Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1048/2023 25.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə İddiaçı “Nikoyl” X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Cavabdeh2 apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətin təmin edilməməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli 2(060)-6540/2017 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6540/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “Nikoyl” X1 xeyrinə əsas borc üzrə 4.825,49 ABŞ dolları, faiz borcu üzrə 1.527,92 ABŞ dolları, cərimə borcu üzrə 50 ABŞ dolları, ümumilikdə 6.403,41 ABŞ dollarının və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 28 manat dövlət rüsumunun tutulması qət edilmişdir (hakim Ceyhun Məmmədov). Cavabdeh2 apellyasiya şikayəti, eyni zamanda vəsatət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6540/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün AR MPM-nin 360-cı maddəsi ilə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnaməni məhkəməyə müraciət etdikdən sonra xx.xx.2023-cü il tarixdə əldə etmiş və ondan xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmiş, apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Cavabdeh2 qərardadan şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.3023cü il tarixli 2(060)-6540/2017 nömrəli qərardadını ləğv etməklə apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatətinin təmin olunması və mülki işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi qərardaddadında maddi normaya istinad etməmiş və qərardad prosessual normalarla əsaslandırıldığı üçün maddi normanın pozulması və düzgün tətbiq olunmaması ilə bağlı dəlillər mövcud deyildir. Məhkəmə qərardadında qeyd etmişdir ki, qətnamə tərəflərin qeydiyyat ünvanına göndərilmiş və xx.xx.2017-ci ildə poçt vasitəsilə şəxsən ona verilmişdir. Halbuki belə bir hal olmamışdır. Qətnaməni rəsmi qaydada aldığı vaxtdan bir ay müddətində apellyasiya şikayəti vermiş və müddətin bərpası ilə bağlı vəsatətini də məhkəməyə ünvanlamışdır. Bu hal da müddətin bərpası üçün əsas verdiyi halda məhkəmə müddəti bərpa etməmiş və onun prosessual hüquqlarını pozulmuşdur. Məhkəmənin ona göndərilən məktublar ona deyil, başqa şəxslərə verilirsə bu onun qətnamədən şikayət vermək hüququndan məhrum etmir, lakin məhkəmənin hazırkı qərardadı onun bu hüquqlarının üstündən xətt çəkmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli 2(060)- 6540/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. İş materiallarından aydın olur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi tərəflərə göndərilmiş, iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixdə xəbərnaməyə imza etməklə qətnaməni əldə etmişdir. Bu halda qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin axımı qətnamənin surətinin ona təqdim edildiyi tarixin səhəri günündən, yəni xx.xx.2017-ci il tarixdən başlanır və xx.xx.2017-ci il tarixdə bitir. İş materiallarından görünür ki, Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə aktının ona verilməsini xahiş etmiş və ərizəsinə “məhkəmə aktının surətinin təkrar verilməsi” ilə bağlı dövlət rüsumunu ödəməsinə dair qəbzi əlavə etmişdir. Daha sonra cavabdehin qətnamədən verdiyi apellyasiya şikayəti xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına əsas ola bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət Cavabdeh2 təqsiri ilə əlaqədar ötürülmüşdür. Cavabdehin “məhkəmə aktının surətinin təkrar verilməsi” ilə bağlı dövlət rüsumunu ödəməsi də bu halı təsdiq edir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti rədd etməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli 2(060)-6540/2017 nömrəli dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli 2(060)-6540/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1048/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1048/2023
25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver