Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1068/2025 10.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə (Açar sözlər: məhkəmə aidiyyəti, kommersiya mübahisəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-605/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 14 noyabr 2022-ci il tarixdə Bakı şəhərində bağlanmış kredit müqaviləsindən görünür ki, “Borc verən” İddiaçı MMC 16000 manat məbləğində pulu “Borc alan” Cavabdeh xx.xx.2023-cü il tarixinədək qaytarmaq şərti ilə borc vermişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, İddiaçı MMC-nin müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Qeyd edilən material üzrə Cavabdeh izahatı alınarkən İddiaçı MMC-nə cəmi 22214 manat məbləğində borcunun qalmasını etiraf etmiş, borclu olduğu pulları qaytaracağını bildirmişdir. xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, cavabdehə qalıq borcun ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq göndərilmişdir. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli qalıq borc barədə qəbzə əsasən, Cavabdeh İddiaçı MMC-nə yuxarıda qeyd edilən xx.xx.2022-ci il tarixli kredit müqaviləsində göstərilən məbləğdə daxil olmaqla cəmi 22214 manat məbləğində borcunun qalmasını qəbul etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC məhkəmədə iddia qaldıraraq Cavabdeh cəmi 22214 manat məbləğində borcun və 156.64 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən, borc verən İddiaçı MMC tərəfindən borc alan Cavabdeh xx.xx.2023-cü il tarixinədək qaytarmaq şərti ilə 16000 manat məbləğində borc vermişdir. Həmçinin Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli qalıq borc barədə qəbzə əsasən, Cavabdeh İddiaçı MMC-nə yuxarıda qeyd edilən xx.xx.2022-ci il tarixli kredit müqaviləsində göstərilən məbləğdə daxil olmaqla cəmi 22214 manat məbləğində borcunun qalmasını qəbul etmişdir. Cavabdeh İddiaçı MMC-nə 22214 manat məbləğində borcunun olması Xaçmaz rayon Polis şöbəsi İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru. X1 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə də öz təsdiqini tapmış, cavabdeh qeyd edilən material üzrə izahatı alınarkən İddiaçı MMC-nə cəmi 22214 manat məbləğində borcunun qalmasını etiraf etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-605/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 22214 manat məbləğində pulun və ödənilmiş 156.64 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385, 427, 442, 448.1, 739.1, 1091.1, 1092.1, 1093.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 11.1, 77.1, 106.3, 88, 217.4cü maddələrinə istinad etməklə ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-605/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı MMC ilə onun arasında kommersiya əlaqələri olmuşdur. Belə ki, bu işə aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsi deyil, Sumqayıt Kommersiya Məhkəməsi baxmalı idi. Belə ki, İddiaçı MMC hüquqi şəxsdir. İddiaçı MMC ona borc verməmiş, birlikdə iş görmüşlər. Xaçmaz rayonunda Nərimanov küçəsində icarəyə yer götürərək, telefon və məişət avadanlıqları satmışdır. Sonra iddiaçı birlikdə işləməyi təklif edərək onla şərik olmuşdur. Bu zaman onlar notarial müqavilə bağlayaraq borc kimi sənədləşdirmişlər. Əslində isə qarşı tərəf ona inanamadığı üçün bu müqavilə bağlanmışdır. Birlikdə telefon və məişət avadanlıqlarının satışı mağazasını işlətməyə başlamışlar. Şərik olduqdan sonra o yenidən mağazanı böyük miqdarda vəsait qoyaraq təmir etmişdir. Mağazanı qurduqdan sonra isə sonra isə onlar onu əsassız böhtan ataraq şəriklikdən çıxmağa və polisə verib təzyiq etməyə başladılar. Cinayət işinin başlanması qərarı obyektiv həqiqəti əks etdirmir və təzyiq altında yazılmışdır. Bu iş şəriklik müqaviləsi çərçivəsində araşdırılmalı, onun obyektə çəkdiyi xərclər və onun tərəfindən qoyulmuş malların dəyəri nəzərə alınmalıdır. Belə olan təqdirdə onlara hər hansı bir borcu qalmamaqdadır. Mağaza qurulan zaman özünə məxsus kifayət qədər məişət avadanlıqlarım şərikli biznesə qoyulmuşdur. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 2.2. Mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Maddə 26. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Maddə 384.0.4. Apellyasiya instansiya məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı Bənd 12. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bənd 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hazırkı halda kollegiya Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)- 605/2024 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Apellyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aidiyyəti qaydalarının pozulması ilə bağlıdır. İşdən göründüyü kimi, hazırkı mübahisə sahibkarlıq fəaliyyətini həyata keçirən İddiaçı MMC ilə Cavabdeh (VÖEN **********) arasında yaranmışdır. Onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları, habelə hazırkı mübahisənin də məhz mülki mübahisə yox, sahibkarlıq fəaliyyətindən yaranan kommersiya mübahisəsi olması işin faktiki halları ilə sübut olunmuşdur. Daha öncə qeyd edildiyi kimi, iddiaçı iddia ərizəsində göstərdiyi əsaslarla ümumi məhkəməyə müraciət etmişdir. Halbuki yuxarıda qeyd edilənlərə əsasən hazırki mübahisənin həlli üçün o, ərazi yurisdiksiyası üzrə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməli idi. Məhkəmə kollegiyası tələblə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə ümumi məhkəmədə mahiyyəti üzrə baxılaraq iddia tələbi rədd edilərkən məhkəmə mübahisənin kommersiya mübahisəsi olmasını nəzərə almamışdır. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında olan mübahisə onların sahibkarlıq fəaliyyətindən yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinə mahiyyəti üzrə baxmazdan əvvəl birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamalı, mümkünlük barədə əsasların olmasını müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalı idi. Buna baxmayaraq, Xaçmaz Rayon Məhkəməsi iddia ərizəsini icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Birinci instansiya məhkəməsi sadalanan hallara əhəmiyyət verməyərək, məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı iddia olmaması əsası ilə iddia ərizəsinin geri qaytarmaq əvəzinə iddia ərizəsini icraata qəbul edərək işə mahiyyəti üzrə baxmış, bununla da maddi və prosessual normalarını pozmuşdur ki, bu da qətnamənin ləğvi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini eləcə də, işdə olan sübutları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-605/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 384.0.4, 398-401 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-605/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iş mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Aəzrbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1068/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1068/2025
10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver