Məhkəmə qərarları › İş №2(105)-1030/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1030/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1030/2023 16.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)- 304/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2019-cu il tarixli, 08-xx-xx-090326 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən X2 60 ay müddətinə, illik 1 % olmaqla 2019,80 manat məbləğində kredit verilmişdir.

2. X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür.

3. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnaməyə əsasən onun vərəsəsi Cavabdehdır. O, mərhumdan miras qalmış Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Dostluq küçəsi, 4 saylı evin 1 saylı mənzilini tam həcmdə qəbul etmişdir.

4. xx.xx.2022-ci il tarixli bildirişə əsasən, xx.xx.2019-cu il tarixli, 08-xx-xx-090326 saylı kredit müqaviləsi üzrə X1 banka olan borcunun ödənilməsi barədə onun qanun üzrə vərəsəsi Cavabdeh İddiaçı ASC tərəfindən xəbərdar edilmişdir.

5. xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, X1 xx.xx.2019-cu il tarixli, 08-xx-xx-090326 saylı kredit müqaviləsi üzrə 1693 manat əsas, 14,78 manat faiz borcu olmaqla, cəmi 1707,78 manat borcu vardır.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1693 manat əsas, 14,78 manat faiz borcu olmaqla, cəmi 1707,78 manat borcun və 38 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X3 arasında xx.xx.2019-cu il tarixli, 08-xx-xx-090326 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, X2 60 ay müddətinə, illik 1 % olmaqla 2019,80 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, 08-xx-xx-090326 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 1693 manat əsas, 14,78 manat faiz borcu olmaqla, cəmi 1707,78 manat borc yaranmışdır. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 vərəsəsi Cavabdehdır. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.

8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-304/2023 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia təmin edilərək, Cavabdeh 1693 manat əsas, 14,78 manat faiz borcu olmaqla, cəmi 1707,78 manat borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 38 manat dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müqavilə üzrə bank qarşısında öhdəlik götürmüş M.A.Babayev xx.xx.2021-ci il tarixdə ölmüş, kredit öhdəlikləri (miras passivi) onun qanun üzrə vərəsəsi Cavabdeh keçmişdir. Buna görə də məhkəmə hesab edir ki, M.A.Babayevin vərəsəsi kimi Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1693 manat əsas, 14,78 manat faiz borcu olmaqla, cəmi 1707,78 manat alınaraq İddiaçı ASC-yə qaytarılmalı, bununla da iddia təmin edilməlidir.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 443.1, 445.1, 448.1, 449.4, 1151, 1306-cı, Mülki Prosessual Məcəllənin 119-cu maddələrinin tələbləri ilə əsaslandırmışdır.

11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və İddiaçı ASC-nin kredit borcuna dair iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən də sübut olunur ki, proses zamanı mərhum ərinin hələ sağlığında kredit öhdəliklərini sığortalaması və bunun nəticəsində də müvafiq sığorta şirkəti tərəfindən onun ölümündən sonra kredit borcunun tam ödənilməsi barədə dəlillərini bildirmişdir. Bu önəmli, eləcə də birinci instansiya məhkəməsi tərəfindən mütləq şəkildə araşdırılmalı və nəzərə alınmalı olunduğu hüquqi faktı məhkəmənin diqqətinə çatdırmışdır. Lakin, məhkəmə bu hüquqi faktı və dəlilləri nəzərə almadan məhkəmə araşdırması aparmışdır. Bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti ondan ibarətdir ki, kredit borcunun sığorta şirkəti tərəfindən tam ödənilməsi faktını sübut edən maliyyə arayışı iddiaçının iddia tələbinin rədd edilməsi üçün tam hüquqi əsasdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı ASC-yə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar (...) 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...)

Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia rədd edilməlidir.

20. Belə ki, işin hallarından görünür ki, İddiaçı ASC ilə X3 arasında xx.xx.2019-cu il tarixli, 08-xx-xx-090326 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı ASC tərəfindən X2 60 ay müddətinə, illik 1 % olmaqla 2019,80 manat məbləğində kredit verilmişdir. X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Onun vərəsəsi Cavabdeh mərhumdan miras qalmış Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Dostluq küçəsi, 4 saylı evin 1 saylı mənzilini tam həcmdə qəbul etmişdir.

21. İddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1693 manat əsas, 14,78 manat faiz borcu olmaqla, cəmi 1707,78 manat borcun tutulmasını xahiş etmişdir.

22. Birinci instansiya məhkəsinin iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməmiş, borcunun olmadığını bildirmişir.

23. Cavabdehin vəsatəti əsasında məhkəmə "xxxx" MMC-yə sorğu verərək, İddiaçı ASC ilə X3 arasında xx.xx.2019-cu il tarixli, 08-xx-xx-090326 saylı kredit müqaviləsi üzrə kredit borcunun olub-olmaması barədə məlumatın təqdim edilməsini xahiş etmişdir.

24. "xxxx" MMC-nin məhkəmənin sorğusuna D-614/22 nömrəli, 09 dekabr 2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən sorğu etdiyiniz məlumatlar bank sirrini təşkil edir və yalnız borcalanların özlərinə onların müvafiq qaydada müraciətləri, üçüncü şəxslərə isə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir.

25. Birinci instansiya məhkəməsi qeyd edilən halı araşdırmadan iş üzrə yekun məhkəmə aktı qəbul etmişdir.

26. İşə apellyasiya qaydasında baxılarkən müəyyən olunmuşdur ki, X1 xx.xx.2019-cu il tarixli, 08-xx-xx-090326 saylı kredit müqaviləsi üzrə iddiaçı banka borcu yoxdur.

27. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş X2 aid 13 aprel 2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, M.Babayevin xx.xx.2019-cu il tarixli, 08-xx-xx-090326 saylı kredit müqaviləsi üzrə borcu yoxdur.

28. Digər tərəfdən, "xxxx" ASC tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, X1 adına xx.xx.2020-ci il tarixində İddiaçı ASC-dən (08-xxxx-090326 nömrəli müqavilə) "xxxx" ASC-yə miqrasiya olunmuş MGRK2142995A112 nömrəli kredit müqaviləsinə xx.xx.2021-ci ildə xitam verilmişdir. AZ53AİİB410100C**********112 hesabı üzrə vəsait aşkarlanmamışdır. Cari günə borcu yoxdur.

29. Göründüyü kimi, təqdim edilmiş sənədlərdən X1 "xxxx" ASC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 08-xx-xx-090326 saylı kredit müqaviləsi üzrə borcunun olmadığı müəyyən olunur.

30. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tələb edilən borc məbləğinin düzgün hesablanıb-hesablanmaması barədə məhkəməmühasibatlıq ekspertiza təyin edə bilərdi, lakin işdən görünür ki, ekspertiza da təyin olunmamışdır.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə işin bütün faktiki hallarını araşdırmayaraq iddianın təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir.

32. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, X1 "xxxx" ASC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 08-xx-xx-090326 saylı kredit müqaviləsi üzrə borcu olmadığından, həmin müqavilə üzrə borc məbləği tam ödənildiyindən hazırkı iddia tələbi təmin edilə bilməz.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-304/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı cavabdehdən 1707,78 manat (əsas borc 1693 manat, faiz borcu 14,78 manat) pul vəsaitinin və ödənilmiş 38 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar