Məhkəmə qərarları › İş №2(105)-1033/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1033/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1033/2021 17.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(012)-1550/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 3 oktyabr 2020-ci il tarixli, 2(012)-1550/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 21 oktyabr 2014-cü il tarixli, 4-G-1-0-1219-14 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 21 oktyabr 2014-cü il tarixli, 4-G-1-0-1219-14 saylı kredit müqaviləsi üzrə 17245,46 manat əsas, 16453,72 manat faiz, 30 manat cərimə borcu olmaqla, cəmi 33.729,18 manat məbləğində borcun və 30 manat rüsuma görə pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə pul tutulması, tələbin ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən 2 otaqlı 140 kv.m ümumi, 40,1 kv.m yaşayış, 100 kv.m yardımçı sahədən ibarət 6 A nömrəli fərdi yaşayış evinə və 0,0313 ha torpaq sahəsinə yönəldilməsi, həmin evin və torpaq sahəsinin açıq hərracda satılması, mənzilin satışından əldə edilən vəsait hesabına Cavabdeh "xxxx" ASC-nə olan borcunun ödənilməsi, ipoteka predmeti hərracdan satılandan bir ay sonra Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən 2 otaqlı 140 kv.m ümumi, 40,1 kv.m yaşayış, 100 kv.m yardımçı sahədən ibarət 6 A nömrəli fərfi yaşayış evindən və 0,0313 ha torpaq sahəsindən çıxarılması qət edilmiş, iddia tələbi Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən 2 otaqlı 140 kv.m ümumi, 40,1 kv.m yaşayış, 100 kv.m yardımçı sahədən ibarət 6 A nömrəli fərdi yaşayış evi və 0,0313 ha torpaq sahəsinə olan istifadə hüququnun itirilməsi hissəsində təmin edilməmiş, ipoteka predmetinin ilkin satış qiyməti 53000 (əlli üç min) manat müəyyən edilmişdir. (hakim C.Səfiyeva). Qətnamədən narazı qalan Cavabdeh ondan apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, 21 oktyabr 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh kreditorun xeyrinə 17245,46 manat əsas borc, 16453,72 manat faiz borcu, 399,1 manat cərimə borcu olmaqla, cəmi 34098,28 manat borcun, 30 manat dövlət rüsumuna görə ödənmiş pulun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən 2 otaqlı 140 kv.m ümumi, 40,1 kv.m yaşayış, 100 kv.m yardımçı sahədən ibarət 6 A nömrəli fərfi yaşayış evi və 0,0313 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən 2 otaqlı 140 kv.m ümumi, 40,1 kv.m yaşayış, 100 kv.m yardımçı sahədən ibarət 6 A nömrəli fərfi yaşayış evi və 0,0313 ha torpaq sahəsinin hərracdakı satışından əldə edilən vəsait hesabına "xxxx" ASC-yə ödənilıməsi, hərracdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, borcun ümumi qaydada icra edilməsi, ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh Abşeron rayonu Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən 6 A nömrəli fərdi yaşayış evi və 0,0313 ha torpaq sahəsinə olan istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, əmlakın boşaldılıb banka təhvil verilməsi, tərəflər arasında bağlanan 21 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" ASC ilə bağladığı 21 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bankdan 84 ay müddətinə illik 27% ödəmək şərtilə 20000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən 2 otaqlı 140 kv.m ümumi, 40,1 kv.m yaşayış, 100 kv.m yardımçı sahədən ibarət 6 A nömrəli fərfi yaşayış evi və 0,0313 ha torpaq sahəsi ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 21 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə görə bank şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. Nəticədə Cavabdeh 21 oktyabr 2014-cü il tarixli 4-G-1-0-1219-14 saylı kredit müqaviləsi üzrə 17245,46 manat əsas, 16453,72 manat faiz, 399,1 manat cərimə, cəmi 34098,28 manat borcu yaranmış, borcun qaytarılması barədə xəbərdar olunsa da Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Buna görə də iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini əsassız hesab edir. Belə ki, o, həqiqətən də bankdan 20000 manat kredit götürmüş və 2 il müddətinə ödənişlərini vaxtında etmişdir. Lakin baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ciddi xəsarət almış, İİ qrup əlil olmuşdur. Buna görə də müalicə olunmuş, onun ödənilməsi üçün maddi vəziyyəti pisləşmiş, kredit ödəmələrini həyata keçirə bilməmişdir. Bank isə əsas və faiz ödənişlərini şişirtmiş, birinci instansiya məhkəməsi borcun dəqiq hesablanması üçün mühasibatlıq ekspertizası təyin etməmişdir. İpoteka predmeti olan fərdi ev 4 otaqlı olsa da, qətnamədə o, 2 otaqlı ev kimi göstərilmişdir. Onun qiymətləndirməsi üzrə rəy isə həqiqi bazar qiymətini əks etdirmir. Bu hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığından qətnamə ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək izahatında göstərdi ki, apelyasiya şikayətindəki dəlillər məhkəmə qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Apelyasiya şikayəti formal xarakter daşıyır və məhkəmə qətnaməsinin icrasını yubatmaqdan ötrü verilmişdir. Sonda o, apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına təkrar gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan tərəflər arasında bağlanmış 21 oktyabr 2014-cü il tarixli, 4-G-1-0-1219-14 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 84 ay müddətinə illik 27 % ödəmək şərtilə 20000 manat məbləğində kredit verilmişdir. Yenə iş materiallarında olan 21 oktyabr 2014-cü il tarixli, 4-G-1-0-1219-14 saylı ipoteka müqaviləsindən görünür ki, 21 oktyabr 2014-cü il tarixli, 4-G-1-0-1219- 14 saylı kredit müqaviləsinin təminatı qismində Cavabdeh oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən 2 otaqlı 140 kv.metr ümumi, 40,1 kv.metr yaşayış, 100 kv.metr yardımçı sahədən ibarət 6 A nömrəli fərdi yaşayış evi və yerləşdiyi 0,0313 ha torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə ipoteka üzrə yüklü edilmiş və ipoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 53000 manat müəyyən edilmişdir. 25 oktyabr 2014-cü ildə bankın həmin əmlaklara ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yenə də iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən 2 otaqlı, 6 A nömrəli fərfi yaşayış evi və həmin evin yerləşdiyi 0,0313 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına 14 oktyabr 2013-cü il tarixdə qeydiyyata alınmışdır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə 21 oktyabr 2014-cü il tarixli, 4-G-1-0-1219-14 saylı kredit müqaviləsi üzrə 20.01.2020-ci il tarixinə 17245,46 manat əsas, 16453,72 manat faiz, 399,1 manat cərimə borcu olmaqla, cəmi 34098,28 manat borcu vardır. Yenə işdə olan məktubdan müəyyən edilir ki, Cavabdeh 21 oktyabr 2014-cü il tarixli 4-G-1-0-1219-14 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası barədə "xxxx" ASC tərəfindən xəbərdar edilmişdir. Yenə də işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2021-ci il tarixli, 9/1377 saylı rəyindən görünür ki, Cavabdeh 21 oktyabr 2014-cü il tarixli 4-G- 1-0-1219-14 saylı kredit müqaviləsi üzrə 20.01.2020-ci il tarixə 18736,69 manat əsas, 16118,31 faiz, 03.05.2021-ci il tarixə 18736,69 manat əsas, 18624,63 faiz borcu vardır. İş materiallarında olan “B+Ş Audit” Konsaltiq MMC-nin 25 avqust 2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən 2 otaqlı 140 kv.metr ümumi, 40,1 kv.metr yaşayış, 100 kv.metr yardımçı sahədən ibarət 6 A nömrəli fərdi yaşayış evi və 0,0313 ha torpaq sahəsinin orta bazar qiyməti 55000 manat, likvid dəyəri 48000 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(012)-1550/2020 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh oğlu iddiaçı bankdan 21 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, istehlak məqsədilə illik 27 faizlə 84 ay müddətinə 20000 manat kredit götürmüşdür. Kredit öhdəliklərinin təminatı kimi, eyni tarixli ipoteka müqaviləsi ilə o, özünün mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən 6 A nömrəli fərdi yaşayış evini və evin altındakı 0,0313 ha torpaq sahəsini ipoteka ilə yüklü etmişdir. Lakin xəbərdarlıq edilməsinə baxmayaraq, borc Cavabdeh tərəfindən tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh oğlu həmin müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh oğlunun iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə borcu yaranmışdır. Bank borc məbləğini özünün maliyyə arayışı ilə əsaslandırmışdır. Lakin cavabdeh borcun məbləğini mübahisələndirdiyindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və aparılmış ekspertiza tədqiqatı nəticəsində cavabdehin kredit müqaviləsi üzrə 18736,69 manat əsas və 16118,31 faiz borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə cavabdehdən tutulmalı olan faiz borcu məhz bu məbləğdə olmalıdır. İş materiallarından görünür ki, iddiaçı bank kredit müqaviləsi üzrə borcludan həmçinin 399,1 manat cərimə borcunu tələb etmiş, işə baxan birinci instansiya məhkəməsi isə Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanmaqla bu hissədə borcu 30 manata endirmişdir. Məhkəmə kollegiyası cərimə borcunun bu qaydada endirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni ədalətli və işin faktiki hallarına uyğun hesab edir. Qeyd edildiyi kimi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin digər tələbləri kredit müqaviləsinin ləğvi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və evin boşaldılması barədə olmuşdur. AR Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıda qeyd olunduğu kimi, xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməmiş və beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozduğu üçün iddiaçının tərəflər arasında bağlanmış 21.10.2014-cü il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, habelə müqavilə üzrə borcun tələb olunması hüququ yaranmışdır. Ona görə də həmin hissədə də iddia əsaslıdır. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yaranan borc ödənilmədiyi üçün bunu ipoteka predmetinə yönəltməyi tələb etməkdə haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka premetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələbin ipotekaya qoyulmuş Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən 2 otaqlı 140 kv.metr ümumi, 40,1 kv.metr yaşayış, 100 kv.metr yardımçı sahədən ibarət 6 A nömrəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0313 ha torpaq sahəsinə yönəldilməsi, həmçinin həmin əmlakın açıq hərracda satılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından aydın olur ki, məhkəmə ipoteka müqaviləsinin müddəalarını nəzərə alaraq ipoteka predmetinin ilkin satış qiymətini 53000 manat müəyyən etmişdir. Cavabdeh öz apelyasiya şikayətində bu əmlakın real dəyərinin daha artıq olduğunu bildirmiş, məhkəmə kollegiyası onun bu dəlilinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Yuxarıda da qeyd edildiyi kimi, “B+Ş Audit” Konsaltiq MMC-nin 25 avqust 2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən 2 otaqlı 140 kv.metr ümumi, 40,1 kv.metr yaşayış, 100 kv.metr yardımçı sahədən ibarət 6 A nömrəli fərdi yaşayış evi və 0,0313 ha torpaq sahəsinin orta bazar qiyməti 55000 manat, likvid dəyəri 48000 manat təşkil edir. Əmlkaın açıq hərracdakı 53000 manatlıq ilkin satış qiymətini iddiaçı tərəf mübahisələndirmədiyindən və tədqiqat nəticəsində likvid dəyər qətnamədəki dəyərdən aşağı müəyyən edildiyindən məhkəmə kollegiyası bu hissədə də həmin məbləği real hesab edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “İpoteka haqqında” Qanunun (müqavilə bağlanan zaman qüvvədə olan məzmunda) 59.3 və 59.4-cü maddələrinə əsasən ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılmalıdırlar. Qeyd edilənlərə əsasən, işə baxan məhkəmə haqlı olaraq hesab etmişdir ki, tələb ipoteka predmeti olan olan Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən 6 A nömrəli evə və 0,0313 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməlidir. Eləcə də, Cavabdeh oğlu tərəfindən mübahisəli daşınmaz əmlak boşaldılmalıdır. İşə baxan məhkəmə iddia tələbinin “cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi” hissəsinə təmin etməsə də iddiaçı bu hissədə qətnaməni mübahisələndirməmişdir. Ona görə də. məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmağa zərurət görməmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmiş, Cavabdeh oğlu isə iddia tələbinin rədd edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə dair məhkəməyə lazımi mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə faiz borcu hissəsində qətnamə dəyişdirilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1, 119.5-ci maddələrinin tələblərinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh oğlunun özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh oğlunun apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2020-ci il tarixli, 2(012)-1550/2020 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin və Cavabdeh 21 oktyabr 2014-cü il tarixli, 4-G-1-0-1219-14 saylı kredit müqaviləsi üzrə 16118,31 manat faiz borcu iddiaçı "xxxx" ASC-nin xeyrinə pul tutulsun. Qətnamə "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 21 oktyabr 2014-cü il tarixli, 4-G-1-0-1219-14 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 21 oktyabr 2014-cü il tarixli, 4-G-1-0-1219-14 saylı kredit müqaviləsi üzrə 17245,46 manat əsas borcun, 30 manat cərimə borcunun, 30 manat rüsuma görə pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən 2 otaqlı 140 kv.m ümumi, 40,1 kv.m yaşayış, 100 kv.m yardımçı sahədən ibarət 6 A nömrəli fərdi yaşayış evinə və 0,0313 ha torpaq sahəsinə yönəldilməsi, həmin evin və torpaq sahəsinin açıq hərracda satılması, mənzilin satışından əldə edilən vəsait hesabına Cavabdeh "xxxx" ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmeti hərracdan satılandan bir ay sonra Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən 2 otaqlı 140 kv.m ümumi, 40,1 kv.m yaşayış, 100 kv.m yardımçı sahədən ibarət 6 A nömrəli fərfi yaşayış evindən və 0,0313 ha torpaq sahəsindən çıxarılması, iddianın ipoteka predmetinə olan istifadə hüququnun itirilməsi hissəsində təmin edilməməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 53000 (əlli üç min) manat müəyyən edilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar