Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1059/2025 24.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X13 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2(012)-1440/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 201762 saylı doğum haqqında şəhadətnamənin və AZE seriyalı, 12191637 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 16 avqust 2013-cü ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə Kərimova (Pektanç) Göyçək Baba qızıdır.
2. Bakı şəhəri Yasamal Rаyоn Məhkəməsinin 2(004)-9178/2016 saylı, 01 avqust 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh ilə Kərimova (Pektanç) Göyçək Baba qızı arasında 01 sentyabr 2012-ci il tarixli, 959 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 16 avqust 2013-cü il təvəllüdlü Kərimova (Kərimli) Ülkər Samir qızının yetkinlik yaşına çatanadək anası Kərimova (Pektanç) Göyçək Baba qızının himayəsində qalması, 16 avqust 2013-cü il təvəllüdlü Kərimova (Kərimli) Ülkər Samir qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 avqust 2016-cı il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı Kərimova (Pektanç) Göyçək Baba qızının xeyrinə verilməsi qət edilmişdir.
3. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 311967 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və Kərimova (Pektanç) Göyçək Baba qızı ilə olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 430 № ilə qeyd edilmişdir.
4. Bakı şəhəri Yasamal Rаyоn Məhkəməsinin 2(004)-2106/2019 saylı, 11 mart 2019cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-9178/2016 nömrəli qətnaməsi ilə Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında tutulan alimentin tutma üsulunun və miqdarının dəyişdirilərək, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat aliment və uşağın təhsil haqqına görə hər ay 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
5. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 332784 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında 14 may 2019-cu il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1026 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Kərimova” soyadı verilmişdir.
6. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 424442 saylı doğum haqqında şəhadətnamənin və AA2851354 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 30 mart 2020-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X2r.
7. Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 974018 saylı doğum haqqında şəhadətnamənin və AA6650280 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 22 may 2024-cü ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X2r.
8. Cavabdeh şəxsi məlumatlarına dair “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləyir və onun aylıq əmək haqqı 669,71 (altı yüz altmış doqquz manat, yetmiş bir qəpik) manat təşkil edir. Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü Kərimova (Kərimli) Ülkər Samir qızının saxlanması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi, həmin dörddə bir hissənin “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən sabit məbləğdən az olduqda isə alimentin sabit məbləğdə 246 manat miqdarında və mediasiya xidməti zamanı çəkilmiş 61 manat xərcin də Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 01 sentyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikah dövründə övladı xx.xx.2013-cü il təvəllüdlü Kərimova (Kərimli) Ülkər Samir qızı dünyaya gəlmişdir. Lakin daha sonra cavabdeh ayrılmaq qərarına gəlmişdir. Bu səbəbdən Cavabdeh ona qarşı “nikahın pozulması” tələbinə dair iddiа ərizəsi ilə Bakı şəhəri Yasamal Rаyоn Məhkəməsinə mürаciət еtmişdir. Bakı şəhəri Yasamal Rаyоn Məhkəməsinin 2(004)-9178/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə 01 sentyabr 2012-ci il tarixli, 959 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü Kərimova (Kərimli) Ülkər Samir qızı onun himayəsinə verilmiş, xx.xx.2013-cü il təvəllüdlü Kərimova (Kərimli) Ülkər Samir qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 avqust 2016-cı il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. Nəzərə çatdırır ki, hazırda təyin edilmiş aliment məbləği uşağın böyüməsi ilə əlaqədar artan ehtiyaclarını qarşılamaq üçün kifayət etmir. Uşağın qida, geyim və digər gündəlik ehtiyaclarının xərcləri onun yaşına uyğun olaraq artmışdır. Bu, uşağın sağlam və dolğun inkişafını təmin etmək üçün zəruridir. Uşağın təhsili ilə bağlı xərclər, o cümlədən, dərs vəsaitləri, məktəb forması, əlavə tədris vəsaitləri və kurslar üçün xərclər artmışdır. Bu səbəblərdən mövcud aliment məbləğinin artırılması uşağın rifahı və inkişafı üçün vacibdir. Bakı 6 saylı Mediasiya təşkilatının “aliment miqdarının artırılması” tələbi ilə ilkin mediasiya sessiyasında onlar ortaq qərara gələ bilməmişdirlər. Odur ki, problemlərin yalnız məhkəmə qaydasında həll edilməsi zərurəti yaranmışdır. Əlavə olaraq bildirir ki, övladı hazırda özəl məktəblərdən birində təhsil alır. Təxminən 10 ildir ki, aliment məbləğinin miqdarı dəyişməmişdir. O, ikinci dəfə ailə həyatı qurmuşdur və onun iki övladı vardır. Qeyd edir ki, Cavabdeh məhkəmədən kənar qaydada aliment məbləğini 30 manat artıraraq, hər ay 140 manat sabit pul məbləğində aliment ödəməyə başlamışdır.
11. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü Kərimova (Kərimli) Ülkər Samir qızının saxlanması üçün əmək haqqının 1/4 hissəsi həcmində deyil, sabit pul məbləğində, yəni ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 0,615 misli miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı tərəfindən aliment tələbi barədə 2019-cu ildə Bakı şəhəri Yasamal Rаyоn Məhkəməsinə müraciət olunmuş, lakin sözügedən iddia tələbi rədd edilmişdir. Qarşı tərəf evlənmişdir, həmçinin hazırda işləyir. O da yenidən ailə həyatı qurmuşdur və həmin nikahdan iki övladı vardır. Hazırda o, ailəsi ilə birlikdə kirayə evdə qalır.
13. Abşeron Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2(012)-1440/2025 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) İddiaçı Cavabdeh qarşı xx.xx.2013-cü il təvəllüdlü Kərimova (Kərimli) Ülkər Samir qızının saxlanması üçün əmək haqqının 1/4 hissəsi həcmində deyil, sabit pul məbləğində, yəni ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 0,615 misli miqdarında alimentin tutulması barədə iddiasının rədd edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh şəxsi məlumatlarına dair “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləyir və onun aylıq əmək haqqı 669,71 (altı yüz altmış doqquz manat, yetmiş bir qəpik) manat təşkil edir. İş materiallarından göründüyü kimi hazırki iş üzrə cavabdehin iddiaçının xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli misli həddində sabit pul məbləğində aliment ödəməsi faktiki olaraq onun imkanı xaricindədir. Belə ki, cavabdeh yenidən nikaha daxil olmuşdur və həmin nikahdan iki yetkinlik yaşına çatmayan övladı vardır. Digər uşaqların da mənafeyi nəzərə alınarsa, alimentin tələb olunan formada təmin edilməsi cavabdehin başqa nikahdan olan uşaqlarının mənafeyinin ciddi şəkildə pozulması ilə nəticələnir. Məhkəmə yuxarıda qeyd olunan diqqətəlayiq halları məcmu halında qiymətləndirərək hesab edir ki, alimentin artırılması cavabdehin hazırki durumu və aldığı əmək haqqı ilə heç cür uyğunlaşmır və bu səbəbdən alimentin artırılması mümkün deyildir.
15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 112.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin ödəyir. Lakin hal-hazırda təyin edilmiş aliment məbləği uşağın böyüməsi ilə əlaqədar artan ehtiyaclarını qarşılamaq üçün kifayət etmir. Uşağın qida, geyim və digər gündəlik ehtiyaclarının xərcləri onun yaşına uyğun olaraq artmışdır. Bu uşağın sağlam və dolğun inkişafını təmin etmək üçün zəruridir. Uşağın təhsili ilə bağlı xərclər, o cümlədən dərs vəsaitləri, məktəb forması, əlavə tədris vəsaitləri və kurslar üçün xərclər artmışdır. Bu səbəblərdən, mövcud aliment məbləğinin artırılması uşağın rifahı və inkişafı üçün vacibdir. Bu cür hesablamanın aparılması o baxımdan sərfəlidir ki, əvvəllər yaşayış minimumu artdıqca, hər il valideyn aliment məbləğinin artırılması üçün yenidən iddia qaldırmaq məcburiyyətində olurdu. Artıq aliment məbləği yaşayış minimumuna görə yox, minimum əməkhaqqı məbləğinin artımına uyğun müvafiq hesablama ilə aparıldığına görə gələcəkdə bu cür iddianın qaldırılmasına ehtiyac qalmır. Hesablama zamanı ölkədə minimum əməkhaqqı məbləği artdıqca, aliment məbləği də müvafiq indeksasiya üzrə artacaq. Bu, uşaqların mənafeyinin qorunmasına, onların xərclərinin ölkədə minimum əməkhaqqı məbləğinin artırılmasına uyğun qarşılanmasına imkan verəcək. Birinci instansiya məhkəməsi uşağın mənafelərini görməzdən gələrək onun hüquqlarına zidd qətnamə çıxarmışdır. Belə ki, məhkəmə tərəfindən təyin olunan aliment məbləği hazırki dövrdə uşağın ehtiyaclarını tam şəkildə qarşılamağa kifayət etmir. Məhkəmə alimentin məbləğini müəyyən edərkən bunun aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almaqla yanaşı uşağın təminat səviyyəsinə də diqqət yetirməlidir. Ona görə də məhkəmə qərarı uşağın daha yaxşı şəraitdə böyüməsi və inkişaf etməsi üçün yenidən nəzərdən keçirilməli və aliment məbləğinin artırılmalıdır. Belə ki, məhkəmə cavabdehin izahatına əsasən onun iddiaçının xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli misli həddində sabit pul məbləğində aliment ödəməsi imkanı olmadığını müəyyən etmiş, bu əsasla iddiaçının iddia tələbini rədd edərək təmin etməmişdir. Cavabdeh izahatında bildirmişdir ki, onun həmin məbləği ödəmək üçün kifayət qədər imkanı yoxdur, həmçinin o yenidən ailə həyatı quraraq ailəsi ilə birlikdə kirayədə yaşayır. Lakin cavabdeh kirayədə yaşadığını təsdiq edəcək hər hansı sənəd təqdim etməmişdir. Bu faktı təsdiq edəcək sənəd olmadığı halda məhkəmənin həmin faktı qəbul etməsi absurddur. Həmçinin məhkəmə şəxsin əlavə gəlir mənbəyinin olubolmamasını da araşdırmamış, cavabdehin rəsmi iş yerinin olması ilə kifayətlənmişdir. Bu da onu deməyə əsas verir ki, məhkəmə prosessual qanunvericiliyin tələblərini pozaraq iş üzrə əhəmiyyətli halları hərtərəfli və tam şəkildə araşdırmamış və əsassız, qanunsuz qətnamə çıxarmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
20. Maddə 49. Uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ (...) 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
21. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
22. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
23. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)
29. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, həmin apellyasiya şikayətində qeyd olunanlar şikayətin tam təmin olunması üçün əsaslı olmasa da, qismən təmin edilməsi üçün əsaslıdır.
32. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
34. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
35. İddia tələbindən görünür ki, iddiaçı eyni zamanda mövcud alimentin sabit pul şəklində və ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləğinə uyğun hesablanmasını tələb edir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin maddi vəziyyətinin aşağı olması onu uşağı saxlamaq vəzifəsindən azad etmir, uşağın saxlanılması üçün tərəflər birgə və bərabər məsuliyyət daşıyırlar.
37. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
38. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.
39. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləyir və onun aylıq əmək haqqı 669,71 (altı yüz altmış doqquz manat, yetmiş bir qəpik) manat təşkil edir.
40. Cavabdehdən hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu, öhdəsində digər uşağının olmasını, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, alimentin tutulma üsulu və məbləği dəyişdirilməli, cavabdehdən hər ay uşağın saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
41. Kollegiya həmçinin qeyd edir ki, uşağın saxlanması üçün alimentin tutulması məsələsi davam edən münasibətlər kateqoriyasına aid olduğundan, alimentin tutulması barədə müəyyən olunmuş miqdarının dəyişdirilməsinə və ya aliment ödəməkdən azad edilməyə əsas verən hallar mövcud olduqda tərəflərin yenidən məhkəməyə müraciət etmək hüququ istisna deyildir.
42. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
43. Qeyd olunanları, həmçinin uşağın üstün mənafelərinin qorunması, habelə prosessual qənaət prinsipləri rəhbər tutularaq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2(012)-1440/2025 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-9178/2016 nömrəli qətnaməsi ilə Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında tutulan alimentin tutma üsulu və miqdarı dəyişdirilərək, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü Kərimova (Kərimli) Ülkər Samir qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı Pektanç (Kərimova) Göyçək Baba qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.
44. MPM-in 402-ci maddəsinə əsasən kollegiya həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2(012)-1440/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-9178/2016 nömrəli qətnaməsi ilə Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında tutulan alimentin tutma üsulu və miqdarı dəyişdirilərək, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü Kərimova (Kərimli) Ülkər Samir qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.