Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1028/2024 03.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair (Açar sözlər: yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, delikt öhdəliyi, ekspert rəyi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-37/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İş materialında olan inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Cavabdeh Qazel markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nəqliyyat hadisəsi törətmişdir.
2. İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı qərardan görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur.
3. "xxxx" ASC-nin PXA 118938 nömrəli sığorta aktından görünür ki, Qazel markalı, **-BT- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "Xalq Sığorta” ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "Avtonəqliyyat vasitələrinin icbari sığortası" növü üzrə tam sığortalanmışdır. xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyatı hadisəsində “Kia Forte" minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Dəymiş zərərin ümumi məbləği 6145 manatdır. Lakin ödəniləcək məbləğ 4507.51 manatdır.
4. xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Kia Forte" minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün çəkilən xərc 9330 manat məbləğindədir.
5. İşdə olan xx.xx.2022-ci il tarixli, 8455 nömrəli ödəniş tapşırığından görünür ki, 4507.51 manat Xalq Sığorta ASC tərəfindən İddiaçı bank hesabına köçürülmüşdür.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 oktyabr 2023-cü il tarixli, 9/5455 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Kia Forte" minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7470 manat müəyyən edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 yanvar 2024-cü il tarixli, 9/9311 nömrəli rəyindən görünür ki, “Kia Forte" markalı, 2016-cı il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yolnəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 20000 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınma (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10 % - 2000 manat (20000 manat x 10%) aşağı olması istisna edilmir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə vurduğu 4845 (sığorta ödənişindən sonra) manat məbləğində maddi ziyanı, daşınma xərcləri üçün çəkilən 100 manat məbləğində xərci və məhkəməyə müraciət etmək üçün ödənilən 69 manat dövlət rüsumu olmaqla ümumilikdə 5014 (beş min on dörd) manat məbləğində pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 14:15-də Sumqayıt şəhəri Çerkassi küçəsi, X7 küçəsi kəsişməsində Qazel markalı, **-BT- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ona məxsus olan "Kia Forte" minik markalı, **-ZO- *** dövlət qeydiyyat nişanlı avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində Cavabdeh təqsiri ucbatından həm onun avtomobilinə, həm də yol-nəqliyyat nişanına ciddi ziyan dəymişdir. Hadisədən dərhal sonra o, evakuator çağırmaqla avtomobilini servisə aparmış və ziyanının hesablanmasını xahiş etmişdir. Avtomobilinin sıradan çıxmış bütün ehtiyyat hissələrini hələ də saxlayır. Hadisə ilə əlaqədar Qazel markalı avtomobilin sürücüsü Cavabdeh barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Daha sonra TP5225680 nömrəli inzibati qərarla o, 60 manat məbləğində cərimə edilmişdir. Hadisənin video görüntülərindən də məlum olur ki, o baş yolda irəliləyərkən Cavabdeh idarə etdiyi avtomobillə qəflətən önünə çıxır və hadisə baş verir. Yol-nəqliyyat hadisəsində ona ümumilikdə 9330 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin qəzadan sonra maşının təmiri üçün müxtəlif yerlərə daşınmasına 100 manat xərci çıxmışdır. Sığorta qanunvericiliyinə əsasən sığorta şirkətləri mülkiyyətə dəymiş ziyana görə maksimum 5000 manat məbləğində sığorta ödənişi edə bilirlər. Bunun əsasında da sığorta şirkəti yol-nəqliyyat nişanına dəyən ziyanı çıxmaqla ona 4507 manat məbləğində sığorta ödənişi edə biləcəklərini bildirmişdir. Bank xərcləri çıxıldıqdan sonra ona, 4485 manat sığorta ödənişi edilmişdir. Ona dəymiş ziyanın qalan 4845 manatın qaytarılması ilə bağlı razılığa gəlmək üçün cavabdehə bildirsə də, cavabdeh ona kəskin formada heç bir pul verməyəcəyini və hara istəsə müraciət edə biləcəyini qeyd etmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir
10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-37/2024 nömrəli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddia qismən təmin edilərək, Cavabdeh 2962,39 (iki min doqquz yüz altmış iki manat otuz doqquz qəpik) manat məbləğində dəymiş ziyan və 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi və iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının xərci olaraq Cavabdeh 60 (altmış) manat, İddiaçı isə 40 (qırx) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd edib ki, Cavabdeh yol nəqliyyat hadisəsi törətməsi və baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olması, iş materialları, eyni zamanda onun həm məhkəmə iclasında, həm də Sumqayıt şəhər Polis İdarəsinin DYP Şöbəsində verdiyi izahatları ilə təsdiq edilir. Cavabdeh baş vermiş hadisədə təqsirli olmasını qəbul edir, yalnız vurulmuş ziyanın məbləğini mübahisələndirir. Məhkəmə tərəfindən iddiaçıya məxsus “Kia Forte" minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləğini müəyyən etmək üçün ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 oktyabr 2023-cü il tarixli, 9/5455 nömrəli rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Kia Forte" minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7470 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edib ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğundan iddia qismən təmin edilməli, həmin hadisə nəticəsində “Kia Forte" minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyandan qalan 2962,39 (7470-4507,51) manat Cavabdeh tərəfindən avtomaşının mülkiyyətçisi olan İddiaçı ödənilməlidir. Məhkəmə onu da qeyd edib ki, iddia ərizəsində iddia tələbinin əsasını təşkil edən 4845 manat pul tələbi yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin təmirbərpa xərcləri ilə əlaqədardır. Sonradan iddia tərəfinin vəsatəti əsasında "Kia Forte" minik markalı, 99-ZO901 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il yol nəqliyyat hadisəsindən sonra əmtəə dəyərinin nə qədər azalması barədə ekspertiza keçirilməsinə və bu barədə müvafiq rəy alınmasına baxmayaraq məhkəmənin icraatında bununla bağlı iddia tələbi olmadığından məhkəmə həmin məsələyə hər hansı hüquqi qiymət verməmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1, 1108 1108.3- cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 103.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə əsassız qətnamə qəbul etmişdir. Həmin qətnamə ilə iddiaçının bir sıra hüquqları pozulmuşdur. Məhkəmə işi tam araşdırmamış, işin hallarını düzgün qiymətləndirməmişdir. Məhkəmənin avtomobilin ƏMTƏƏ-yə dəyər itkisi ilə bağlı mövqeyi ilə razı deyil. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh təqsiri ucbatından avtomobilinə, eləcə də yol-nəqliyyat nişanına ciddi ziyan dəymişdir. Hadisədən dərhal sonra iddiaçı evakuator çağırmaqla avtomobili servisə aparmış və ziyanının hesablanmasını xahiş etmişdir. Avtomobilin sıradan çıxmış bütün ehtiyyat hissələri hələ də saxlanır. Hadisə ilə əlaqədar cavabadeh Cavabdeh barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati protokol tərtib olunmuş və TP5225680 nömrəli inzibati qərarla 60 manat məbləğində cərimə edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinə ümumilikdə 9330 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin qəzadan sonra maşının təmiri üçün müxtəlif yerlərə daşınmasına 100 manat xərci çıxmışdır. Sığorta qanunvericiliyinə əsasən sığorta şirkətləri mülkiyyətə dəymiş ziyana görə maksimum 5000 manat məbləğində sığorta ödənişi edə bilirlər. Bunun əsasında da sığorta şirkəti yol-nəqliyyat nişanına dəyən ziyanı və bank xərcləri çıxıldıqdan sonra iddiaçıya 4485 manat sığorta ödənişi edildi. Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır. Nəticədə iddiaçı məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə iki dəfə ekspertiza təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə avtomoilimə dəyən zərər təxminən 7470 manat məbləğində müəyyən edilmişdir. Daha sonra Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, yol nəqliyyat hadisəsindən əvvəl avtomobilin orta bazar qiyməti 20.000 manat müəyyən olunub, qəza nəticəsində avtomobilin ƏMTƏƏ dəyərindən 10%, yəni 2000 manat aşağı olması istisna edilmir. İşə baxan məhkəmə cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması nəticəsinə gəlsə də, dəymiş ziyanı düzgün hesablamamışdır və işin bütün faktiki hallarını nəzərə almamışdır. İlkin ekspertiza rəyində zərərin tam həcmi 9130 manat müəyyən edilmişdir ki, onun məhkəməyə təqdim etdiyi müstəqil qiymətləndirmə rəyində də bu zərər 9330 manat göstərilmişdir. Ekspert rəyinin köhnəlmə faizini tətbiq edilməsi ilə bağlı hissəsini düzgün hesab etmir, çünki avtoehtiyyat hissələri alınanda yenisi ilə əvəz olunur. Digər ekspertiza rəyində isə göstərilmişdir ki, avtomaşın 2000 manat dəyər itirib. Lakin məhkəmə bu hissədə ekspert rəyinə əhəmiyyət verməmiş və mövqeyini yalnız bununla əsaslandırmışdır ki, iddiaçının belə bir tələbi olmadığından məhkəmə bu hissədə araşdırma aparmır. Məhkəmənin bu mövqeyi əsaslı hesab edilə bilməz. Ekspertiza barədə vəsatəti təmin edən məhkəmə ekspert rəyi əldə edir, lakin ekspert rəyinə əhəmiyyət vermir. Bu hal özlüyündə natamamlıq və anlaşılmazlıq yaratmaqla, iddiaçının hüququnun pozulması ilə nəticələnmişdir. Həmçinin məhkəmənin qərarı ilə rüsumların bölüşdürməsi hissəsində də qətnamədən narazıdır. Ona görə ki, cavabdeh avtomobilə vurulmuş ziyanın əvəzini ödəmədiyi üçün iddiaçı xərcləri çəkərək məhkəmədə iddia qaldırmışdır. Belə olan halda məhkəmə xərclərinə onun cəlb edilməsi əsassızdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, baş vermiş yol-nəqliyat hadisəsi nəticəsində ona məxsus avtonəqliyyat vasitəsinə dəyən ziyanın məbləğinə dair avtomobil təmiri salonunun rəyi vardır. Həmin rəydə avtomobildə qəzadan sonra dəyişdirilmiş ehtiyat hissələrinin dəyəri də əks etdirilib. İşə baxan məhkəmə avtomobilin ehtiyat hissələrinə il üzrə köhnəlmə tətbiq edilməsi yolu ilə ekspert rəyi əldə etmişdir ki, bu yolverilməzdir. Belə ki, avtomobilin ehtiyat hissələri dəyişdirilərkən, onun buraxılış ilinə uyğun olaraq daha ucuz qiymət təklif edilmir. Bu halda məhkəmənin köhnəlmə üsulu ilə əldə edilmiş ekspert rəyinə istinad etməsi əsaslı hesab edilə bilməz. O, avtomobilə dəymiş ziyan məbləğinin (sığorta şirkətinin ödənişindən sonra qalıq məbləğin) tam şəkildə cavabdehdən tutulmasını tələb edir. Göstərilənlərə əsasən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, apellyasiya şikayəti əsassızdır. İşə baxan məhkəmənin qətnaməsi işin hallarına uyğundur. İddiaçının avtomobilində qəzadan sonra əvəz edilmiş ehtiyat hissələrinin dəyəri yüksək həddə qeyd edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi özəl servis rəyi ilə sığorta şirkətinin ziyana dair aktında əsaslı fərq vardır. Göstərilənlərə əsasən cavabdeh apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;
14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
19. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun: 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Madə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-37/2024 nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etsə də, şikayətin dəlillərində təmin olunmayan hissəsini mübahisələndirmişdir.
22. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə, yənmi iddianın təmin olunmayan hissəsində yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-37/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. İddia tələbi avtomobilə vurulmuş ziyanın ödənilməsi barədədir.
25. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.
26. Hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
27. Bu baxımdan zərərin ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.
28. Baxılan işdə cavabdehin İnzibati Xətalar Məcəlləsinin tələblərini pozaraq, təqsirli şəkildə hüquqa zidd əməl törətməsi və bunun nəticəsində iddiaçının avtomobilinə maddi zərər vurması, iddiaçının əməli ilə cavabdehin düşdüyü zərər arasında uyğun səbəbli əlaqə işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ilə təsdiq olunur.
29. Belə ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi Qazel markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı idarə etdiyi “Kia Forte" minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, baş vermiş yol- nəqliyyat hadisəsinə Cavabdeh barəsində İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı qərar qəbul edilərək, sonuncu həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur.
30. Ən əsası kollegiya qeyd edir ki, cavabdeh tərəf baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olmasını və iddiaçıya məxsus avtomobilə ziyan dəyməsi faktı qəbul etmişdir. Cavabdeh bu ziyanın sığorta şirkətinin müəyyən etdiyi həddə olmasını qəbul edir. İşə baxan məhkəmə tərəflər arasında mübahisəni yuxarıda qeyd edilən formada həll etmiş narazı alan iddiaçı avtomobilə dəymiş ziyan məbləği hissəsində qətnaməni mübahisələndirmişdir.
31. Lakin apellyasiya şikayətinin məzmunundan görünür ki, hazırda iki məsələ üzrə tərəflər arasında mübahisə qalmaqdadır. - Avtonəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği kimi istinad olunan ekspert rəyi - Avtonəqliyyat vasitəsinin baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dəyərinin itirilməsi ilə bağlı əldə edilmiş ekspert rəyinə uyğun məbləğin cavabdehdən tutulmaması
32. Apellyasiya şikayətinin iddiaçıya məxsus avtomobilə dəymiş ziyan məbləğinin qətnamədə müəyyən edilmiş məbləğdən daha çox olması ilə bağlı dəlilini əsassız hesab edən kollegiya qeyd edir ki, işə baxan məhkəmə tərəflər arasında avtomobilə dəymiş ziyanın məbləğinə dair razılaşmanın olmaması, habelə müstəqil qiymətləndiricinin, sığorta şirkətinin fərqli qüsur aktlarını nəzərə alaraq, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və əldə edilmiş ekspert rəyində bu məbləğ, avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7470 manat qeyd edilmişdir.
33. Beləliklə birinci instansiyası məhkəməsi iddiaçının avtomobilinə dəymiş ziyanın məbləğini müəyyən edərkən haqlı olaraq ekspert rəyinə istinad etmişdir.
34. Kollegiya qeyd edir ki, apellyator ekspertiza tədqiqatının nəticəsi ilə razılaşmadığını bildirsə də, yenidən ekspertizanın keçirilməsinin zəruriliyinə dair hər hansı ciddi dəlillər göstərməmişdir. Başqa sözlə, iddiaçının dəlili ekspert rəyi ilə təkzib edilmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
36. Kollegiya iddiaçı tərəfin apellyasiya icraatı zamanı vermiş olduğu bu dəlilinə, yəni ekspert rəyi ilə razılaşmamasına münasibət bildirərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
37. Nəzərə alınmalıdır ki, ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi
38. Məhkəmə kollegiyası izah edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.
39. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş ziyan məbləği kimi mötəbər sübut qismində ekspert rəyinə istinad edilməsi barədə işə baxan məhkəmənin mövqeyi əsaslı və işin faktiki hallarına uyğundur.
40. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-37/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
41. Sonda məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti vermək hüququ istisna edilir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(060)-37/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.