Məhkəmə qərarları › İş №2(105)-1022/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1022/2024

06.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1022/2024 06.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(060)-1740/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2019-cu il tarixli, 2(105)-4593/2019 nömrəli qətnaməsi ilə qət edilmiş alimentin artırılması və xx.xx.2016-cı il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2019-cu il tarixli, 2(105)-4593/2019 nömrəli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamədən sonra Respublika üzrə 1 uşağın saxlanılması minimumunda bir neçə dəfə artımlar olmuş və hazırda bir uşağın saxlanılması minimumu 235 manatdır. O, heç yerdə işləmir və uşağın maddi təminatında əziyyət çəkir. Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(060)-1740/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-4593/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(060)-1740/2024 nömrəli nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə çıxararkən qanun qüvvəsini almış AR Sumqayıt Apellyasiya Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 2(105)-4593/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş halları nəzərə almamış, məhz həmin qətnamə ilə onun maddi vəziyyəti,xəstəliyi nəzərə alınmaqla hər ay üçün 120 manat alimentin tutulması qənaətinə gəlinmişdir. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Lakin məhkəmə birtərəfli və qeyri-obyektiv mövqe nümayiş etdirməklə bu mübahisəyə qiymət vermiş, tətbiq etdiyi maddi normaları düzgün təfsir etməmiş, nəticədə qanunsuz qətnamə çıxarmışdır. Respublika üzrə müəyyən edilmiş 235 manat xərci hər iki valideyn çəkməlidir. Lakin məhkəmə bu xərci bütünlüklə onun üzərinə qoymuşdur. Mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1-ci maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Onun təqdim etdiyi sübutları nəzərə almamış və bu da ədalətsiz bir qətnamənin çıxarılması ilə nəticələnmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh aylıq 180 manat aliement ödəməyə razı olduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz etdiyini bildirərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilməlidir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 4593/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment xx.xx.2019-cu il tarixdən başlayaraq tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan MŞŞ/MT030/2024-00068 saylı xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsinə dair arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi barədə qarşılıqlı razılığa glə bilməmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat rüsum İddiaçı tərəfindən ödənilmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (AM-in 78.2-ci maddəsi). “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Birinci instansiya məhkəməsi alimentin miqdarını müəyyən edərkən cavabdehin maddi və sosial vəziyyətini tam aydınlaşdırmamışdır. Belə ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, ona xəstəliyi ilə əlaqədar diaqnoz qoyulmuş və komissiyanın qərarı ilə hərbi xidmətə dinc dövrdə yarasız, müharibə dövründə isə məhdud yararlı hesab edilmişdir. Bununla yanaşı cavabdeh məhkəmə kollegiyasının iclasında alimentin Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə 120 manat müəyyən edildiyi dövrdə 160 manat ödədiyini və hal-hazırda da 180 manat aliment ödəməyə hazır olduğunu bildirmişdir. Lakin bununla əlaqədar iddiaçı cavabdehin atasının, anasının və qardaşının pensiya alması ilə əlaqədar maddi imkanının olduğuna əsaslanaraq 180 manat alimentin ödənilməsi ilə razı olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apellyasiya şikayətinin dəlillərini, cavabdehin maddi vəziyyətini nəzərə alaraq belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2019-cu il tarixli, 2(105)-4593/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, artırılmış alimentin məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdehdən tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(060)-1740/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2019-cu il tarixli, 2(105)-4593/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar