Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1052/2023 23.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı avtomobilə vurulmuş ziyanın bərpa edilməsi və pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-322/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2021-ci il tarixdə təxminən saat 14:00 radələrində Cavabdeh1 idarə etdiyi “Hyundai A-30” markalı ** PZ *** Dövlət qeydiyyat nişanlı avtomobil Göygöl-Toğana yolunun sağ hissəsində İddiaçı istifadəsində olan “Opel-Vectra” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə “Opel-Vectra” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 vurduğu ziyana görə 3052 manat məbləğində pulun tutulub ona verilməsi və ya avtomobilin təmir olunması və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, idarə etdiyi “Opel-Vectra” markalı ** DU *** saylı dövlət nömrə nişanlı avtomobil Azərbaycan Dövlət Sığorta Şirkətinin Gəncə filialı tərəfindən sığorta olunmuşdur. xx.xx.2021-ci il tarixdə adına olan “Opel-Vectra” markalı ** DU *** Dövlət qeydiyyat nişanlı avtomobil ilə təxminən 14:00 radələrində Göygöl-Toğana yolunun sağ hissəsində qanunla müəyyən olunmuş qaydada dayanmış, “Hyundai A-30” markalı ** PZ *** Dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkət zamanı idarəetməni itirərək ona məxsus “Opel-Vectra” markalı avtomobilin arxa hissəsinə gəldiyi surətlə vuraraq ciddi maddi ziyan vurmuşdur. İş halhazırda Göygöl rayon X5 Xidmətinin icraatında olsa da 4 aydır ki, ona dəymiş ziyandan heç bir manat da ödənilməmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Polisə müraciəti əsasında avtomobilə viziual baxış keçirilərək qüsur aktı tərtib edilmiş və dəymiş maddi ziyanın dəyəri 3052 (üç min əlli iki) manat təyin edilmişdir. O, dəfələrlə Cavabdeh1 müraciət etsə də o, ona hədə qorxu gələrək vurduğu zərəri ödəməkdən dolayı yollarla boyun qaçırmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. İş materiallarında olan Avtomotoservis və Ticarət Gəncə Müəssisəsinin 23K nömrəli, 27 may 2021-ci il tarixli qüsur aktından görünür ki, “Opel-Vectra” markalı ** DU *** Dövlət qeydiyyat nişanlı avtomobilə 3052 manat məbləğində ziyan dəymişdir.
5. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2022-ci il tarixli, 9/1006 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" Gəncə Müəssisəsinin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1996-cı il buraxılışlı “Opel Vectra” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2872,0 manat müəyyən edilmişdir.
6. İş materialında olan Göygöl RPŞ-nin İB-nin 01 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh1 əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığından barəsində cinayət işinin başlanması əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilmiş, Cavabdeh1 əməlində Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın sürətinin Göygöl RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır.
7. İşdə olan AC seriyalı 779968 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, sedan tipli, buraxılış ili 1996-cı il olan “Opel Vectra” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2016-cı il tarixdən İddiaçı mülkiyyətindədir.
8. Göygöl Rayon Prokurorluğunun xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Göygöl rayonu Toğanalı kəndi ərazisində İddiaçı məxsus “Opel Vectra” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh1 idarə etdiyi “Hyundai” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə əlaqədar sonuncu tərəfindən İddiaçı dəymiş maddi ziyanın ödənilməməsi barədə rayon prokurorluğuna daxil olmuş eyni məzmunlu müraciətlərə baxıldığı və aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüquqununun olduğu bildirilmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-322/2022 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia qismən təmin edilərək, İddiaçı məxsus avtomobilə dəymiş zərərə görə 2872 (iki min səkkiz yüz yetmiş iki) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xərci olaraq Cavabdeh1 100 (bir yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iddiaçıya məxsus “Opel-Vectra” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomaşının təmir-bərpa xərci ilə bağlı ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2022-ci il tarixli, 9/1006 nömrəli rəyindən görünür ki, "xxxx" Gəncə Müəssisəsinin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1996-cı il buraxılışlı “Opel Vectra” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2872,0 manat müəyyən edilmişdir.
11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21, 1108, 1096, 1097.1-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 77, 119.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Gəncə- Toğana yolunda idarə etdiyi avtomobilin təkəri partladığından idarə etməni itirərək yolun sağ kənarında dayanmış vəziyyətdə olan İddiaçı məxsus Opel Vectra markalı ** DU *** dövlət qeydiyyat nömrəli avtomobilə dəyərək avtomobilə yüngül ziyan vurulmuşdur. Daha sonra dəymiş ziyanla bağlı iddiaçı ilə şifahi razılığa gəlmək istəsə də bu heç bir nəticə verməmişdir. Belə ki, hadisədən sonra avtomobilə dəymiş ziyanla əlaqədar Gəncə şəhərində fəaliyyət göstərən ustalardan birini müraciət etmiş və usta avtomobilə baxış keçirdikdən sonra avtomobilin 600 manat civarında xərci olduğunu bildirmişdir. Bundan sonra ustaya 800 manat vermək istəyəndə iddiaçı buna razılıq verməmişdir. Səbəb isə ondan avtomobilə dəymiş ziyandan artıq pul tələb etməsi olmuşdur. Aralarında hər hansı bir razılıq əldə edilməmişdir. Bundan sonra iddiaçı Avtomatservis və Ticarət Gəncə Müəsissəsinə müraciət edərək Opel Vectra markalı ** DU *** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş ziyanla əlaqədar qüsur aktı tərtib etdirmiş və həmin akt əsasında guya avtomobilə ümumilikdə 3052 manat ziyan dəymişdir. Halbuki, hadisə zamanı çəkilmiş foto şəkillərdən də göründüyü kimi avtomobilə dəymiş ziyan yüngül olmuşdur və məhz həmin qüsur aktında yazılanlar tamamila şişirdilmiş rəqəmlərdən ibarətdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 vurulmuş ziyana görə 3052 manat məbləğində pulun tutulub ona verilməsi və ya avtomobilin təmir olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən Mülki Məcəllənin 21-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə dəymiş zərərin miqdarını Avtomatservis və Ticarət Gəncə Müəsissəsinin qüsur aktında şişirdilmiş məbləğləri əsasında rəy vermiş Ədliyyə Nazirliyi Məhkəmə Elspertiza Mərkəzinin 31 mart 2022-ci il tarixlli 9/1006 nömrəli rəyinə uyğun olaraq müəyyən etmişdir. Lakin həmin ekspert rəyinə nəzər yetirdikdə aydın olur ki, ekspert özü araşdırma aparmadan, iddiaçının istəyinə uyğun tərtib edilmiş qüsur aktındakı məlumatlar əsasında tədqiqat aparmadan rəy tərtib edilmişdir. İş materiallarında olan qəza vaxtı çəkilmiş foto şəkillərdən müəyyən etmək olar ki, qəza zamanı iddiaçıya məxsus avtomobilə ciddi şəkildə ziyan dəyməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, iddiaçıya 800 manat verməyə hazır olduğunu, iddianı qismən qəbul etdiyini bildirdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (...)
Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.
Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, iş materialında olan Göygöl RPŞ-nin İB-nin 01 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh1 əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığından barəsində cinayət işinin başlanması əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilmiş, Cavabdeh1 əməlində Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın sürətinin Göygöl RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsində cavabdehin təqsirli olması işin mübahisəsiz halıdır. Belə olan halda, dəymiş zərər də cavabdeh tərəfindən ödənilməlidir.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2022-ci il tarixli, 9/1006 nömrəli rəyinə əsasən, 1996-cı il buraxılışlı “Opel Vectra” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2872,0 manat müəyyən edilmişdir.
24. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2022-ci il tarixli, 9/1006 nömrəli rəyi Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.
25. Belə ki, ekspert hesablama apararkən təqdim olunmuş sənədləri əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır.
26. Cavabdeh apellyasiya şikayətində dəymiş zərər məbləğini mübahisələndirsə də, iddiaçıya məxsus “Opel-Vectra” markalı ** DU *** saylı dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin nə qədər olması, işdə olan ekspert rəyinin işin hallarına görə kifayət qədər aydın və tam olmamasının nədən ibarət olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
27. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
29. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-322/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kasasiya şikayəti verilə bilməz.