Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1031/2021 30.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, Cavabdeh X1 və onun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi əmanətlərin Sığortalanma Fondunun cavabdeh X3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(012)-1674/2020 saylı qətnaməsindən tərəflərin verdikləri apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(012)-1674/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 31 mart 2015-ci il tarixli, N- 1886/15 saylı kredit müqaviləsi üzrə 1803,78 manat əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 843,28 manat faiz borcu, 10 manat cərimə borcu, 19 fevral 2020-ci il tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanan 259,50 manat borc olmaqla, cəmi 2916,56 manat kredit borcunun və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 20 manatın alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakim C.Səfiyeva). İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi əmanətlərin Sığortalanma Fondu qətnamədən apelyasiya şikayəti verərək, onun qismən ləğv edilməsi, iddia tələbinin təmin olunmayan hissədə tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X5 da qətnamədən apelyasiya şikayəti verərək, onun ləğv edilməsini, mübahisə üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını, ekspert rəyi alındıqdan sonra yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 31 mart 2015-ci il tarixli, N-1886/15 saylı kredit müqaviləsi üzrə 1803,78 manat əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 843,28 manat faiz borcu, 1275,62 manat cərimə borcu, 19 fevral 2020-ci il tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmış 259,50 manat borc olmaqla, cəmi 4182,18 manat borcun, 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC arasında 31 mart 2015-ci il tarixində bağlanmış N-1886/15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh oğluna illik 27% ödənməsi şərti ilə 24 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh oğlu kredit müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəliklərini lazımi icra etməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilmədiyindən Cavabdeh oğlunun banka 1803,78 manat əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 843,28 manat faiz borcu, 1275,62 manat cərimə borcu, 19 fevral 2020-ci il tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmış 259,50 manat borc olmaqla, cəmi 4182,18 manat qəpik borcu yaranmışdır və bu borc ondan bankın xeyrinə tutulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T L Ə R İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən məhkəmə bir sıra halları nəzərə almamış, cərimə borcunun azaldılması barədə əsassız nəticəyə gəlmişdir. Bu hissədə borcu azaldarkən məhkəmə, kreditorun əmlak mənafeyini nəzərə almamış, mütənasib olmayan cərimə borcu müəyyən etmişdir ki, bu da Mülki Məcəllənin 465.2 və 467-ci maddələrinin tələblərinə ziddir. Cavabdehdən tutulmalı dəbbə pulu borcunun həcmini formal məbləğədək azaldılarkən, məhkəmə ziddiyyətli məhkəmə təcrübəsi yaratmış olur. Buna görə də qətnamə qismən ləğv edilməli, iddia tələbinin təmin olunmayan hissədə tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Cavabdeh oğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən məhkəmə bir sıra halları nəzərə almamışdır. Əvvəllər kredit borcunu aylıq əmək haqqından tutulmaqla ödəmişdir. Bank bağlandıqdan sonra isə bankomatda onun ödəniş kodu üzrə elektron pəncərə açılmadığından ödəmələrdə problemlər yaranmışdır. Tələb edilən əsas, faiz və cərimə borcu bank tərəfindən şişirdilmişdir. Onun maddi imkanı isə devalvasiyalar və koronavirus pandemiyası səbəbilə pisləşmişdir. Yaranmış borcun daha dəqiq məbləğini ekspert təyin edə bilər. Buna görə də qətnamə ləğv edilməli, mübahisə üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmalı, ekspert rəyi alındıqdan sonra iş üzrə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh X5 və onun nümayəndəsi X6 öz apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Onlar əlavə etdilər ki, cərimə borcunun artırılması barədə bankın şikayəti əsasızdır və bu cür şikayət təmin oluna bilməz. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məlumat verilsə də, məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan ”xxxx” ASC ilə X5 arasında bağlanmış 31 mart 2015-ci il tarixli, N-1886/15 saylı kredit müqaviləsindən görünür ki, X3 24 ay müddətinə illik faiz dərəcəsi 27 % olmaqla 2000 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş 21 yanvar 2020-ci il tarixli bildirişdən görünür ki, cavabdeh Banka gecikdirilmiş borcunun olması, onun ödənilməsi qaydası, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir Yenə iş materiallarına əlavə edilmiş 24 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, X1 İddiaçı ASC-yə 31 mart 2015-ci il tarixli, N-1886/15 saylı kredit müqaviləsi üzrə 19 fevral 2020-ci il tarixinə 1803,78 manat əsas borc, müqavilə müddətinin bitmə tarixinə hesablanmış 843,28 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən 16.08.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 259,50 manat borc, 1275,62 manat cərimə borcu olmaqla, cəmi 4182,18 manat məbləğində borcu vardır. Məhkəmə Ekspertizası Mərkəzinin işdə olan 09 aprel 2021-ci il tarixli, 9/1376 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 31.03.2015-ci il tarixli, N-1886/15 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh 31.03.2017-ci il tarixə (müqavilənin bitmə tarixinə) banka olan borcu 2645,67 manat məbləğində müəyyən olunur, o cümlədən 31.03.2017-ci il tarixə əsas borc üzrə 1801,30 manat, faiz borcu üzrə 844,36 manat. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 31.03.2015-ci il tarixli, N- 1886/15 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə 31.03.2017-ci il tarixindən 19.02.2020-ci il tarixinədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla 259,94 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilməməli, iş üzrə çıxarılmış qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 31.03.2015-ci il tarixli, N-1886/15 saylı kredit müqaviləsinə əsasən, cavabdehə istehlak xərclərinin ödənilməsi məqsədilə illik 27 % olmaqla, 24 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh iddiaçıdan götürdüyü krediti vaxtında (qrafik üzrə, 31 mart 2017-ci ilədək) qaytarmamış, bununla da bank qarşısında borc öhdəliyi yaranmışdır. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qaydada qətnamə qəbul etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, bankdan kredit götürsə də xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu tam ödəməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qrafikə əsasən vaxtında qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır. Cavabdehin iddiaçıya kredit müqaviləsindəki öhdəliklərini yerinə yetirmədiyinə görə 1803,78 manat əsas borc, müqavilə müddətinin bitmə tarixinə hesablanmış 843,28 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən 19.02.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 259,50 manat borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, maliyyə arayışı, o cümlədən ekspert rəyi ilə təsdiq olunur. Digər tərəfdən işdən görünür ki, iddiaçı cavabdehdən öhdəliklərini vaxtında icra etmədiyinə görə 1275,62 manat cərimə borcu tələb etmiş, məhkəmə bu məbləği 10 manata endirmiş, bank isə bu hissədə qətnaməni mübahisələndirmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd edildiyi kimi kreditor tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 1275,62 manat məbləğində cərimə borcu hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin halları nəzərə alınarsa qeyd edilən məbləğ tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən də, məhkəmə kollegiyası işin hallarını, əlavə olaraq tətbiq edilən cərimə pulunun borclunun vəziyyətini daha da ağırlaşdırdığını, habelə kreditorun əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə dəbbə borcunun 10 manata endirilməsi barədə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Cavabdeh apelyasiya şikayətində əsas və faiz borcunu mübahisələndirsə də, bu borcun əsassızlığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, keçirilmiş ekspertiza rəyi ilə isə onun dəlillərinin əsassızlığı təsdiq edilmişdir. Məhkəmə kollegiyası bu dəlilləri qiymətləndirərək belə hesab edir ki, cavabdehin hazırki iş üzrə tələbləri iş üzrə nəticənin gecikdirilməsi və məhkəmə vaxtının itirilməsinə yönəlmişdir və qəbul edilməzdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, nə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi əmanətlərin Sığortalanma Fondu, nə də Cavabdeh apelyasiya şikayətlərinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onların apelyasiya şikayətlərində göstərdikləri dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətinə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-mühasibtalıq ekspertizası xərcinin dəyəri olan 100 manat pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İş üzrə tərəflərin verdikləri apelyasiya şikayətləri təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(012)- 1674/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 100 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ **********0000003944 SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) ödənilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1031/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1031/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver