Məhkəmə qərarları › İş №2(105)-1024/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1024/2024

07.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1024/2024 07.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş zərərin əvəzinin və debitor borcun ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri- Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(074)-135/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 5316 manat məbləğində dəymiş zərərin əvəzi, istifadə olunmuş təbii qaza görə yaranmış 1665 manat debitor borc, ödənilmiş 90,22 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7071.22 (yeddi min yetmiş bir manat, 22 qəpik) manat pulun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixli, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” əsasında, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı Ağsu X3 İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1602AZ**********01 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin, cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla, təbii qazı talamışdır. İddiaçı Ağsu X3 İdarəsinin Şamaxı Xidmət Sahəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən, qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq, aktlaşdırılmış və bu halı təsbitləyən fotoçəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq, 5316 manat məbləğində dəymiş zərər hesablanmışdır. Bundan əlavə cavabdeh tərəfindən ünvanında istifadə edilmiş təbii qaza görə 3629.88 manat debitor borcu vardır. Cavabdehə birliyin işçiləri tərəfindən yaranmıs 8945 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də, ondan tələb ediləcəyi izah edilmişdir. Bundan başqa, Cavabdeh dəfələrlə müxtəlif tarixlərdə qazdan qeyri-qanini istifadə etməsi aşkar olunmuşdur. Belə ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-609/2020 saylı qətnaməsinə əsasən, Cavabdeh 570 manat məbləğində dəymiş ziyanın və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-432/2022 saylı qətnaməsinə əsasən Cavabdeh 1423.68 manat məbləğində dəymiş ziyanın tutularaq, İddiaçı İB-nin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq, həmin şəxsdən tələb etməlidir.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Şamaxı Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(074)-135/2024 nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddia qismən təmin edilmiş, təbii qazdan qanunsuz istifadəyə görə Cavabdeh 1080 (min səksən) manat dəymiş zərərin əvəzi və dövlət rüsumu olaraq ödənilmiş 30,80 (otuz manat səksən qəpik) manat pulun tutularaq, İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixli, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” əsasında, istehlakçı Cavabdeh Əbülfəz oğluna məxsus Şamaxı şəhəri, M.Ə.Əfəndiyev 23 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş və fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 İtron markalı, 1602AZ**********01 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yaşadığı ünvanda xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılan zaman, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İtirilmiş qazın bərpası üçün İddiaçı tərəfindən tərtib edilmiş aktlara əsasən hesabat aparılmış və müvafiq olaraq hesablanmış 540 və 540 manat olmaqla, cəmi 1080 manat məbləğin ödənilməsi qərara alınmışdır. Eyni zamanda “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbinin 4236 (5316-1080) manat hissəsi əsassız olmaqla, iddia tələbinin “istifadə olunmuş təbii qaza görə yaranmış 1665 manat debitor borcun tutulması” hissəsi isə sübut edilmir.

6. Birinci instansiya məhkəməsi öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinə, “Qaz təzhizatı haqqında” Azərbaycan Respublikası qanunun 13-cü maddəsinə və “Qazdan istifadə Qaydaları”na istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı İB apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(074)-135/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Ağsu X3 İdarəsinin Şamaxı Xidmət Sahəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən video və foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 5316 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa cavabdeh tərəfindən mənzilində istifadə edilmiş təbii qaza görə 1655 manat debitor borcu yaranmışdır. Cavabdehə Birliyin işçiləri tərəfindən 6971 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Lakin məhkəmə qanunsuz qətnamə çıxararaq abonentin qeyri-qanuni qazdan istifadəyə görə dəyərinin qismən təmin eilməsi barədə qətnamə qət etmişdir. Baxmayaraq ki, iş materiallarında cavabdeh tərəfindən qazdan qeyri-qanuni istifadə edilməsi tam sübuta yetirilmişdir. Qətnamə çıxarılarkən təqdim edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. İstehlakçı hazırkı vəziyyətdə sayğac üzrə hesablanmış qaz sərfinin dəyərini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. Təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğinin yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci intansiya məhkəməsində iclaslarda iştirak etmiş, məhkəməyə sübutları təqdim etmişlər. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmiş, məhkəməyə təqsirsiz olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Cavabdeh təbii qazdan qanunsuz olaraq dəfələrlə istifadə etmişdir. Qarşı tərəf barəsində “İnzibati tənbeh vermə haqqında” qərarlar qəbul olunmuşdur. 2019-cu ildən bu günə qədər dəfələrlə kənar qoşulma faktı müəyyən olunmuş, aktlar tərtib olunmuş, bununla bağlı Şamaxı Rayon Polis İdarəsinə müraciətlər edilmişdir. Cavabdeh Polis İdarəsinə çağırılmış və ondan izahat alınmışdır. İzahatında kənar xətdən istifadə etdiyini etiraf etmiş, bununla da kənar qoşulma faktını təsdiq etmişdir. Belə nəticəyə gəlmək olar ki, birinci instansiya məhkəməsi obyektiv araşdırma aparmamışdır. Hesab edir ki, iddianın qismən təmin edilməsi, qanunsuz qoşulmaqla təbii qazdan istifadə hallarının artmasına şərait yarada və vətəndaşlara pis örnək ola bilər. Ona görə də apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, 810 manat debitor borc deyil, cərimə məbləğidir. Məhkəmə əvvəlki məhkəmə qətnamələri ilə cavadehdən tutulmuş 1080 manatı yenidən tutmuşdur. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-432/2022 saylı qətnaməsin 883,68 manat debitor borc kimi göstərilsə də, əslində cərimə məbləğidir. 856,2 manat sayğac göstəricisinə əsasən borc məbləğidir. 2017-2019-ci illərdə sayğacdan keçən qazdan istifadə etməmiş, yalnız qanunsuz xətlə qazdan istifadə etmişdir. 2022-ci ildən sonra tələb olunan zərər məbləğinə dair qanunsuz qoşulma faktı ilə əlaqədar tərtib edilmiş aktlar üzrə cavabdeh barəsində “İnzibati tənbeh vermə barədə” qərar mövcud deyildir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilsə də iş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

12. Abonent kodu **********00000 olan istehlakçı Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2017-ci il tarixdə Smart G-4 İtron markalı, 1602AZ**********01 nömrəli sayğac quraşdırılmışdır.

13. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlardan və “Dəymiş ziyanın bərpasına dair” tələbnamələrdən görünür ki, abonent Cavabdeh yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00000) baxış keçirilən zaman qaz xəttinə kənar qoşulma halları məyyən olunmuş və aşağıda qeyd olunan tarixlərdə və məbləğdə aktlar üzrə zərər məbləği müəyyən edlimişdir: 27 fevral 2019-cu il tarixli, ******* saylı akt üzrə 8100 kubmetr həcmində, 810 manat dəyərində; 28 aprel 2020-ci il tarixli, ******* saylı akt üzrə 5400 kubmetr həcmində, 540 manat dəyərində; 12 mart 2021-ci il tarixli, ******* saylı akt üzrə 5400 kubmetr həcmində, 540 manat dəyərində; 30 sentyabr 2021-ci il tarixli, ******* saylı akt üzrə 5400 kubmetr həcmində, 540 manat dəyərində; 04 noyabr 2021-ci il tarixli, ******* saylı akt üzrə 3360 kubmetr həcmində, 343,68 manat dəyərində; 30 oktyabr 2022-ci il tarixli, ******* saylı akt üzrə 17280 kubmetr həcmində, 2073,6 manat dəyərində; 30 yanvar 2023-cü il tarixli, ******* saylı akt üzrə 9696 kubmetr həcmində, 1163,52 manat dəyərində; 06 iyun 2023-cü il tarixli, ******* saylı akt üzrə 12864 kubmetr həcmində, 1543,68 manat dəyərində. 07 sentyabr 2023-cü il tarixli, ******* saylı akt üzrə 4464 kubmetr həcmində, 535,68 manat dəyərində.

14. Abonent kodu **********00000 olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində yaşayan abonent Cavabdeh 2017-ci il tarixinədək sayğac üzrə istifadə edilmiş qazın həcmi 10368 kubmetr olmaqla, qalıq borc məbləği 856,2 manat təşkil etmişdir.

15. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-609/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 28 aprel 2020-ci il tarixli, ******* saylı akt üzrə 540 manat zərər məbləği və 30 manat dövlət rüsumu olmaqla, 570 manat tutularaq, İddiaçı İB-nin hesabına ödənilməsi qət edilmişdir.

16. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-432/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 28 aprel 2020-ci il tarixli, ******* saylı akt üzrə 540 manat zərər məbləği və 883,68 manat debitor borc olmaqla, ümumilikdə 1423,68 manat tutularaq, İddiaçı İB-nin hesabına ödənilməsi qət edilmişdir.

17. Abonent kodu **********00000 olan istehlakçı Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə elektron sayğac üzrə hesabdan görünür ki, Cavabdeh 2017-ci il tarixədək debitor borcu 856,2 manat, 2017-2019-cu illər üzrə isə 810 manat olmaqla, cəmi 1666,2 manat təşkil etmişdir.

Tətbiq edilən hüquq

18. 01 may 2022-ci il tarixdən qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunu

8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

19. 25 iyun 2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:

6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

20. 25 iyun 2023-cü il tarixədən sonra qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:

5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

20. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

21. Məhkəmə kollegiyası tərəfindən Şamaxı Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(074)-135/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Şamaxı Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(074)-135/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi qismən təmin edilməlidir.

23. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehdən 12 mart 2021-ci il tarixli, ******* saylı və 30 senyabr 2021-ci il tarixli, ******* saylı aktlar üzrə hər bir akta görə 540 manat olmaqla, cəmi 1080 manat zərər məbləğini tutulmalı olması qənaətinə gəlmişdir ki, birinci instansiya məhkəməsinin həmin gəldiyi nəticə əsassız və qanunsuz olmuşdur. Belə ki, həmin məbləğlər yuxarıda istinad olunan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-609/2020 saylı və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-432/2022 saylı qətnamələri ilə cavabdehdən tutulmuş və hazırkı iddia tələbi üzrə isə həmin məbləğlər cavabdehdən tələb edilməmişdir.

24. Belə ki, iş materiallarında olan **********00000 saylı abonentin saldosu adlı sənəddən görünür ki, 2019-cu il tarixdən 2022-ci ilin may ayına kimi cavabdehə qazdan qanunsuz istifadəsi ilə əlaqədar olaraq 810, 540, 540, 540 və 343,68 manatlıq olmaqla, cəmi 2773,68 manatlıq zərər məbləği müəyyən edilmişdir. Lakin, 810 manatlıq zərər məbləği 2017-2019-cu illər üzrə debitor borc məbləği qismində elektron sayğac üzrə hesaba daxil edilmiş və hazırkı debitor borc tələbinin bir hissəsini təşkil etmişdir. 2773,68 manatlıq zərər məbləği üzrə 810 manatlıq zərər məbləği nəzərə alınmadıqda isə 2019-cu il tarixdən 2022-ci ilin may ayına kimi cavabdehə qazdan qanunsuz istifadəsi ilə əlaqədar 540, 540, 540 və 343,68 manatlıq olmaqla, cəmi (2773,68-810=1963,68) 1963,68 manatlıq zərər məbləği müəyyən edilir ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-609/2020 saylı qətnaməsi ilə cavabdehdən 540 manat, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-432/2022 saylı qətnaməsi ilə isə 1423,68 manat olmaqla, hər iki qətnamə üzrə cəmi 1963,68 manat zərər məbləği tutulmuşdur. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-432/2022 saylı qətnaməsində 540 manat zərər məbləği və 883,68 manat debitor borc olmaqla, 1423,68 manat tutulması qət edilməsi qeyd olunsa da əslində, 2022-ci ilin may ayına kimi cavabdehə qazdan qanunsuz istifadəsi ilə əlaqədar olaraq ümumilikdə 1963,68 manatlıq zərər məbləği hesablanmışdır ki, həmin məbləğin 540 manatı Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(074)-609/2020 saylı qətnaməsi ilə, digər hissəsi olan 540, 540 və 343,68 manatlıq (cəmi 1423,68 manat) zərər məbləğləri isə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-432/2022 saylı qətnaməsi ilə tutulmuşdur.

25. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, abonent kodu **********00000 olan istehlakçı Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə elektron sayğac üzrə hesabdan görünür ki, Cavabdeh 2017-ci il tarixədək debitor borcu 856,2 manat, 2017-2019-cu illər üzrə isə 810 manat olmaqla, cəmi 1666,2 manat təşkil etmiş və iddiaçı tərəfindən həmin məbləğlər borc qismində cavabdehdən tələb edilmişdir. Hərçənd ki, yuxarıda qeyd olunduğu kimi 810 manat debitor borc məbləği olmamaqla, 27 fevral 2019-cu il tarixli, ******* saylı akt üzrə 8100 kubmetr həcmində, 810 manat dəyərinə qanunsuz qoşulmaya görə hesablanmış zərər məbləği olmuşdur. Birinci instansiya məhkəməsi isə cavabdehin debitor borcunun olmasına dair sübutların iddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsi əsası ilə iddia tələbini həmin hissədə rədd etmişdir. Lakin, **********00000 saylı abonent saldosundan görünür ki, cavabdehin 2017-ci il tarixədək sayğac üzrə istifadə etdiyi qazın həcmi 10368 kubmetr olmaqla, həmin həcmdə istifadə edilmiş qaza görə yaranmış borcu 856,2 manat təşkil etmiş, buna dair isə cavabdehin məhkəməyə hər hansı bir etirazı daxil olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 856,2 manat debitor borcun tələb edilməsi hissəsində əsaslı olmuş, birinci instansiya məhkəməsi isə iddia tələbini həmin hissədə təmin etməməklə düzgün olmayan nəticəyə gəlmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 27 fevral 2019-cu il tarixli, ******* saylı akt üzrə qanunsuz qoşulmaya görə hesablanmış 810 manat zərər məbləğini debitor borc qismində tələb etməsi əsaslı olmasa da, vurulmuş zərər məbləği nöqteyi nəzərindən həmin məbləğ qismən əsaslı olmuşdur. Belə ki, 27 fevral 2019-cu il tarixli, ******* saylı akt üzrə vurulmuş ziyanın bərpasına dair tələbnamədən göründüyü kimi həmin akt üzrə cavabdehin qanunsuz qoşulma ilə əlaqədar 15 mm-lik boru xəttinin saatlıq maksimal qaz buraxma qabiliyyəti 2,5 kubmetr götürülməklə gün ərzində 18 saatlıq istifadə müddəti nəzərə alınaraq itirilmiş qazın həcmi və məbləği müəyyən edilmişdir ki, maksimal qaz buraxma qabiliyyəti ilə, günlük fasiləsiz olaraq 18 saat ərzində qazdan istifadə edilməsi ağlabatan hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin nəzərə almışdır ki, hazırda qüvvədə olan “Qazdan istifadə qaydaları” 6.5-3-cü bəndində qanunsuz qoşulma hallarında məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla vurulmuş zərər məbləğinin hesabanlanması müəyyən edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, 27 fevral 2019-cu il tarixli, ******* saylı akt üzrə zərər məbləği (2,5x12x180=5400kubmetr x 0,1 manat =540 manat) 540 manat həddində müəyyən edilməli və iddia tələbi həmin məbləğ hissəsində təmin edilməlidir.

27. Məhkəmə kollegiyası 30 oktyabr 2022-ci il tarixli, ******* saylı akt üzrə 17280 kubmetr həcmində 2073,6 manat, 30 yanvar 2023-cü il tarixli, ******* saylı akt üzrə 9696 kubmetr həcmində 1163,52 manat, 06 iyun 2023-cü il tarixli, ******* saylı akt üzrə 12864 kubmetr həcmində 1543,68 manat və 07 sentyabr 2023-cü il tarixli, ******* saylı akt üzrə 4464 kubmetr həcmində 535,68 manat olmaqla, cəmi 5316 manatlıq zərər məbləği ilə bağlı tələbə münasibətdə isə qeyd edir ki, həmin aktlar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanununun 8-1-ci maddəsinin qüvvəyə minməsindən, yəni 01 may 2022-ci il tarixdən sonra tərtib edilmişdir. Həmçinin, buna müvafiq olaraq 25 iyun 2023-cü il tarixdən etibarən “Qazdan istifadə qaydalarının 6.5-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin maddələrin tələbinə görə isə qanunsuz qoşulma ilə bağlı istehlakçının qazın talanmasında təqsirli olması yalnız müvafiq orqanların qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Qeyd edilən aktlar üzrə isə cavabdehin qazın talanmasında təqsirli olması bardə inzibati xəta haqqında iş üzrə və ya əməlində cinayət tərkibinin olmasına dair müvafiq orqanın və ya məhkəmə qərarının olması müəyyən edilməməkdədir. Buna görə də məhkəmə kollegiyası “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanununun 8-1-ci maddəsinin tələbi baxımından iddiaçı qaz təchizatı müəssisəsinin qeyd edilən aktlar üzrə apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. 28.Beləlkilə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(074)-135/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(074)-135/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 856,2 manat borc məbləği və 27 fevral 2019-cu il tarixli, ******* saylı akt üzrə 540 manat zərər məbləği və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat olmaqla, cəmi 1416,2 manat tutularaq, İddiaçınə ödənilməlidir. 29.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Şamaxı Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(074)-135/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(074)-135/2024 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 856,2 manat borc məbləği və 540 manat zərər məbləği və 20 manat dövlət rüsumu olmaqla, cəmi 1416,2 (min dörd yüz on altı manat, 20 qəpik) manat tutularaq, İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnaməndən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar