Məhkəmə qərarları › İş №2(105)-1046/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1046/2023

28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1046/2023 28.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(060)-8567/2021 nömrəli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “vakala” borc müqaviləsi üzrə 1120,59 (min yüz iyirmi manat, əlli doqquz qəpik) manat məbləğində əsas borc məbləğinin və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(060)-8567/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh “vakala” borc müqaviləsi üzrə 1120,59 (min yüz iyirmi manat, əlli doqquz qəpik) manat əsas borc məbləğinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Qətnamədən narazı qalan Cavabdeh xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(060)-8567/2021 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinə iddia müddəti tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti ilə yanaşı apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verərək Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(060)-8567/2021 nömrəli qətnaməsindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və mülki işin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-8567/2021 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(060)-8567/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət rədd edilmişdir (hakim Elmir Hüseynov). Həmin qərardaddan narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-8567/2021 nömrəli qərardadının ləğv edilərək ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, qətnaməni rəsmi qaydada almamışdır. 2023cü ilin yanvar ayında ərizə ilə məhkəməyə müraciət edib qətnamənin ona verilməsini xahiş etmişdir. 19 yanvar 2023-cü ildə ona qətnamə təqdim olunmuşdur. 30 yanvar 2023-cü ildə o, vəkilə müraciət etmiş və həmin vaxt müəyyən olundu ki, ona verilən qətnamə tamam başqa qətnamədir. O, yenidən həmin tarixdə məhkəməyə gəlmiş və qətnamənin ona səhv verildiyini bildirmişdir. 30 yanvar 2023-cü ildə qətnamə ona təqdim olunmuşdur. Lakin onun qətnaməni alarkən imza etiyi qəbzdə tarix 19 yanvar 2023-cü il kimi qeyd olunmuşdur. O, qətnaməni 30 yanvar 2023-cü ildə almış, şikayət vermə müddəti üzrlü səbəbdən ötürülmüşdür. Bundan əlavə qeyd edir ki, o, qətnaməni xx.xx.2021-ci il tarixdə şəxsən poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza etməklə qəbul etməmişdir. O həmin imzanın ona məxsus olub-olmamasının müəyyən olunması üçün ekspertiza keçirilməsini xahiş etmişdir. Lakin məhkəmə ekspertiza keçirməkdən imtina etmişdir. Qərardadda isə məhkəmə qeyd edib ki, “xx.xx.2021-ci il tarixdə Cavabdeh şəxsən poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza etməklə qətnaməni qəbul etmişdir”. Maraqlıdır ki, həmin imzanın ona məxsus olub-olmaması müəyyən olunmadan məhkəmə əminliklə belə nəticəyə necə gələ bilər? Həmin xəbranamədə olan imzanın ona məxsus olub-olmamasının mübahisələndirmək onun hüququdur. Lakin məhkəmə vəsatətini təmin etməməklə onu bu hüquqdan məhrum etmişdir. Hesab edir ki, iş üzrə ekspertiza keçirilməli və xx.xx.2021-ci il tarixdə şəxsən poçt göndərişinin verilməsi barədə xəbərnamədəki imzanın ona məxsus olub-olmaması müəyyən olunmalıdır. Çünki qeyd etdiyi kimi xx.xx.2021-ci il tarixdə o, qətnaməni almamışdır. Qətnamənin ona 19 yanvarda səhv verilməsi və o, 30 yanvarda həmin qətnaməni qaytarıb öz qətnaməsini alması isə üzrlü səbəbdən olmuş və bu onun təqsirindən olmamışdır. Ona görə də hesab edir ki, bu hal üzürlü sayılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-8567/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Elmir Hüseynov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 8567/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsaən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-cü maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(060)-8567/2021 nömrəli qətnaməsi 22 dekabr 2021-ci il tarixdə məktubla poçt vasitəsi ilə Cavabdeh yaşadığı ünvanına göndərilmiş, sözü gedən qətnamə SS74737099AZ nömrəli poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən həmin ünvanda “Cavabdeh” qeydi aparılmaqla xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, daha sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8567/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ünvan 1 ünvanına göndərilməsini xahiş etmiş, məhkəmə aktının surətinin təkrar alınması ilə əlaqədar 10 manat dövlət rüsumu ödəmişdir. Bundan sonra Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8567/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi 19 yanvar 2023- cü il tarixində Cavabdeh tərəfindən məhkəmə qəbzinə imza edilməklə qəbul edilmiş, lakin Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən “elektron məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Cavabdeh şikayətini «məhkəmə qətnaməsini xx.xx.2021-ci il tarixdə rəsmi qaydada almaması, xəbərnamədə olan imzanın ona məxsus olmaması, ona qətnamənin rəsmi qaydada 19 yanvar 2023-cü il tarixdə təqdim olunması, lakin sonradan həmin qətnamənin ona səhv təqdim olunması və qətnaməni dəyişdirərək 30 yanvar 2023-cü il tarixdə rəsmi qaydada alması» ilə əsaslandırsa da, öz şikayətinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlillərini əsaslı hesab etmir. Əksinə, məhkəmə kollegiyasının araşdırması nəticəsində Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(060)-8567/2021 nömrəli qətnaməsinin 22 dekabr 2021-ci il tarixdə məktubla poçt vasitəsi ilə Cavabdeh yaşadığı ünvanına göndərilməsi, sözü gedən qətnamənin poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən həmin ünvanda “Cavabdeh” qeydi aparılmaqla xx.xx.2021-ci il tarixdə qəbul edilməsi, daha sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin onun ünvanına göndərilməsini xahiş etməsi, məhkəmə aktının surətinin təkrar alınması ilə əlaqədar 10 manat dövlət rüsumunu ödəməsi, bundan sonra qətnamənin 19 yanvar 2023-cü il tarixdə Cavabdeh tərəfindən məhkəmə qəbzinə imza edilməklə qəbul edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiya hesab edir ki, cavabdeh qətnamədən apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verdiyindən birinci instansiya məhkəməsinin Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətin rədd edilməsi barədə qərardadı əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş buraxılmış prosessual müddətin bərpası barədə vəsatətin rədd edilməsi barədə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(060)-8567/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar