Məhkəmə qərarları › İş №2(105)-1045/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1045/2025

12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1045/2025 12.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: icarə münasibətləri, maddi zərərin ödənilməsi tələbi ) X13 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(027)-515/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6998 (altı min doqquz yüz doxsan səkkiz) manat məbləğində pulun və 90 (doxsan) manat məbləğində ödənilmiş dövlət rüsumun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçən ilin noyabr ayında Cavabdeh adlı şəxsdən icarəyə “Shagman” markalı yük maşını almışdır. Rahimi əvvəlcədən tanımamışdır. Onlar ortaq tanışları vasitəsilə tanış olmuşlar. Aylıq ödənişi 2000 (iki min) manata, ancaq maşının təmirə ehtiyacı olduğu üçün aralarında şifahi olaraq razılaşmışlar ki, 1500 (min beş yüz) manat ödəsin, qalan 500 (beş yüz) manatı isə maşının təmir xərci kimi ödəniləcək. Razılaşmaya əsasən maşını götürmüşdür. Onun təmirinə başlamışdır. O, ümumilikdə zəhmət haqqını çıxmaqla 11000 (on bir min) manat təmirə pul xərcləmişdir. Bu pul məbləğinin içində 2700 (iki min yeddi yüz) manat icarə pulu vermişdir. Bu ilin yanvarında razılıq əsasında başqa şirkətə icarəyə vermişdir. Buna Cavabdeh razılıq vermişdir. Şirkət əmək haqlarını gecikdirdiyinə görə o da icarə pulunu ödəyə bilməmişdir. Buna görə də Cavabdeh ondan maşını geri tələb eləmişdir. Maşının mülkiyyətçisi Rahimin oğlu Tural Məmmədovdur. Rahimdə isə Turalın verdiyi baş (əsas) etibarnamədir. Tural həbsdə olarkən ona zəng vurmuş və bu barədə ona da məlumat vermişdir. Pul ödənişi barədə aralarında razılaşmışlar. Ancaq razılaşmaya əməl etməmişlər. Maşını ondan Rahim və digər oğlu Turqul gəlib bu ilin mart ayının 1-də götürmüşlər. Onlar maşını ondan geri almışlar və çəkilən xərci də ödəməkdən imtina etmişlər. Hal- hazırda Cavabdeh ona 6998 (altı min doqquz yüz doxsan səkkiz) manat verməli pul vardır. Bundan əlavə də ona pul verməlidirlər. Lakin rəsmi olanı qaimə vasitəsilə 6998 (altı min doqquz yüz doxsan səkkiz) manat təşkil edir. Maşının təmiri zamanı telefon vasitəsilə video lentə almışdır. Sübut kimi diskə də köçürmüşdür. Onun təmirə xərclədiyi pulu geri qaytarmaları üçün dəfələrlə telefonla əlaqə saxlamış, evlərinə getmişdir. Lakin Cavabdeh təmirə xərclədiyi pul vəsaitini ona geri qaytarmaqdan imtina etmişdir. O da məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Şahid qismində dindirilmiş X5 bildirmişdir ki, avtomobil ustası kimi fəaliyyət göstərir. İddiaçı avtomobili ona təmir edilməsi üçün təhvil verən zaman işlək vəziyyətdə deyildi. Avtomobili saz vəziyyətinə gətirmək üçün 01 ay müddət sərf edilmişdir. Avtomoilin motorunu (giliz, porşen) saz vəziyyətə gətirmişdir. Avtomobilin təmirinə lazım olan ehtiyyat hissələrini iddiaçı alıb gətirmişdir. Avtomobilin təkərləri dəyişdirilib. Disklərin bəziləri çatlaq vəziyyətdə idi. Həmin disklər də dəyişdirilmişdir. Avtomobilin təmirinə təxminən 8.000 manat məbləğində sərf edilmişdir.

5. Şahid qismində dindirilmiş X7 bildirmişdir ki, iddiaçı onun həmkəndlisidir. O, kənddə maşın təmiri ustası kimi fəaliyyət göstərir. Avtomobilin təmirində iştirak etmişdir. Avtomobilin motorunun bütün hissələri demək olar ki, qeyri-işlək vəziyyətdə olmuşdur. Avtomobilin təmirinə lazım olan ehtiyyat hissələrini iddiaçı alıb gətirmişdir. Təxminən 45 gün avtomobil təmirdə qalmışdır. Vasif ona avtomobilin təmiri ilə bağlı xidmət haqqını ödəmişdir. Avtomobil təmir olunan zaman nə cavabdeh, nə də onun övladlarını görməmişdir. Avtomobilin təmirinə təxminən 10.000-12.000 manat məbləğində sərf edilmişdir.

6. Şahid qismində dindirilmiş X1 Samir İsgəndər oğlu ilə eyni məzmunlu izahat verərək onun dediklərini bir daha təsdiq etmişdir.

7. Şahid qismində dindirilmiş X6 bildirmişdir ki, icarə müqaviləsi əsasında mübahisə predmetini təşkil edən avtomobil hazırda onun istifadəsindədir. Avtomobil ona verilən zaman nasaz vəziyyətdə olmuşdur. Avtomobil onun istifadəsinə verildikdən sonra 03 ay Xocasən qəsəbəsində yerləşən təmir sexində təmir olunmuşdur. Avtomobilin bütün təkərləri və diskləri tamamilə dəyişdirilmişdir. Avtomobilin digər ehtiyyat hissələrindən olan nasazlıqlar təmir edilmişdir. Avtomobilin təmirinə təxminən 10.000 manatdan çox xərc onun tərəfindən çəkilmişdir.

8. Şahid qismində dindirilmiş X10 bildirmişdir ki, cavabdeh onun atasıdır. Avtomobil iddiaçıya icarəyə veriləndə işlək vəziyyətdə olmuşdur. İlkin olaraq avtomobilin icarə haqqı 2000 manata danışılsa da, sonradan iddiaçı 1500 manat icarə haqqı verəcəyini, yerdə qalan 500 manatı isə avtomobilin təmir xərclərinə ödəyəcəyini bildirmişdir. Ona görə də avtomobilin icarə haqqı 1500 manat müəyyən edilmişdir.

9. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, “Shagman” markalı yük avtomobilinin təmirinə 4080 manat məbləğində vəsait sərf edilmişdir.

10. 25.11.2023-cü il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, avtomobil təmiri üçün alınan ehiyyat hissələrinə 970 manat məbləğində vəsait sərf edilmişdir.

11. 01.02.2024-cü il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, avtomobil təmiri üçün alınan ehtiyyat hissələrinə 795 manat məbləğində vəsait sərf edilmişdir.

12. 04.12.2023-cü il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, avtomobil təmiri üçün alınan ehiyyat hissələrinə 483 manat məbləğində vəsait sərf edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

13. Quba Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(027)-515/2025 nömrəli qətnaməsi ilə (hakim Aydın Babayev) iddianın təmin edilməsi, Cavabdeh 6998 (altı min doqquz yüz doxsan səkkiz) manat və 90 (doxsan) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 700.1, 700.3, 680.1, 680.2 və 1090.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 119, 216-220, 227. 233-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

15. Quba Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(027)-515/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. İşin obyektiv həllinə kömək etmək üçün öz səlahiyyətləri daxilində araşdırmalar aparmamışdır. Məhkəmə heç bir əsaslı araşdırma aparmadan, iş üzrə hər hansı əsaslı sübut olmamasına baxmayaraq, iddia tələbini təmin etmişdir. Tərəfindən təqdim olunan sübutlara məhkəmə tərəfindən qərəzli baxılmış, eyni zamanda obyektiv yanaşılmamış, qətnamənin əsasına işin halları və faktlarla uyğunlaşmayan fərziyyələr qoyulmuşdur. Məhkəmə araşdırması zamanı heç bir əsas olmadan əsassız şahid ifadələri işin mahiyyəti üzrə həllində əsas sübut kimi qiymətləndirilmişdir. İş materiallarına nəzər saldıqda məhkəmə tərəfindən prosesual hüquq normasının tələblərinin pozulduğu görünür.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

18. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, ilk əvvəl iddiaçı ilə olan razılığa əsasən hər ay 2000 manat icarə haqqı ödəməli idi, lakin sonradan avtomaşının təmir xərcinin çox olduğunu bildirdi və ona görə biz aylıq icarə haqqını 1500 manata razılaşdıq.

19. Cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

20. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Eləcə də izahatında bildir ki, o, avtomaşını icarə müddətində hissə-hissə, avtomaşın işləyə-işləyə yaranan qusurları təmir etdirmişdir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1. binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri;

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.

25. Məhkəmə kollegiyasının qənaətincə apellyasiya şikayətinin dəlilləri yoxlanılarkən birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün təfsir olunmaması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verildiyi müəyyən edilmişdir.

26. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli etibarnamə əsasında cavabdeh tərəfindən “Shacman Sx331 Yük” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının istifadəsinə verilmiş, avtomobil 2023-cü ilin noyabr ayından - 2024-cü ilin fevral ayınadək iddiaçının istifadəsində olmuş, iddiaçı həmin müddətdə avtomobilin təmiri ilə bağlı xərc çəkidiyini iddia edir və həmin çəkilmiş xərcin əvəzi olaraq 6328 manat pul tələbi ilə məhkəməyə müraciət etmişdir.

27. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir.

28. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı lazımi vicdanlılıqla fəaliyyət göstərdiyindən, ödənişlərlə bağlı sübutlar nəzərə alınmaqla iddia təmin edilməli, Cavabdeh Asif oğlundan 6998 (altı min doqquz yüz doxsan səkkiz) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

29. Quba Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(027)-515/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq şikayətin dəlillərini əsaslı hesab edir. Kollegiyanın qənaətincə birinci instansiya məhkəməsi mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir.

31. Məhkəmə kollegiyası ilk öncə işin müəyyən edilmiş fatiki hallarını qiymətləndirərək qeyd edir ki, araşdırılan mübahisə icarə müqvaqilə münasibətləri ilə bağlıdır.

32. Tərəflərin izahatlarından göründüyü kimi aralarında şifahi icarə müqavilə münasibətləri yaranmış, 2023-cü ilin noyabr ayında cavabdeh iddiaçının istifadəsinə aylıq icarə haqqı 1500 manata razılaşdırılmaqla “Shacman Sx331 Yük” markalı avtomaşın vermişdir. İcarəçi tərəfindən öhdəlik lazımınca yerinə yetirilmədiyi üçün 2024-cü ilin fevral ayında tərəflər arasında icarə münasibətlərinə xitam verilmiş, avtomobil mülkiyyətçi tərəfindən geri götürülmüşdür. İcarə müddətində icarəçi (iddiaçı) tərəfindən icarəyə verənə (cavabdehə) cəmi 2700 manat icarə haqqı ödənilmişdir.

33. Eləcə də tərəflər arasında ilkin olaraq aylıq icarə haqqının 2000 manat olması barədə daşıqlar olsa da, nəticədə tərəflər avtomobilin istifadəsi ilə bağlı təmir xərclərinin icarəçi tərəfindən ödəniləcəyi halda aylıq icarə haqqını 1500 manata razılaşmış, icarə münasibətləri qeyd olunan şərtlərlə baş tutmuşdur.

34. Bu sadalananları hər iki tərəf bildirməklə, işin mübahisəsiz halıdır.

35. İşin mubahisələndirilən halı avtomaşına çəkilmiş təmir xərcləri və əvəzinin ödənilməsi ilə bağlıdır.

36. İddiaçı avtomaşının ona qüsurlu vəziyyətdə təhvil verildiyini, onun istifadəsində olduğu müddətdə avtomobilin təmirinə cəmi 6998 manat xərclədiyini və avtomaşın geri qaytarıldığından həmin məbləğin icarəyə verən (cavabdeh) tərəfindən ona ödənilməli olduğunu iddia edir, tələbinin əsası olaraq iddia ərizəsinə əlavə edilmiş qaimə fakturalara istinad edir.

37. Cavabdeh iddia tələbinə etiraz edərək avtomobilin iddiaçının istifadəsinə yararlı vəziyyətdə verildiyini, təmir xərclərinin icarəçi (iddiaçı) tərəfindən ödənilməli olduğunu, bu barədə aralarında razılaşma olduğunu, məhz bu razılaşmaya görə icarə haqqını 2000 manata deyil, 1500 manata razılaşdıqlarını bildirmişdir.

38. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

40. Kollegiya qanunvericiliyin göstərişlərindən çıxış edərək bildirir ki, mülki prosesdə bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipini rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

41. Məhkəmə kollegiyası ilk öncə vurğulayır ki, iddiaçı avtomaşının onun istifadəsinə qusurlu verildiyini iddia etsə də, bu barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir.

42. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və tədqiq edilmiş videodiskdəki görüntülər isə güvənli nəticəyə gəlmək üçün yetərli sübut kimi qiymətləndirilə bilməz.

43. Eləcə də kollegiya iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahid ifadələrini yoxlayaraq hesab edir ki, həmin ifadələr iddianın təmin edilməsi üçün əsaslı şübhədən kənar sübut növü olaraq qəbul edilə bilməz.

44. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir, mülki qanunvericiliyin tələbinə görə əgər kirayəyə götürülən əşyanın müqaviləyə uyğunsuzluğu kirayəçiyə müqavilə bağlanarkən məlum olmuşsa, qüsuru bilə-bilə müqavilənin şərtlərinə uyğun gəlməyən əşyanı qəbul etmişsə bu halda kirayə verənin kirayəçi qarşısında kirayəyə verilmiş əşyanın qüsurları üçün məsuliyyəti istisna olunur.

45. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tərəfindən icarə müddətində müəyyən etdiyi hər hansı qüsur barədə icarəyə verənə (cavabdehə) bildiriş verilməmiş, məlumatlandırılmamışdır.

46. Bundan əlavə, məhkəmə araşdırması zamanı iddiaçı izahat verərək göstərdi ki, «işləyə işləyə yaranan qüsurları» təmir etdirmiş, ona görədə təqdim etdiyi qaimə fakturalar ayrı-ayrı aylara aiddir.

47. Kollegiya qeyd edir ki, iddiaçı iddia tələbində avtomaşının ona qusurlu vəziyyətdə verildiyini və çəkilmiş xərclərə görə maddi zərərin ödənilməsini iddia etsə də işin müəyyən edilmiş hallarından, iddiaçının izahatında verdiyi məlumatlardan, təqdim olunan sübutlardan görünür ki, iddiaçı tərəfindən təmirə çəkilmiş xərclər avtomaşının istifadə olduğu müddətdə yaranan qursurların aradan qaldırılması ilə bağlı olmuşdur ki, həmin xərclərin ödənilməsi öhdəliyi də tərəflərin razılaşmasına görə iddiaçının üzərində olmuşdur.

48. Mülki Məcəllənin 680.1-ci maddəsinə istinadən məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş halları iddiaçının iddia etdiyi xərclərin icarəyə verilmiş avtomaşının saxlanılması, istismarı ilə bağlı xərclər olması qənaətinə gəlməyə əsas verir. Qeyd olunan hallarla bağlı isə qanunvericilik icarəyə verəni çəkilmiş xərclərin ödənilməsindən azad etmişdir.

49. Göstərilənləri ümumilşədirərərk kollegiya hesab edir ki, birinci instnasiya məhkəməsi tərəfindən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymət verilməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması, sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.”

51. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında göstərilir ki, “…məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılması həmin qətnaməni ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.”

52. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(027)-515/2025 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 385.2, 392,393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(027)-515/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar