Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1051/2024 10.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-666/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. AZ-İİİ 520866 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 02 mart 2015-ci ildə X5 adlı uşaqları doğulmuşdur.
2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-566/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-151/2016 saylı, 03 iyun 2016-cı il tarixli qətnaməsi ilə 02 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay tutulan 117 manat sabit pul məbləğində aliment miqdarı artırılması, 02 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentə görə pul cavadeh Cavabdeh alınaraq İddiaçı qızının xeyrinə tutulması, alimentin tutulmasının əvvəli hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)566/2020 saylı 07 yanvar 2020-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minən vaxtdan hesablanması qət edilmişdir.
3. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh “X6 Limited" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində işləyir və onun aylıq əmək haqqı 2383,75 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə rəsmi nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X5 adlı uşağın saxlanılması üçün alimentin miqdarının artırılaraq həmin məbləğin cavabdehin əmək haqqına və digər gəlirlərinə yönəldilməsi, uşağın sosial təminatının yaxşılaşdırılması üçün hər ay X4 Azərbaycan Respublikasının 2023-cü il üçün qanununa əsasən uşaqlar üçün yaşayış minimumu hər ay üçün 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2014-cü ildə ailə quraraq, nikahılarını rəsmiləşdirmişlər. Rəsmi nikahdan xx.xx.2015-ci il təvəllüdlü X5 adlı bir uşaqları anadan olmuşdur. Uşaq hazırda onun himayəsindədir. Cavabdehlə münasibətləri normal olsa da sonradan baş vermiş ziddiyətlər ailənin dayaqlarını sarsıtmışdır. 2020-ci ildə aralarında olan nikah pozulmuş və buna dair müvafiq Şəhadətnamə alınmışdır. Cavabdehlə rəsmi nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X5 adlı uşağın saxlanılması üçün 160 manat aliment müəyyən edilmişdir. Bu məbləğlə uşağın saxlanılması çətinliklər yaradır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
6. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə müraciət etmiş və iddia tələbini dəqiqləşdirərək ,Cavabdeh ilə rəsmi nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X1 üçün alimentin miqdarının artırılaraq Cavabdeh əmək haqqma və digər gəlirlərinə yönəldilərək 1/3 hissəsində tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Sonradan iddiaçının vəkili-nümayəndəsi Vəkil ərizə ilə müraciət edərək, iddia ərizəsinə dəqiqləşmə ərizəsində qeyd edilmiş aliment miqdarının cavabdehin əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi kimi sözlərini texniki səhv olaraq qəbul edib, 1/4 hissəsi kimi qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq oğlu X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan tutulan uşaqların saxlanılması üçün yaşayış minimumu olaraq müəyyən olunan məbləğdən artıq alimentin tutulması halında yaşayış münimumu meyarından yuxarı hissədəki məbləğin uşağın adına bank hesabı açılmaqla həmin hesaba köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-666/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-566/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi, 02 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulması, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəlinin bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, 02 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan aliment məbləğinin 50 faizi Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə X2 adına açılmış bank hesabına bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan köçürülməsi, 72,32 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.2, 55.3, 56.1, 75.1, 76, 112-ci maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5, 8, 13, 19-cu maddələri, Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə xx.xx.2023-cü il tarixli, 04/2023 saylı Qərardadının 20, 21, 22 və 40-ci bəndlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 112.1.3, 119.2, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-666/2024 nömrəli qətnaməsinin qismən ləğv edilərək nəticə hissəsində olan “cavabdehlə rəsmi nikahlarından anadan olmuş 02 mart 2015-ci il təvəllüdlü X5 üçün müəyyən edilmiş aliment məbləginin (cavabdehin əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında olan hissəsinin) 50 faizinin Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə X2 adına açılmış bank hesabına qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan köçürülməsi” barədə nəticəsinin dəyişdirilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin maddi hüquq normalarını tətbiq edilməsi hissəsində səhv buraxmış və məhkəmə tərəfindən işin faktiki olan halları müəyyən edilmədən cavabdehlə rəsmi nikahlarından anadan olmuş 02 mart 2015-ci il təvəllüdlü X5 üçün müəyyən edilmiş aliment məbləğinin (cavabdehin əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında olan hissəsinin) 50 faizi Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə X2 adına açılmış bank hesabına qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan köçürülməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Cavabdehin bu mərhələdə vermiş olduğu ərizə ilə bu barədə nəticəyə gəlinməsi tamamilə səhvdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə 08 dekabr 2023-cü il tarixli qəardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. Alimentin ödənilməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli, hər iki halda iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır.
13. Məhkəmə tərəfindən bu qərardada əsaslanılsa da tələbinin təmin edilməsi doğrudan da uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin uşağın saxlanılması üçün kifayət etmədiyindən, uşağın xərclərinin artıq olduğundan artırılması tələb edilmişdir. Belə olan halda heç bir hal dəyişmir və göründüyü kimi uşaq yenə də ehtiyac içində yaşamaq məcburiyyətində qalır. Çünki uşağın saxlanılması, təlim, təhsil, müalicə xərclərinin qarşılanması üçün məhkəmə tərəfindən suni maneələr yaradılır. Halbuki, aliment məbləği müəyyən edilərkən uşağın hərtərəli mövqeyi, onun gündəlik və aylıq xərclərini qarşılamaq üçün nəzərədə tutulduğundan məhkəmə mövqeyi ilə razı deyil. Hazırki iddia alimentin artırılması ilə bağlı olduğundan alimentin miqdarının 50 faizinin Bank hesabına köçürülməsi məsələsi ayrıca icraatda baxılmalı idi. Çünki alimentlə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olmuşdur və cavabdeh tərəfindən heç bir ərizə ilə müraciət edilməmişdir. (ərizə və ya iddia icraatında). Lakin hazırkı iş üzrə məhkəmə tərəfindən onun iddiası ilə eyni vaxtda həmin 50 faizin Bank hesabına yerləşdirməklə bağlı qət etdi hissəsində nəticə verilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra üsulunun dəyişdirilməsi ilə bağlı cavabdeh tərəfindən heç bir tədbir görülmədiyindən məhkəmə tərəfindən bu məsələyə baxılması və qərar qəbul edilməsi düzgün deyildir. Artıq icraatda olan qətnamə mövcuddur və qanuni qüvvəsini almışdır. Yəni cavabdeh əvvəlcədən icrada olan işin icra üsulu ilə bağlı ərizə ilə ayrıca müraciət etdiyi təqdirdə məhkəmə tərəfindən nəticə verilə bilərdi. Belə çıxır ki, məhkəmə tərəfindən qanuni qüvvəsini almış qətnaməyə nisbətdə Ali məhkəmənin müvafiq qərardadının tövsiyyəsi pozulmuşdur. Bu səbəbdən də hesab edir ki, məhkəmə qətnaməsi bu hissədə ləğv edilməlidir.
14. Məhkəmə tərəfindən müəyyən edilməsi zəruri olan hallardan biri də odur ki, tələb icra üsulunun dəyişdirilməsi deyil, uşağın ehtiyaclarının qarşılanmasıdır. Qətnamənin qət etdi hissəsində 50 faizin bank hesabına yönəldilməsi barədə gəldiyi nəticə ilə məhkəmə tərəfindən bütün faktiki hallar aydınlaşdırılmamışdır. Hakim tərəfindən onun və uşağın maddi durumunun nəzərə alınmaması, uşağın ehtiyac meyarının alimentin məbləğindən də çox olmasını, uşağın təhsil almasını və sair xərclərini nəzərə almaması iş üçün əhəmiyyət kəsb edən halların sübut etməməsinə gətirib çıxarmış və nəticədə sözü gedən qətnamə çıxarılmışdır. Məhkəmə tərəfindən uşağın ehtiyacları üçün müraciət edilmiş alimenti təmin etsə də, çıxarılmış nəticə işin hallarına uyğun gəlmir. Belə ki, uşağın ehtiyaclarının qarşılanmaması yenə də iddianın təmin edilməməsi kimi eynilik təşkil edir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir.
17. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
18. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
20. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.
“Uşaq hüquqlarına dair” BMT Konvensiyası
21. Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər.
“Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
22. Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir;
23. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
24. Maddə 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.
25. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
26. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
27. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
28. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
29. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə xx.xx.2023-cü il tarixli, 04/2023 saylı Qərardadı
30. Bənd 22. Alimentin tutulması barədə müstəqil iddiaya baxılarkən və ya nikahın pozulmasına dair iddia çərçivəsində alimentin tutulması məsələsi həll edilərkən, aliment ödəməli olan tərəfin alimentin ödənilməsi qaydası ilə bağlı müraciəti olduqda, məhkəmə baxılan iddia çərçivəsində bu məsələyə hüquqi qiymət verməli və buna dair dəlillərlə razılaşdığı halda, MPM-in 220.6-cı maddəsinə əsasən icra qaydasını müəyyən edərək, alimentin hansı hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməli olduğunu qətnamənin nəticə hissəsində göstərməlidir.
31. Bənd 23. Fərqli vəziyyət alimentin tutulması barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsindən sonra aliment ödəyən şəxsin bu barədə müraciətlərinə baxılması zamanı yaranır.
32. Bənd 24. Nəzərə alınmalıdır ki, alimentin tutulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra aliment ödəyən şəxsin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələbinə baxıldıqda, aliment yenidən tutulmur və ya onun məbləği müəyyən edilmir, yalnız alimentin bir hissəsinin hansı qaydada ödəniləcəyi müəyyən olunur.
33. Bənd 25. Buna görə də, bu müraciətə iddia icraatı qaydasında deyil, MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılmaqla, müvafiq qərardad qəbul edilməlidir.
34. Bənd 40. Ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
44. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-666/2024 nömrəli qətnaməsinin aliment məbləğinin (cavabdehin əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında olan hissəsinin) 50 faizinin Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə X2 adına açılmış bank hesabına qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan köçürülməsi hissəsində dəyişdirilməsini xahiş etmişdir.
45. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Belə ki, daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.
48. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir.
50. Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir.
51. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən müəyyən müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır.
52. İşin digər hallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı məhkəməyə ərizə ünvanlayaraq, X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan tutulan uşaqların saxlanılması üçün yaşayış minimumu olaraq müəyyən olunan məbləğdən artıq alimentin tutulması halında yaşayış münimumu meyarından yuxarı hissədəki məbləğin uşağın adına bank hesabı açılmaqla həmin hesaba köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
53. Belə ki, Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.
54. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə xx.xx.2023-cü il tarixli, 04/2023 saylı Qərardadın 22-ci bəndinə əsasən, alimentin tutulması barədə müstəqil iddiaya baxılarkən və ya nikahın pozulmasına dair iddia çərçivəsində alimentin tutulması məsələsi həll edilərkən, aliment ödəməli olan tərəfin alimentin ödənilməsi qaydası ilə bağlı müraciəti olduqda, məhkəmə baxılan iddia çərçivəsində bu məsələyə hüquqi qiymət verməli və buna dair dəlillərlə razılaşdığı halda, MPM-in 220.6-cı maddəsinə əsasən icra qaydasını müəyyən edərək, alimentin hansı hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməli olduğunu qətnamənin nəticə hissəsində göstərməlidir.
55. Kollegiya hesab edir ki, iddianı təmin edən birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehin alimentin ödənilməsi qaydası ilə bağlı müraciətinə baxılan iddia çərçivəsində hüquqi qiymət vermişdir.
56. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı apellyasiya şikayətində uşağın minimum dolanacaq xərclərindən artıq olan vəsaitə ehtiyacını hər hansı hallarla (ödənişli təhsili ilə, o cümlədən əlavə haqq ödənilməklə uşağın müxtəlif dərnəklərə getməsi, səhhəti ilə bağlı) və mötəbər sübutlarla əsaslandıra bilməmişdir, bununla belə məhkəmə kollegiyasının araşdırması zamanı həmin hallar öz təsdiqini tapmamışdır.
57. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X8rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
58. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır.
59. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-666/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.