Məhkəmə qərarları › İş №2(105)-1058/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1058/2023

06.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1058/2023 06.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(012)-185/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11483 manat maddi ziyan və 124,45 ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 11607,45 manat tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabddeh Cavabdeh xx.xx.2021-ci il tarixdə, saat 20:00 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı ** PB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Qusar şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən qarşı hərəkət zolağına çıxmaqla manevr etmə və işıqforun qadağan olunmuş siqnalında hərəkəti davam etdirmə qaydasını pozmuş və nəticədə “GREAT WALL H-3” markalı, ** BH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və “VAZ-21213” markalı, ** BC *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində ona və X1 yüngül bədən xəsarəti yetirilmişdir. Qeyd olunan faktla bağlı Qusar RPŞ-nin İB tərəfindən araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərarla cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda barəsində inzibati xəta haqqında İXP ******* saylı xx.xx.2022-ci il tarixli Protokol tərtib edilərək baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində onun avtomaşınına ümumilikdə 16000 manat ziyan dəymişdir. Qeyd olunan ziyandan cavabdehin sığorta şirkəti ona 4517 manat ödəmişdir. Cavabdehdən qalan 11483 manat pulun ödənilməsini dəfələrlə xahiş etsə də, bunun bir nəticəsi olmamışdır. Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(012)-185/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 8563 manat məbləğində pulun və 93 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 75 manatının Cavabdeh, 25 manatının isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(012)-185/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 dekabr 2022-ci il tarixli, 9/7592 №-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin təmirinə dair smeta aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Great Wall H-3” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13080 manat müəyyən edilmişdir. Bu rəy faktiki оlaraq heç bir sübut əhəmiyyəti daşımayan, şişirdilmiş qüsur aktı əsasında aparılmışdır. Heç kimə bəlli оlmayan şəxs tərəfindən tərtib edilmiş qüsur aktının ekspert qarşısında heç bir şübhə dоğurmaması özü-özlüyündə şübhə dоğurur. Belə ki, hazırda internet baza məlumatlarından görünür ki, “GREAT WALL H-3” markaıl 2015-ci il buraxışlı nəqliyyat vasitəsinin orta bazar satış qiyməti təxminən 16-17 min manat civarındadır. İddiaçı məxsus ** BH *** dövlət qeydiyyat nişanlı “GREAT WALL H-3” markalı avtomaşının təmiri üçün ehtiyat hissələri qızıldanmı hazırlanmışdır? Əgər avtomaşının bazar qiyməti ilə bir balaca toqquşma nəticəsində təmiri üçün də elə qədər vəsait tələb olunursa, burada qüsur aktını tərtib edən şəxsin saxtakarlığa yol verdiyi açıq-aşkar görünür. Bundan sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Həmin mərkəz ekspertiza rəyi təqdim etmişdir. Rəylə tanış olduqda bir sıra məsələlər yaranmışdır. Belə ki, rəydə qeyd olunur ki, bu iş üzrə rəy nəzəri cəhətdən verilir. Başqa sözlə, yol-nəqliyyat hadisəsi nəticəsində əzilmiş avtomaşına baxış keçirilmir, heç kimə bəlli olmayan şəxs tərəfindən akt tərtib edilərək cəmi 16000 manat dəyəri olan avtomaşına elə 16000 manat ziyan dəydiyi müəyyən edilmiş, həmin akt ekspert tərəfindən əsas sənəd kimi qəbul edilmişdir. Halbuki, ekspert bir az diqqətli olsaydı görərdi ki, qarşı-qarşıya toqquşmuş avtomaşınların 90 faiz aqreqat və mexanizmləri sıradan çıxa bilməz. 16000 manat bazar dəyəri olan avtomaşının ön hissəsinin yüngül zədələnməsi nəticəsində avtomaşının dəyəri miqdarında pul tələb etməsi absurddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti işin hallarına uyğun rəy verməmişdir. Avtomaşına baxış keçirilməsi zəruri olduğu halda ekspert belə bir vəsatət qaldırmamışdır. Halbuki, avtomaşına baxış keçirilməklə rəy verilməsi ekspertin birbaşa vəzifəsidir. Lakin, qeyd etdikləri kimi, ekspert belə bir vəsatətin qaldırılmasında maraqlı olmamış, verilmiş rəy isə birtərəfli, qeyri-obyektiv və əsassızdır. Bundan başqa, rəydə qeyd olunur ki, bütün hesablamalar nəzəri cəhətdən həyata keçirilir. Bu nəzəri cəhət nə deməkdir ki? Qüsur aktının rekvizitləri bəlli olmayan, VÖEN-i məlum olmayan, harada fəaliyyət göstərdiyi belə məlum olmayan, ümumiyyətlə kim tərəfindən tərtib olunduğu aydın olmayan bir sənədin ekspert tərəfindən "çox mühüm sənəd kimi" qəbul olunduğu əsaslı şübhələr doğurur. Belə ki, iddia ərizəsinə qüsur aktının yalnız birinci vərəqi əlavə olunmuş, sonrakı vərəqləri əlavə olunmamışdır. Bu isə məhkəməni yanlış istiqamətə yönəltmək üçün hesablanmışdır. Ekspert isə bununla əlaqədar vəsatət verməmişdir. Bu hallar isə ekspertin maraqlı olmasına dəlalət edir. Bu halları sübut etmək üçün xüsusi biliyə malik olmaq lazım deyil. Məsələn, qüsur aktında qeyd olunur ki, avtomaşının sağ paneli 1600 manat dəyərindədir. Bu “sağ panel” nə olan şeydir ki, avtomaşının bazar dəyərinin 10%-ni təşkil edir? Nəzəri hesablamalar aparan ekspert bunu görmür? Bundan başqa, yüngül zədə almış avtomaşının surətlər qutusu (qüsur aktında və rəydə "karobka" kimi qeyd olunur) necə sıradan çıxa bilər ki, bunun üçün 1000 manat ziyan müəyyən edilmişdir? Hələ "qabaq şit zbor" - 600 manat, "qabaq qapı" 600 manat, "rulevoy kolonka" 500 manat, "qabaq fara sağ" 400 manat və sair kimi qiymətləndirilməsindən söhbət getmir. Yəqin bu faranın içi qızıldandır?. Ekspert rəyi iş materiallarına əlavə edilmiş qüsur aktı üzərində hesablanmışdır. Buradan belə qənaətə gəlmək olur ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi bu mühüm məsələləri əhatə etməmişdir. Odur ki, Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadığı üçün hazırki iş üzrə təkrar ekspertiza təyin edilməsi barədə vəsatət qaldırılmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının 22 iyun 2023-cü il tarixdə keçirilən iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Sonrakı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh və onun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, cavabdeh məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, lakin bununla əlaqədar məhkəmə kollegiyasına hər hansı rəsmi sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə cavabdehin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının keçirilən iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AC seriyalı, 697669 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “GREAT WALL H-3” markalı, ** BH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair Aktın surətindən görünür ki, “GREAT WALL H-3” markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə ehtiyat hissələrinin qiyməti 10600 manat və digər görülən işlərin dəyəri 5400 manat olmaqla, ümumilikdə 16000 manat təşkil edir. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(029)- 30/2022 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiq edilməsi qərara alınmışdır. Belə ki, işin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə, saat 20:00 radələrində etibarnamə ilə idarə etdiyi “Toyoto Prius” markalı, ** PB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Qusar şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən qarşı hərəkət zolağına çıxmaqla manevr etmə və svetaforun qadağan olunmuş siqnalında hərəkəti davam etdirmə qaydasını pozmuş və nəticədə “GREAT WALL-H3” markalı, ** BH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və “VAZ-21213” markalı ** BC *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində İddiaçı və X1 yüngül bədən xəsarəti yetirilmiş, faktla bağlı Qusar RPŞnin İB tərəfindən araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərarla Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə tədbir görülməsi üçün Qusar RPŞ-nin DYPB-nə göndərilmiş, Qusar RPŞ-nin DYPB tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* nömrəli, xx.xx.2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilmiş, Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(029)- 30/2022 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Bundan sonra İddiaçı avtomaşına dəymiş zərərin hesablanmasına dair Akt almış və həmin Akta əsasən “GREAT WALL H-3” markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə ehtiyat hissələrinin qiyməti 10600 manat və digər görülən işlərin dəyəri 5400 manat olmaqla, ümumilikdə 16000 manat təşkil etdiyi qeyd edilmişdir. Bununla da İddiaçı hadisənin baş verməsində təqsiri olan Cavabdeh qarşı vulmuş ziyanın ödənilməsini tələb etmək hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək Cavabdeh 8563 manat məbləğində pulun və 93 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, birinci instansiyanın məhkəmə araşdırması zamanı “GREAT WALL H-3” markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği ilə razı olmayan cavabdehin vəsatəti əsasında iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 dekabr 2022-ci il tarixli, 9/7592 №-li ekspert rəyi əsasında nəzəri hesablama yolu ilə, xx.xx.2021ci il tarixli nəqliyyat vasitələrinin təmirinə dair smeta aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Great Wall H-3” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13080 manat olduğu müəyyən edilmiş, həmin ziyandan sığorta şirkəti bir avtomobilə vurulmuş ziyana görə 4517 manat ödədiyindən ekspert rəyi ilə müəyyən edilmiş maşına vurulmuş ümumi ziyandan həmin məbləğ çıxılmaqla, qalan 8563 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki. qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinəəsasən mülki hüquq pozuntusu (delikt) əsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam də ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Cavabdeh apellyasiya şikayətində ekspertin rəyi kifayət qədər aydın və tam olmadığı, işin həqiqi hallarını əks etdirmədiyini, ekspert rəyi ilə razı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin rəyi üzrə ekspert xüsusi biliyə malikdir. Buna görə də, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Cavabdehin təkrar ekspertiza keçirilməsi ilə əlaqədar vəsatətinə münasibətdə iddiaçı bildirmişdir ki, dəfələrlə cavabdehə avtomobilin könüllü təmir etdirilməsi ilə bağlı müraciətlər etmiş, lakin cavabdeh vurulmuş ziyanın ödənlilməsi ilə bağlı heç bir təşəbbüs göstərməmiş, nəticədə həmin avtomobil onun tərəfindən başqa şəxsə satıldıqdan sonra təmir olunmuşdur. İddiaçının həmin dəlilinə cavabdeh heç bir etiraz etməmiş, avtomobil qəzası nəticəsində ailə üzvlərinin xəsarət alması ilə əlaqədar maddi imkanının olmadığını, yalnız 3000 manatın hissə-hissə ödənilməsinə razı olduğunu qeyd etmişdir. İddiaçı isə hissə-hissə ödənişə ümumiyyətlə inanmadığını, lakin qarşılıqlı güzəşt edərək həmin məbləğin birdəfəlik ödənildiyi halda barışıq sazişi bağlamağa razı olduğunu bildirmiş, lakin növbəti məhkəmə iclasında cavabdeh və onun nümayəndəsi gəlməyərək edilmiş təklifə heç bir münasibət bildirməmişlər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 dekabr 2022-ci il tarixli, 9/7592 №-li ekspert rəyi qanuni və əsaslı olub, işin həqiqi hallarına uyğun olduğuna görə iş üzrə sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(012)-185/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar