Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1040/2023 08.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, ona hesablanmış faizin qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(012)-1257/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı ASC borclu Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borcludan kreditor İddiaçı ASC-nin xeyrinə 4004,35 manat əsas, 930,38 manat faiz borcu olmaqla, cəmi 4934,73 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulmasına dair əmr çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli, 2(012)-4712/2018 saylı məhkəmə əmrinə əsasən borclu Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4004,35 manat əsas, 930,38 manat faiz borcu olmaqla, cəmi 4934,73 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması əmr edilmişdir. Borclu Cavabdeh etirazla məhkəməyə müraciət edərək, qeyd olunan məhkəmə əmrinin ləğv edilməsini, işin iddia icraatına keçirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmiş və Abşeron Rayon Məhkəməsinin qərardadına əsasən Abşeron Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(012)-1257/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh 4004,35 manat əsas, 930,38 manat faiz borcu olmaqla, cəmi 4934,73 manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ASC-nin hesabına ödənilməsi qət edilmişdir (hakim Sevinc Quliyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(012)-1257/2018 nömrəli qətnaməsini qismən faiz borcu hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə cavab vermədiyi üçün qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti mülki işlə birlikdə geri qaytarılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılan zaman müəyyən olundu ki, Abşeron Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(012)-1257/2018 nömrəli qətnaməsi 17 may 2018-ci il tarixli məktubla Cavabdeh yaşadığı ünvana göndərilmiş, daha sonra qətnamə qanuni qüvvəsini aldığından xx.xx.2018-ci il tarixdə icraya yönəldilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qətnaməsini almadığı bildirmiş, qətnamənin ona rəsmi qaydada təqdim olunmasını xahiş etmiş və məhkəmə qətnaməni xx.xx.2023-cü il tarixdə rəsmi qaydada ona təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi 17 may 2018-ci il tarixli məktubla Cavabdeh yaşadığı ünvana göndərilmiş qətnamənin onun tərəfindən qəbul edilib-edilməməsini, eləcə də qətnamə icraya yönəldikdən sonra icra prosesi zamanı cavabdehin həmin qətnamədən vaxtında məlumatlı olub-olmamasını araşdırmamış, prosessual müddətlə bağlı məsələyə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmamalı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Halbuki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 400, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Abşeron Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(012)-1257/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1040/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1040/2023
08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver