Məhkəmə qərarları › İş №2(105)-104/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-104/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-104/2022 19.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı QSC BOKT-nın nümayəndəsi X3 iştirakı ilə Quba Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(027)-712/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC BOKT iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10847,18 manat əsas borc, 4000,47 manat faiz borcu olmaqla, cəmi 14847,65 (on dörd min səkkiz yüz qırx yeddi manat altımış beş qəpik) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı QSC BOKT-nin xeyrinə tutulması, borc ödənilmədikdə, borc tələbinin Cavabdeh2 mülkiyyətində olan **- EO-*** dövlət qeydiyyat nişanlı, “GREAT WALL HAVAL H5E-minik” markalı avtomobilə (buraxılış ili 2013, Ban LGWFF3A50DB645088, rəngi qara metal) yönəldərək açıq hərracda satılması və satışdan əldə olunan vəsait borc məbləğində artıq qalan hissəsinin Cavabdeh2 qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə qalan borc məbləğinin Cavabdeh2 tutulub İddiaçı QSC BOKT-nın hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanına əsasən "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı ‘‘Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Cavabdeh2 qarşı 14847,65 (on dörd min səkkiz, yüz. qırx yeddi manat altmış beş qəpik) manat məbləğində problemli borcu üzrə tələb hüququda 22 sentyabr 2017-ci il tarixli, S-AVK-751 saylı təhviltəslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit təşkilatına təhvil verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizami filialı və Cavabdeh2 arasında bağlanmış 16 iyul 2013cü il tarixli, 272 G saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 avtomaşının alınması üçün illik 19 faizlə, 48 ay müddətinə 15555,0 (on beş min beş yüz əlli beş) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Nizami filialı və Cavabdeh2 mülkiyyətində olan **-EO-*** dövlət qeydiyyat nişanlı, GREAT WALL HAVAL H5E minik markalı avtomobil (buraxılış ili 2013, Ban LGWFF3A50DB645088, rəngi - qara metal) ipoteka müqaviləsi və zamin Cavabdeh1 arasında 16 iyul 2013-cü il tarixli, 272 G zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 16 iyul 2013-cü il tarixli, AA seriyalı, 093823 nömrəli ipoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün X1 15.555,0 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Cavabdeh bank qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin hazırda banka 10847,18 manat əsas borcu və 4000,47 manat faiz borcu olmaqla, cəmi 14847,65 manat borcu vardır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıq edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və tez bir zamanda banka ödənilməsi tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik yerinə yetirilməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Quba Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(027)-712/2020 nömrəli qətnaməsi ilə (hakim Rahim Həsənov) İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin edilib, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı QSC BOKT-nın xeyrinə 10647,18 manat əsas borc, 4000,47 manat faiz borcu olmaqla, cəmi 14647,65 manat məbləğində pulun tutulması, borc ödənilmədikdə tutma ipoteka predmeti olan “GREAT WALL HAVAL H5E” markalı, **-EO-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, ipoteka predmeti olan həmin avtomobilin ilkin satış qiymətinin 18.300 manat müəyyən edilməsi, ipoteka predmeti olan “GREAT WALL HAVAL H5E” markalı, **-EO-*** dövlət nömrə nişanlı avtomobilin (buraxılış ili 2013, Ban LGWFF3A50DB645088, rəngi qara metal) açıq hərracda satılması, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına əsas borcun, faiz borcunun ödənilməsinin təmin edilməsi və satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyana verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və onun bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 295, 297, 298.1, 298.1.1 – 298.1.4, 317.1, 319.1, 385.1, 442, 445.2.1- 445.2.2, 465.2, 470.1, 472.1, 472.2, 739.1, 739.2-ci maddələri, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1, 39.3.3, 41.1-41.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(027)-712/2020 nömrəli qətnaməsinin dəyişdiriləsini xahiş etmişdir. Şikayətin dəlilləri: O, "xxxx" ASC-dən xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 48 ay müddətinə 19 faizlə kredit götürmüş və həmin kreditə “GREAT WALL HAVAL H5E” markalı, **-EO-*** dövlət nömrə nişanlı avtomobil almışdır. Kredit üzrə ödənişlər etmişdir. Lakin borc "xxxx" ASC-dən İddiaçı QSC BOKT-na keçdikdən sonra maddi vəziyyəti pisləşdiyi üçün az borc ödəmişdir. Aldığı kreditin müddəti 16 iyul 2017-ci il tarixdə bitmişdir. Lakin buna baxmayaraq İddiaçı QSC BOKT ona qarşı iddia tələbi irəli sürərkən kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, faiz borcunu yenə müqavilədə göstərilmiş qaydada tələb etmişdir. Bu isə qanunsuzdur. Məhkəmə iclası zamanı iddiaçının tələbi üzrə faiz borcunun və avtomobilin dəyərinin müəyyən edilməsi üçün ekspertiza keçirilməsini xahiş etmiş, lakin xahişi təmin edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçı QSC BOKT-nın nümayəndəsi X5 verdiyi apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Maddə 421.2. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1 Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanun Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 39.1. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Maddələr 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 39.3.3-cü maddəsində «ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında» ifadəsi mübahisəyə baxılan anda razılaşmanın olmasını nəzərdə tutur. Məhkəmə ipoteka qoyanla ipoteka saxlayanın ilkin satış qiyməti barədə razılığının olub-olmamasını araşdırır, əgər belə bir qiymətləndirici vasitəsi ilə ilkin satış qiymətini müəyyən edir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Məhkəmə qətnaməsi apellyasiya qaydasında dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizami filialı və Cavabdeh2 arasında bağlanmış 16 iyul 2013-cü il tarixli, 272 G saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 48 ay müddətinə illik 19 faiz ödənilməklə 15555 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC-nin Nizami filialı və Cavabdeh1 arasında bağlanmış 272 G saylı, 16 iyul 2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Nizami filialı və Cavabdeh2 arasında bağlanmış 16 iyul 2013-cü il tarixli, 272 G saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə və ya icra edilməsi üçün zamin bank qarşısında məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İşdə olan AB 958362 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “GREAT WALL HAVAL H5E” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dur. İş materiallarında olan 272 G saylı, 16 iyul 2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Nizami filialı və Cavabdeh2 arasında bağlanmış 16 iyul 2013cü il tarixli, 272 G saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh2 məxsus “HAVAL H5E” markalı avtomobil ipoteka ilə yüklü edilmiş, ipoteka ilə yüklü edilmiş əmlak 18.300 manat məbləğində qiymətləndirilmişdir. 16 iyul 2013-cü il tarixli “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestri”ndən çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus “GREAT WALL HAVAL H5E” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" açıq səhmdar cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İddiaçı QSC BOKT-nın kredit və faiz borcunun ödənilməsi barədə məlumatından görünür ki, Cavabdeh2 16 iyul 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcu 10647,18 manat və faiz borcu 4000,47 manat, cəmi borcu 14647,65 manat təşkil edir. İddiaçı QSC BOKT-nın Xaçmaz filialı tərəfindən Cavabdeh2 ünvanlanmış 17 yanvar 2019-cu il tarixli bildirişdən görünür ki, kredit borcunun ödənilməsi barədə xəbərdar edilmişdir. "xxxx" MMC-nin 07 oktyabr 2020-ci il tarixli, 01/526 saylı mütəxəssis rəyindən görünür ki, "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış 16 iyul 2013-cü il tarixli, 272 G saylı kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2017-ci il tarixə (müqavilənin bitmə tarixinə) "xxxx" açıq səhmdar cəmiyyətinə 10651,28 manat əsas, 5202 manat faiz olmaqla, cəmi 15853,88 manat borcunun olması müəyyən edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, 16 iyul 2013-cü il tarixli, 272 G saylı kredit müqaviləsinə əsasən cavabdehlər üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və həmin müqavilə üzrə borcu yaranmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı bank müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək məqsədi ilə məhkəm mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2022-ci tarixli, 9/2699 nömrəli ekspert rəyindən görünür ki, 16 iyul 2013-cü il tarixli, 272 G saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 16 iyul 2017-ci il tarixə banka 11.778,41 manat əsas borc və 4.543,94 manat faiz borcudur. Qeyd olunan ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borcu, birinci istansiya məhkəməsinin müəyyən etdiyi məbləğdən çoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə tələb edilən əsas və faiz borcunu qeyd olunan məbləğdə təmin etməklə düzgün nəticəyə gəlmiş, cavabdeh həmin məbləğin həqiqəti özündə əks etdirmədiyi hallar ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Cavabdeh2 mülkiyyətində olan **-EO-*** dövlət qeydiyyat nişanlı, “GREAT WALL HAVAL H5E-minik” markalı avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi üçün cavabdehin apellyasiya şikayətinin dəlili əsasında məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin 17 dekabr 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus “GREAT WALL HAVAL H5E” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2013, Ban LGWFF3A50DB645088, rəngi qara metal avtomobilin həmin tarixə likvid dəyəri 24.000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, son alınmış rəy tərəflər arasında yaranmış mübahisə üzrə yekun nəticəyə gəlmək üçün yetərlidir. Məhkəmə kollegiyası işin faktiki hallarına qiymət verərək hesab edir ki, "xxxx" MMCnin 17 dekabr 2021-ci il tarixli mütəxəssis rəyi qanuni və əsaslı olub, işin faktiki hallarına uyğun olduğuna görə maddi sübut kimi qəbul edilməli və ipoteka predmeti olan “GREAT WALL HAVAL H5E-minik” markalı avtomobilin ilkin satış qiyməti 24.000 (iyirmi dörd min) manat məbləğində müəyyən edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2022-ci tarixli, 9/2699 nömrəli rəyi ilə bağlı tədqiqatın dəyəri 100 (yüz) manat və "xxxx" MMC-nin 17 dekabr 2021-ci il tarixli mütəxəssis rəyinin verilməsinə görə isə 500 (beş yüz) manat vəsait xərclənmişdir. Cavadehin apellyasiya şikayəti təmin edilmədiyi üçün Cavabdeh2 ekspertiza tədqiqatına xərclənmiş 100 (yüz) manat tutulub AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına və 500 manat alınıb "xxxx" ASC-nin VÖEN **********, KOD 200253, müxbir hesab AZ 37NABZ******************** SWİFT kod AİİBAZ2X hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(027)-712/2020 nömrəli qətnaməsi – «ipoteka predmeti olan «GREAT WALL HAVAL H5E» markalı, **-EO-*** dövlət nömrə nişanlı avtomobilin (buraxılış ili 2013, Ban LGWFF3A50DB645088, rəngi qara metal) ilkin satış qiyməti 18.300 manat məbləğində müəyyən edilsin» hissəsində dəyişdirilsin və ipoteka predmeti olan «GREAT WALL HAVAL H5E» markalı, **-EO-*** dövlət nömrə nişanlı avtomobilin (buraxılış ili 2013, Ban LGWFF3A50DB645088, rəngi qara metal) ilkin satış qiyməti 24.000 (iyirmi dörd min) manat məbləğində müəyyən edilsin. İddia qismən təmin olunsun. Qətnamə - «Cavabdeh2 ilə 16 iyul 2013-cü il tarixli 272 G saylı kredit müqaviləsi və Cavabdeh1 16 iyul 2013-cü il tarixli 272 G saylı zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam və lazımi qaydada yerinə yetirmədiyindən, onlardan İddiaçı QSC BOKT-un xeyrinə 10647,18 manat əsas, 4000,47 manat faiz borcu olmaqla, cəmi 14647,65 manat məbləğində pul tutulsun, borc ödənilmədikdə tutma ipoteka predmeti olan «GREAT WALL HAVAL H5E» markalı, 99-EO362 dövlət nömrə nişanlı avtomobilə yönəldilsin, ipoteka predmeti olan «GREAT WALL HAVAL H5E» markalı, **-EO-*** dövlət nömrə nişanlı avtomobil (buraxılış ili 2013, Ban LGWFF3A50DB645088, rəngi qara metal) açıq hərracda satılsın, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına əsas borcun, faiz borcunun ödənilməsi təmin edilsin və satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyana verilsin, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı QSC BOKT-un xeyrinə tutulsun» hissələrində dəyişdirilmədən saxlansın. Cavabdeh2 ekspertiza tədqiqatına xərclənmiş 100 (yüz) manat tutulub AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına və 500 manat alınıb "xxxx" ASC-nin VÖEN **********, KOD 200253, müxbir hesab AZ 37NABZ******************** SWİFT kod AİİBAZ2X hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar