Məhkəmə qərarları › İş №2(105)-103/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-103/2022

08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-103/2022 08.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: borc tələbi və kredit müqaviləsinin etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, iddiaçı-cavabdeh İddiaçı, onun nümayəndəsi X2, iddiaçı-Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(012)-3686/2015 nömrəli qətnaməsindən Cavabdeh və Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(012)-2297/2020 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, Cavabdeh 25.000 (iyirmi beş min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə Abşeron rayon 1 saylı notariat kontorunda 03 iyul 2013-cü il tarixdə kredit müqaviləsi bağlamış və sonuncuya 25.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Borclu 6 ay ərzində, yəni 03 yanvar 2014-cü il tarixə kimi həmin məbləği ona qaytarmağı öhdəsinə götürsə də, könüllü olaraq borcu ödəməkdən yayınmışdır. Cavabdeh tərəfin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır. Abşeron Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(012)-3686/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası təmin edilib, Cavabdeh 25.000 (iyirmi beş min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, tərəflər arasında notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlanmış, İddiaçı 25.000 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh vermiş və sonuncu 03 yanvar 2014-cü il tarixədək borcu İddiaçı qaytarmağı öz öhdəsinə götürmüş, lakin müqavilə şərtlərini pozmuş və icra üçün müəyyən olunmuş müddətin keçməsinə baxmayaraq, öz üzərinə düşən öhdəliklərini icra etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.1, 445.2, 445.2.1, 445.2.2, 448.1, 448.2, 739.1, 740-cı maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, və 217.4cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, onunla cavabdeh İddiaçı arasında 03 iyul 2013-cü il tarixdə Abşeron rayonu 1 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edib, cavabdeh İddiaçı ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsini əhəmiyyətsiz-yalan əqd kimi qiymətləndirilməsi, bu müqavilənin etibarsız hesab olunması və cavabdehdən ona nəğd olaraq verdiyi 3000 ABŞ dolları pulu, ondan tutulmuş 3500 manat pulun və ödənilmiş 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı ünvan 1 ünvanında yerləşən və əvvəllər onun istifadəsində olan torpaq sahəsini 2013-cü ildə 25000 ABŞ dollarına almışdır. Həmin vaxt İddiaçı Canmirə qızının torpaq sahəsinə aid heç bir sənədi olmadığına görə alğı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdır. Onun əvəzinə notarial qaydada 03 iyul 2013-cü il tarixdə Abşeron rayonu 1 saylı notariat kontorunda kredit müqaviləsi bağlamışlar. Həmin kredit müqaviləsinə əsasən o, 06 (altı) ay ərzində İddiaçı 25000 (iyirmi beş min) ABŞ dolları və ya 19650 manat pul qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin kredit müqaviləsi faktiki münasibətlərə uyğun olmamışdır. Faktiki münasibətlər alğı-satqı münasibətləri olsa da, yalan əqd olaraq kredit müqaviləsi bağlanmışdır. Bundan sonra isə əlavə olaraq 3 sot torpaq sahəsinə 3000 (üç min) ABŞ dolları pul ödəmişdir. İddiaçı 2015-ci il tarixdə həmin kredit müqaviləsi üzrə pulun tutulması tələbinə dair iddia qaldırmış, həmin 25000 ABŞ dolları məbləğində pulun tutulmasını tələb etmişdir. Abşeron Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(012)-3686/2015 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Bundan başqa Abşeron rayon Masazır bələdiyyəsinin cavabdeh İddiaçı qarşı özbaşına tutulmuş bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin geri qaytarılması və qeyri-qanuni tikilmiş daş hasarın sökülməsi tələbinə dair iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(012)- 101/2020 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Cavabdeh tərəfin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır. Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(012)-2297/2020 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsini əhəmiyyətsiz yalan əqd kimi qiymətləndirilməsi, bu müqavilənin etibarsız hesab olunması və cavabdehdən ona nəğd olaraq verdiyi 3000 ABŞ dolları pul, ondan tutulmuş 3500 manat pulun və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq qaytarılmasına dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin rədd edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı qaytarmaq şərti ilə 6 ay, yəni xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixi müddətinədək Cavabdeh 25000 ABŞ dolları, yəni həmin dövrdə manat kursu ilə 19650 manat məbləğində pul kredit verməyi, Cavabdeh isə İddiaçı 25000 ABŞ dolları, yəni həmin dövrdə manat kursu ilə 19650 manat məbləğində pulu qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən qeyd olunan kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair müddət keçdiyindən iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354, 354.1, 354.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. İddiaçı Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2021-ci il tarixli, 2(105)-1101/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(012)-2297/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçı Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(102)-5138/2021 nömrəli qərarı ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 may 2021ci il tarixli, 2(105)-1101/2021 nömrəli qətnaməsinin ləğv edilərək mülki iş yeni apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 aprel 2022-ci il tarixli, 2(105)-686/2022 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair 2(105)-686/2022 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı borc tələbinə dair 2(105)-103/2022 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli qətnaməsinin ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir. Şikayətin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı məhkəmədə iddia qaldıraraq göstərmişdir ki, Abşeron rayon 1 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə onun ilə kredit müqaviləsi bağlamış və ona 25.000 ABŞ dolları məbləğində borc vermişdir. Borclu kimi guya o, borcu 6 ay ərzində qaytarmağı öhdəsinə ğötrüdüyü halda həmin pulu ona qaytarmamışdır. Həmin kredit miıqaqviləsi öhdəlik müqaviləsi olmaqla 1-ci bəndində göstərilmişdir ki, İddiaçı qaytarmaq şərti ilə 6 ay, yəni xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixi müddətinədək ona 25.000 ABŞ dolları, yəni manat kursu ilə 19650.00 AZN manat məbləğində kredit verməyi öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən qaytarmaq şərti ilə 6 ay, yəni xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixi müddətinədək 25.000 ABŞ dolları, yəni manat kursu ilə 19650.00 AZN manat məbləğində İddiaçı pul krediti almağı öhədəsinə götürür. İddiaçı aralarında bağlanmış kredit müqaviləsinin şərtinə əməl etməmiş, ona bir manat da olsun pul verməmişdir. Bu müqavilə başqa bir əqdi pərdələmək üçün bağlanmış müqavilə olduğundan heç bir hüquqi nəticələr уaratmır. Вelə ki, İddiaçı özünə məxsus olmayan və heç bir hüquqverən sənədi olmadan Abşeron rayonu, Masazır bələdiyyəsinin mülkiyyətində olan ona verilmiş ilkin cizgi sxem əsasında olan torpaq sahəsinin mülkiyyət sənədlərinin düzəldikdən sonra ona 25.000 ABŞ dollara satacağı barədə ilkin razılaşma olmuşdur. Müqavilədə məhz gələcəkdə pul verəcəyi öhədliyi də onların razılaşmasını nəzərdə tutur. Razılaşmanın şərtinə əməl etməyən İddiaçı xeyli vaxt keçməsinə baxmayaraq müqavilə şərtinə əməl etməmişdir. Torpaq sahəsinə heç bir hüquqverən sənəd əldə edə bilməmişdir. Əksinə onuda aldatmış, bundan xeyli sonra onu icra məmuru çağıran zaman məhkəmənin qətnaməsindən məlumatı olmuş, ərizə ilə məhkəməyə müraciət edib, qətnamənin surətinin ona verilməsini xahiş etmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermiş və aralarında pulun verilməsi ilə bağlı Abşeron rayon 1 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə onun ilə kredit müqaviləsi bağlamış müqavilənin etibarsız hesab olunması üçün məhkəmədə iddia qaldırmışdır. Eyni zamanda Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(012)-2297/2020 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh İddiaçı ona nağd şəkildə pul verməmiş, istifadəsində olan torpaq sahəsindən 2013-cü ildə 0,10 ha torpaq sahəsini 25.000 ABŞ dollarına almaq istəmiş, lakin torpaq sahəsinə sahiblik hüququna dair sənəd olmadığı üçün alqı-satqı müqaviləsi bağlaya bilməmişlər. Həmin vaxt cavabdehin qanunsuz istifadəsində olan Masazır bələdiyyəsinin mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin dəyəri olan 25.000 ABŞ dollarının gələcəkdə ödənilməsi üçün notariat qaydada kredit müqaviləsi bağlamışlar. Bu əqd əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. Müqavilənin məzmunundan da göründüyü kimi İddiaçı ona nağd olaraq pul verməmişdir. Gələcəkdə pulun verilməsini öhdəsinə götürmüşdür. O, da öz növbəsində gələcəkdə ona veriləcək pulu 6 ay müddətində ona qaytaracağını öhdəsinə götürmüşdür. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazı İddiaçı-cavabdeh İddiaçı apellyasiya şikayətlərinə qarşı yazılı etirazı daxil olmamışdır. b) Apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçı-Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərini müdafiə edib, təmin olunmasını xahiş etdilər. İddiaçı-cavabdeh İddiaçı, onun nümayəndəsi X2 apellyasiya şikayətlərinə etiraz edib, təmin olunmamasını xahiş etdilər. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya öç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 337. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrıayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan istifadə edilə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(012)- 3686/2015 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin və Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(012)-2297/2020 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnamələri ləğv edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olur ki, Cavabdeh və İddiaçı arasında Abşeron rayon 1 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh 6 ay müddətində, yəni xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək qaytarmaq şərtilə iddiaçıya 25.000 ABŞ dolları, həmin dövrdə manat kursu ilə 19.650 manat məbləğində pul kredit verməyi, iddiaçı isə cavabdehə 25.000 ABŞ dolları, həmin dövrdə manat kursu ilə 19.650 manat məbləğində pulu qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahat verərək iddia ərizəsini müdafiə edib, qarşı tərəfin iddia ərizəsini rədd etmişdir. Cavabdeh da izahat verərək öz iddia ərizəsini müdafiə edib, qarşı tərəfin iddia ərizəsini təkzib edərək rədd edilməsini xahiş etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 noyabr 2017-ci il tarixli qərardan görünür ki, təhqiqat zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, Cavabdeh onun istifadəsində olan torpaq sahəsindən 2013-cü ildə 0,010 ha torpaq sahəsini 25.000 ABŞ dollarına almış, həmin vaxt torpaq sahəsinə sahiblik hüququna dair sənədi olmadığı üçün alqı-satqı müqaviləsi bağlaya bilməmiş və bu səbəbdən də aralarında notarial qaydada kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 6 ay ərzində ona 25.000 ABŞ dolları və ya 19650 manat pul qaytarmağı öhdəsinə götürmüş, lakin həmin pulu ona qaytarmamışdır. Abşeron Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(012)-101/2020 nömrəli qətnaməsi ilə iddiaçı Abşeron rayon Masazır bələdiyyəsinin cavabdeh İddiaçı qarşı özbaşına tutulmuş bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin geri qaytarılmasına dair iddiası təmin edilib, Abşeron rayon Masazır bələdiyyəsinin mülkiyyətində olan cavabdeh İddiaçı tərəfindən qanunsuz zəbt olunmuş 0,05 ha torpaq sahəsinin geri qaytarılması, həmin torpaq sahəsində qanunsuz tikilmiş 1.0 metr hündürlüyündə 28.0.metr uzunluğunda, 1,60 metr hündürlükdə 15,0 metr uzunluğunda daş hasar cavabdehin öz heabına sökülməsi, cavabdeh İddiaçı tərəfindən 10 manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Cavabdeh onun həyat yoldaşıdır. İddiaçını 2013- cü ildən kənd sakini olaraq tanımışdır. Özü və ya həyat yoldaşı iddiaçıya torpaq satmamışdır. Onun şəxsi torpağı olmamışdır. Evlərinin qarşısında iddiaçının bacısına məxsus 10 sot torpaq olmuşdur. İddiaçı uzun illər ev alqı-satqısı ilə məşğul olmuşdur və bacısının torpağında 5 ədəd ev tikib satmışdır. O, iddiaçıya 25.000 ABŞ dolları borc pul vermişdir və borc münasibətlərini notariusda kredit müqaviləsi bağlayaraq rəsmiləşdirmişlər. Aralarında olan sövdələşməyə əsasən, onlar şərikli ev tikəcəkdilər. Tikilən ev sonradan satılmalı və onlar pulu aralarında bölməli idilər. İşləri olduğuna görə hər istədiyi vaxt işdən çıxa bilməmişdir. Bu səbəbdən müqavilə həyat yoldaşı ilə iddiaçı arasında bağlanmışdır. Pulu həyat yoldaşının yanında iddiaçıya əlbəəl vermişdir. İddiaçı həmin torpaq sahəsində 5 ev tikmiş və onları satmışdır. İş materialları ilə müəyyən olur ki, cavabdeh Yusifova X1 Nazim Əzim oğluna nağd şəkildə pul verməmiş, 2013-cü ildə istifadəsində olan torpaq sahəsindən 0,10 ha hissəsini 25.000 ABŞ dollarına sonuncuya satmaq istəmiş, lakin onun torpaq sahəsinə hüquqmüəyyənedici sənədi olmadığı üçün alqı-satqı müqaviləsi bağlaya bilməmişlər. Həmin vaxt qanunsuz istifadəsində olan Masazır bələdiyyəsinin mülkiyyətinə aid 0,10 ha torpaq sahəsinin dəyəri olan 25.000 ABŞ dollarının gələcəkdə ödənilməsi üçün notarial qaydada kredit müqaviləsi bağlamışlar. Bu müqavilə başqa bir əqdi pərdələmək üçün bağlanmış müqavilə olduğundan heç bir hüquqi nəticələr yaratmır. Belə ki, İddiaçı özünə məxsus olmayan və heç bir hüquqmüəyyənedici sənədi olmadan Abşeron rayon, Masazır bələdiyyəsinin mülkiyyətində olan, ona verilmiş ilkin cizgi sxem əsasında olan torpaq sahəsinin mülkiyyət sənədlərini düzəltdikdən sonra Cavabdeh 25.000 ABŞ dollarına satacağı barədə ilkin razılaşma olmuşdur. Müqavilədə məhz gələcəkdə pul verəcəyi öhdəliyi də onların razılaşmalarını nəzərdə tutur. Razılaşmanın şərtinə əməl etməyən İddiaçı xeyli vaxt keçməsinə baxmayaraq müqavilə şərtinə əməl etməmiş, torpaq sahəsinə heç bir hüquqmüəyyənedici sənəd əldə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız hesab olunub-olunmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və sair şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Plenum vurğulamışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasının və Qanunlarının yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı iş üzrə” 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətlənriərəkən bir qayda olaraq “əsaslı şübhələr kənar” sübut standartları tətbiq edilir. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən ağaışdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə işin faktiki halları ilə müəyyən olur ki, İddiaçı tərəfindən Cavabdeh 25.000 ABŞ dolları məbləğində borc pulun verilməsi və sonuncu tərəfindən alınması faktı öz təsdiqini tapmamış, bunun əsası kimi təsdiq edilən hallar ilə bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddiaçının Abşeron rayon 1 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə istinad edərək borc pul tələb etməsi və birinci instansiya məhkəməsinin də məhz həmin əsasla iddianı təmin etməsinin heç bir əsası yoxdur və həmin hal başqa sübutlarla öz təsdiqini tapmayıb, digər sübutlarla təkzib olunduğuna görə həmin dəlil mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin, Cavabdeh və İddiaçı arasında 03 iyul 2013-cü il tarixdə Abşeron rayonu 1 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsi başqa bir əqdi pərdələmək üçün bağlanmış müqavilə əhəmiyyətsiz-yalan əqd olduğundan heç bir hüquqi nəticələr yaratmır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız hesab olunub-olunmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Ona görə də Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab olunması və pul tələbinə dair iddiası qismən- “Abşeron rayon 1 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab olunması” hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. İddia- “Cavabdeh İddiaçı ona nəğd olaraq verdiyi 3000 ABŞ dolları və ondan tutulmuş 3500 manat pulun alınıb verilməsi” hissəsində bunun əsasını təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də iddia həmin hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər iki iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da məhkəmə qətnamələrinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddia tələbi təmin edilmədiyinə görə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. İddia tələbi qismən təmin edildiyinə görə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun 15 manatı İddiaçı alınıb Cavabdeh verilməli, 16 manatı isə Cavabdeh özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(012)- 3686/2015 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(012)- 3686/2015 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(012)-2297/2020 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(012)-2297/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh və İddiaçı arasında Abşeron rayon 1 nömrəli notariat kontorunda bağlanmış xx.xx.2013-cü il tarixli, 3M/542 reyestr nömrə ilə qeyd edilmiş kredit müqaviləsi etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun 15 manatı İddiaçı alınıb Cavabdeh verilsin, 16 manatı isə Cavabdeh özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar