Məhkəmə qərarları › İş №2(105)-1067/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1067/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1067/2024 25.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-526/2024 nömrəli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şabran rayon Polis şöbəsi tərəfindən göndərilmiş məktubdan görünür ki, Şabran şəhəri, H.Əliyev prospekti, ev 43-də yaşayan, İddiaçı müraciəti xx.xx.2023-cü il tarixdə Şabran RPŞ-nin İTB-nə daxil olmuş və araşdırma aparılmışdır, araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı Süleymanova Dilguşə Cəmiyyət qızına 2013-cü il tarixdə 5000 manat borc pul vermiş, sonradan dəfələrlə borcunu istəsə də sonuncu qaytarmamış və buna görə də şikayət etmək məcburiyyətində qalmışdır. İddiaçı müraciəti mülki xarakterli olduğuna görə Şabran RPŞ-nin İTB-də arayışla işə alınaraq vətəndaşa cavab verilmişdir.

2. İddiaçı Şabran rayon Polis şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, 2012-ci ildə qızı X2 rəsmi olaraq ailə qurmuşdur. Ailə həyatı qurduqdan sonra qudası Camalova (Süleymanov) Dilgüşə Cəmiyyət qızı ona demişdi ki, Bakı şəhəri, Müşviqabad qəsəbəsində ev tikirlər və evin üstünü örtmək üçün 5000 manat pul lazımdır. Onda ona dedi ki, qızı Aygünün toyundan 5000 pul qalmışdır və həmin pulu qaytarmaq şərti ilə verə bilər. Bundan bir müddət sonra 2013-cü ilin iyul ayında Elsevər onlara gəldi və o, 5000 manat pulu ona verdi ki, anası Dilgüşəyə versin. Bundan sonra Dilgüşə ona zəng edərək pulu oğlundan aldığını və 5-6 ay müddətinə qaytaracağını bildirdi, lakin Dilgüşə bu günə kimi müxtəlif bəhanələr gətirərək onun borcunu qaytarmamışdır. Həmçinin onun telefonunun zənglərinə cavab verməyərək mesajlarını cavabsız qoymuşdur. Onun əsas tələbi Cavabdeh 5000 manat pulunu almaqdır.

3. Cavabdeh Şabran Rayon Polis Şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatda göstərmişdir ki, 2012-ci ildə oğlu Elsevərlə İddiaçı qızı ailə həyatı qurmuş, onların birgə nikahdan bir əlil övladı dünyaya gəlmişdir. Onun ərizədə yazdıqları yalan və böhtandır. Ona 5000 manat borcu yoxdur. 2013-cü ilin iyul ayında oğlu Elsevər avtoqəza etdiyi üçün avtomobilinin təmirinə görə qaynanası Xatirə köməklik məqsədi ilə oğluna 5000 manat vermişdir. Həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat borcun və ödənilmiş 70 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2012-ci ilin iyul ayında qızı X2 evlənmişlər. Bir müddət sonra qızının qayınanası Süleymanova (Camalova) Dilgüşə Cəmiyyət qızı ona dedi ki, Müşfiqabad qəsəbəsində ev tikirlər, evin üstünü örtmək üçün ona 5000 manat pul lazımdır, banklara kredit almaq üçün müraciət edir, lakin kredit borcu olduğuna görə ona kredit verilmir. Demişdir ki, Aygünün toyundan 5000 manat pul qalıb, qaytarmaq şərti ilə həmin pulu verə bilər. O, isə bildirmişdir ki, pulu versin, evin üstünü bağlasın, Aygünlə Elsevər köçüb otursunlar, pulu qaytarar. 2013-cü ilin iyul ayında Elsevər onlara gəlmiş və bildirmişdir ki, onu anası göndərib və demişdir ki, o, pul verəcək. O da 5000 manat pulu Elsevərə vermişdir ki, anası Dilgüşəyə versin. Cavabdeh pulu aldıqdan sonra, ona zəng edib demişdir ki, pulu 5-6 ay müddətinə qaytaracaq. 2014-cü ilin noyabrında Aygün hamiləlikdən azad oldu və uşaq həkimlərin səhlənkarlığı ucbatından qüsurlu doğuldu. Bir müddət sonra Dilgüşə Aygünü evdən çıxararaq atası evinə göndərmişdir ki, Elsevər dedi ki, ona xəstə uşaq lazım deyil, getsin onu anası saxlasın. Bundan sonra, qızı Aygün boşanma barədə məhkəməyə müraciət etmiş. O, Dilgüşəyə zəng edib aldığı 5000 manat pulun qaytarılmasını xahiş etmişdir. Ona söz vermişdir ki, qısa vaxtda pulu qaytaracaq. Lakin, o, pulu qaytarmamaq üçün müxtəlif bəhanələr gətirir, bu gün-sabah qaytaracaq vədləri ilə onu aldadırdı. Onun telefon zənglərinə cavab vermir, yaşayış yerini dəyişib, mesajlarını cavabsız qoyurdu. Buna baxmayaraq, ona səs mesajları göndərib ki, aldığı pulu bu gün qaytaracaq, sabah qaytaracaq vədləri verirdi. Onun iş yerinə getmiş və ona demişdir ki, pulu qısa müddətdə qaytaracaq. Ondan xahiş etmişdir ki, heç yerə şikayət etməsin, müəllimədir, biabır olar, kredit də olsa götürüb pulunu qaytaracaq. Lakin verdiyi vədə əməl etmədi. Dilgüşə aldığı borcu qaytarmaq əvəzinə ondan Azərbaycan Respublikası DİN-nə şikayət edib ki, onun iş yerinə gedib niyə pulunu tələb etmişdir. Həmin şikayəti araşdıran Bakı şəhəri Səbail RPl-də ona bildirilmişdir ki, pul Şabran şəhərində verildiyinə görə, Şabran RPŞ-nə müraciət etsin. O da məcbur olub 31 mart 2023-cü il tarixdə Şabran rayon prokurorluğuna və rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh Şabran RPŞ-də verdiyi izahatında aldığı 5000 manat borcu etiraf edərək qısa müddətdə qaytaracağını bildirmişdir. Lakin bu günə kimi borcunu qaytarmamışdır. Ona görə də, məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-526/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) İddiaçı cavabdeh Süleymanova Dilguşə Cəmiyyət qızına qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin əsasını təşkil edən mötəbər sübutu, yəni borc müqaviləsini məhkəməyə təqdim etmədiyindən məhkəmə tərəflər arasında həqiqətən də, öhdəlik hüquq münasibətlərinin yarandığını müəyyən edə bilmir, mülki iş materiallarına borc münasibətlərini sübut edəcək sənədlər, yazılı borc müqaviləsi əlavə edilmədiyi üçün cavabdehin iddiaçı qarşısında borc münasibətlərindən irəli gələn öhdəlikləri daşıdığını sübuta yetirmir. Borc müqaviləsinin predmeti 5000 manat olduğu üçün borc müqaviləsi yazılı formada bağlanmalı idi. Ona görə də, iddiaçı iddia tələbini sübuta yetirə bilmədiyindən iddia ərizəsi əsaslı hesab edilməməlidir.

8. Məhkəmə cavabdehin iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia ərizəsi sübutlar olmadığına görə təmin edilmədiyindən iddia müddətinin tədbiqinə ehtiyac yoxdur. Belə ki, iddia müddətinin tədbiqinə o vaxt yol verilir ki, iddiaçının iddia tələbi əsaslı olur, lakin iddia müddəti keçdiyindən iddia ərizəsi rədd edilir. Göstərilənlərə əsasən məhkəmə cavabdehin iddianın müddətinin tədbiq edilməsinə dair ərizəsini nəzərə almayaraq təmin etmir.

9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 329.2, 329.3, 739.1 - 739.4, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 77.1, 88-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehə borc pul verilməsini sübut edə bilməməsi halını düzgün qiymətləndirməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı borc münasibətlərinin yarandığını təsdiq edən müqaviləni məhkəməyə təqdim etməmişdir. Məhkəmənin belə yanaşması qüsurludur. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə yaxın qohumluq-qudalıq münasibətlərində olmuşdur. Bu fakt onların arasında borc müqaviləsinin bağlanmasının zəruriliyini tələb etmir. Bu halda tərəflərin etibarlılığı daha önəmlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Sözsüz ki, tərəflər öz tələb və etirazlarını əsaslandıran halları sübut etməyə borcludurlar. Məhkəmənin bu mövqeyi qanunvericiliyin tələbləri baxımından əsaslıdır. Lakin, məhkəmə iddiaçının öz iddia tələblərini əsaslandırdığı sübutları - cavabdehlə olan “Vatsapp” üzərindən yazışmaları, səs yazılarını sübut növü kimi qəbul etməmişdir. Məhkəmə cavabdehin iddia ərizəsinə etirazlarında, polis orqanlarına verdiyi izahatlarda dolayısı ilə olsa da, iddiaçıdan 5000 manat borc aldığı barədə izahatlarına da məhəl qoymamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etirazda qeyd olunur ki, iddiaçı da 2013-cü ilin iyul ayında 5000 manat pulu yeznəsinə - qızı Nümayəndə2 ərinə, yəni oğlu X1 vermişdir. İddia ərizəsində İddiaçı göstərdikləri yalandan, iftiradan başqa bir şey deyil və iddia tələbinin heç bir hüquqi əsası yoxdur. İddiaçı ev barədə heç bir vəd verməmiş, ev tikirik deyə bir məsləhəti də onunla etməmiş və ondan 5000 manat pul istəməmişdir. Oğlu Elsevərlə iddiaçının qızı Aygün 8 il evli olmuş və bu müddət ərzində idiaçı Elsevərdən 5000 manat pulu isəməmişdir. 13 ildən sonra onlardan pul qopartmaq eşqinə düşən iddiaçı əgər 5000 manat borca pul vermiş olsaydı ən azından 2019-cu ildə qızı oğlundan boşanarkən pul tələbi barədə iddia qaldırardı. İddiaçı ilə onun arasında borc münasibətləri olmamışdır. İddiaçı tərəfindən ona, nə də oğlu Elsevərə 5000 manat borc pul verilməmişdir. Şabran rayon Polis şöbəsindən məhkəməyə daxil olmuş izahatında da bildirmişdir ki, İddiaçı ona borca 5000 manat pul verməsi barədə ərizədə yazdıqları yalan və böhtandır. İddiaçıya 5000 manat borcu yoxdur. İddiaçı deməsinə görə 2013-cü ilin iyul ayında oğlu Elsəvər avto-qəza törətdiyi üçün avtomobilinin təmirinə köməklik məqsədilə qızının əri, yeznəsi Elsəvərə 5000 manat verib. Bunu izahatında qeyd etmişdir. Əgər 5000 manat veribsə qızının ailəsinə, qızının nikahda olan əri olan oğluna borc yox, köməklik məqsədilə vermişdir. İddiaçı və onun qızının əri Elsevər tərəfindən ona 5000 manat pul verilməmişdir. İddiaçı kiməsə pul veribsə getsin pulunu həmin şəxsdən tələb etsin.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən məzmunda apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

16. Maddə 740. Borc müqaviləsinin forması 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

17. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)

18. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

21. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

22. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

25. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, iddiaçı şikayəti əsasında Şabran rayon Polis şöbəsində araşdırılma aparıldığını, Cavabdeh izahatının alındığını və sonuncunun izahatında ondan 5000 manat borc pul aldığını etiraf etdiyini bildirmişdir.

29. Lakin Şabran rayon Polis şöbəsində cavabdehin məhkəməyə təqdim edilmiş izahatında iddiaçının qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır.

30. Belə ki, Cavabdeh Şabran Rayon Polis Şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, o, izahatında göstərmişdir ki, 2012-ci ildə oğlu Elsevərlə İddiaçı qızı ailə həyatı qurmuş, onların birgə nikahdan bir əlil övladı dünyaya gəlmişdir. Onun ərizədə yazdıqları yalan və böhtandır. Ona 5000 manat borcu yoxdur. 2013-cü ilin iyul ayında oğlu Elsevər avtoqəza etdiyi üçün avtomobilinin təmirinə görə qaynanası Xatirə köməklik məqsədi ilə oğluna 5000 manat vermişdir. Həmin pulun ona heç bir aidiyyəti yoxdur.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

32. Hazırkı iş materiallarından isə görünür ki, cavabdehin iddiaçı qarşısında 5000 manat pul öhdəliyinin olması və həmin öhdəliyi icra etməməsi barədə halları iddiaçı tərəf sübut edə bilməmiş, iddiaçı tərəfindən cavabdehə 5000 manat məbləğində pul vəsaitinin borc verilməsini təsdiq edən (qəbz, müqavilə, iltizam və s.) mötəbər sübut təqdim edilməmişdir.

33. MPM-in 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

34. Kollegiya apellyasiya şikayətinin – birinci instansiya məhkəməsinin iddiaçının öz iddia tələblərini əsaslandırdığı sübutları qəbul etməməsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və təqdim edilmiş sübutlar məhkəmədə tədqiq edilmişdir.

35. MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

36. Həmin Məcəllənin 95.1-ci maddəsinə əsasən, elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur.

37. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən, qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.

38. Məhkəmə iclasında iş üzrə tədqiq edilmiş sübutlarla cavabdeh 5000 manat məbləğində pul vəsaitinin oğlu Elsevərə qaynanası Xatirənin verdiyini, həmin pulun ona heç bir aidiyyətinin olmadığını bildirməsi müəyyən olunur. Digər tərəfdən iddiaçı da iddia ərizəsində 5000 manat pulu Elsevərə verdiyini göstərir.

39. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Hazırki halda, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən, apellyasiya şikayətinin dəlilləri formal mülahizə, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə isə əsaslıdır.

40. Digər tərəfdən iş materiallarından həmçinin görünür ki, cavabdeh tərəf birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermişdir.

41. Müddətin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “…müddətin əhəmiyyəti aşağıdakılardan ibarətdir: o hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqularını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; müddət institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; müddət tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”.

42. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir.

43. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

44. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

45. İddia ərizəsindən görünür ki, iddiaçı 2013-cü ilin iyul ayında verilmiş borcun 5-6 aya qaytarılmalı olduğunu göstərmişdir. Belə olan halda iddia müddətinin başlanğıcı ən geci 2014-cü ilin fevral ayından hesablandıqda məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim olunmuş mövcud tələb üzrə yuxarıda göstərilən iddia müddəti bitmişdir.

46. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mövcud iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə mahiyyəti üzrə düzgün olmuşdur.

48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-526/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar