Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1046/2024 24.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-1640/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, "xxxx" KB ASC-yə müraciət edərək "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli, 02/21-Ə saylı ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu bildirmiş, ona təqdim edilən kartın növündən asılı olaraq hesab açılmasının təmin edilməsini xahiş etmişdir.
2. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh bir ədəd 409809NEQİUZ6122 nömrəli plastik kart verilmişdir.
3. "xxxx" KB ASC-nin xx/xx/2023-cü il tarixli, UB-İNSH/ƏB/1206 saylı bank sənədindən görünür ki, Cavabdeh bankda 409809NEQİUZ6122 nömrəli kart hesabı var. Bu plastik kart üzrə ümumi overdraft borcu əsas məbləğ 93.35 manat, xx.xx.2023-cü il tarixə hesablanmış cərimə 45.36 manat məbləğ olmaqla ümumi 138.71 manat təşkil etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı "xxxx" KB ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 93.35 manat overdraft borcunun, 45.36 manat cərimə borcu olmaqla, cəmi 138.71 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir .
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli ümumi oferta haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanılmış müqavilənin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə bank müştəriyə cari hesab (bundan sonra hesab adlanacaq) açmağı və hesab üzrə plastik kart(lar) (bundan sonra kart adlanacaq) vasitəsi ilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsi, müştəri isə bu müqavilənin ayrılmaz hissəsi olan bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən müştəri tərəfindən “kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək. X3 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir”. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-1640/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia qismən təmin edilərək, Cavabdeh 93.35 manat əsas overdraft borcu və 20 manat cərimə borcu olmaqla cəmi 113.35 manat borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutulub iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh sonuncunun xx.xx.2021-ci il tarixli ərizəsi əsasında bir ədəd plastik kart verilmişdir. İşə əlavə edilmiş sənəddən aydın olur ki, müştərinin (cavabdehin) kartında xx.xx.2021-ci il tarixində hesabda olan vəsaiti 1.50 AZN, xx.xx.2021-ci il tarixində hesabda olan vəsaiti 3.72 AZN, xx.xx.2021-ci il tarixində hesabda olan vəsaiti 0.67 AZN, xx.xx.2021 -ci il tarixində hesabda olan vəsaiti 0.02 AZN, xx.xx.2021-ci il tarixində hesabda olan vəsaiti 0.01 AZN, xx.xx.2021-ci il tarixində hesabda olan vəsaiti 21.78 AZN, xx.xx.2021-ci il tarixində hesabda olan vəsaiti 142.80 AZN C2C əməliyyatları edib və vəsaitlər hesabdan silinməyib və həmin gün həmin vəsaitləri hesabdan da məxaric etdiyi üçün overdraft yaranmışdır. Cavabdehin iddiaçı tərəfindən xidmət edilən plastik kart vasitəsilə apardığı əməliyyatlar zamanı overdraft halının baş verməsi təsdiq edildiyindən, əsassız varlanma hallarını tənzimləyən maddi hüquq normalarının tələbləri baxımından iddiaçının cavabdehə qarşı hazırkı tələbi əsaslıdır. Tələb edilən məbləğin həcminə gəldikdə isə, məhkəmə hesab edir ki, əsas borca münasibətdə iddia tam əsaslıdır.
8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 439.4, 442, 443.1, 445.1, 445.7, 448.1, 448.2, 467, 1091.1, 1091.2, 1093.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borcla bağlı şikayət etdikdə bank əməkdaşı bildirmişdir ki, texniki səhv nəticəsində bu borc yaranmışdır. Onun banka heç bir borcu olmamışdır. Texniki səhv nəticəsində yaranmış borc vətəndaşdan tutulmuşdur. Məhkəmə isə bütün bunları nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
13. Məhkəmənin əvvəllki iclasında iştirak etmiş üçüncü şəxs qismində cəlb olunan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
16. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 439. Pul öhdəliklərinin icrası 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. (...) 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. (...)
18. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
21. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
22. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
25. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
29. İşdən görünür ki, iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə vəsatət verərək hazırkı iddia üzrə tələb hüququnun xx.xx.2024-cü il tarixli 04/24UB nömrəli müqavilə əsasında "xxxx" KB ASC-dən "xxxx" ASC-yə (VÖEN **********, əvvəlki adı "xxxx" MMC) keçdiyini bildirmiş, məhkəmə tərəfindən çıxarılacaq qətnamənin "xxxx" ASC-nin mübahisə üzrə hər iki tərəfə münasibətdə hüquq və vəzifələrinə birbaşa təsir edəcəyini nəzərə alaraq, iş üzrə "xxxx" ASC-ni (VÖEN **********) iddiaçının tərəfində çıxış edən üçüncü şəxs kimi prosesdə iştiraka cəlb edilməsini xahiş etmişdir.
30. Vəsatət əlavə edilmiş 18 iyul 2022-ci il tarixli, 02/22 UB saylı müqaviləsinin 1.1-ci bəndinə əsasən tələbkar "xxxx" X5 Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarlarına (qərar, əmr, qətnamə və sair) əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə (siyahı) və/və ya elektron daşıyıcılarda (disk və s.) qeyd edilən məbləğdə borc qalıqlarına (bundan sonra “borc qalıqları”) dair irəli sürə biləcəyi tələbləri üzrə bütün hüquqlarını yeni tələbkara "xxxx" Açıq Səhmdar Cəmiyyətinə satmışdır.
31. Vəsatət əlavə edilmiş xx.xx.2024-cü il tarixli 04/24UB nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" X5 Səhmdar Cəmiyyəti 18 iyul 2022-ci il tarixli, 02/22 UB saylı tələb hüququnun satılması haqqında müqavilənin 1.1-ci maddəsinə müvafiq olaraq tələbkar aşağıda qeyd edilən məbləğdə borc qalıqlarına dair irəli sürə biləcəyi tələblər üzrə bütün hüquqlarını yeni tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə satır: 1293. Cavabdeh, 3138ovBANK/22 nömrəli kredit müqaviləsi, 143,35 AZN borc məbləği.
32. Məhkəmə kollegiyası xx.xx.2024-cü il tarixli məhkəmə iclasında "xxxx" MMC-ni mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etmişdir.
33. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli ərizə ilə "xxxx" KB ASC-yə müraciət edərək "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli, 02/21-Ə saylı ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu bildirmiş, ona təqdim edilən kartın növündən asılı olaraq hesab açılmasının təmin edilməsini xahiş etmişdir. Daha sonra isə xx.xx.2021-ci il tarixli aktdan görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh bir ədəd 409809NEQİUZ6122 nömrəli plastik kart verilmişdir.
34. "xxxx" KB ASC-nin xx/xx/2023-cü il tarixli, UB-İNSH/ƏB/1206 saylı bank sənədindən görünür ki, Cavabdeh bankda 409809NEQİUZ6122 nömrəli kart hesabı var. Bu plastik kart üzrə ümumi overdraft borcu əsas məbləğ 93.35 manat, xx.xx.2023-cü il tarixə hesablanmış cərimə 45.36 manat məbləğ olmaqla ümumi 138.71 manat təşkil etmişdir.
35. İddiaçı "xxxx" KB ASC iddia tələbində Cavabdeh ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 3138ovBANK/22 nömrəli müqaviləyə əsasən cavabdehin banka olan 93.35 manat overdraft borcunun, 45.36 manat cərimə borcu olmaqla, cəmi 138.71 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq, tələb edilən borc məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyənləşdirilməsi üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir.
37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6509 nömrəli, 07 noyabr 2024-cü il tarixli rəyindən görünür ki, məhkəmə-mühasibat ekspertizası ilkin mühasibatlıq sənədləri əsasında aparılan tədqiqatdır. Lakin, göründüyü kimi, təqdim edilmiş iş materiallarında mühasibatlıq sənədləri tam şəkildə öz əksini tapmamışdır. Bununla yanaşı qeyd edilir ki, iddia ərizəsində mübahisənin predmeti xx.xx.2022-ci il tarixli müqavilə qeyd olunsa da, iş materiallarında xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsi mövcuddur ki, həmin müqavilədə də cavabdehin rekvizitləri öz əksini tapmamışdır.
38. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
39. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur.
40. İddiaçı tələbinin əsasını təşkil edən xx.xx.2022-ci il tarixli müqaviləyə istinad etsə də, həmin müqaviləni nə məhkəməyə, nə də ki, ekspertiza tədqiqatına təqdim etməmişdir. Əksinə iddia ərizəsinə əlavə etdiyi xx.xx.2023-cü il tarixli məktubda göstərilən kartla edilmiş əməliyyatların xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək edildiyi görünür. İddiaçı tərəfindən təqdim olunmuş digər sübut – xx.xx.2021-ci il tarixli ərizə-anketdən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh sonuncunun xx.xx.2021-ci il tarixli ərizəsi əsasında bir ədəd plastik kart verilmişdir. Həmin ərizədə də, ərizəçinin xx.xx.2021ci il tarixli 02/21-Ə saylı ümumi oferta şərtlərini qəbul etdiyi qeyd edilir. İddia ərizəsinə isə xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsi əlavə olunub.
41. Digər tərəfdən, iddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli UB-BANK/PİKMD/ nömrəli bildirişdə mövcud borcun xx.xx.2022-ci il tarixli, 3138ovBANK/22 saylı kredit müqaviləsinə əsasən yarandığı göstərilmişdir.
42. Göründüyü kimi qeyd olunan ziddiyyətli hallar və sübutların çatışmamazlığı mövcud vəziyyətdə cavabdehin iddiaçı qarşısında pul öhdəliyinin olması və ondan tələb olunan borc məbləğinin tutulması nəticəsinə gəlməyə əsas vermir.
43. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını araşdırmayaraq iddianın qismən təmin edilməsi barədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
45. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
46. Göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)- 1640/2024 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
47. Kollegiya MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
48. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 50 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-1640/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun və ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.