Məhkəmə qərarları › İş №2(105)-1025/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1025/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1025/2021 30.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(012)-1564/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh 7000 manat borc pul və 1000 manat mənəvi zərərə görə və 20 manat dövlət rüsumuna görə pul vəsaiti alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 35000 manat pulun, mənəvi zərərin əvəzi qismində 2000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan müxtəlif məqsədlər üçün 2012-ci ilin yanvar ayında 3000 manat, 2014-cü ilin sentyabr ayında 8000 manat, 2015-ci ildə 7000 manat, 2016-cı ildə 17 000 manat olmaqla, cəmi 35 000 manat pul almış və bugünədək geri qaytarmamışdır. İddiaçının şikayət ərizəsi əsasında Sumqayıt şəhər prokuroru tərəfindən cinayət işi başlanılmış, lakin mübahisənin mülki xarakterli olması səbəbindən iş üzrə icraata xitam verilmişdir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı dərin sarsıntılar keçirmişdir. Bu səbəbdən də əsas borcun və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron rayon məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin 7000 manat pul tutulması hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən sübutlar qiymətləndirilməmiş, iş üçün əhəmiyyəti olan hallar müəyyən edilməmişdir. Maddi və prosessual hüquq normaları pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X1 ifadəsində 2016-cı ilin təqribən yanvar ayında Cavabdeh verməsi üçün Fizulinin ondan 17000 manat pul istədiyini, Bakı şəhəri, Dostluq küçəsində (Dejurni deyilən yerdə) maşında Fizulinin17000 manat pulu Şəmsəddinə verdiyini, pulu verəndə gördüyünü, pulu Fizuliyə özü verdiyi üçün məbləğin nə qədər olduğunu bildiyini, Cavabdeh borcları olduğunu, pulu ona görə istədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X4 ifadəsində Füzulinin Şəmsəddinə pulu verəndə görmədiyini, lakin Fizulinin ondan xahiş edərək, Şəmsəddinin verdiyi pulu qaytarmasını, Şəmsəddinin də torpaq sahəsini satıb 35000 manatı qaytaracağını bildirdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X5 ifadəsində Füzulinin Şəmsəddinə 2014-cü ilin təxminən sentyabr ayında 8000 manat pul verdiyini, pulu verəndə yanlarında olmadığını, lakin Şəmsəddin Fizulidən pul götürdüyünü etiraf etdiyini, Füzuli həcc ziyarətindən gəldikdən sonra, Şəmsəddin mal-qarasını satıb pulu qaytarmalı olduğunu, borcunu qaytarması barədə isə məlumatı olmadığını bildirdi. İş materiallanı araşdırıb, məruzəçini və iddiaçının, onun nümayəndəsinin izahatlarını və şahid ifadələrini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə borc pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni iddiaçının müxtəlif vaxtlarda hissə-hissə olmaqla cəmi 35000 manat cavabdehə borc pul verməsini bildirsə də, bunu təsdiq edən hər hansı rəsmi sənədin işdə mövcud olmaması, cavabdehin işdə olan izahatına əsasən iddiaçıya 7000 manat borcunun olmasını etiraf etməsi ilə əsaslandırmışdır. İddiaçı qətnamədən apellyasiya qaydasında şikayət verərək, qətnaməni 7000 manat məbləğində borcun tutulması hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirdikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. İş üzrə Sumqayıt şəhər Polis İdarəsi İstintaq Şöbəsi tərəfindən İddiaçı şikayət ərizəsinin əsasında toplanmış materiallar üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından xitam verilmiş və şikayətçiyə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İddianı mübahisələndirilən hissədə qismən təmin edən birinci instansiya məhkəməsi iddiaçının müxtəlif vaxtlarda cavabdehə borc pul verməsini bildirsə də, cavabdehin iddianı 7000 manat hissəsində etiraf etməsini və iddiaçının heç bir sübut təqdim etməməsi ilə əsaslandırmışdır. Lakin bu zaman məhkəmə istintaq orqanında dindirilərkən Cavabdeh, özünün yerdə qalan 28000 manatın həyətində inşa edilmiş tölənin tikintisinə xərclənməsi, o cümlədən şahid qismində dindirilmiş M.Hüseynovun, Y.Əliyevin, N.Məmmədovun, M.Əliyevin, X.Əlyarovun ifadələrini nəzərə almamış, həmin sübutları nəyə görə qəbul etmədiyini və ya mötəbər sübut hesab etmədiyini, prosessual qanunvericiliyin sübutlara qarşı irəli sürülən hansı tələblərinə cavab vermədiyini ümumiyyətlə əsaslandırmamışdır. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Prosessual qanunvericilik sübutetmə yükünü bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Qeyd etmək lazımdır ki, iddiaçı cavabdehə 35000 (otuz beş min) manat məbləğində borc verdiyini iddia etdiyi halda, bunu təsdiq edən qəbz və s. təqdim etməsə də, cavabdeh iddiaçıdan 35000 (otuz beş min) manat məbləğində pul aldığı Sumqayıt şəhər Polis İdarəsinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə kollegiyasının iclasında dindirilmiş X1, X5, X3 ifadələrində Cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda borc pul aldığını göstərmişlər. Göründüyü kimi iddiaçının tələb etdiyi 35000 manat məbləğində pulun cavabdeh tərəfindən alınması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə təmin edilərək, cavabdehdən 35000 manat pul tutulub iddiaçıya verilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya qaydasında işə baxan məhkəmə işin şərh olunan hallarında düzgün hüquqi qiymət verməmiş, bu səbəbdən də iş üzrə bu hissədə səhv nəticəyə gələrək işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan qətnamə qəbul etmiş, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron rayon məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi 7000 manat borc pulun tutulması hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2., 385.1.1.., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Abşeron rayon məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi 7000 manat borc pulun tutulması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh 35000 (otuz beş min) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar