Məhkəmə qərarları › İş №2(105)-1054/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1054/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1054/2021 08.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-2/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Balamirzə qızının apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-2/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Etibar Hümbətov) İddiaçı qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Balamirzə qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh2 İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə 17R000006948 saylı kredit razılaşması üzrə 10643,88 manat məbləğində kredit borcu, 4239,05 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 14932,93 manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmeti olan Şamaxı rayonu, Həmyəli kəndində yerləşən 1/1 saylı evin 1 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 18000 manat müəyyən edilməklə açıq hərraca çıxarılaraq satılması və hərracdan əldə edilmiş vəsait hesabına cəmi 14932,93 manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının İddiaçı qapalı səhmdar cəmiyyətinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 tutulması, Şamaxı rayonu, Həmyəli kəndində yerləşən 1/1 saylı evin 1 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3 oğlu və Cavabdeh4 Balamirzə qızının fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və İddiaçı qapalı səhmdar cəmiyyətinə təhvil verilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Balamirzə qızı qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmiyyətinin xeyrinə 17R000006948 saylı kredit razılaşması üzrə 10643,88 manat məbləğində kredit borcu, 4239,05 manat məbləğində faiz borcu və 5842,34 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 20725 manat 27 qəpiyin, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Şamaxı rayonu, Həmyəli kəndi, 1/1 saylı evin 1 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 20725 manat 27 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına cəmiyyətə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Şamaxı rayonu, Həmyəli kəndi, 1/1 saylı evin 1 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3 oğlu və Cavabdeh4 Balamirzə qızının fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları, fərdi yaşayış evinin boşaldılması və cəmiyyətə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 cəmiyyətlə bağladığı xx.xx.2014-cü il tarixli, 17L000004226 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 120000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 cəmiyyətlə bağladığı xx.xx.2014-cü il tarixli, 17R000006948 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 17R000006948S saylı, xx.xx.2015-ci il tarixli, 17R000006948S saylı, xx.xx.2015-ci il tarixli, 17R000006948SA saylı və xx.xx.2016-cı il tarixli, 17R000006948SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4356,12 manat ödəmiş, onun 10643,88 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2017-ci il tarixə 429 gün üçün hesablanmış faiz borcu 4239,05 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2017-ci il tarixə 429 gün üçün hesablanmış cərimə 5842,34 manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehipoteka qoyan Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 17M000000724 saylı ipoteka müqaviləsi əsasında Şamaxı rayonu, Həmyəli kəndi, 1/1 saylı evin 1 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, mənzilin ipoteka ilə yüklü edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı İdarəsində qeydiyyata alınmışdır. İpoteka saxlayan cəmiyyət cavabdeh-ipoteka qoyan Cavabdeh1 xx.xx.2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, cavabdeh xx.xx.2017-ci il tarixdə bildirişi qəbul etməkdən imtina etmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. Cəmiyyət ipoteka bildirişinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Şamaxı rayonu İcra Hakimiyyəti başçısının Həmyəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilən 2 saylı forma üzrə arayışa əsasən yaşayış evinin sahibi Cavabdeh1dur və evdə daimi Cavabdeh2, Cavabdeh3 oğlu və Cavabdeh4 Balamirzə qızı qeydiyyatdadırlar və həmin fərdi yaşayış evi cəmiyyətə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizələr təqdim edərək həmin fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin əmlakı qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Cavabdeh1 xx xxxx 2016-cı il tarixdə öldüyündən Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-2/2020 saylı qərardadı ilə Cavabdeh2 prosessual hüquq varisi kimi tanınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Balamirzə qızı apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə qanunsuz və əsassızdır, qətnamədə maddi hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə nəzərə almamışdır ki, öhdəliklərini icra edə bilməməyinin əsas səbəblərindən biri də kredit müqaviləsi üzrə kredit ayrıldıqdan sonra 2015ci ilin fevral ayında ölkədə baş vermiş devalvasiya nəticəsində Azərbaycan manatının xarici valyuta qarşısında dəyərini birdən-birə 34 faiz, xx xxxxxx 2015-ci ildə isə ümumilikdə 100 faizdən çox itirməsi olmuşdur. Göründüyü kimi, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası onlardan asılı olmayan səbəblərdən qeyri-mümkün olmuşdur. Belə olan halda isə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsindən söhbət gedə bilməz. Bundan başqa, iddiaçı ilə aralarında kredit müqaviləsi bağlanarkən 1 ABŞ dollarının məzənnəsi 0,78 manat olmuşdur. Lakin xx xxxxxx 2015-ci il və xx xxxxxx 2015-ci il tarixlərində baş vermiş devalvasiyadan sonra, həm gəlirləri həddən artıq azalmış, həm də Azərbaycan manatı ilə əldə etdikləri gəlir hesabına mübahisəli müqavilə üzrə öhdəliklərinin icra edilməsi qeyrimümkün olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Onun iradəsindən asılı olmayan səbəblərdən öhdəliklərini vaxtında icra edə bilməməyi nəticəsində iddiaçının əsas borca gecikdirməyə görə faiz və cərimə hesablaması yolverilməzdir. Cavabdehlər apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Balamirzə qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Xırdalan filialı ilə bağlanmış xx xxxx 2014-cü il tarixli, 17L000004226 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 120000 ABŞ dolları məbləğində kredit xətti açılmış, müqaviləyə və kredit razılaşmasına görə istənilən məbləğ xx.xx.2014-cü il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 17L000004226 saylı kredit xətti müqaviləsi üzrə xx xxxx 2014-cü il tarixli, 17R000006948 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 aylıq faiz dərəcəsi 2% olmaqla 36 ay müddətinə 15000 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Şamaxı filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxx 2015-ci il tarixli, 17R000006948S saylı sazişdən görünür ki, xx xxxx 2014cü il tarixli, 17L000004226 saylı kredit xətti müqaviləsi üzrə kredit razılaşmasının ayrılmaz hissəsi olan xx xxxx 2015-ci il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx xxxx 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Şamaxı filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxxxx 2015-ci il tarixli, 17R000006948S saylı sazişdən görünür ki, xx xxxx 2014-cü il tarixli, 17L000004226 saylı kredit xətti müqaviləsi üzrə xx xxxx 2015-ci il tarixli kredit razılaşmasının ayrılmaz hissəsi olan xx xxxx 2015-ci il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx xxxxxxxx 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Şamaxı filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxx 2015-ci il tarixli, 17R000006948SA saylı sazişdən görünür ki, xx xxxx 2014-cü il tarixli, 17L000004226 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli kredit razılaşmasının ayrılmaz hissəsi olan xx xxxxxxxx 2015-ci il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx xxxxxx 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Şamaxı filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxx 2016-cı il tarixli, 17R000006948SB saylı sazişdən görünür ki, xx xxxx 2014-cü il tarixli, 17L000004226 saylı kredit xətti müqaviləsi üzrə xx xxxx 2015-ci il tarixli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx xxxxxx 2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 17S000007182 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 17L000004226 saylı kredit xətti kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan xx xxxx 2014-cü il tarixli, 17M********** saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 17L000004226 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh1 mülkiyyətində olan Şamaxı rayonu, Həmyəli kəndində yerləşən 1/1 saylı evin 1 saylı mənzili ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 11764 manat 50 qəpik məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Şamaxı rayonu, Həmyəli kəndində yerləşən 1/1 saylı evin 1 saylı mənzilinin ipoteka ilə yüklü edilməsi xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 176 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin 14990 saylı, xx.xx.2017-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 17R000006948 saylı, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2017-ci il tarixə əsas borcu 10643,88 manat, faiz borcu 4239,05 manat, cərimə borcu 5842,34 manat, cəmi borcu 20725,27 manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC sürətli poçt daşınması xidməti tərəfindən İddiaçı qapalı səhmdar cəmiyyətinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, Şamaxı rayonu, Həmyəli kəndində qeydiyyatda olan Cavabdeh1 göndərilmiş ipoteka bildirişi ünvanda qəbul edilmədiyindən geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Şamaxı rayonu, Həmyəli kəndində yerləşən 1/1 saylı evin 1 saylı mənzilə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci tarixli, 9686 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 17R000006948 saylı kredit razılaşması üzrə xx.xx.2017-ci il tarixə 10643,88 manat əsas, 4239,05 manat faiz və 5842,34 manat cərimə olmaqla, ümumilikdə 20725,27 manat borcu vardır. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” məhdud məsiliyyətli cəmiyyətinin xx.xx.2018-ci il tarixli, 88 saylı hesabatından görünür ki, Cavabdeh1 məxsus Şamaxı rayonu, Həmyəli kəndində yerləşən 1/1 saylı evin 1 saylı mənzilinin dəyəri 18000 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İddiaçı qapalı səhmdar cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 17L000004226 saylı kredit xətti müqaviləsi üzrə xx xxxx 2014-cü il tarixli, 17R000006948 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 2% olmaqla 36 ay müddətinə 15000 manat kredit verilmişdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı qapalı səhmdar cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 17S000007182 saylı zaminlik müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli, 17L000004226 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. İddiaçı qapalı səhmdar cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh1 arasında bağlanmış 17 2014-cü il tarixli, 17M000000724 saylı ipoteka müqaviləsinin 3.2.2-ci bəndinə əsasən borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi halda, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini icra etmək üçün bank ipoteka predmetinin satılmasını ipoteka verəndən tələb edə bilər. “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit və zaminlik müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxsin izahatı, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, Cavabdeh2 İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə xx xxxx 2014-cü il tarixli, 17R000006948 saylı kredit razılaşması üzrə 10643,88 manat məbləğində kredit borcu, 4239,05 manat məbləğində faiz borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmeti olan Şamaxı rayonu, Həmyəli kəndində yerləşən 1/1 saylı evin 1 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 18000 manat müəyyən edilməklə açıq hərraca çıxarılaraq satılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 tutulması, Şamaxı rayonu, Həmyəli kəndində yerləşən 1/1 saylı evin 1 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3 oğlu və Cavabdeh4 Balamirzə qızının fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və İddiaçı qapalı səhmdar cəmiyyətinə təhvil verilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cərimənin miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərək həmin məbləği azaltmışdır. Cavabdehlər apellyasiya şikayətində kredit müqaviləsi bağlanarkən 1 ABŞ dollarının məzənnəsinin 0,78 manat olduğunu, lakin xx xxxxxx 2015-ci il və xx xxxxxx 2015-ci il tarixlərində baş vermiş devalvasiyadan sonra, həm gəlirlərinin həddən artıq azaldığını, həm də Azərbaycan manatı ilə əldə etdikləri gəlir hesabına müqavilə üzrə öhdəliklərinin icra edilməsinin qeyri-mümkün olduğunu göstərmişlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Xırdalan filialı ilə bağlanmış xx xxxx 2014-cü il tarixli, 17R000006948 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 kredit ABŞ dolları ilə deyil, manatla verilmişdir. İddiaçı və cavabdehlər ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirməmişlər və məhkəmə kollegiyasının iclasında İddiaçı qapalı səhmdar cəmiyyətinin nümayəndəsi ipoteka predmetinin ilkin satış qiymətinin 18000 manat müəyyən edilməsinə razı olduğunu bildirmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrdə faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissələrdə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Balamirzə qızının apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-2/2020 saylı qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar