Məhkəmə qərarları › İş №2(105)-1031/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1031/2024

05.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1031/2024 05.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və X12 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(060)-916/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tutulan alimentin miqdarını dəyişərək, birgə nikahından olan xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixində Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X8 doğulmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da sonradan ailə daxili münasibətləri pisləşmiş və boşanmaq qərarına gəlmişdirlər. Sumqayıt Şəhər Məhkəməsinin 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş və tərəflərin birgə nikahından olan xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X4 İddiaçı yanında qalması və Cavabdeh uşaqların saxlanması üçün sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2855/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh aliment iddiası təmin edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmişdir. Nəticədə Cavabdeh uşaqların saxlanması üçün hər uşağa 136,60 manat olmaqla cəmi 273,20 manat aliment məbləği müəyyən olunmuşdur. Sonradan Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2855/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ondan tutulan alimentin miqdarının dəyişdirilərək hər ay əmək haqqının 1/3 hissəsi ilə tutulmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 yanvar 2018-ci il tarixli, 2(060)-650/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2855/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ondan tutulan alimentin miqdarı dəyişdirilərək hər ay əmək haqqının 1/3 hissəsi ilə tutulması” barədə ilk iddianın təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı “Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2855/2017 saylı mülki iş üzrə 21 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşağa görə, 155 manat olmaqla, ümumilikdə 310 manat aliment tutulması” barədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Bildirmək istəyir ki, hazırda iddiaçı övladlarının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Hesab edir ki, uşağın böyüməsi ilə əlaqədar onların ehtiyaclarını ödəmək üçün hər uşağa 136,60 manat olmaqla, ümumillikdə 273,20 manat məbləğində aliment kifayət etmir.

3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(060)-916/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2855/2017 saylı, 21 sentyabr 2017-ci il tarixli saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat, ümumillikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırda İddiaçı hər uşağa görə ödənilən 136.60 manat məbləğində aliment uşaqların saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Uşaqların əsaslı mənafeyi baxımından tərəflərin maddi vəziyyəti ədalətli şəkildə balanslaşdırılmaqla iddia tələbinin qismən təmin edilməsi yetkinlik yaşına çatmayan uşaqların əsaslı mənafeyinə xidmət etməklə, onların normal inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə cavabdeh olaraq Cavabdeh valideynlik vəzifəsini yerinə yetirmək baxımından da onun əsas öhdəliyidir. Yetkinlik yaşına çatmayan uşaqların mənafeyi baxımından, 2017-ci il tarixdən müəyyən olunmuş aliment məbləğinin artırılmasından xeyli müddət keçməsini, tərəflərin maddi vəziyyətlərini (iddiaçı və cavabdehin gəlirlərini), cavabdehin yenidən ailə həyatı qurmasını, həmin nikahdan iki azyaşlı övladının olmasını və sair halları nəzərə alaraq iddianı qismən təmin etmişdir.

6. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 75, 78.1, 78.2, 112.1-ci maddələrinə, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa istinad edərək iddianı qismən təmin etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər

7. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 29 fevral 2024cü il tarixli, 2(060)-916/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbini tam təmin edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qət edilmiş aliment məbləği iki uşağın maddi tələbatlarını ödəməyə kifayət etmir. Azərbaycan Respublikasında 2024-cü il üçün “Yaşayış minimumu haqqında” Qanuna əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Lakin məhkəmə bunların heç birini nəzərə almamış və əsassız qətnamə çıxarmışdır. İki azyaşlı uşağı saxlamaq üçün qət edilmiş aliment məbləği demək olar ki, heç nəyə kifayət etmir. Bu səbəbdən də məhkəmənin qətnaməsini qanunsuz və əsassız hesab edir. Cavabdeh isə agent, ekspeditor vəzifəsində işləməklə aylıq 729 manat əmək haqqı alır. Cavabdehin tələb olunan aliment məbləğini ödəmək imkanı vardır.

9. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(060)-916/2024 nömrəli qətnaməsinin dəyişdirilərək alimentin miqdarının hər uşaq üçün 150 manat müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini qəbul etmir. Belə ki, ikinci dəfə ailə həyatı qurmuş, ikinci nikahdan iki övladı var, yoldaşı işləmir. Qeyd etdiyi halları təsdiq edən sübutları da məhkəməyə təqdim etmişdir. 651 (altı yüz əlli bir) manat əmək haqqı alır, ondan 275 manat da aliment ödəyir. Artıq ödəməyə heç cür imkanı yoxdur. Artıq 3-cü məhkəmədir ki, iddia qaldırır. Bundan əlavə uşaqlara baxmaq hər iki valideynin vəzifəsidir. Yoldaşı isə uşaqlar körpə olduqlarına görə işləmir. Hər uşağa 150 manat ödəyə bilər. Həmçinin İddiaçı maddi dəstəyi və imkanları kifayət qədər yaxşıdır. Belə ki o çox maaş alır. Alimenti mütəmadi olaraq artırmaqda məqsədi onu daha da çətin vəziyyətə salmaqdır. Ona görə də hesab edir ki, hər uşağa aliment məbləğinin 170 manat müəyyən edilməsi qanunsuz və əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddiaçının apellyasiya şikayətinə etiraz edib, təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı artıq üçüncü dəfədir ki, alimentin artırılması ilə bağlı iddia verir. Cavabdeh ikinci dəfə nikaha girib, həmin nikahdan 2 övladı var, 651 manat əmək haqqı alır. İddiaçı isə böyük tibb bacısı vəzifəsində işləməkə 1143 manat əmək haqqı alır. Özü də köməklik edərək alimenti ödəyirlər. İkinci qrup əlildir ərizə və özü 350 manat təqaüd alır. Əvvəl iki uşağa 275 manat aliment ödəyirdi. İndi isə 340 manat aliment müəyyən edilib, bunu ödəməyə imkanı yoxdur. Hər uşaq üçün 150 manat ödəməyə imkanı vardır.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

14. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2855/2017 saylı, 21 sentyabr 2017ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7000/2017 saylı, 25 may 2017-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, iddia ərizəsinin qismən təmin edilərək, xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hazırki qətnamə qəbul edildiyi tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşağa görə 136 manat 60 qəpik olmaqla, cəmi 273 manat 20 qəpik sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir.

15. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 14 dekabr 2023-cü il tarixli, MŞS/MT030/2023-02558 nömrəli arayışdan görünür ki, tərəflər İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər. Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.

16. AZ-İİ seriyalı, 078199 saylı və AZ-İİİ seriyalı, 009389 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü Nicat və xx.xx.2012-ci il təvəllüdlü Nahid adlı uşaqlar doğulmuşdur.

17. Azərbaycan Respublikası 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 sentyabr 2022-ci il tarixli AZ-İ seriyalı, 426912 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2017-ci ilin 09-cu ayının 12-ci günündə 256 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra ərə Cahangirov, arvada isə Əliyeva soyadı verilmişdir.

18. İş materiallarında olan AZEMİS-dən əldə edilmiş çıxarışlara əsasən müəyyən edilir ki, İddiaçı böyük tibb bacısı vəzifəsində işləməklə aylıq 1143.1 manat, Cavabdeh isə agent, ekspeditor vəzifəsində işləməklə aylıq 729 manat əmək haqqı alır.

19. "xxxx" MMC tərəfindən verilmiş 147/23 nömrəli, 28 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən "xxxx" MMC-nin tədarük zənciri departmentinin nəqliyyat şöbəsinin məhsul çatdırma bölməsində ekspeditor vəzifəsində işləməklə, son üç aylıq əmək haqqı 651.87 manat olmuşdur.

20. AZ-İİ seriyalı, 257971 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X13 arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2018-ci ilin fevral ayının 27-ci günündə 411 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cahangirov, arvada isə Cahangirova soyadı verilmişdir. 21.Doğum haqqında şəhadətnamələrə əsasən müəyyən edilir ki, Cavabdeh ilə X2 birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X14 adlı övladları vardır.

22. İşə əlavə edilmiş X6 Abşeron–X21 Filialının xx.xx.2023-cü il tarixli, 3-17-212-c- 75535/2023 nömrəli arayışından görünür ki, X3 dair hazırda qüvvədə olan aktiv əmək müqaviləsi aşkar edilməmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

24. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

25.“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:

1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

26. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.

28.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

29. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.

Apellyasiya baxışının hədləri

30. Sumqayıt Şəhər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(060)-916/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni aliment məbləğinin artırılması hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hər uşağa görə ödənilən 136.60 manat məbləğində aliment uşaqların saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Yetkinlik yaşına çatmayan uşaqların mənafeyi baxımından, 2017ci il tarixdən müəyyən olunmuş aliment məbləğinin artırılmasından xeyli müddət keçməsini, tərəflərin maddi vəziyyətlərini (iddiaçı və cavabdehin gəlirlərini), cavabdehin yenidən ailə həyatı qurmasını, həmin nikahdan iki azyaşlı övladının olmasını və sair halları nəzərə alaraq iddianı qismən təmin etmişdir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razışaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq qeyd olunan qanunvericilik normalarını tətbiq etməklə aliment məbləğini artırarkən düzgün nəticəyə gəlmişdir.

34. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün müəyyən edilmiş 136,60 manat məbləğindəki aliment 2017-ci ilin fevral ayında tutulmuş, həmin tarixdən sonra respublikada yaşayış minimumu dəfələrlə dəyişiklərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır.

35. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə, ölkə üzrə uşaqların yaşayış minimumunun 235 manat müəyyən edilməsinə, eləcə də cavabdehin hər uşaq üçün 235 manat aliment ödəmək qabiliyyətinin olması barədə dəlilinə qiymət verərək qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir.

36. Konstitusuya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir.

37. Məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətinin aşağı olması, qazancının az olması, yeni nikahından övladlarının doğulması barədə şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu olmaqla, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Yəni, qanunveriliklə 2024-cü il üçün isə müəyyən edilmilş 235 manatlıq yaşayış minimumu məbləği, uşağın minimum tələbatlarını ödəmək üçün müəyən edilmiş minimum məbləğ hesab olunur ki, sosial həyatda digər xərclərin də yaranması qaçılmazdır. Qeyd olunan hal və 2024-cü il üçün müəyyən edilmilş 235 manatlıq yaşayış minimumu məbləği nəzərə alındıqda müəyyən edilmiş 170 manat aliment məbləği əsaslı hesab olunur.

38. Həmçinin məhkəmə kollegiyası cavabdehin təklif etdiyi, hər uşaq üçün 150 manat aliment ödəmək imkanının olmasına dair dəlilinə qiymət verərək qeyd edir ki, cavabdehin təklif etdiyi 150 manat məbləğində aliment əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş hər uşaq üçün 136,60 manat məbləğindən 13,40 manat artıq məbləğ təşkil edir ki, bu da uşağın qida və istirahəti üçün tələb olunan ehtiyacı baxımından yetərli deyil. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, hər uşağa görə 150 manat aliment ödəmək imkanına malik olmasını iddia edən cavabdehin, hər uşağa görə 20 manat artıq aliment ödəməsi də ciddi çətinlik yatatmamalıdır.

39. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərinə münasibətdə isə qeyd olunur ki, iş materiallarından müəyən edildiyi kimi iddiaçı işləməklə müəyyən məbləğdə gəlirlərə malikdir. Cavabdehin isə tələb olunan məbləğdə alimenti ödəmək üçün gəlirlərə malik olması ilə bağlı isə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. 2024-cü il üçün müəyyən edilmilş 235 manatlıq yaşayış minimumu məbləği nəzərə alındıqda müəyyən edilmiş 170 manat aliment məbləği, həmin yaşayış minumumu məbləğinin əhəmiyyətli hissəsini təşkil edir. Uşağən saxlanmasının hər iki valideynin vəzifəsi olması, o cümlədən qeyd olunan hallar nəzərə alındıqda iddiaçının da apellyasiya şikayətinin əsassız olması öz təsdiqini tapır.

40. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticədə əsaslı və qanuni olmuşdur. Apellyasiya şikayətlərinin dəlilləri isə qətnamənin dəyişdirilməsi üçün əsas sayıla bilməz.

41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(060)-916/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(060)-916/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar