Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1054/2023 25.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X13 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(060)-735/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi ziyana görə 20000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2 İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, şəhid ailəsi kimi Sumqayıt şəhəri, Corat bağları ünvanında yerləşən 1985d saylı bağ sahəsi Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən 1993-cü ilin mart ayında ona verilmişdir. O, həmin torpaq sahəsinə görə Sumqayıt şəhər Bələdiyyəsinin hesabına 3 milyon (əvvəlki pul vahidi ilə) manat ödəniş etmişdir. Sumqayıt şəhər Bələdiyyəsi tərəfındən ayrılan torpaq sahəsinə görə verilmiş ödəniş qəbzi yaxın qohumu X4 adına olsa da, həmin torpaqdan təyinatı üzrə o, istifadə etmişdir. Ümumi ölçüsü 0,14 ha (14 sot) olan torpaq sahəsi daş və panellərlə hasarlanmış, orada 1 otaqlı ev tikərək yaşamışdır. Həmçinin həyəti abadlaşdırmış, ağaclar əkmiş, həyətə torpaq tökmüş, ağaclara peyin verib onlara qulluq göstərmişdir. Cavabdeh maklerdir, torpaq alğı-satqısı ilə məşğul olur. 2006-cı ildə cavabdeh yaşadığı həmin torpaq sahəsini satmış, onu küçələrə atmışdır. Bu azmış kimi həmin torpaq sahəsində tikilmiş evi sökmüş, sonra isə evdə olan əşyalarını (divan, kreslo, televizor, şifoner, servant, soyuducu, xalçalar, geyim ləvazimatları, yorğan-döşək, qab-qacaq, döşəkcələr, odeyallar, çarpayı) yandırıb külə döndərmişdir. Cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində ona 20000 (iyirmi min) manatdan artıq maddi ziyan dəymişdir. O, dəfələrlə vurduğu ziyanın ödənilməsi tələbi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh vurulan ziyanın ödənilməsini təmin etməmişdir. O, məsələ ilə əlaqədar olaraq Sumqayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsinə müraciət etmişdir. Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin xx.xx.2022-ci il tarixli qərarı ilə mübahisə ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin bildirir ki, cavabdeh tərəfindən evinin sökülməsini və ev əşyalarının yandırılmasını şahidlər təsdiq edə bilər. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(060)-735/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Günel Tanrıverdiyeva).
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ümumiyyətlə tələb etdiyi məbləğdə ona ziyan dəyməsi və sözügedən ziyanın məhz cavabdeh tərəfindən vurulmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı ərizəsində əşyalarının cavabdeh tərəfindən yandırıldığını və nəticədə ona ziyan dəydiyini bildirsə də, iş materiallarında olan “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 01 noyabr 2022-ci il tarixli qərarın məzmunundan görünür ki, iddiaçının qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır.
6. Məhkəmə gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3,1096.1, 1096.2,1097.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəhid ailəsi kimi Sumqayıt şəhəri, Corat bağları ünvanında yerləşən 1985d saylı bağ sahəsi Sumqayıt Bələdiyyəsi tərəfindən 1993-cü ilin mart ayında ona verilmişdir. 1985d saylı bağ sahəsi 0,14 ha olmuşdur. Həmin torpaq sahəsini daş və panellərlə hasarlamış, orada 1 otaqlı ev tikərək yaşamış, həyəti abadlaşdırmış, həyətə torpaq tökdürərək ağaclar əkmişdir. Cavabdeh daşınmaz əmlakların satışı ilə məşğul olur. 2006-cı ildə cavabdeh ona məxsus torpaq sahəsini sataraq onu küçələrə atmışdır. Bundan savayı o həmin ərazidə tikilmiş evi sökmüş, evdə olan əşyalarını yandırmışdır. Qeyd edilənləri təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Həmçinin şahid kimi məhkəmə iclasında dindirilmiş X2, X5 verdiyi ifadələrdə yuxarıda qeyd edilənləri təsdiqləmişlər. Həmçinin mülki işə əşyalarının yanaraq məhv olmasını təsdiq edən fotoşəkillərdə əlavə olunmuşdur. Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli aktı ilə də təsdiq olunmuşdur ki, ərazi X9 tərəfindən (1985d saylı Bağ sahəsi Ramiz Quliyevin adına rəsmiləşsə də həmin bağda şəxsən o, yaşamış və orada evi tikmiş, ağacları əkmiş, ərazini abadlaşdırmışdır) 1993-cü ilin mart ayından başlayaraq ötən illər ərzində abadlaşdırmışdır. Həmçinin həmin bağ sahəsinə görə Sumqayıt Bələdiyyəsinin hesabına 3 milyon manat pul köçürmüşdür, məhkəmə kassa mədaxil orderinə, şahid ifadələrinə hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 1988-ci ildən Ermənistan Respublikasından qaçqın kimi gəlmiş, mübahisəli yeri anası, atası, qardaşı birlikdə tutmuş, şərait qurub yaşamışlar 1993-cü ildə nikaha daxil olmuş, əri də həmin ərazidən yer tutmuş, tutduğu yerin ətrafına taxta hasarlar çəkmişdir. Əri 1993-cü ilin sentyabr ayının 19-da X6 şəhid olmuşdur. Həmin ərazidə anası ilə yaşamış, dövlət ona ev də vermişdir. Bağı da qalmaqda idi. 2004-cü ildə bələdiyyə ölçmə işləri aparmış, pul ödəməli olduğu bildirilmişdir. O, pul ödəmiş və 14 sot yer üçün 12 sot yerin sənədini almışdır. Qardaşının arvadının əmisi ona da torpaq vermək şərti ilə kömək vəd etmiş, torpağın altı sotunu ona verməyinin əvəzində bələdiyyənin hesabına pul köçürmüşdür. Torpaqda 1 otaqlı evi özü şəhid ərinə görə dövlətdən aldığı vəsaitlərlə tikmiş, nə torpağı alanı, nə də satanı görməmişdir Dəllallıqla məşğul olan Rafael adlı şəxsi tanıyır, torpağa dair heç bir sənədi yoxdur. Amma qonşular hamısı bilir ki, torpağı tutan odur. Torpağı əkib-becərmiş, kartof, çiyələk, pomidor, xiyar kimi məhsullar yığmış, 50 növ ağac əkmişdir. Mübahisə yaranandan 3 ildir ki, torpağına gedə bilmir. 2006-cı ildə Rafael gəlib bildirdi ki, onun şəhid ailəsi üzvü olduğunu bilməyib. Torpağının sənəd əsasında alğısatqısı olub. Əvvəl əşyaları var idi, indi hamısını yandırıblar. Əmlakının yanması barədə polisə müraciət edib, gəlib baxdılar, amma heç bir nəticə hasil olmadı. Cavabdehdən istədiyi 20 000 manat çəkdiyi hasarın, tikdiyi bir otaqlı evin, müxtəlif qiymətlərə aldığı tinglərlə əkdiyi ağacların əvəzidir. Xəstəxanada müalicə alanda anasıgil dedi ki, evi sökürlər. Gəlib görüb ki, ev yarımtikili vəziyyətdədir. Ona əvvəldən belə mübahisələrin ola biləcəyini desəydilər, nə ev tikməyə, nə də torpaq sahəsini hasara alıb abadlaşdırmağa pul xərcləməzdi. Amma illərlə şəhiddən yadigar qalan bir övladı üçün məbləği xərcləməyib evin tikinitisinə və abadlaşdırma işlərinə həsr etmişdir. İndi də onun əvəzini istəyir. Cavabdeh başqa heç kimi tanımır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(060)-735/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh torpağı Leyla adlı xanımdan alıb, həmin şəxs mülkiyyətçinin vərəsəsi qismində məhkəmə qaydasında tanınmış və torpağa çıxarış almışdır. Torpağı alanda iddiaçını görməmiş və tanımamışdır. Sonradan torpaq 3 nəfərə satılıb. Ev dağıtmayıb, hasarın içində torpaq alıb. Orada kiçik butka kimi tikili olub. Oranı təmizləmişdir, çünki torpaq onun idi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(060)- 735/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 bildirdi ki, 2004-cü ildə iddiaçının maddi imkanı olmadığı üçün bələdiyyəyə ödəniş etməyə ona kömək etmişdir. Bunun əvəzində o, torpaqdan ona də pay ayırıb. Torpağı hasara almış, darvaza qoymuşlar. Orada müxtəlif ağaclar əkmişdir. Sonra Rusiya Federasiyasına getmiş, qayıdanda görmüşdür ki, ağacları çıxarıblar. Bir neçə ağac hələ də qalmaqdadır. Şahid olub ki, Cavabdeh iddiaçının evini oğlu ilə birgə sökür. Niyə sökdüyünü soruşanda bildirdi ki, ona belə göstəriş veriblər. 20000 manat ziyan iddiaçının evində olan xalçaların, televizorun, mebellərin məhv olmasının əvəzidir. Cavabdeh evi 2022-ci ildə yandırıb. Polisə də müraciət olunub. Qeyd olunanlara əsasən apellyasiya şikayətimin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(060)-735/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq işə üçüncü şəxs qismində cəlb edilmiş Quliyev Faqət Ağaidris oğlu və X10 mhəkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15. Mülki Prosessual Məcəllə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıır. 18.Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 bildirdi ki, 2000-ci ildən həmin ərazidə yaşayır və 2004-cü ildən iddiaçını görmüşdür. İddiaçı həmin bağ sahəsinin abadlaşdırılması üçün çox əziyyət çəkmiş, su daşımış, ağaclar əkmişdir.
19. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 bildirdi ki, 2003cü ildə torpaq almış və özünə ev tikmişdir. O, vaxtdan iddiaçı ilə qonşu olmuşdur. İddiaçı həmin bağ evində çox əziyyət çəkmişdir. İddiaçı hasara təxminən 7000-8000 manat, evə isə 3000-4000 manat xərc çəkmişdir.
20. İşdə olan 14 iyun 2005-ci il tarixli aktdan görünür ki, Sumqayıt Şəhər bələdiyyəsinin X12 işçilərinin iştirakı ilə 1985 d saylı bağ sahəsinə baxış keçirilmiş və X4 ərizəsinə əsasən bağ sahəsinin yerində ölçülməsi, rüsuma cəlb olunmaqla sənədlərin Bələdiyyə iclasına göndərilməsi qərara alınmışdır.
21. İşdə olan 01 noyabr 2022-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli HK-1/2693 nömrəli yoxlama materialı üzrə cinayət işinin başlanılması rədd edilmişdir.
22. İşdə olan 17 avqust 2006-cı il tarixli aktdan görünür ki, aktı tərtib edən şəxslər bildirmişlər ki, 1987 saylı bağ sahəsinin yerləşdiyi torpaq sahəsi baxımsızlıq üzündən bataqlığa çevrilmiş, anti-sanitariya vəziyyəti yaranmış və istifadəyə yararsız hala düşmüşdür. X9 1993-cü ilin mart ayından başlayaraq ötən illər ərzində öz vəsaiti hesabına həmin ərazinin bataqlığını qurutmuş, oranı istifadəyə yararlı hala gətirmişdir. Bütün bu illər ərzində onlar həmin bağ sahəsində başqa adam görməmişdirlər. Sumqayıt şəhər Bələdiyyəsinin təklifindən sonra Bələdiyyənin hesabına pul köçürmüş və 2004-cü ildə ərazini daş hasara almış və yaşamaq üçün ev tikmişdir. Əraziyə əlavə torpaq tökdürmüş və meyvə ağacları əkmişdir. Bütün bu illər ərzində X3 başqa bağa qulluq və ya heç olmasa gəlib-gedən kənar şəxs görməmişlər.
23. İşdə olan 017213 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, X9 bağ sahəsinin alqı-satqısı üçün Sumqayıt şəhər Bələdiyyəsinə üç milyon manat köçürmüşdür.
24. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Noxanı bağ massivi, 1987 saylı 12 sot torpaq sahəsi Quliyev Faqət Ağaidris oğlunun adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-cı il tarixdə qeydə alınmışdır.
25. İşdə olan xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Quliyev Faqət Ağaidris oğlu Sumqayıt şəhəri, Noxanı bağ massivi, 1987 saylı 7 sot torpaq sahəsini X1.
26. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1987 saylı 5 sot torpaq sahəsi Quliyev Faqət Ağaidris oğlunun adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-cı il tarixdə qeydə alınmışdır. 27 İşdə olan xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Quliyev Faqət Ağaidris oğlu Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1987 saylı torpaq sahəsinə sərəncam verməyi və digər hüquqları 2 il müddətinə Cavabdeh etibar etmişdir.
28. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ərizəsində əşyalarının cavabdeh tərəfindən yandırıldığını və nəticədə ona ziyan dəydiyini bildirsə də iş materiallarında olan “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 01 noyabr 2022-ci il tarixli qərarın məzmunundan görünür ki, iddiaçının qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də ilkin olaraq, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli idi.
30. Halbuki iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür.
31. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X16 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68)
32. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X16 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir.
33. Hazırki işdən görünür ki, iddiaçı ərizəsində qeyd etdiyi halları sübuta yetirə bilməmişdir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək qeyd edir ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməlidir. İddiaçı şikayətdə qeyd etdikləri dəlillər təsdiq edəcək sübutları təqdim etməmişdir. Belə olan halda şikayətin dəlilləri birinci instansioya məhkəməsini qətnaməsini ləğvi üçün əsas hesab edilə bilməz. 36.Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(060)-735/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. 37.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(060)-735/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.