Məhkəmə qərarları › İş №2(105)-1041/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1041/2023

13.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1041/2023 13.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2478/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar.

2. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X2 doğulmuşdur.

3. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1715/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində və uşağın 3 yaşına çatanadək saxlanması üçün əlavə olaraq hər ay 60 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.

4. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-1484/2021 nömrəli qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1715/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat məbləğində sabit alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-1484/2021 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 160 manat tutulan alimentin artırılaraq, hər ay 193 manat alimentin, xx.xx.2019-cu il təvəllüdlü X1 müalicəsi məqsədilə hər ay 500 manat məbləğində əlavə pulun və mediasiya xərcinin əvəzi olaraq 25 manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1484 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən birgə nikahdan doğulmuş, xx.xx.2019cu il təvəllüdlü Yusif Şamilovun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 160 manat aliment tutulması qət edilmişdir. Uşaq xəstədi, nevroloji problemləri var və o, mütəmadi müalicə alır, cavabdehin ödədiyi 160 manat aliment uşağın heç bir tələbatını ödəmir. Uşağı xəstə olduğuna görə ona heç kim baxa bilmir o, özü baxır. Buna görə də heç yerdə işləyə bilmir. Valideynlərinin evində qalır. Valideynlərinin də maddi vəziyyəti çətindir, anası onun uşağına baxmaqda ona köməklik edir.

7. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2478/2022 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) iddia qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-1484/2021 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilməsi, ödənilmiş 25 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması, iddianın verilməsinə görə 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun, Ailə Məcəlləsinin 75.1, 76.1.1, 78.1, 78.2, 112.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1484/2021 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2478/2022 saylı qətnaməsinin “Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1484/2021 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 (yüzyetmiş) manat sabit pul məbləğində alimentin tutulması hissəsindən narazıdır. Məhkəmə iddianı qismən təmin edərkən maddi və prosessual hüquq normalarına düzgün əməl etməmişdir. Məhkəmə uşağın azyaşlı və xəstə olmasını nəzərə almamışdır. Halbuki, belə olan halda məhkəmə azyaşlının mənafeyi naminə hümanizm nümunəsi göstərməli, Ailə Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamə qəbul etməli idi. Maddi imkanı yoxdur, işləmir. Övladının tələbatları günü-gündən artır. Onun yeyib-içmək və digər xərclərini ödəyə bilmir. Övladı ilə birlikdə anasının himayəsində yaşayır. Oğlu Yusif “Autizim” xəstəsidir, əsəbidir, danışmır, hər ay mütəmadi müalicəyə etdiyacı vardır. Onun müalicəsi üçün hər ay 500 (beş yüz) manat pul tələb olunur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi - xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

20. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 193 manat, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda isə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir.

21. Məhkəmə kollegiyasım qeyd edir ki, cavabdehin maddi vəziyyətinin aşağı olması onu uşağı saxlamaq, onun qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmir, uşağın saxlanılması üçün tərəflər birgə və bərabər məsuliyyət daşıyırlar.

22. Birinci instansiya məhkəməsi Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-1484/2021 saylı qətnaməsinə əsasən müəyyən edilmiş 160 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat məbləğində sabit pul şəklində aliment tutulması nəticəsinə gəlsə də, uşaqlar üçün 2022-ci ildə yaşayış minumunun 193 manat, 2023-cü ildə isə artırılaraq 220 manat məbləğində müəyyən edildiyini nəzərə almamışdır.

23. Cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, diqqətəlayiq olan digər halları, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını və iddia tələbini əsas tutaraq, hesab edir ki, alimentin məbləği dəyişdirilməli, cavabdehdən hər ay uşağın saxlanılması üçün 193 manat sabit pul məbləğində aliment tutulmalıdır.

24. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi artırılmış aliment məbləğinin hansı tarixdən tutulmasını qətnamədə göstərməmişdir.

25. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarın 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2478/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-1484/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar