Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-104/2025 10.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(060)-3462/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 18500 manatın və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 145,5 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat ofisində iddiaçıya məxsus **-GS-*** nömrəli, FORD KUQA markalı avtomobilə dair cavabdehə reyestrdə 7E-13777 nömrə ilə qeydə alınmış etibarnamə vermişdir. Etibarnamə verərkən aralarında həmin avtomobili 18500 manata alqı-satqı etməyə razılaşmışlar. İddiaçı ürək əməliyyatı keçirtdiyinə görə avtomobili özü bazara aparıb satmağa, gedib-gəlməyə, nəzarət etməyə imkanı olmamışdır. Bu səbəbdən cavabdeh öhdəsinə götürmüşdür ki, avtomobili satıb pulu iddiaçıya ödəyəcəkdir. Bu günə qədər dəfələrlə şifahi və yazılı tələb etməyinə baxmayaraq avtomobili və ya pulu verməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət edir.
3. İddia tələbinə qarşı yazılı etiraz verilməmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(060)-3462/2023 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) İddiaçı Cavabdeh 18500 manatın və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 145,5 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin iddiaçı qarşısında hazırkı tələb üzrə öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş – müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud olmamışdır. Cavabdehin atası aldığı maşına görə pulu ödəməyi barədə öhdəlik götürmüş, həmin öhdəlik lazımınca icra edilmişdir. İddiaçı cavabdehə borc pul verdiyini sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən iddia əsassız hesab olunmalıdır.
6. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739, 386.1, Mülki Prosessual Məcəlləsinin 76.3, 106.1, 216-220, 360-cı maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli Qərarına, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
7. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(060)-3462/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-274/2024 nömrəli mülki iş üzrə 22 fevral 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehdən 18300 manat və ödənilmiş dövlət rüsumunun 120 manat alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
9. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2403/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “22” fevral 2024-cü il tarixli 2(105)- 274/2024 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi qərarında göstəmişdir ki, apellyasiya məhkəməsi iş materiallarında olan AUDİO-2023-09-09-21-31-58 adlı səs yazısına prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri 11 Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun Cavabdeh qarşı 18.500 manat və dövlət rüsumunun əvəzi 145,50 manat alınaraq ona ödənilməsi barədə iddia ərizəsi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3462/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. O, qətnamədən narazıdır. Hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, o, iddia tələbini aşağıdakılarla əsaslandırmışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat ofisində ona məxsus **-GS-*** dövlət qeydiyyat nişanlı, FORD KUQA markalı avtomobilə dair cavabdehə reyestrdə 7E13777 nömrə ilə qeydə alınmış etibarnamə vermişdir. Etibarnamə verərkən aralarında həmin avtomobili 18.500 manata alqı-satqı etməyə razılaşmışlar. O, ürək əməliyyatı keçirdiyinə görə avtomobili özü bazara aparıb satmağa, gedib-gəlməyə, nəzarət etməyə imkanı olmamışdır. Bu səbəbdən cavabdeh öhdəsinə götürmüşdür ki, avtomobili satıb pulunu ona ödəyəcəkdir. Bu günə qədər dəfələrlə şifahi və yazılı tələb etməyinə baxmayaraq avtomobili və ya pulu verməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə onun arasında avtomobilə dair hər hansı bir danışıq və razılaşma olmamışdır. İddiaçı bütün danışıqları atası ilə aparmış, avtomobili 18300 manata nisyə olaraq atasına satmağa razılaşmış, həmin zaman atasının iddiaçıya 2000 manat borcu olmuşdur. İddiaçı atası ilə razılaşmışdır ki, avtomobilin dəyəri 18300 manat və 2000 manat borc-20300 manatdan 10.000 manat nəğd ödəyərək, 10300 manat hazırda məhkəməyə təqdim etdiyi qəbzi yazmışdır. Bundan sonra etibarnamə vermiş, pula ehtiyac olduğundan avtomobili X2. Atasının iddiaçıya verdiyi 10.000 manat həmin avtomobilin Əliyə satılmasından əldə edilən vəsait hesabına olmuşdur. İddiaçının 10300 manata dair qəbz yazdığı halda 18300 manata dair qəbz yazdırmaması sual doğurur. Hazırda atasının 10300 manat borcdan iddiaçıya 100 manat borcu qalmışdır. Məhkəmə qətnaməsini aşağıdakılarla əsaslandırmışdır: 1. İddiaçı ilə cavabdeh və ailə üzvləri əvvəldən tanışdırlar və dost münasibətlərində olmuşlar. Cavabdehin atasının iddiaçıya 2000 manat borclu olmuşdur. İddiaçı özünə məxsus “Ford Kuqa” markalı, **-GS- *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq qərarına gəlmiş və bu barədə cavabdehin atasına bildirmişdir. Cavabdehin atası ilə iddiaçı arasında həmin avtomobili 18300 manata satmağa razılaşma əldə edilmiş, etibarnamə vermiş, atasına pul lazım olduğu üçün avtomobili Əli Rəhimov adlı şəxsə satmış və 2000 manat borc nəzərə alınmaqla 10.000 manat iddiaçıya ödəniş etmişdir. Avtomobilin dəyərindən qalan 10300 manatı 2022-ci ilin iyul ayınadək ödəyəcəyi barədə qəbz yazmışdır. Lakin ödəyə bilmədiyinə görə etibarnaməni ləğv etdirmişdir. İddiaçıya məlum olmuşdur ki, artıq avtomobil satılmışdır. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Halbuki, hazırki işdə cavabdehin iddiaçı qarşısında öhdəliyi olmamışdır. Məhkəmənin gəldiyi bu qənaət səhvdir. Belə ki, həqiqətən cavabdeh və onun ailəsi ilə əvvəlldən tanışlığı vardır, 2022-ci ilin mart ayının 27-də “Ford Kuga” minik markalı avtomobilinin 18500 manata satılmasına cavabdehlə razılaşmışlar və onun adına etibarnamə vermişdir ki, avtomobili satıb pulunu gətirsin. Lakin bu vaxta qədər şifahi və yazılı qaydada tələb etməyinə baxmayaraq, cavabdeh nə avtomobili qaytarmamış, nə də ki, pulu ona verməmişdir. 10300 manata dair yazılmış qəbzin avtomobilə heç bir aidiyyatı yoxdur. Belə ki, cavabdehin ailəsi ilə tanışlığı olmuş, bir neçə dəfə onlara köməklik göstərmişdir. Cavabdehin atasının ona 2000 manat borcu olmamışdır. Həmin qəbz cavabdehin iştirakı ilə atasına 10300 manat verərək aralarında imza olunmaqla tərtib olunmuşdur. Əvvəllər cavabdehin atası ilə normal münasibəti olsa da sonradan etibarını itirmişdir, bəzi hallarda sözünə əməl etmədiyindən ona etibarı azaldığı səbəbdən verdiyi borc pula dair qəbz almışdır. Cavabdehlə isə normal münasibəti olduğundan və ona etibarı daha güvənli olduğundan razılaşdıqları qiymətə avtomobilin onun tərəfindən satılmasına razı olmuşdur. Çünki sağlamlığı ona imkan vermədiyindən avtomobilin satılmasını ona həvalə etmişdir. Satışdan əldə olunan məbləğdən ona ödənc vermək barədə razılığa gəlmişlər. Bu səbəbdən cavabdehdən qəbz tələb etməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi diskdəki danışıqlar da onun yuxarıda göstərdiklərini bir daha təsdiq edir. xx.xx.2022-ci il tarixdə cavabdeh, atası və onun imzası ilə tərtib olunan qəbz aşağıdakı qaydada tərtib edilmişdir. “O, X5 verir həmin qəbzi ondan ötəri ki, o, şəxsən ondan 10.300 (on min üç yüz) borc pul almışdır. 05 iyul 2022-ci il tarixdə tam məbləği qaytaracaqdır. Əgər pulu qaytarmasa 2000 (iki min) cərimə verəcəkdir. Qəbzi verərkən oğlu Anar onun yanında olmuş, həmin məbləği 10300 (on min üç yüz) sayaraq qəbul etmişdir. Qəbzin doğruluğunu imzası ilə təsdiq edir”. Hər üçü imzası ilə pulun verilməsi və alınması əməliyyatını təsdiq etmişlər. Bu halda həmin məbləği məhkəmənin cavabdehə satmaq üçün verdiyi avtomobillə əlaqəndirməsi, həmin qəbzin avtomobillə bağlı verildiyi qənaətə gəlməsi nə qanuna, nə də ədalətlilik prinsipinə üyğun gəlmir. Bir daha bildirmişdir ki, cavabdehin atası 10300 manatı oğlunun yanında ondan sayıb aldığını öz əli ilə yazdığı qəbzdə təsdiq etmişdir. Əgər tək olsaydı və digər şəkildə onun üçün əlverişsiz şərait olsaydı bu halda məhkəmənin gəldiyi qənaətlə bəlkə də razılaşmaq olardı. Hesab edir ki, məhkəmənin gəldiyi qənaət səhvdir. Onunla cavabdehin arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. Belə ki, cavabdehlə aralarında olan razılaşmaya əsasən cavabdeh onun qarşısında öhdəlik götürərək ona təhvil verdiyi avtomobili satb, əldə olunan pulu ona gətirəcək, o da cavabdehin qarşısında öhdəlik götürmüşdür ki, avtomobilin satışından əldə olunan puldan cavabdehə pul ödəyəcəkdir. Bununla da onların arasında şifahi razılıq əsasında öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin aqd bağlaması üçün yazılı vəkaləti bilavasitə üçüncü şəxsə təqdim edilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərərkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərərkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərərkət etməlidir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz ərizəsini təqdim edərək qeyd etmişdir ki, İddiaçı ilə atası əvvəldən tanış və dostluq münasibətində olmuşlar. X11 müəyyən vaxtlarda iddiaçıdan borca pul almış və qaytarmışdır. 2022-ci ilin mart ayına kimi atasının iddiaçıya 2000 manat borcu olmuşdur. Həmin zaman İddiaçı özünə məxsus "Ford KUGA” markalı. **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq qərarına gəlmiş və bu barədə atasına bildirmişdir. Atası qeyd edilən avtomobili onun üçün almaq istədiyini iddiaçıya demiş və onlar avtomobilin 18300 manata qarşılığında satılmağına razılaşmışlar. Bundan sonra iddiaçı adına etibarnamə vermişdir. Həmin zaman bacısının xeyir iş vaxtına təsadüf etdiyi üçün və atasına pul lazım olduğu üçün, atası həmin avtomobili başqa şəxsə 18300 manata sataraq, əldə edilmiş vəsaitdən iddiaçıya əvvəlki 2000 manat borcu nəzərə alınmaqla 10000 manat ödəniş etmişdir. Yəni X11 avtomobilin dəyərindən 8000 manat ödəniş edərək qalan 10300 manata dair iddiaçıya qəbz yazmış və 2022-ci ilin iyul ayınadək ödəyəcəyi öhdəliyi götürmüşdür. Qalan vəsaiti isə bacısının toyuna xərcləmişdir. Atası 10300 manatı 2022-ci ilin iyul ayınadək ödəyə bilməmiş və bu zaman iddiaçı ona və atasına müraciət edərək pulu ödənilməyəcəyi təqdirdə avtomobilə dair verdiyi etibarnaməni ləğv elətdirəcəyini bildirmişdir. Bir müddət sonra iddiaçı etibarnaməni ləğv elətdirmişdir. 10300 manatın vaxtında ödənilməməsi iddiaçıya mənfi təsir göstərmiş və nəticədə, iddiaçı iddia ilə məhkəməyə müraciət etmişdir. Halbuki hazırkı iş üzrə onun iddiaçı qarşısında hər hansı bir öhdəliyi olmamışdır. Tərəfindən birinci instansiya məhkəməsinə qəbzlər təqdim edilmiş və həmin qəbzlərdən görünür ki, müvafiq tarixlərdə İddiaçı ödəniş edilmişdir. Həmçinin tərəfindən dəftərxana vasitəsilə məhkəməyə təqdim edilmiş diskə baxış keçirilmişdir. Həmin diskə baxış keçirilməsi nəticəsində məlum olmuşdur ki, iddiaçı X11 tərəfindən oktyabr ayının sonuna qədər pulun tam şəkildə ödənilmədiyi təqdirdə, həmin puldan 100 manat da qalmış olsa, 1000 manat da qalmış olsa etibarnaməni ləğv edəcəyini, atasının iddiaçıya göndərməli olduğu pulun 10500 manat olduğunu, atasının maşını onun üçün aldığına görə, xətrinə 10500 manatdan 200 manat güzəştə getdiyini bildirir, atasının 10500 manatdan borcdan 700 manat, sonra 500 manat və bank vasitəsilə 1000 manat göndərdiyini, atasının oktyabr ayının sonunadək 10500 manatı tam şəkildə ödəmədiyi təqdirdə borcdan 100 manat da qalmış olsa belə, etibarnaməni ləğv edəcəyini, bundan sonra aralarında problem yaranacağını deyir. İddiaçı həmin səs yazılarının özünə aid olduğunu qəbul elmişdir. Pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən ya da qanundan irəli gələn öhdəliyə görə onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir. X11 aldığı maşına görə pulu ödəməyi barədə öhdəlik götürmüş, həmin öhdəlik lazımınca icra edilmişdir. Belə ki, iddiaçı qarşısında öhdəliyi mövcud olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə proseslərinin gedişatında cavabdehin atasından pulu geri almaq üçün qarşı tərəflə əlbir olmuş, cavabdeh ona bildirmişdir ki, onun dediyi şəkildə danışsa, atası borcu ödəyəcək. Bununla bağlı səs yazıları mövcuddur. Cavabdehin atası özü də borcun avtomobillə əlaqəsi olmadığını bildirmişdir. Avtomobili cavabdehin atasına konkret hansı tarixdə verdiyini xatırlamır. Cavabdehə etibarnamə vermiş, ondan bir müddət öncə onun atasına yalnız müvəqqəti istifadə etmək üçün etibarnamə vermişdir. Diskdə cavabdeh, cavabdehin atası Namiq və öz danışıqlarından ibarət 35 fayldan təşkil olunmuş səs yazıları vardır. Cavabdehin atası hər şeyi etiraf etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş diskin sübutlar siyahısından çıxarılmasını istəməyinin səbəbi diskdəki səs yazılarının həqiqəti əks etdirməməsidir. Cavabdeh atasının öncədən 2000 manat məbləğində borcu olduğunu bildirsə də belə bir borc mövcud olmamışdır. Belə bir borcun mövcudluğu halında cavabdehin atası onun qarşında etibarını itirmiş olardı və ona yenidən borc verməzdi. Cavabdehin atası ondan 15000 borc istəmiş, 10300 manat olduğundan o qədər pul vermişdir. Borcu avtomobildən öncə vermiş, lakin cavabdehin atasından ala bilməmişdir. 4-5 avtomobili olub, onlardan birini satılması üçün cavabdehin atasına vermişdir. Səs yazılarında deyilən kağız dedikdə qəbzdən söhbət gedir, heç bir kağız cırmamışdır.
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı nüayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hazırki iş yenidən apellyasiya baxışına qaytarılmış, kassasiya instansiya məhkəməsi müvafiq səs yazılarının araşdırılması ilə əlaqədar göstərişlər vermişdir. Həmin danışıqlar birinci instansiya məhkəməsində hazırlıq iclasından sonra danışılanlara aid səs yazılarıdır. Tərəflər arasında borcun verilməsinə və həmin borcun avtomobillə əlaqəsinin olmamasına dair yazılı qəbz də mövcuddur. Cavabdehin dediklərinə əsasən iddiaçı cavabdehin atası ilə danışmışdır. Həmin səs yazıları əks olunan disk məhkəməyə təqdim olunmuşdur. Cavabdehin təklifi ilə iddiaçı səs yazılarındakı ifadələri qarşı tərəfin atasına demişdir. Cavabdeh ali təhsillidir, qəbzdə yazılanları anlamaq iqtidarındadır, cavabdeh atasına borca verilən pulun ona aiddir, avtomobilə aidiyyəti yoxdur, həmin qəbzdə imzası var.
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, birinci instansiya məhkəməsində qarşı tərəf atasına aid səs yazılarını məhkəməyə təqdim etmişdir. Qəbul edir ki, atası müvafiq tarixdə pulu verəcəyini bildirsə də gecikdirmişdir. İddiaçı ilə səs yazılarını birinci instansiya məhkəməsində dinləmişlər. Özü də səs yazısının ona məxsus olmasını etiraf etmişdir. Ola bilər ki, iddiaçıdan borcların ayrı-ayrı olmasını ritorik sual şəklində soruşmuşdur. Atasının əhatəsi geniş olduğu üçün avtomobili atasına vermiş, satılmasını istəmişdir. Analoji hadisə əvvəllər də baş vermişdir. Atası iddiaçıya borclu olduğu müddətdə borcunu ödəməyi gecikdirirdi, atasının borcu yalnız maşınla əlaqədar olmuşdur. Onun iddiaçı ilə əlbir olmağına gəldikdə isə iddiaçı ondan borcun ödənilməsi ilə bağlı atasını tələsdirməyini xahiş edəndə, iddiaçıya onun dediyinin artığının da atasına dediyini, xahişini çatdırdığını bildirmişdir. Onun borcla əlaqəsi olmamış, sadəcə etibarnamə onun adına rəsmiləşdirmişdir. Qarşı tərəf avtomobili sürmək üçün atasına vermiş, 3-4 ay satılmadığından onlar götürmüşlər. Əvvəldən iddiaçıya 2000 borcu olmuş, avtomobil 18300 manata satılmış, ümumilikdə borcları 20300 manata çatmışdır. Ümumi borcdan 10000 manat ödənildikdən sonra 10300 manat borcarı qalmışdır. Atası 10300 manat borcun olduğunu hansı şəkildə rəsmiləşdirə biləcəklərini soruşmuş, hətta lazım gələrsə notariusda borc müqaviləsi bağlamağı təklif etmiş, sonda iddiaçı ilə atası arasında razılaşmaya əsasən atasının ona 10300 manat borcunun olması barədə kağıza qeyd yazılmış, sonra iddiaçı kağızı cırıb atmışdır. Borcun avtomobillə əlaqəsinin olmadığı, etibarnamə verildiyini barədə də razılığa gəlinmişdir, daha sonra 10300 manat iddiaçıya qaytarılmışdır. Həmin məbləğin ödənilməsinə dair qəbz də mövcuddur. Borcla əlaqəsi olmamış, avtomobili atası sürmüş, avtomobil onlara verildikdən qısa müddət sonra satılmışdır. İddiaçı kağızı cırıb atdıqdan sonra onun surətinin olduğunu bildirmişdir. Hazırda avtomobilə görə 10300 manat pul iddiaçıya ödənilmişdir. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş edir.
İşdə olan sübutlar
16. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, İddiaçı **-GS-*** dövlət qeydiyyat nişanlı, “FORD KUGA” mikin markalı avtomobilə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini Cavabdeh etibar etmişdir.
17. “Ford KUGA” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə etibarnamə verilmiş şəxslər barədə məlumatların kompüter çıxarışından görünür ki, “Ford KUGA” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. Həmin avtomobil etibarnamə ilə istifadə edilmək üçün xx.xx.2022-ci ildən-xx.xx.2022-ci il tarixədək X4, nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququ əsasında etibarnamə ilə xx.xx.2022-ci il tarixdən-xx.xx.2023-cü il tarixədək Cavabdeh verilmişdir.
18. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı “Ford KUGA” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X3 12000 manata satmışdır.
19. xx.xx.2022-ci il tarixli sadə yazılı müqavilədən görünür ki, Cavabdeh atası X1 Məzahət Maksud oğlundan 10300 manat pul almışdır. Həmin pulu qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Qaytarmayacağı təqdirdə 2000 manat cərimə ödəyəcəkdir.
20. Qəbzlərin surətindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 500 manat, xx.xx.2022-ci il tarixində 1111 manat, xx.xx.2022-ci il tarixində 3000 manat, xx.xx.2023-cü il tarixində 1500 manat, xx.xx.2023-cü il tarixində 1000 manat, xx.xx.2023cü il tarixində 2500 manat İddiaçı ödəniş edilmişdir.
21. İş materiallarındakı CD diskdə olan AUDİO-2023-09-09-21-32-25 nömrəli səs yazısından məlum olur ki, iddiaçı cavabdehə təşəkkür edərək 1111 manat pulun hesabına gəldiyini, onu atasının ümidinə qoymamağını, onun atasına inanmadığını, yalandan bir kağız aldığını və həmin kağızı da cırıb atdığını, söhbətin etibardan getmədiyini, həmin kağızı cavabdehin atasının məsuliyyətli olması üçün aldığını, məsələnin 100 və ya 1000 manatlıq məsələ olmadığını, 20000 manatlıq olduğunu, özünün də pula ehtiyacının olduğunu bildirməklə, cavabdehin atasının pulu ödənilməsində gecikməyə yol verməməsini xahiş etməkdədir.
22. İş materiallarındakı CD diskdə olan AUDİO-2023-09-09-21-31-58 nömrəli səs yazısında iddiaçı cavabdehin atası tərəfindən oktyabr ayının sonuna qədər pulun tam şəkildə ödənilmədiyi təqdirdə, həmin puldan 100 manat da qalmış olsa, 1000 manat da qalmış olsa, etibarnaməni ləğv edəcəyini, cavabdehin atasının ona (iddiaçıya) göndərməli olduğu pulun 10500 manat olduğunu, cavabdehin atası maşını cavabdeh üçün aldığına görə, cavabdehin xətrinə 10500 manatdan 200 manat güzəştə getdiyini, cavabdehin atasının maşını kiməsə satacağını bilmədiyini, cavabdehin atasının maşını cavabdeh üçün almadığını, onu (iddiaçını) aldatdığını, cavabdehin atası maşını cavabdeh üçün almış olsaydı, yenə də 200 manat güzəştə gedə biləcəyini bildirir, cavabdehin atasının 10500 manatdan borcdan 700 manat, sonra 500 manat və bank vasitəsilə 1000 manat göndərdiyini, cavabdehin atası oktyabr ayının sonunadək 10500 manatı tam şəkildə ödəmədiyi təqdirdə borcdan 100 manat da qalmış olsa belə etibarnaməni ləğv edəcəyini, bundan sonra aralarında problem yaranacağını deyir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi
340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.
24. Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
25. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(060)-3462/2023 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(060)- 3462/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş, iş materiallarındakı CD diskdə olan AUDİO-2023-09-09-21-31-58 nömrəli səs yazısından məlum olur ki, iddiaçı cavabdehin atası tərəfindən oktyabr ayının sonuna qədər pulun tam şəkildə ödənilmədiyi təqdirdə, həmin puldan 100 manat da qalmış olsa, 1000 manat da qalmış olsa, etibarnaməni ləğv edəcəyini, cavabdehin atasının ona (iddiaçıya) göndərməli olduğu pulun 10500 manat olduğunu, cavabdehin atası maşını cavabdeh üçün aldığına görə, cavabdehin xətrinə 10500 manatdan 200 manat güzəştə getdiyini, cavabdehin atasının maşını kiməsə satacağını bilmədiyini, cavabdehin atasının maşını cavabdeh üçün almadığını, onu (iddiaçını) aldatdığını, cavabdehin atası maşını cavabdeh üçün almış olsaydı, yenə də 200 manat güzəştə gedə biləcəyini, cavabdehin atasının 10500 manatdan borcdan 700 manat, sonra 500 manat və bank vasitəsilə 1000 manat göndərdiyini, cavabdehin atası oktyabr ayının sonunadək 10500 manatı tam şəkildə ödəmədiyi təqdirdə borcdan 100 manat da qalmış olsa belə etibarnaməni ləğv edəcəyini, bundan sonra aralarında problem yaranacağını bildirir.
28. Bundan başqa məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş, iş materiallarındakı CD diskdə olan AUDİO-2023-09-09-21-32-25 nömrəli səs yazısından məlum olur ki, iddiaçı cavabdehə təşəkkür edərək 1111 manat pulun hesabına gəldiyini, onu atasının ümidinə qoymamağını, onun atasına inanmadığını, yalandan bir kağız aldığını və həmin kağızı da cırıb atdığını, söhbətin etibardan getmədiyini, həmin kağızı cavabdehin atasının məsuliyyətli olması üçün aldığını, məsələnin 100 və ya 1000 manatlıq məsələ olmadığını, 20000 manatlıq olduğunu, özünün də pula ehtiyacının olduğunu bildirməklə, cavabdehin atasının pulu ödənilməsində gecikməyə yol verməməsini xahiş etməkdədir.
29. Göründüyü kimi iş materiallarında olan iddiaçıya məxsus səs yazılarından ibarət sübutlarla və iş materiallarında olan digər yazılı sübutlarla müəyyən edilir ki, iddiaçıya məxsus avtomobilin satılması və satışdan əldə edilmiş vəsaitin iddiaçıya ödənilməsi tam olaraq həyata keçirilmişdir. İddiaçı iş materiallarında olan xx.xx.2022-ci il tarixli sadə yazılı müqavilədə qeyd olunan 10300 manat pul məbləğinin avtomobilin alqı-atqısı ilə əlaqədar olmadığını iddia etsə də onun bu iddiası yuxarıda istinad olunan AUDİO-2023-09-09-21- 31-58 nömrəli və AUDİO-2023-09-09-21-32-25 nömrəli səs yazıları ilə inkar olunmuşdur. Belə ki, həmin səs yazılarında avtomobilə görə 10500 manatın ödənilməsindən, o cümlədən həmin məbləğin 200 manatının güzəşt edilməsindən söhbət gedir ki, xx.xx.2022-ci il tarixli sadə yazılı müqavilədə də məhz 10300 manat pulun borc verilməsi qeyd edilmişdir. Həmçinin, iddiaçı səs yazısında cavabdehə yalandan bir kağız aldığını və həmin kağızı da cırıb atdığını, söhbətin etibardan getmədiyini, həmin kağızı cavabdehin atasının məsuliyyətli olması üçün aldığını qeyd etmişdir ki, bu fakt da həmin müqavilənin yalan əqd olmaqla, əslində tapşırıq müqaviləsi üzrə qismən icra edilməmiş öhdəlik üzrə qalıq məbləğinin rəsmiləşdirməsinə xidmət etdiyini təsdiq etmişdir.
30. İddiaçı tərəfindən məhkəməyə tədim edilmiş səs yazılarında isə ümumi borc məbləğlərinin ödənilməsindən bəhs edilməklə, həmin səs yazılarında avtomobilin dəyəri qismində 18500 manat pul öhdəliyinin olması ilə yanaşı, əlavə olaraq 10300 manat borc pulun verilməli olması müəyyən edilməməkdədir.
31. İş materiallarında olan qəbzlərdən isə görünür ki, xx.xx.2022-ci il tarixində 500 manat, xx.xx.2022-ci il tarixində 1111 manat, xx.xx.2022-ci il tarixində 3000 manat, xx.xx.2023-cü il tarixində 1500 manat, xx.xx.2023-cü il tarixində 1000 manat, xx.xx.2023cü il tarixində 2500 manat İddiaçı ödəniş edilmişdir. Həmçinin, iddiaçı tərəfindən cavabdehin atasına ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqda 700 manat pulunda ödənilməsi etiraf edilmişdir ki, bununla da tapşırıq müqaviləsi üzrə qismən icra edilməmiş öhdəlik üzrə qalıq 10300 manat pul, o cümlədən avtomobilin alqı-satıqısı üzrə iddiaçıya ümumilikdə 18300 manat pulun tam olaraq ödənilməsi öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmuşdur.
32. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2023cü il tarixli, 2(060)-3462/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(060)-3462/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.