Məhkəmə qərarları › İş №2(105)-1053/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1053/2021

26.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1053/2021 26.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlaka vurulmuş ziyana görə pulun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5968/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5968/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, vurulmuş maddi ziyanın əvəzi olaraq 5500 (beş min beş yüz) manat pulun və 30 manat dövlət rüsumunun Cavabdeh3 tutularaq İddiaçı verilməsi qət edilmişdir. (hakim Cavabdeh1) Qətnamədən Cavabdeh3 apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5968/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona məxsus “X10” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan 5500 manat məbləğində zərərin əvəzinin, bu hadisə nəticəsində sağlamlığının bərpası üçün xərclədiyi 500 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, baş etibarnamə əsasında idarə etdiyi və əslində ona məxsus olan “X10” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili Elmir adlı bir şəxsə “əl krediti” ilə icarəyə vermişdir. Avtomobil 11000 manat məbləğində qiymətləndirilmiş, aralarında olan razılaşmaya əsasən Elmir ilkin olaraq ona 1000 manat ödəniş etmişdir və qalan 10000 manatı 20 ay ərzində hər ay 500 manatdan kredit kimi iddiaçıya ödəməli idi. Razılaşmaya uyğun olaraq Elmir iddiaçıya 500 manatı 4 ay ödəmişdir. İddiaçı Elmirin dediyi şəxsə, yəni Cavabdeh2 hər iki aydan bir maşını idarə etmək üçün etibarnamə verirdi. xx.xx.2019-cu il tarixdə, Abşeron rayonu, “Qurtuluş 93” qəsəbəsində Cavabdeh2 həmin avtomobili idarə edərkən avtomobili sol tərəfə döndərmək istəyəndə Cavabdeh3 azyaşlı övladı anasının əlindən çıxaraq avtomobilə tərəf qaçmış və bu zaman o, avtomobillə uşağı vuraraq ona yüngül xəsarət yetirmişdir. O, uşağa yaxınlaşmaq istədikdə uşağın atası onun üstünə hücum çəkmiş, avtomobilin açarlarını ondan alaraq uşağı avtomobilə qoymuş və onlar uşağı Nəsimi rayonunda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə aparmışlar. Bu zaman Qurban avtomobildə olmuşdur. Avtomobil hərəkətdə olarkən Cavabdeh3 avtomobili qəsdən dəmir dirəklərə sürtmüşdür. Daha sonra, Cavabdeh3 avtomobilin yük yerindən dəmir parçası götürərək avtomobilin şüşələrini sındırımış, ağaca çırpmış, avtomobili yararsız hala salmışdır. Cavabdeh3 qanunsuz hərəkətləri nəticəsində avtomobilə 5500 manat dəyərində zərər dəymişdir. Cavabdeh bu faktı etiraf etməsi Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Elxan Tağızadə tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarda öz əksini tapmışdır. Cavabdeh2 Cavabdeh3 bu hərəkəti ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etsə də, Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Elxan Tağızadə xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh3 barəsində cinayət işinin başlanmasını rədd etmişdir. Cavabdeh3 qanunazidd hərəkətləri nəticəsində onun avtomobilinə 5500 manat məbləğində ziyan dəymişdir. Avtomobil hazırda yararsız vəziyyətdədir. O, keçirdiyi əsəb sarsıntısına görə 5 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdir. Bununla bağlı 500 manata yaxın müalicələrə pul xərcləmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək, yalnız Cavabdeh3 əmlaka dəymiş zərərin əvəzi olaraq 5500 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh3 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi araşdırarkən həqiqəti müəyyən etməmiş və işi hərtərəfli araşdırmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi bir sıra maddi və prosessual hüquqların pozulması ilə çıxarılmışdır. Belə ki, onun 2009-cu il təvəllüdlü oğlu hazırda da keçirdiyi avtoqəzanın travmasını yaşayır. Onlar xəstəxanada olan zaman Qurbanın atası onlarla əlaqə saxlayaraq, xəstəxana xərclərini öz üzərlərinə götürmək istədiklərini bildirmiş, o isə bundan imtina etmişdir. Qurbanın atası cavabında demişdir ki, Elmirə 1500 manat pul verib ki, mübahisəli avtomobili təmir etdirsin. O, həmin an övladının vəziyyəti ilə maraqlandığı və şok vəziyyətində olduğu üçün həmin gün baş verənləri anlaya bilmirdi. Tək problemi oğlunun səhhətində ciddi bir xəsarətin olmaması ilə bağlı idi. Müstəntiqə verdiyi izahat zamanı da əsəbi, şok vəziyyətində olmuş və dediklərini tam dərk edə bilməmiş, tək düşündüyü şey oğlunun səhhəti olmuşdur. Qurban və avtomobilin sahibi İddiaçı acıq niyyəti ilə hər şeyi öz üzərinə götürmüşdür, çünki Qurban və onun atası bildirirdilər ki, Elmirə 1500 manat pul vermişlər ki, avtomobil təmir olunsun. Onlara bildirmişdir ki, övladı üçün heç nə etmələrini istəmir. Övladı üçün tələb edilən xərcləri özü edəcək, lakin avtomobili onlar təmir etdirsinlər. Həmin vaxt onlar bu şərtlə razılaşmışlar. Lakin sonradan ona məlum olmuşdur ki, Elmir və Qurban 1500 manat pulu xərcləmiş və avtomobilin təmiri üçün bir manat da olsa pul verməmişlər. Ona görə də iddiaçı hazırda belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia təmin olunmamalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh3 şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh əlavə etdi ki, avtomobil hazırda Altay adlı şəxsdədir və tam təmir edilmişdir. İddiaçı ondan pul tələb etməyə hüququ yoxdur, bu hüquq avtomobilin mülkiyyətçisinə məxsusdur. O, İddiaçı tanımır. Maşının mülkiyyətçisi Bayram Qayıbov, maşına sahiblik edən və onu idarə edən isə Cavabdeh2 olmuşdur. Hadisədən sonra onlar Cavabdeh2lə razılaşmışlar ki, o, oğluna yetirilmiş xəsarətlə bağlı müalicə xərclərini özü çəkəcək, ona qarşı şikayətçi olmayacaq, Cavabdeh2 isə avtomobilini özü təmir etdirəcək. Üstündən xeyli müddət keçməsinə baxmayaraq oğlu tam sağalmamış, hələ də müalicə olunur. Ona görə də bu iddia rədd olunmalıdır. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında İddiaçı şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. İddiaçı bildirdi ki, avtomobilin mülkiyyətçisi ilə heç bir əlaqəsi yoxdur. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilsə də, o, məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2018-ci il tarixli etibarnamədən görünür ki, X5 mülkiyyətində olan “X10” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində sərəncam vermək səlahiyyətlərini İddiaçı 1 il müddətinə (xx.xx.2019-cu ilədək) etibar etmişdir. Yenə işdə olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında xx.xx.2018-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı mülkiyyətçisi X5 olan “X10” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi səlahiyyətini 2 ay müddətinə (xx.xx.2019-cu ilədək) Cavabdeh2 etibar etmişdir. Yenə də işdə olan Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarından görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh3 bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə, saat təxminən 21:00 radələrində kirayə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksindən çıxaraq həyat yoldaşı və oğlu Əfləddini qarşılamaq məqsədilə parkın qarşısına çıxmışdır. Həmin zaman Əfləddin Quluzadə yolu keçib ona tərəf gəlmək istəyərkən “X10” markalı, **-SE-*** dövlət nömrə nişanlı avtomobil təxminən saatda 70 km sürətlə oğlunu vuraraq yolun kənarına atmışdır. Bu zaman o, oğlunu dərhal avtomobilə qoyub sükanın arxasına keçmişdir. Həmin vaxt avtomobili yüksək sürətlə idarə etməyə başlamışdır. O, əsəbi halda olduğu üçün və avtomobili yüksək sürətlə idarə eldiyindən avtomobilin sağ hissəsini Masazır qəsəbəsində dairəvi yolda yerləşən dəmirə sürtərək hərəkətə davam etmişdir. Bundan sonra, onlar Nəsimi rayonu ərazisində yerləşən X6 gələrək avtomobildən aşağı düşüb yaralı vəziyyətdə olan oğlu Əflətdin Quluzadəni həkimlərə təhvil vermişlər. Həmin zaman əsəbləri sakitləşmədiyindən, avtomobilin yük yerində olan dəmir parçasını götürərək arxa, qabaq, sağ və sol şüşələrini sındırdıqdan sonra avtomobilə əyləşib ağaca çırparaq ona ziyan vurmuşdur. Həmin hərəkəti avtomobilin sürücüsü oğlunu vuraraq xəsarət yetirdiyi üçün etdiyini, avtomobilə təxminən 2000 manat məbləğində ziyan vurduğunu bildirmişdir. İşə əlavə edilmiş “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə aktından görünür ki, “X10” markalı, **-SE-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan məbləği 5640 manat müəyyən edilmişdir. Yenə işə əlavə edilmiş Abşeron Rayon Polis İdarəsinin təhqiqatçısı X9 oğlunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh3 şikayəti əsasında toplanmış material üzrə Cavabdeh2 barəsində cinayət işinin başlanması rədd edilmiş, onun barəsində AR İXM-nin 327.8-ci maddəsilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Abşeron RPİ DYPŞ-nə göndərilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təmin olunmamalıdır. Hər şeydən öncə məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə kobud prosessual pozuntu törətmişdir. Belə ki, məhkəmə gedişatında İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, yalnız Cavabdeh3 əmlaka dəymiş zərərin əvəzi olaraq 5500 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, məhkəmə bununla bağlı heç bir prosessual qərar qəbul etməmiş, digər cavabdehlərə qarşı iddiadan imtina edilib-edilməməsini dəqiqləşdirməmiş, onlara qarşı iddiadan imtina edildiyi halda həmin hissədə icraata xitam verilməsi məsələsini həll etməmişdir. Eləcə də məhkəmə qətnaməsində də buna qiymət verməmişdir. Apelyasiya baxışı zamanı iddiaçı tələbinin bütün cavabdehlərə qarşı olduğunu, onlara qarşı iddiadan imtina etmədiyini bildirmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, “X10” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4r. O, nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2018-ci il tarixli etibarnamə ilə mülkiyyətində olan “X10” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində sərəncam vermək səlahiyyətlərini İddiaçı 1 il müddətinə (xx.xx.2019-cu ilədək) etibar etmişdir. İddiaçı isə, iddia ərizəsinin məzmunundan da göründüyü kimi, həmin avtomobili iş üzrə digər Cavabdeh1 şifahi razılaşma əsasında icarəyə verdiyini bildirsə də, əslində nisyə alğı-satqı həyata keçirmişdir. Bundan sonra o, Elmir Allahverdiyevin göstərişi ilə nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında xx.xx.2018-ci il tarixli etibarnamə ilə avtomobilin idarə edilməsi səlahiyyətini 2 ay müddətinə (xx.xx.2019-cu ilədək) Cavabdeh2 etibar etmişdir. Başqa sözlə, həmin vaxtdan avtomobil onun sahibliyində və istifadəsində olmamışdır. xx.xx.2019cu il tarixdə Cavabdeh2 idarə etdiyi həmin avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində yol-nəqliyyat hadisəsi törətmiş, bunun nəticəsində Cavabdeh3 azyaşlı övladı yüngül bədən xəsarəti almış, hadisə nəticəsində əsəbiləşən Cavabdeh3 avtomobilin şüşələrini qırmış və onu ağaca vuraraq əzmişdir. Bundan sonra İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Bu zaman İddiaçı avtomobilin mülkiyyətçisinin ona verdiyi etibarnaməyə, habelə “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə aktına və Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarında Cavabdeh3 izahatına istinad etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası iddiaçının hazırki iddia üzrə tələb hüququnun olub-olmamasının araşdırılmasını zəruri hesab edir. Qeyd edildiyi kimi, mübahisəli “X10” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4r. O, etibarnamə verməklə həmin avtomobili İddiaçı faktiki sahibliyinə və istifadəsinə vermişdir. Sonuncu öz növbəsində həmin avtomobili şifahi razılaşma ilə Cavabdeh1 və onun göstərişi ilə Cavabdeh2 vermiş və bu barədə ona avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Yol-nəqliyyat hadisəsi baş verən vaxt, yəni xx.xx.2019-cu il tarixdə avtomobil Cavabdeh2 istifadəsində (faktiki sahibliyində) olmuşdur. Hazırda avtomobillə bağlı iddiaçıya verilmiş etibarnamənin müddəti bitmişdir. AR Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Yenə həmin Məcəllənin 152.3-cü madəsinə görə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 159-cu maddəsinin tələblərinə görə sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Yenə həmin Məcəllənin 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Qeyd edildiyi kimi hadisə tərədilən zaman avtomobil İddiaçı deyil, Cavabdeh2 faktiki sahibliyində və istifadəsində olmuşdur. Cavabdeh2 qanunazidd hərəkətləri nəticəsində yolnəqliyyat hadisəsi baş vermiş, hazırda cavabdeh kimi göstərilmiş Cavabdeh3 azyaşlı oğlu bədən xəsarəti almışdır. Bundan sonra Cavabdeh3 də qanunsuz hərəkətlərə yol verərək hadisə törədən Cavabdeh2 idarə etdiyi avtomobilə ziyan vurmuşdur. Bu işin mübahisəsiz halıdır. Başqa sözlə, baş vermiş yol nəqliyyat hadisəsi və onun nəticəsi olaraq avtomobilə ziyan vurulan zaman hüquq münasibətlərində olan şəxslər Cavabdeh2lə Cavabdeh3 olmuşdur. Məhz onların bir-birləri qarşısında, başqa şəxsə zərər vurmasından doğan hüquq və vəzifələri yaranmışdır. İşə baxan birinci instansiya məhkəməsinin də istinad etdiyi AR Konstitusiya Məhkəməsi “N.Qədirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2017-ci il tarixli qərarında hüquqi mövqeyini belə ifadə etmişdir ki, hüquq nəzəriyyəsində sahibliyin müdafiə olunmasının iki üsulu fərqləndirilir: hüquq mənasında sahibliyin müdafiəsi; fakt mənasında sahibliyin müdafiəsi. Hüquq mənasında sahiblik mülkiyyət hüququnun, məhdud əşya hüququnun və öhdəlik hüququnun (məsələn, kirayəçinin, icarəçinin və s. hüquqlarının) tərkibində müdafiə olunur. Bu halda iddia tələbinin əsasını titul (hüquqi əsas) təşkil edir. Fakt mənasında sahiblik hər hansı hüquqi əsas olmasından asılı olmayaraq, müstəqil surətdə müdafiə edilir. Sahiblik hüququ pozulan zaman zərərçəkən pozuntudan müdafiə olunmaq üçün pozuntunun törədilməsini sübut etməlidir. Əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər (V.Q.Teryoxinin şikayəti üzrə xx xxxxxx 2010-cu il tarixli Qərar). KM həmin qərarında qeyd etmişdir ki, lizinq müqaviləsi üzrə lizinq verən lizinq obyektinin mülkiyyətçisi olaraq qalsa da, sahiblik və istifadə hüquqlarının lizinq alana verilməsi sonuncunu əmlakın qanuni sahibinə çevirir. Eləcə də mülkiyyətçi müqavilə əsasında özünə mənsub olan əmlaka dair sahiblik və istifadə hüququnu qarşı tərəfə vermişsə, münasibətlərin tənzimlənməsi zamanı tərəflərin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən müqavilə şərtləri nəzərə alınmalıdır. Belə ki, müqavilə əsasında əmlakda sahiblik və istifadə hüququnu əldə edən tərəf əmlaka dair hansı həcmdə öhdəlik götürərək məsuliyyət daşıyırsa, o həcmdə də üçüncü şəxslər qarşısında tələb etmək hüququna malik olmaqla öz sahiblik hüquqlarını müdafiə edə bilməlidir. İşin tədqiq olunan faktiki hallarından görünür ki, “X10” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5 ilə İddiaçı, onun ilə Cavabdeh1 və Cavabdeh2 arasında müqavilə olmamışdır. İddiaçı avtomobili icarəyə (nisyə satdığını) verdiyini bildirsə də bununla bağlı məhkəməyə heç bir rəsmi müqavilə, hüquqların qeydiyyatı ilə bağlı sübut təqdim edə bilməmişdir. Halbuki, Mülki Məcəllənin 14.3-cü maddəsinin tələblərinə görə əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Yenə həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı isə qanunvericilkdə nəzərdə tutulmuşdur. Bununla belə, KM-nin istinad olunan qərarında əks olunmuş mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, daha öncə qeyd olunduğu kimi baş vermiş yol nəqliyyat hadisəsi və onun nəticəsi olaraq avtomobilə ziyan vurulan zaman hüquq münasibətlərində olan şəxslər Cavabdeh2lə Cavabdeh3 olmuşdur. Məhz onların bir-birləri qarşısında başqa şəxsə zərər vurmasından doğan hüquq və vəzifələri yaranmışdır. Hazırki halda da onların bir-birinə qarşı tələb irəli sürmək hüququ vardır. İddiaçı ilə Cavabdeh3 arasında isə hüquq və vəzifələr yaradan hər hansı bir münasibət olmamışdır. İddiaçı ilə Cavabdeh2 arasında nəqliyyat vasitəsinin müvəqqəti sahibliyə və istifadəyə verilməsi ilə bağlı hüquq münasibəti yaranmışdır. Belə olan təqdirdə onun Cavabdeh2 qarşı tələb irəli sürmək imkanı olmuşdur. Lakin ilk olaraq digər iki cavabdehlə yanaşı o, Cavabdeh2 qarşı da vurulmuş ziyanla bağlı iddia qaldırsa da sonradan vurulmuş ziyanın əvəzini yalnız Cavabdeh3 tələb etmiş, başqa sözlə dolayısı ilə olsa da o, Cavabdeh2 qarşı iddiasından imtina etmişdir. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçı hüquqi cəhətdən ona məxsus olmayan avtomobilə vurulmuş zərərin əvəzinin tutulması barədə Cavabdeh3 qarşı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Yenə də həmin Məcəllənin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Sadalanan maddi hüquq normalarına görə hər hansı zərərin əvəzinin ödənilməsini zərər vurmuş şəxsdən buna hüququ olan şəxs tələb edə bilər. Yuxarıda qeyd edildiyi kimi İddiaçı Cavabdeh3 avtomobilə vurulmuş zərərin əvəzinin tələb etmək üçün subyektiv hüququ olmamışdır. Sadalanan hallara məhkəmə düzgün qiymət verməmiş, iddianın təmin edilməsi barədə qanunsuz nəticəyə gəlmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmiş, Cavabdeh3 isə apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı “X10” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə Cavabdeh3 pulun tutulması barədə iddiası təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh3 tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı tutularaq ona qaytarılmalı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş rüsum isə iddiaçının özünə aid edilməlidır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5968/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh3 tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu İddiaçı onun xeyrinə tutulsun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu isə İddiaçı özünə aid olunsun. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar