Məhkəmə qərarları › İş №2(105)-1030/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1030/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1030/2025 10.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X7 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-1310/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 03983482 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh X9 14 markalı kompüter almış və onun qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.

2. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 5754,96 manat ödənilməmiş hissə, 861,04 manat cərimə olmaqla, ümumilikdə, 6616 manat borc mövcuddur.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, X9 14 markalı kompüter üçün 5754,96 manat ödənilməmiş hissə, 861,04 manat cərimə olmaqla, ümumilikdə, 6616 manat borcun və 86,16 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, X9 14 markalı kompüter almış və nəticədə 6616 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 6974,96 manat olan X9 14 markalı kompüter üçün 5754,96 manat ödənilməmiş hissə, 861,04 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1220 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-1310/2024 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixli, 03983482 saylı müqaviləyə əsasən, X9 14 markalı kompüter üçün 5754,96 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla, ümumilikdə 5774,96 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 86,16 manatın Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2023cü il tarixli, 03983482 saylı müqavilə bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir.

7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385, 425, 442, 443.1, 445.1, 448.1, 790.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 185, 216 və 217.4cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar müalicədə olmaqla işdən azad edilmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat X2 tərəfindən verilmiş 19 iyun 2024-cü il tarixli, 000395 nömrəli xəstəlik tarixindən çıxarışa əsasən, Cavabdeh 27 fevral 2024-cü il tarixdən 15 mart 2024-cü il tarixədək ETF və PJ-da stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat X2 tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli, ******* nömrəli “xəstəlik tarixindən çıxarış”a əsasən, Cavabdeh 27 may 2024-cü il tarixdən 19 iyun 2024-cü il tarixədək ETF və PJ-da stasionar müalicədə olmuşdur (müvafiq sənəd əlavə olunur). xx.xx.2024-cü il tarixli X3 Vərəqəsinə (seriya SN 00008 № 0411519) əsasən aşağıdakılar müəyyən olunur: Cavabdeh: Diaqnoz: Bronxektaziya xəstəliyi; Son diaqnoz: Bronxektaziya xəstəliyi; İşdən azad edilir: xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixinədək; xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək; xx.xx.2024-cü il tarixindən - xx.xx.2024-cü il tarixinədək; İşə başlamalı tarix: xəstəlik davam edir. Bakı Medical Plaza "xxxx" QSC tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli, 1713/24 nömrəli epikrizə əsasən, aşağıdakılar müəyyən olunur: Cavabdeh: daxil olma tarixi: xx.xx.2024-çıxış tarixi: xx.xx.2024; Diaqnoz: Ağciyərlərin xroniki obstruktiv xəstəliyi. Kəskin tənəffüs çatışmazlığı İV dərəcə. Bronxektaziya xəstəliyi; Şikayətlər: Ümumi halsızlıq, boğulma və tənginəfəslikdən şikayətlənir; Anamnesis morbi: Xəstə yaxınlarının deməsinə görə, uzun müddətdir ki, AXOX-dən əziyyət çəkir. Son bir aydır ki, tənginəfəslik, boğulma şikayəti kəskinləşib və tənəffüsünün təminində oksigen ehtiyacı var. Ambulator şəraitdə müalicə almasına baxmayaraq ümumi durumu pisləşmiş, yaxınlarının istəyilə xx.xx.2024-cü il tarixində BMP klinikasına yerləşdirilib. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsi Sumqayıt şəhər 5 nömrəli Ailə Sağlamlıq Mərkəzinin 71 saylı, 13 may 2025-ci il tarixli arayışında qeyd olunur ki, “arayış verilir xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh ondan ötrü ki, həqiqətən o, “Bronxektaziya xəstəliyi”, “Ürəyin dəqiqləşdirilməmiş anomaliyaları”, “Dekstrakardiya”, “Kəskin respirator çatışmazlıq”, “Çox ağır gedişli ventilyasiya pozğunluğu” diaqnozları ilə İ qrup əlildir. xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi xəstəliyi ilə bağlı fasiləsiz olaraq, ambulator və stasionar müalicələr alıb və xəstəlik vərəqi açılıb. xx.xx.2024-cü il tarixindən xəstənin əmək qabiliyyəti olmadığı, TSEK tərəfindən təsdiq olunaraq, xəstəyə İ qrup əlillik təyin olunub. Hazırda xəstə fasiləsiz olaraq, müalicələr alır, daimi olaraq, oksigen terapiyası məcburiyyətindədir. Arayış tələb olunan yerə təqdim olunmaq üçün verilir.” Birinci instansiya məhkəməsində mülki işin başlandığı, davam etdiyi və başa çatdığı tarixlərdə cavabdeh ağır xəstə olmuşdur və stasionar şəkildə müxtəlif tibb müəssisələrində müalicədə olmuşdur və işdən azad olunmuşdur, ona birinci dərəcə əlillik təyin olunmuşdur. Hazırkı dövrdə səhhətindəki vəziyyət ağır olaraq qalır, yataq xəstəsidir və o, nəfəs çatışmazlığına görə oksigen balonunun köməyi ilə yaşayır. Yuxarıda qeyd edilən səbəblərə görə, bəhs edilən mülki işdən hər hansı məlumatı olmamış, ona hər hansı bir məhkəmə sənədi, o cümlədən məhkəmə qətnaməsi verilməmişdir. Cavabdehin aprel ayı üzrə pensiya məbləğində azalma müəyyən edildikdən sonra bunun səbəbini araşdıran zaman ona məlum olmuşdur ki, heç bir məlumatı, xəbəri və iştirakı olmadan bəhs edilən mülki iş üzrə məhkəmə prosesi keçirilmiş və əleyhinə məhkəmə qətnaməsi çıxarılmışdır. Məlumat üçün bildirir ki, 2023-cü ildən başlayaraq getdikcə şiddətlənən və 2024-cü ildən isə daha təhlükəli və daha ciddi xarakter alan xəstəliyi zamanı o, Sumqayıt şəhəri 1724 nömrəli bağ evində yaşamağa məcbur olmuşdur. Buna görə də qeydiyyatda olduğu və yaşadığı ünvanda ona hər hansı məktub, bildiriş və ya digər sənəd verilməmişdir. Ona verilən şifahi məlumata əsasən, o, həmin ünvanda yaşamadığı halda ona məlum olmayan kimsə ona çatdırılmalı olan sənədi onun adından imza etməklə qəbul etmişdir, həmin imza və yazı ona məxsus olmamışdır. Onun vəkili və nümayəndəsi həmin qətnaməni xx.xx.2025-ci il tarixdə imza etməklə rəsmi qaydada qəbul etmişdir. Məhkəmə qətnaməsində deyilir ki, guya “...Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. İddiaçı "xxxx" MMC ilə alqı-satqı qiyməti 6974,96 manat olan “X9 14” markalı komputer üçün iddiaçının istinad etdiyi xx.xx.2023-cü il tarixli müqavilə bağlamamışdır, həmin müqavilə ilə bağlı olan hər hansı bir sənədə (xx.xx.2023-cü il tarixli 03983482 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli Əlavə, xx.xx.2023-cü il tarixli bildiriş, xx.xx.2023-cü il tarixli Əşyaların təhvil-təslim aktı və s.) imza etməmişdir, çünki qeyd edilən tarixdə müqavilənin bağlanması və ya hər hansı bir rəsmiləşdirilmə aparılması üçün iddiaçıya məxsus hər hansı bir yerdə olmamış və qeyd edilən komputer ona verilməmişdir və iddiaçının istinad etdiyi müqavilədəki imza ona məxsus deyil və həmin imzalar Sevinc Abdullayeva adlı şəxsə məxsusdur və kompüter də Sevinc Abdullayeva adlı şəxsə verilmişdir. Təsadüfi deyildir ki, qətnamənin alınmasına dair sənədə Sevinc Abdullayeva imza etmişdir və bu da onun qeyd edilən qanunsuz əməllərini bir daha təsdiq edir. xx.xx.2023-cü il tarixli 03983482 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli əlavədə şəkildə olan şəxs o, deyil, həmin şəxs Sevinc Abdiullayeva adlı şəxsdir. Sevinc Abdullayeva heç bir səlahiyyəti olmadan və səlahiyyəti yoxlanılmadan, onun məlumatı və razılığı olmadan, onun adından qanunsuz və əsassız olaraq, saxta üsullarla qeyd edilən müqaviləni və həmin müqaviləyə əlavəni və digər sənədləri imza etməklə iddiaçı ilə müqavilə bağlamışdır. İddiaçının müvafiq müqaviləni bağlayan səlahiyyətli nümayəndəsi (X5) müqaviləni bağlayan şəxsin müqavilədə adı qeyd edilən şəxs olmadığını qəti əminliklə və dəqiqliklə bildiyi halda, yəni müqaviləni bağlayan şəxsin tamamilə başqa şəxs olduğunu bildiyi halda həmin müqaviləni imzlamış, müqaviləni imzalayan şəxsin şəxsiyyətinə və səlahiyyətli olduğuna dair sənədləri həmin şəxsdən tələb edərək həmin müqaviləyə əlavə etməmiş, həmin şəxsin (Sevinc Abdullayevanın) onunla əlaqəsi və səlahiyyətini təsdiq edən sənədləri tələb etməmiş və həmin şəxsin slahiyyətini və şəxsiyyətini ümumiyyətlə yoxlamamışdır. İşə baxan məhkəmə Əlavədə şəkili olan şəxsin kim olduğunu araşdırmamış və nəticədə müqaviləni və müqaviləyə əsas olan digər sənədləri imzalayan şəxsin şəxsiyyətini və səlahiyyətini yoxlamadan, aydınlaşdırmadan və araşdırmadan tələm-tələsik qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Həmin şəkilə və şəxsiyyət vəsiqəsində olan imzaya diqqətlə baxılsaydı həmin şəxsin onun olmadığı və ona istinad edilən imzaların onun şəxsiyyət vəsiqəsində olan imzadan açıq aşkar və kəskin fərqli imza olduğunu asanlıqla müəyyən edilə bilərdi. "xxxx" MMC-dən əvvəllər, yəni 2021ci ilə qədər bəzi əşyalar almışdır, həmin əşyalara görə ödənişləri vaxtında və tam ödəmişdir və iddiaçının satış nümayəndələrinin dediyinə görə nümunəvi alıcı olmuşdur, sonralar iddiaçıdan hər hansı bir əşya almamışdır. Bu qədər yüksək qiymətə malik olan komputer almamış və ala da bilməzdi, çünki buna ehtiyacı olmamışdır, belə ki, öz şəxsi noutbuku olmuşdur. Həmçinin bu qədər yüksək qiymətə malik olan noutbuk almağa maddi imkanı olmamışdır və o, qeyd edilən tarixdə cəmi 600-700 manat arası əmək haqqı almışdır. Birinci instansiya məhkəməsi mülki iş üzrə iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni Mülki Məcəllənin müvafiq maddələrinə istinad etməklə əsaslandırmışdır. Məhkəmə tətbiq edilməli olan normaları tətbiq etməmiş, tətbiq edilməməli normaları tətbiq etməklə maddi hüquq normalarını kobud surətdə pozmuşdur. Belə ki, məhkəmə əqdin etibarsızllığına dair normaları tətbiq etmək və iddianı rədd etmək əvəzinə, öhdəlik, qanunsuz və əsassız olaraq tətbiq edilməməli olan normaları (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 790.1 -ci maddələrini) tətbiq edərək iddianı qismən təmin etmişdir. Mülki Məcəllənin müvafiq normasından göründüyü kimi öhdəliyin icra edilməməsi onun pozulması və ya lazımınca icra edilməməsi deməkdir. Lakin, hazırkı mübahisədə daha əvvəl iddiaçı ilə arasında ümumiyyətlə alğısatqı müqaviləsi bağlanmamışdır və iddiaçının iş materiallarına əlavə etdiyi müqaviləni o, imzalamamışdır. Hazırda müqavilə üzrə öhdəliyin icra edilməməsindən söz gedə bilməz. Onu da qeyd etmişdir ki, müqavilədə iddiaçının istilik sistemini müddətli satışı ilə bağlı üzərinə öhdəlik götürdüyü qeyd edilsə də həmin sistem ona heç vaxt verilməmişdir. Həmçinin, iş materiallarından da göründüyü kimi iddiaçı tərəfindən avadanlığın verilməsi haqqında heç bir təhvil-təslim aktı əlavə olunmamışdır. Bu da onu göstərir ki, aralarında heç bir razılaşma olmamışdır. Hazırkı maddənin dispozisiyasından göründüyü kimi, hətta aralarında həqiqətən də müqavilə bağlansa idi belə, alıcı ilk öncə malı təhvil verməli və daha sonra satıcı verilən mala görə pulu ödəməlidir. Lakin, iddiaçı tərəfindən ona heç bir avadanlıq təhvil verilmədiyinə görə hazırda avadanlığa görə pulu da ondan tələb etmək hüququ yoxdur. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsindən göründüyü kimi məhkəmə iş üzrə sübutları tam araşdırmamışdır və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə sadəcə tərəflər arasında bağlanmış müqavilə təqdim olunmuşdur. Lakin, məhkəmə müqavilənin həqiqətən də onun tərəfindən imzalanıb-imzalanmaması məsələsini aydınlaşdırmamışdır. Məhkəməyə iddiaçı tərəfindən avadanlığın həqiqətən də verilib-verilməməsi aydınlaşdıran heç bir sənəd (təhvil-təslim aktı və s.) təqdim olunmamışdır. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi qanunla müəyyən olunmuş qətnamənin məzmuna uyğun tərtib olunmamışdır. Belə ki, qətnamədə sadəcə olaraq iddiaçının iddia ərizəsində qeyd etdiklərini təkrarlanaraq formal qətnamə qəbul olunmuşdur. Məhkəmənin istinad etdiyi yeganə sübut qismində tərəflər arasında bağlanmış müqavilə olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri (...) Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

14. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

15. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

16. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

17. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

20. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

21. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

24. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

25. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

28. İşdə olan xx.xx.2023-cü il tarixli 03983482 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC “X9 14 mphh3ru/a silver” markalı noutbuku müqavilənin əlavəsində qeyd edilən şərtlər daxilində və toplam məbləğ 6974.96 manat məbləğində ödəniş cədvəlində müəyyən edilmiş qaydada Cavabdeh verməyi, müştəri isə onu qəbul edib, malın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqaviləyə edilmiş əlavəyə əsasən alıcı malın qiymətini 18 ay müddətinə ayda 359.72 manat olmaqla ödəməlidir.

29. Cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclaslarında verdiyi izahatında qeyd etmişdir ki, “X9 14 mphh3ru/a silver” markalı noutbuk cavabdehin adından digər şəxs tərəfindən götürülmüş və onun imzasından istifadə edilmişdir. Müqavilənin imza olunması və ya bağlanmasında cavabdeh şəxsən iştirak etməmişdir, onun əvəzindən müqaviləni və digər sənədləri başqa şəxs imza etmişdir və həmin şəxsin onun adından imza etməyə heç bir səlahiyyəti olmamışdır, yəni müqavilədə olan imza cavabdehin imzası deyil. Belə ki, cavabdeh ağır xəstə olduğu üçün fasiləsiz olaraq stasionar qaydada xəstəxanada müalicədə olmuşdur. Cavabdeh ağır xəstədir, nəfəs almaqda çətinlik çəkir və oksigen aparatı ilə nəfəs ala bilir.

30. Apellyasiya şikayətinin dəlilləri və cavabdeh tərəfin məhkəmə iclasında verdiyi izahatında qeyd edilənlər nəzərə alınaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(105)-1030/2025 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-xətşünaslıq və məhkəmə portret ekspertizaları təyin edilmişdir.

31. İddiaçı tərəf xx.xx.2023-cü il tarixli 03983482 nömrəli müqavilənin, əlavənin və bildirişin əsllərini məhkəməyə təqdim edə bilməmişdir.

32. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2025-ci il tarixli 4/1334-3/927 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, məhkəmə xətşünaslıq ekspertizası üzrə: ekspertizaya təqdim edilmiş, mülki işin 15-16-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli 03983482 nömrəli müqavilənin surətində “Cavabdeh” sözlərinin qarşısında əks ounmuş imzalar, 17-ci vərəqdə olan xx.xx.2023-cü il tarixli bildirişin surətində “Cavabdeh” sözlərinin qarşısında əks olunmuş imzalar, 18-ci vərəqində olan xx.xx.2023-cü il tarixli əlavənin surətində “Cavabdeh” sözlərinin qarşısında əks olunmuş imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

33. Rəydə məhkəmə portret ekspertizası üzrə göstərilmişdir ki, videogörüntüdən çıxarılmış fotoşəkillərdə əks olunmuş kişi cinsli şəxsin xarici görünüşünün müqayisəli tədqiqat üçün zəruri olan bir sıra element və əlamətlərinin tam və aydın əks olunmadığı müəyyən olundu, bu da eyniləşdirmə tədqiqatı zamanı qəti nəticəyə gəlməyə imkan vermir. Qismən əks olunmuş element və əlamətlərin məcmusu və eyniləşdirmə tədqiqatı zamanı yalnız ehtimal formada nəticəyə gəlməyə imkan verir. Tədqiqata təqdim edilmiş fotoşəkildə əks olunmuş qadın cinsli şəxsin xarici görünüşünün qismən əks olunmuş element və əlamətləri müqayisəli material qismində təqdim edilmiş fotoşəkillərdə əks olunmuş şəxsin xarici görünüşünün bir sıra element və əlamətlərinə uyğun gəlmir. Tədqiq edilən fotoşəkildə və müqayisəli material qismində təqdim edilmiş fotoşəkillərdə ayrı bir şəxsin əks olunması istisna olunmur.

34. Məhkəmə kollegiyası mübahisənin mahiyyətinə münasibətdə hesab edir ki, hazırkı mübahisə üzrə ilk növbədə tərəflər arasındakı müqavilənin etibarlı olubolmamasına qiymət verilməlidir.

35. Kollegiya qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur.

36. Mülki Prosessual Məcəllənin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

37. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. (Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı)

38. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur.

39. İddiaçı "xxxx" MMC iddia tələbinin əsasını təşkil edən xx.xx.2023-cü il tarixli, 03983482 saylı müqaviləyə istinad etsə də, ekspertiza tədqiqatı nəticəsində təqdim olunmuş rəydən görünür ki, müqavilədəki imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmçinin tədqiq edilən fotoşəkildə və müqayisəli material qismində təqdim edilmiş fotoşəkillərdə ayrı bir şəxsin əks olunması istisna olunmur.

40. Beləliklə iş materiallarından göründüyü kimi, iddia tələbinin əsasını təşkil edən müqavilə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilmədən bağlanmışdır. Yuxarıda adı çəkilən müqavilə üzrə tərəf hesab edilən cavabdeh həmin müqaviləni imzalamamışdır. Odur ki, cavabdehin iddiaçı qarşısında həmin müqavilə üzrə öhdəliyi yaranmamışdır və həmin müqavilə etibarsızdır. Əqdin etibarsız olması isə həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir.

41. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını araşdırmayaraq iddianın qismən təmin edilməsi barədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

43. Azərbaycan Respublikası MPM-in 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

44. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

45. Göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)- 1310/2024 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

46. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 127 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-1310/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 127 (bir yüz iyirmi yeddi) manat iddiaçı "xxxx" MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar