Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1052/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X5, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddia ərizəsinin təmin edilməsi, 2294 (iki min iki yüz doxsan dörd) manat 76 (yetmiş altı) qəpik maddi ziyan və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı “İddiaçı” İstehsalat Birliyinə verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyana görə hesablanmış 2294,76 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə 991 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və həmin müqavilə əsasında iddiaçı cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana **********00600 nömrəli abonent kodu verilmiş və fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı, 1802AZ**********64 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar iddiaçının əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı iddiaçının əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdeh tərəfindən iddiaçı “İddiaçı” İB-yə ödənilməli borc məbləği hazırda ümumi olaraq 2294,76 manat təşkil etməkdədir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegia idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na əsasən müəyyən edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməli, iddia tələbi isə rədd edilməlidir. Həqiqətən sayğacdan kənar qaz xəttindən istifadə etmişdir. Belə ki, qış aylarında soyuqda nəvələrinə görə çarəsiz qalıb, ümumi borunu deşərək kənar xətt çəkmişdir. Əlil olduğu üçün imkanı yoxdur, kənar xətti də ehtiyacı üçün çəkib. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin isə rədd olunması barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi İ.R.Mirzəyev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, borcun qanuna uyğun hesablanmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qismən qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 991 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə Müqavilə”dən görünür ki, Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “İddiaçı” İBnin Sumqayıt İB-nin QİŞ-i satış Departamenti tərəfindən **********00600 nömrəli abonent kodu verilmişdir. İşdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2016-cı il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı aktlarda göstərilmişdir ki, abonentin rezin boru vasitəsilə sayğacdan kənar xətdən istifadə etməsi faktı aşkar olundu. Rezin boru ləğv edildi. Aktda dəymiş ziyanın hesablanması nəzərdə tutulmuşdur. Həmin aktlar əsasında iddiaçının itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixdə 4305, xx.xx.2018-ci il tarixdə 2335, xx.xx.2018-ci il tarixdə 630, xx.xx.2018-ci il tarixdə 442, xx.xx.2018-ci il tarixdə 342, xx.xx.2018-ci il tarixdə 1800, xx.xx.2018-ci il tarixdə 1709, xx.xx.2019-cu il tarixdə 1710, xx.xx.2019-cu il tarixdə isə 1320 kub metr qaz sərfiyyatı hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir (5.1.). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (5.2.). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir (6.5.). “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilmişdir ki, qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçının əməkdaşları tərəfindən cavabdehin yaşadığı ünvanda təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə edilməsi halları aşkarlanmış və bu barədə aktlar tərtib edilmişdir. Aktlar əsasında cavabdehə əlavə sərfiyyat hesablanaraq dəyəri cavabdehdən tələb edilmişdir. İddia ərizəsinə sayğacdan kənar xəttin fotoşəkillərinin kserosurətləri əlavə edilmişdir. Cavabdehin özü də sayğacdan kənar qaz xəttindən istifadə etdiyini etiraf etmişdir. Göründüyü kimi, cavabdehə müxtəlif vaxtlarda təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə edilməsi hallarına görə aktlar əsasında 2014,20 manat borc hesablanmış, həmin məbləğin üzərinə 311,40 manat qalıq borcu da əlavə olunmuş, cavabdehin ödədiyi 30,80 manat həmin məbləğdən çıxılaraq qalan 2294,76 manat cavabdehdən tələb edilmişdir. Birinci instansiya məhkəməsi iddianı tam təmin etdikdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı təşkilat tərəfindən ilkin akt xx xxxxxx 2016cı il tarixli ******* saylı akt əsasında cavabdehə 430.50 manat borc hesablanmışdır. Yuxarıda qeyd olunan Qanunun normasına görə iddiaçı həmin borcu üç il müddətində cavabdehdən tələb edə bilərdi. Lakin iddiaçı tərəfindən iddia müddəti xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir.Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(060)- 4357/2020 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. 1894 (min səkkiz yüz doxsan dörd) manat 26 (iyirmi altı) qəpik maddi ziyan və 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı “İddiaçı” İstehsalat Birliyinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1052/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1052/2021
01.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver