Məhkəmə qərarları › İş №2(105)-1060/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1060/2024

06.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1060/2024 06.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun tanınması və cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X27 və X5 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun tanınması və cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-106/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 15 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı və X2 rayonu Dağ Bilici kəndi ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsini Cavabdeh bağışlamışdır.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən Şabran rayon Dağ Bilici kəndi ərazində yerləşən 0,10 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun tanınması və cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən onun Şabran rayon Dağ bilici kəndində yerləşən, qeydiyyatda olduğu və yaşadığı evə istifadə hüququnun tanınması və cavabdehin onu yaşayış evinə buraxmamağının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X10 ilə xx.xx.1987-ci il tarixdə nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra, o, hazırda istifadə huququnun tanınması barədə iddia tələbi ilə müraciət etdiyi evə gəlin köçmüşdür. Həmin evdə o, mərhum həyat yoldaşı X10 ilə mərhum qayınanası X12 ilə və övladlığa götürdükləri qaynının övladı X9 ilə birgə yaşamışlar. xx.xx.2010-cu il tarixdə həyat yoldaşı X10, xx.xx.2015-ci il tarixdə isə qayınanası X12 xəstəlikdən vəfat etmişdir. Övladlığa götürdüyü X9 onunla birlikdə yaşamadığına görə qərara gəlmişlər ki, o, yaşadığı evi və həmin evin yerləşdiyi torpaq sahəsini, qaynı Cavabdeh Nəsrədin oğluna bağışlasın, bir şərtlə ki, o, vəfat edənədək həmin evdə yaşayacaq, çünki onun yaşayış yeri oradır. xx.xx.2016-cı il tarixində Şabran rayon Notariat Kontorunda o, övladlığa götürdüyü X9 ilə yaşadığı evi və həmin evin yerləşdiyi torpaq sahəsini qaynı Cavabdeh Nəsrədin oğluna bağışlamışdır. xx.xx.2023-cü il tarixədək o, həmin evdə maneəsiz yaşamışdır. xx.xx.2023-cü il tarixdə o, Şabran rayonu Taxtalar kəndində yaşayan bacısıgilə üç günlük qonaq gedib qayıdandan sonra, ona məlum olmuşdur ki, qaynı evin açarını dəyişib və onu yaşayış evinə buraxmır. Ona bu hərəkətlərinə son qoyulmasını xahiş və tələb etsə də, onun sözlərinə əhəmiyyət verməyərək, bu günki tarixədək onu yaşadığı evə buraxmamşıdır. O, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Ona görə də, Cavabdeh tərəfindən onun Şabran rayon Dağbilici kəndində yerləşən, qeydiyyatda olduğu və yaşadığı evə istifadə hüququ tanınmalı və cavabdehə onu yaşayış evinə buraxmamağı qadağan edilməlidir.

5. Cavabdeh məhkəməyə etiraz ərizəsini təqdim edərək ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı, X1 ilə xx.xx.1987-ci il tarixdə rəsmi qaydada ailə həyatı qurmuşdur. Ailə qurandan sonra onlar birlikdə Rusiya Federasiyasının Tümen vilayətində yaşamış, sonradan qardaşı Bakı şəhərində işlədiyinə görə orada yaşamışlar. İddiaçı X1 ilə birgə nikahlarından övladları olmamış, övladlığa götürdükləri X9 isə yetkinlik yaşına çatmış şəxsdir. X1 xx.xx.2010-cu il tarixində vəfat etmişdir. İddiaçı valideynlərindən ona miras qalmış Şabran rayonu, Dağ Bilici kəndində yerləşən evdə müəyyən müddət ərzində yaşasa da, təxminən 5 il olar ki, həmin evi tərk edərək bacısıgilə, Şabran rayonu, Taxtalar kəndində yerləşən evə köçərək bacısı ilə birlikdə yaşayır. İddiaçının iddia ərizəsində göstərdiyi, xx.xx.2023-cü il tarixində Şabran rayonu Taxtalar kəndində yaşayan bacısıgilə üç günlük qonaq getməsi, guya onun evin açarını dəyişməyi, onu evə buraxmamağı barədə qeydləri yalan və iftiradır. Son 5 il ərzində həmin evə dair heç bir kommunal ödənişin ödənilməməsi, bir daha iddiaçının 5 ildir ki, orada yaşamadığını təsdiq etməkdədir. Həmin ev ona valideynlərindən miras qalmışdır. Həmin evi atası ilə anası 1957-ci ildə inşa etmişlər. Evin divarındakı daşın üzərində belə evin inşa tarixi yazılmışdır. X7 30 iyun 1975-ci ildə, anası X12 isə xx.xx.2015-ci il tarixində vəfat etmişlər. Anası sağlığında vəsiyyətnamə qoyaraq ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını ona vəsiyyət etmişdir. Həmin evin yerləşdiyi 0.10 ha torpaq sahəsinin mərhum X6 düşən hissəsini isə 15 dekabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən o, qəbul etmişdir. Sadəcə olaraq evin yerləşdiyi torpaq sahəsinin İddiaçı və X3 hərəsinə düşən 2 sot hissəsini 15 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən onlar ona bağışlamışlar. Göründüyü kimi iddiaçı ona ev bağışlamamışdır, bu barədə iddia ərizəsində göstərdikləri yalandır, ev ona valideynlərindən miras qalmış və o da sonunda həmin evə yerləşdiyi 0.10 ha torpaq sahəsi ilə birlikdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli, **********85-10301 reyestr nömrəli çıxarış əldə etmişdir. Qeyd olunan ev hal-hazırda onun mülkiyyətində olduğundan onun iddiaçıya həmin evdən istifadə hüququ vermək fikri yoxdur, mülkiyyətçi olaraq buna hüququ çatır. Ona görə də, İddiaçı evdən istifadə hüququnun tanınması və cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X16 bildirmişdir ki, hər iki tərəfi tanıyır, onlarla qonşuluqda yaşayır. İddiaçı təxminən 36 ildir ki, həmin evdə yay aylarında mütəmadi olaraq yaşamış, lakin bu il sentyabr-oktyabr ayları xəstə olduğu üçün bacısının yanına Şabran rayonu Taxtalar kəndinə çıxıb getmişdir. Əhədin də həmin evə gəlib-getməsini görmüşdür.

7. Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli 210 saylı arxiv çıxarışından görünür ki, Şabran (keçmiş Dəvəçi) rayon İHB-nın Bilici İƏD-nin 1991- 1995-ci illərdə Dağbilici kəndi üzrə tərtib edilmiş təsərrüfatbaşına kitabında X11 təsərrüfatı qeydə alınmışdır. Həmin təsərrüfatda 1956-cı ildə ümumi sahəsi 54 kvm yaşayış sahəsi olan yaşayış evi və 0.10 ha həyətyanı torpaq sahəsi göstərilməklə ailə üzvləri - X12, X10, İddiaçı və X9 qeyd edilmişdir.

8. Şabran rayon İHB-nın Taxtalar İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 04 may 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Şabran rayonu Taxtalar kəndində yaşayır.

9. Şabran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, X15 08 iyul 1975-ci ildə ölmüşdür.

10. Şabran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, X12 26 fevral 2015-ci ildə ölmüşdür.

11. AZ-İ seriyalı 440707 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 05 sentyabr 2010-cu ildə ölmüşdür.

12. İİİ-JQ seriyalı 498511 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə İddiaçı 26 yanvar 1987-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan 25 iyul 2012-ci il tarixli vəsiyyətnamədən görünür ki, X12 ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq bütün əmlakını Cavabdeh vəsiyyət etmişdir.

13. 15 dekabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu ildə ölmüş X4 vərəsəsi qardaşı Cavabdeh miras əmlakdan - Şabran rayonu, Dağ-Bilici kəndində torpaq sahəsindən 1/1 hissədə pay almalıdır.

14. xx.xx.2023-cü il tarixli Azəriqaz abonent saldosundan görünür ki, Şabran rayonu Dağbilici kəndində yerləşən Cavabdeh adına olan fərdi yaşayış evinin qaz sərfiyatına görə 2021,2022 və 2023-cü illərə görə heç bir ödəniş edilməmişdir.

15. “Azərişıq” abunə haqqında cədvəldən görünür ki, Şabran rayonu Dağbilici kəndində yerləşən X8 adına olan fərdi yaşayış evinin işıq sərfiyatına görə 2020, 2021, 2022 və 2023-cü illərə görə cüzi miqdarda, demək olar ki, heç bir ödəniş edilməmişdir.

16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş məlumatın təqdim edilməsi barədə 21 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh adına xx.xx.2008-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şabran şəhəri, Şəhriyar küçəsi 43 də yerləşən, tam mülkiyyət üzrə (Dəvəçi rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli, 6 saylı protokoldan çıxarış, xx.xx.2007-ci il tarixli Tikintisi basa çatmış binanın istismara buraxılması barədə akta əsasən) fərdi yaşayış evi, xx.xx.2017-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şabran rayonu, Dağ-Bilici kəndində yerləşən tam mülkiyyət üzrə (xx.xx.2016-cı il tarixli, 2V-229 nömrəli vəsiyətnamə üzrə vərəsəlik hüququ haqqında, xx.xx.2016-cı il tarixli, 2V-230 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında) fərdi yaşayış evi, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şabran rayonu, Dağ-Bilici kəndində yerləşən paylı mülkiyyət üzrə (xx.xx.2022-cı il tarixli, 2V- 308 və 2V-309 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, xx.xx.2022-ci il tarixli, 4Ə-667 nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında) 2,4177 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar edilmişdir.

17. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(031)-106/2024 nömrəli qətnaməsi ilə (hakim Könül Mirzəfərova) iddia təmin edilməmiş və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

18. Birinci instansiya məhkəməsi iddia ərizəsinin rədd edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin torpaq sahəsini cavabdehə bağışlamışdır. Bağışlama müqaviləində fərdi yaşayış evi və torpaq sahəsinin iddiaçının vəfat edənədək həmin evdə yaşayacağı şərti ilə bağışlanmasına dair hər hansı şərt mövcud deyildir. Bununla yanaşı İddiaçı ilə mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamışdır. Lakin, mülkiyyətçi Cavabdeh İddiaçı müvəqqəti yaşamaq imkanı vermişdir. Bununla da, Cavabdeh İddiaçı mübahisəli mənzildə müvəqqəti yaşamaq imkanı versə də, məhkəmə iclasında aparılmış araşdırma zamanı sonuncunun mübahisəli mənzilə istifadə hüququnun mövcud olması barədə hər hansı hüquqi əsas aşkar edilməmişdir. Belə olan təqdirdə, İddiaçı Cavabdeh adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış Şabran rayonu Dağbilici kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun olmadığı müəyyən edilir.

19. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 11.1, 390.1, 2282, 228.5-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

20. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı Cavabdeh yazılı etiraz təqdim etmişdir.

23. Etiraz onunla əsaslandırılmışdır ki, onunla iddiaçı arasında hər hansı danışıq, yaxud da yazılı müqavilə olmayıb, iddiaçı 2017-ci il tarixdən ona məxsus olan Şabran rayonu, Dağ Bilici kəndində yerləşən fərdi yaşayış evində ondan razılıq alaraq müvəqqəti olaraq 2 il müddətinə yəni 2019-cu il tarixədək ev şəraitsiz və qəzalı olduğundan özünə məxsus olan cehiz əmlaklarına ara sıra gəlib nəzarət edirdi. O, da aralarında razılaşdıqları müvəqqəti get gəlin uzandığını görərək iddiaçıya 2019-cu ilin oktyabr ayında bildirdirmişdir ki, daha ona məxsus olan Şabran rayonu, Dağ Bilici kəndində yerləşən fərdi yaşayış evinə getməsin, cehiz əmlaklarınıda evdən çıxartsın və ev qəzalı olduğu üçün təmir edəcəkdir. O da həmin vaxtdan yəni 2019-cu il oktyabr ayından ona məxsus olan Şabran rayonu, Dağ Bilici kəndində yerləşən fərdi yaşayış evinə get gəli dayandırmış və ancaq özünə məxsus olan yararsız vəziyyətdə olan cehiz əmlaklarını ona məxsus olan Şabran rayonu, Dağ Bilici kəndində yerləşən fərdi yaşayış evindən çıxartmamışdır. Bundan sonra iddiaçıya məxsus əmlakın ona məxsu yaşayış evindən çıxarılması barədə məhkəməyə müraciət etmiş və Şabran Rayon Məhkəməsinin 2(031)-138/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İddiaçı qəsdən bilərəkdən ona qarşı qərəzli olaraq onun vaxtını məhkəmələrdə keçirtmək üçün və qəzalı evini təmirini etməmək üçün qəsdən onu süründürməçiliyə yol verir ki, onun başı məhkəmələrə qarışsın və əmlakını ona məxsus olan evdən gec çıxartsın və evdə təmir işləri apara bilməsin. Halbuki İddiaçı ona məxsus olan Şabran rayonu, Dağ Bilici kəndində yerləşən fərdi yaşayış evinə ehtiyacı yoxdur. Onun yaşamağa yaşayış şəraiti olan atasından qalan fərdi yaşayış evi vardır və ümumiyyətlə İddiaçı 2019-cu il tarixdən ona məxsus olan evdə yaşamayıb çünki, bir daha qeyd etmək istəyir ki, iddiaçının ona məxsus evə ehtiyacı olmayıb. Ümumiyyətlə ona məxsus olan Şabran rayonu, Dağ Bilici kəndində yerləşən fərdi yaşayış evində şərait olmadığından 2015-ci il tarixdən bu günə qədər yaşayış yoxdur. Hal-hazırda da orada kimsə yaşamır, çünki ev qəzalı olduğu üçün yaşanılması mümkün deyil. Yaşayış evi iki otaqdan ibarət olmaqla 39 kv.m-dir. Bir ailənin yaşaması üçün çox darısqaldır. Fərdi yaşayış evində heç kəs pasport qeydiyyatında yoxdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edib, iddia ərizəsinin təmin edilməsini xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

26. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

27. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

28. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

29. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan):

30. Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar;

31. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər;

32. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

33. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları

34. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx.xx.1999- cu il tarixli Qərar: “Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin.”

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı:

35. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarı:

36. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

38. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...)

39. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

41. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

42. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmetini təşkil edən yaşayış sahəsi ilə bağlı hüquq münasibətləri 2000-ci ildən əvvəl yarandığından hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun baxılaraq iddia tələbinə hüquqi qiymət verilməlidir.

45. 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci bəndinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

46. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır.

47. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

48. Sadalanan normalardan görünür ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

49. İddia ərizəsindən görünür ki, iddiaçı 1987-ci il tarixdə nikaha daxil olduqdan sonra mübahisəli evə köçmüş və həmin tarixdən mərhum həyat yoldaşı X10, mərhum qaynanası X12 ilə birgə yaşamışdır. xx.xx.2010-cu il tarixdə həyat yoldaşı X10, xx.xx.2015-ci il tarixdə isə qayınanası X12 vəfat etmişdir.

50. Göründüyü kimi iddiaçının mübahisəli evin yaşayış sahəsindən istifadə hüququ həmin zaman qüvvədə olan qanunvericiliyə əsasən yaranmışdır.

51. Cavabdeh ona məxsus olan mübahisəli fərdi yaşayış evinə iddiaçının ehtiyacının olmadığını, onun yaşamağa yaşayış şəraiti olan atasından qalan fərdi yaşayış evinin olduğunu və ümumiyyətlə iddiaçının 2019-cu il tarixdən ona məxsus olan evdə yaşamadığını bildirmişdir.

52. Məhkəmə kollegiyasının araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçının qayınanası sağlığında cavabdehin xeyrinə vəsiyyətnamə vermişdir. Həmçinin iddiaçı 0.10 ha torpaq sahəsini cavabdehə bağışlamışdır. Bağışlama müqaviləsində hər hansı şərt mövcud olmamışdır. Bununla yanaşı İddiaçı ilə mübahisəli yaşayış evinin mülkiyyətçisi Cavabdeh arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı yazılı razılaşma bağlanmamışdır. Mübahisəli fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsi vahid əmlak kimi tam mülkiyyət hüququ ilə xx.xx.2017-ci il tarixdən cavabdehin mülkiyyətindədir. Cavabdeh iddiaçıya mübahisəli evdə müvəqqəti yaşamaq imkanı vermişdir.

53. İddiaçı mübahisəli evdən müvəqqəti olaraq xəstəliyi ilə əlaqədar getdiyini bildirsə də, işdə olan abonent saldosundan görünür ki, Şabran rayonu Dağbilici kəndində yerləşən Cavabdeh adına olan fərdi yaşayış evində qaz sərfiyatına görə 2021-ci ilin sentyabr ayından 2022-ci ilin aprel ayınadək müxtəlif intervallarla olan kiçik sərfiyyatlar üçün 4,40 manat ödəniş barədə qeydiyyat aparılsa da, 2022-ci ilin dekabr ayından isə heç bir sərfiyyat və ödəniş olunduğu qeyd edilməmişdir.

54. İşdə olan “Azərişıq” abunə haqqında cədvəldən görünür ki, Şabran rayonu Dağbilici kəndində yerləşən X8 adına olan fərdi yaşayış evinin işıq sərfiyatına görə 2021, 2022 və 2023-cü illərə görə cüzi miqdarda ödəniş olsa da, 2022-ci ilin dekabr ayından heç bir sərfiyyat və ödəniş qeyd edilməmişdir.

55. Göründüyü kimi iddiaçı keçən müddət ərzində mübahisəli evdən müvəqqəti getdiyinə dair sübut təqdim edə bilməmiş, əksinə cavabdeh etirazının əsasları ilə bağlı mötəbər sübutlar təqdim etmişdir.

56. Göründüyü kimi iddiaçı mübahisəli evin yaşayış sahəsindən istifadə hüququnu itirmişdir. O cümlədən cavabdehin ailə üzvü olmadığından, onunla sonrakı mənzil münasibətlərində yaşayış sahəsi ilə bağlı hər hansı razılaşması olmamışdır.

57. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Bununla yanaşı, işdə olan qanuni qüvvəyə minmiş Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-138/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh iddiası təmin edilərərk, cavabdeh İddiaçı məxsus olan 1 ədəd şifoner, 2 ədəd kravat, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 2 ədəd stul, 1 ədəd termo, 1 ədəd şifoner, 1 ədəd soyuducu, 1 ədəd televizor, 1 ədəd saat və qablar Şabran rayonu, Dağ Bilici kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmsı qət edilmişdir.

59. Həmin qətnamə ilə İddiaçı mübahisəli evin yaşayış sahəsindən istifadə hüququnun olmaması barədə məsələyə hüquqi qiymət verilmişdir.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

61. Beləliklə işin araşdırılmış hallarına, məhkəmə iclasında tədqiq olunmuş sübutlara və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə mahiyyəti üzrə gəldiyi nəticə düzgün olduğundan, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

62. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-106/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar