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə halı təsdiq edilsə də, itirilmiş qazın dəyəri üçün ziyan hesablanmasında heç bir normativ-hüquqi akta əsaslanmayan hesablama apararaq dəymiş ziyanın 2955,24 manat hissəsini istisna edərək qalan 1503 manat hissəsədə iddianı təmin etmişdir. Cavabdeh sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə edərkən evində olan mövcud qazişlədici cihazlardan hansının neçə saat istifadə etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Buna görə də abonentin qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi zamanı dəymiş ziyanın mövcud qazişlədici cihazların maksimal sərfiyyatına uyğun hesablanması məntiqlidir. Həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin iddia tələbini inkar etməsi üçün əsas kimi istinad etdiyi hal onun sayğacdan kənar xətlə təbii qazdan qısa müddət istifadə etməsidir. Lakin qaz idarəsinin işçiləri sayğacdan kənar xətlə iddiaçının evində təbii qazdan istifadə edildiyini müəyyən etmiş və bu barədə müvafiq akt tərtib etmişlər. Cavabdeh iddianın təkzib etməsinin əsası olan halı sübut etmək üçün heç bir sübut təqdim etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin və ona etirazın dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman (sayğac nömrəsi qeyd edilməklə) təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent Cavabdeh 4458 manat məbləğində qaz sərfiyyatı borcu vardır. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, cavabdeh fərdi yaşayış evində qazdan qeyri-qanuni istifadə etmiş, bu hal İddiaçı İB əməkdaşları tərəfindən aşkarlanaraq aktlaşdırılmışdır. İddiaçı Cavabdehdan təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4458,24 manat məbləğində pulun tutulmasını tələb etmişdir. Ziyan hesablanarkən evdə 3 ədəd dəmir sobasının olduğu qeyd edilmişdir. Lakin iddiaçı bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh evdə cəmi bir ədəd istilik sobasının olmasını bildirmişdir. İddiaçı 3 ədəd dəmir sobası ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsi cavabdehin etirafını sübut kimi qəbul etmişdir. Həmçinin iddaçının vəzifəsi hər 6 aydan bir cavabdehin sayğacını yoxlamaq olsa da, ziyan 12 ay üçün hesablanmışdır. Birinci instansiya məhkəməsi ziyanın 6 ay üçün hesablanmasını daha ağlabatan hesab etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edilmiş və cavabdehdən iddiaçının xeyrinə 1503 manat məbləğində pul (0.9x12x180=1944; 1.4x12x180=3024; 1.5x12x180=3240; 2x12x180=4320; 12528x0.12=1503) tutulmalı olması qənaətinə gəlmiş, bunu onunla əsaslandırmışdır ki, iddiaçı dəymiş ziyanı hesablayarkən cavabdeh tərəfindən qazdan qeyri-qanuni istifadəni 360 günlə hesablamışdır. Lakin, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarının 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmçinin birinci instansiya məhkəməsi iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək, qazdan qeyri-qanuni istifadə etdiyini etiraf etmişdir. Cavabdeh bildirmişdir ki, o, həmin qazdan 3 gün istifadə etmişdir. Bundan başqa, dəymiş ziyan hesablanarkən onun 3 ədəd dəmir sobadan istifadə etməsi qeyd edilsə də, cavabdeh etiraf etmişdir ki, onun evində 1 ədəd dəmir soba,1 ədəd su qızdırıcısı və 1 ədəd xərək vardır. Həmçinin, yay aylarında soba və su qızdırcısından istifadə edilmədiyi də nəzərə alınmalıdır. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilir ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndində qeyd edilir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 3.1.3-cü bəndində qeyd edilir ki, qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. İş materialları ilə müəyyən olunur ki, cavabdehin “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq, təbii qazdan qeyri-qanuni istifadə etməsi mülki iş materiallarına əlavə olunmuş fotoşəkil və birinci instansiya məhkəməsində DVD disk əsasında öz təsdiqini tapmış və bu barədə abonentə təbii qazdan istifadə qaydalarının pozulması barədə tələbnamə tərtib edilərək 27 noyabr 2023-cü il tarixli, ******* saylı akta əsasən 360 gün (12 ay) müddəti üçün cərimə hesablanmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, təbii qazdan istifadə qaydalarının tələblərinə uyğun olaraq həmin qaydalara riayət etmək abonent olaraq vətəndaşın vəzifəsi olsa da, sayğacın işlək vəziyyətdə olmasına nəzarət etmək isə qazpaylayıcısının birbaşa vəzifəsi olmaqla həmin vəzifənin icrasını 30 gündən bir həyata keçirməlidir. Lakin göründüyü kimi, İddiaçı İB-nin nümayəndələri tərəfindən abonentin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına vaxtında nəzarət edilməməsi nəticə olaraq, abonentin də qaz sayğacından qeyri-qanuni istifadə etməklə təbii qazı talaması halını istisna etməmişdir. Bununla belə, abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi iddaçının vəzifəsinin hər 6 aydan bir cavabdehin sayğacını yoxlamaq olduğunu qeyd edərək ziyanın 6 ay üçün hesablanmasını daha ağlabatan hesab etmişdir.Belə ki, Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarının 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir.Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi borc məbləğini hesablayarkən düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(027)-519/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar