Məhkəmə qərarları › İş №2(105)-1069/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1069/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1069/2021 23.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibd Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qrşı pulun qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-62/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 2(012)-62/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ziyan kimi 7700 manat məbləğində pul və 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7730 manatın alınaraq İddiaçı ödənilməsi, məhkəmə ekspertizasının keçirilməsi ilə bağlı 200 manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim C.Səfiyeva) Qətnamədən cavabdeh "xxxx" MMC apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-62/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2020-ci il tarixli, 2(105)- 337/2020 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(012)- 62/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh "xxxx" MMC qətnamədən kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(102)- 5215/2020 saylı qərarı ilə cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2020-ci il tarixli, 2(105)- 337/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pulun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında bağlanmış 20 fevral 2014-cü il tarixli, AFA/081 saylı mənzilin alqı-satqısı müqaviləsinə (91,4 kv.metrlik mənzil əvəzinə 76 kv.metrlik mənzil verdiyinə) görə artıq ödədiyi 7700 (yeddi min yeddi yüz) manat pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onunla "xxxx" MMC arasında bağlanmış 20 fevral 2014-cü il tarixli, AF-A/081 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa edilən 11 saylı 12 mərtəbəli yaşayış binasından, ümumi sahəsi 91,4 kv.metr olan, 2 otaqdan ibarət 20 nömrəli mənzili 36 aylıq kreditlə hər kv.metri 500 manat, aylıq ödəniş 625 (altı yüz iyirmi beş) manat olmaqla, ümumi qiyməti 45700 (qırx beş min yeddi yüz) manata ona satılmışdır. Lakin 20 fevral 2014-cü il tarixli, AF-A/081 saylı mənzilin alqı-satqısı müqaviləsində mənzilin sahəsi 91,4 kv.metr olması qeyd edilsə də, faktiki olaraq mənzilin sahəsi 76 kv.metrdir. Belə olan halda, onun tərəfindən "xxxx" MMC-nə 7700 (yeddi min yeddi yüz) manat artıq pul ödənilmişdir. Cavabdehin hərəkətləri nəticəsində ona maddi zərər dəymişdir və göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh "xxxx" MMC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Ekspertin mənzillərin sahəsinin hesablanmasına yanaşması düzgün olmamışdır. Belə ki, ekspertiza bu nəticəyə gələn zaman Cəmiyyət tərəfindən müqavilədə göstərilən sahənin yaşayış və qeyri-yaşayış sahəsi olmaqla birlikdə olmasını nəzərə almamış, rəydə mənzilin yalnız yaşayış hissəsinin ölçüsünü göstərmişdir. Alıcılar mənzil alarkən hesablamanın çöl divarları nəzərə alınmaqla aparılması barədə məlumatlandırırlar. Cəmiyyət inşa etdiyi mənzillərin hər kvadrat metr sahəsi üçün sadələşdirilmiş vergi ödəyicisi olduğundan, ödəmiş olduğu vergiyə uyğun sahəni müqavilədə qeyd etməyə məcburdur. Belə ki, mənzillərə reyestrdən çıxarış alındıqdan sonra, notariusda alqısatqısını həyata keçirən zaman Cəmiyyətdən həm yaşayış, həm də qeyri-yaşayış sahəsi üçün vergi tutulur. Bu səbəbdən qeyri-yaşayış sahəsi də daxil olmaqla, mənzilin bütün hissələrinin ölçüsü müqavilədə göstərilir. Digər tərəfdən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Lakin qeyd olunan mənzillər satılan zaman çıxarış mövcud olmadığından müvafiq icra hakimiyyəti orqanı tərəfindən hesablanma aparılması mümkün olmamışdır. Bu səbəbdən mənzillərin sahəsinin hesablanma qaydası tərəflər arasında bağlanmış müqavilə əsasında müəyyən edilir. Məhkəmə tərəfindən bir çox maddi hüquq normaları pozulduğundan Abşeron Rayon Məhkəməsinin 15 avqust 2019cu il tarixli 2(012)-62/2019 saylı qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul olunmalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, tərəflər arasındakı münasibətlər podrat münasibətləridir. İddiaçı sifarişçi olaraq onlara ümumi sahəsi 91,4 kv.m olan iki otaqlı mənzil tikintisini sifariş vermiş, onlar həmin mənzili tikib təhvil vermiş və razılaşdırlmış dəyəri olaraq hər kv.m üçün 500 manat olmaqla, cəmi 45700 manatı almışlar. Tərəflər arasında müqavilə bağlanarkən heç də hazırda iddia edildiyi kimi 91,4 kv.m sırf yaşayış sahəsi yox, onun köməkçi sahələri də nəzərdə tutulmuşdur. Başqa sözlə, tərəflərin əsil niyyətinə uyğun, razılığa əsasən yaşayış və köməkçi sahələrdən ibarət mənzilin cəmi həcmi 91,4 kv.m olmalı idi ki, Cəmiyyət bu öhdəliyi yerinə yetirib mənzili təhvil vermişdir. Cəmiyyət tərəfindən inşa etdiyi binalarda digər şəxslərə də mənzillər bu qaydada satılmışdır. İdiaçı ilə mübahisənin məhkəmədənkənar həlli baş tutmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil2, həmçinin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. K.F.Hüseynli əlavə etdi ki, qarşı tərəflə mübahisənin barışıq yolu ilə həlli baş tutmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 20 fevral 2014-cü il tarixli, AF-A/081 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa edilən 11 saylı 12 mərtəbəli yaşayış binasından, ümumi sahəsi 91,4 kv.metr olan, 2 otaqdan ibarət 20 nömrəli mənzili 36 aylıq kreditlə hər kv.metri 500 manat, aylıq ödəniş 625 (altı yüz iyirmi beş) manat olmaqla, ümumi qiyməti 45700 (qırx beş min yeddi yüz) manata satılmışdır. İşə əlavə edilmiş "xxxx" MMC-nin 12.02.2017-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa edilən 11 saylı yaşayış binasından, ümumi sahəsi 91,4 kv.metr olan, 2 otaqdan ibarət 20 nömrəli mənzilin dəyəri olan 45700 manat pul tam ödənilmişdir. İşdə olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2018ci il tarixli, 29446 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, tədqiq olunan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa edilən 11 saylı 12 mərtəbəli yaşayış binasından, ümumi sahəsi 91,4 kv.metr olan, 2 otaqdan ibarət 20 nömrəli mənzilinin ölçüləri həmin mənzilə dair 20 fevral 2014-cü il tarixli, AF-A/081 nömrəli alqı-satqı müqaviləsində göstərilməmiş, lakin müqavilədə həmin mənzilin ümumi sahəsi 91.4 kv.metr qeyd olunmuşdur. Tədqiq olunan həmin mənzilin ölçüləri AutoCAD proqramı vasitəsi ilə işlənib hazırlanmış, mənzilin ümumi sahəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3cü bəndinin tələblərinə uyğun olaraq 83,5 kv.m, mənzilin tikintialtı ümumi sahəsi isə 91.4 kv.metrdir. Qeyd olunanları nəzərə alaraq mənzilin daxili ölçüləri əsasında müqavilədə müəyyən edilmiş ümumi sahəsinin mənzilin tikintialtı ümumi sahəsinə 91.4 kv.metrə uyğun olduğu müəyyən edilmişdir. Tədqiq olunan mənzilin daxili ölçüləri AutoCAD proqramı vasitəsi ilə işlənib hazırlanmış plan-sxemdə ətraflı göstərilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin 05.09.2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı ilə "xxxx" MMC-ti ilə bağlanmış 20 fevral 2014-cü il tarixli, AF-A/081 saylı mənzilin alqı-satqısı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa edilən 11 saylı 12 mərtəbəli yaşayış binasında 2 otaqdan ibarət 20 nömrəli mənzil DƏDRX-nin 4 saylı Ərazi İdarəsində qeydiyyatdan keçmədiyi üçün ölçülərinin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun hesablanması haqqında məlumat verilməsi tərəfindən mümkün olmamışdır. Yenə işdə olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2019-cu il tarixli, 28557 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, tədqiq olunan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa edilən 11 saylı 12 mərtəbəli yaşayış binasından, ümumi sahəsi 91,4 kv.metr olan, 2 otaqdan ibarət 20 nömrəli mənzilinin ölçüləri həmin mənzilə dair 20 fevral 2014-cü il tarixli, AF-A/081 nömrəli alqı-satqı müqaviləsində göstərilmədiyi, lakin müqavilədə həmin mənzilin ümumi sahəsi 91.4 kv.metr qeyd olunmuş və tədqiq olunan həmin mənzilin ümumi sahəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndinin tələblərinə uyğun olaraq 83,3 kv.metr müəyyən olunur. Tədqiq olunan mənzilin ümumi sahəsinin konkret olaraq hansı şərtlər daxilində hesablanması qaydaları göstərilmədiyinə görə "xxxx" MMC tərəfindən müqaviləyə əsasən İddiaçı təhvil veriləcək sahə ilə real vəziyyətdə təhvil verilmiş sahə arasında uyğunsuzluq mövcud olub-olmamasını müəyyən edilməsinə dair tədqiqat aparılmadı və məsələ son nəticədə məhkəmə tərəfindən qiymətləndirilə bilər. Yenə də işdə olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2019-cu il tarixli, 10604 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa edilən 11 saylı 12 mərtəbəli yaşayış binasından, ümumi sahəsi 91,4 kv.metr olan, 2 otaqdan ibarət 20 nömrəli mənzilinin ümumi sahəsi Şəhərsalma və Tikinti Məcəlləsinin Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərinin tələblərinə uyğun olaraq və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 7 saylı 04 dekabr 2012-ci il tarixli 2-ci və 3.8-ci bəndi nəzərə alınmaqla 75,69 kv.metr müəyyən olunur. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2020-ci il tarixli, 30710 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa edilən 11 saylı 12 mərtəbəli yaşayış binasından, ümumi sahəsi 91,4 kv.metr olan, 2 otaqdan ibarət 20 saylı mənzilinin ümumi sahəsi Şəhərsalma və Tikinti Məcəlləsinin Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərinin tələblərinə uyğun olaraq və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 7 saylı 04 dekabr 2012-ci il tarixli 2-ci və 3.8-ci bəndi nəzərə alınmaqla 75,69 kv.metr müəyyən olunur. İşə əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2021-ci il tarixli, 10/1833 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndin tələblərinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseyinzadə küçəsində inşa edilən 12 saylı 12 mərtəbəli yaşayış binasında 2 otaqdan ibarət 20 nömrəli mənzilin ümumi sahəsi 75,69 kv.metr təşkil edir. 20 fevral 2014-cü il tarixli, AF-A/081 saylı alqı-satqı müqaviləsində Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseyinzadə küçəsində inşa edilən 12 saylı 12 mərtəbəli yaşayış binasında 2 otaqdan ibarət 20 nömrəliThənzilin ümumi sahəsinin 91,4 kv.metr göstərilməsini nəzərə alaraq, müqavilədə göstərilən sahənin mənzilin faktiki ümumi sahəsindən 15,71 kv.metr çox olduğu müəyyən olunur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini və mübahisə üzrə yuxarı insyansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin olunmamalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, 20 fevral 2014-cü il tarixli, AF-A/081 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa edilən 11 saylı 12 mərtəbəli yaşayış binasından, ümumi sahəsi 91,4 kv.metr olan, 2 otaqdan ibarət 20 nömrəli mənzili 36 aylıq kreditlə aylıq ödəniş 500(beş yüz) manat olmaqla, ümumi qiyməti 45700 (qırx beş min yeddi yüz) manata satılmışdır. "xxxx" MMC-nin 12.02.2017-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, İddiaçı tərəfindən MMC-yə həmin mənzilin dəyəri olan 45700 manat pul ödənilmişdir. İddiaçı 20 fevral 2014-cü il tarixli, AF-A/081 saylı mənzilin alqı-satqısı müqaviləsində mənzilin sahəsi 91,4 kv.metr olması qeyd edilsə də, faktiki olaraq mənzilin sahəsinin 76 kv.metr olduğuna görə onun tərəfindən "xxxx" MMC-yə 7700 (yeddi min yeddi yüz) manat artıq ödənilmiş pulun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh tərəfin iddiaya olan etirazının əsasını isə mənzillərin sahəsinin hesablanma qaydasının tərəflər arasında bağlanmış müqavilə əsasında müəyyən edilməsi təşkil edir. Birinci instansiya məhkəməsi Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsində inşa edilən 11 saylı 12 mərtəbəli yaşayış binasından, ümumi sahəsi 91,4 kv.metr olan, 2 otaqdan ibarət 20 nömrəli mənzilə dair 75,69 kv.metrindən artıq hesablanmış pulun "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməli olmasına dair qənaətini işdə olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2019-cu il tarixli, 10604 saylı rəyi və Mülki Məcəllənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1, 578.1, habelə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticəni əsassız hesab edir. Əvvəla, kollegiyanın qənaətinə görə müvafiq araşdırma və əsaslandırma olmadığı üçün məhkəmnin mənzillərin ölçüsünün nəyə görə müqavilə ilə deyil, ekspert rəyi ilə müəyyən edilməli olması nəticəsinə gəlməsi qətnamədən görünmür. Halbuki, Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamədə məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Bundan əlavə, cavabdeh tərəf mənzillərin ölçüsünün tərəflər arasında bağlanmış müqavilələrlə müəyyən edilməli olmasına istinad etsə də, işə baxan məhkəmə cavabdehin həmin dəlillərinə qiymət verməmiş, mənzillərin ölçüsü ilə bağlı mübahisəni Mülki Məcəllənin 390.1 və 405.1-cı maddələri kontekstində araşdırmamışdır. Belə ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Yenə həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilədən və iddia ərizəsinin özündən də göründüyü kimi tərəflər Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa edilən 11 saylı 12 mərtəbəli yaşayış binasından, ümumi sahəsi 91,4 kv.metr olan, 2 otaqdan ibarət 20 nömrəli mənzilin 36 aylıq kreditlə hər kv.metri 500 manat, aylıq ödəniş 625 (altı yüz iyirmi beş) manat olmaqla, ümumi qiymətin 45700 (qırx beş min yeddi yüz) manat olması barədə razılığa gəlmişlər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 404-cü maddəsinin tələblərini də nəzərə almamış, habelə mövcud müqavilə münasibətlərinə onun şərtlərinə uyğun olan podrat deyil, alqı-satqı müqaviləsinin şərtlərini tətbiq etməklə səhvə yol vermişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Yenə həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Yenə də həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Eyni Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına qiymət verərkən müqavilənin mənzilin sahəsi ilə bağlı şərtlərini onun bağlanması zamanı tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olaraq həqiqi iradə ifadəsinin nədən ibarət olmasını, habelə həmin dövrdə yaşayış sahələrinin podrat müqaviləsi üzrə tikintisi zamanı təhvil veriləcək sahənin hesablanması ilə bağlı (mənzilə daxil olan bütün sahələrin: divaraltı, sanitar qovşağı, balkon, şaxta daxil olmaqla) formalaşmış işgüzar adətləri nəzərə almamışdır. Mübahisəli mənzilin alınması ilə bağlı tərəflər arasında imzlanmış 20 fevral 2014cü il tarixli, AF-A/081 nömrəli müqavilənin şərtləri təfsir edildikdə, həmçinin tərəflərin iradə ifadəsinin həqiqi mənası, bütövlükdə müqavilənin hərfi mənası nəzərə alındıqda, məlum olur ki, həmin müqavilə alqı-satqı barədə deyil, podrat müqaviləsidir (müqavilənin 1.2; 3.1.2.4; 4.8-ci maddələri). Tərəflər arasında bağlanmış həmin müqavilərə əsasən isə podratçı kimi "xxxx" MMC İddiaçı qarşısında öhdəlik götürmüşdür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa edilən 11 saylı 12 mərtəbəli yaşayış binasından, ümumi sahəsi 91,4 kv.metr olan, 2 otaqdan ibarət 20 nömrəli mənzili inşa edib təhvil verəcək. Müqavilədə mənzilin yaşayış və köməkçi sahələrinin ölçüləri barədə heç bir müddəa yoxdur. Bu müqavilə ilə sifarişçi İddiaçı isə MMC qarşısında öhdəlik götürmüşdür ki, həmin mənzili 36 aylıq kreditlə hər kv.metri 500 manat, aylıq ödəniş 625 (altı yüz iyirmi beş) manat olmaqla, ümumilikdə 45700 (qırx beş min yeddi yüz) manat ödəyəcəkdir. Mənzilin dəyərinin sifarişçi tərəfindən tam ödənilməsi işin mübahisəsiz halıdır və cavabdehin12.02.2017-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur. İşdə olan məlum ekspert rəylərindən də görünür ki, mübahisəli mənzilin tikintialtı ümumi sahəsi 91,4 kv.metrdir, başqa sözlə, podratçı sifarişçi qarşısında götürdüyü öhdəliyi, yəni ona 91,4 kv.metrlik mənzili inşa edərək təhvil vermişdir. Belə olan halda, iddiaçının qeyd edilən əqdə alqı-satqı müddəalarını, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndin tələblərini və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-nı tətbiq edərək 7700 manat artıq ödənilmiş vəsaiti tələb etməsi əsasızdır və təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında imzlanmış müqaviləyə podrat müqaviləsi kimi yanaşılmalıdır və hazırkı mərhələdə müqavilə tərəfləri əqd üzrə götürdükləri öhdəlikləri tamamilə yerinə yetirmiş, müqaviləni icra etmişlər. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisə üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, yaranmış mübahisəyə alqı-satqı münasibətlərindən doğan normaları tətbiq etmiş, bununla da səhv nəticəyə gəlmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Əksinə, cavabdeh tərəfin sübutları iddianın rədd edilməsi üçün yetərli olmuşdur. Buna görə də iddiasını sübut edə bilməyən iddiaçının tələbini təmin edərkən məhkəmə əsaslı şübhələrdən azad olmayan səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda göstərilən hallara düzgün qiymət verməmiş və kifayət qədər əsas olmadan iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-62/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, apelyasiya və kassasiya şikayətlərinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş cəmi 30,80 manat dövlət rüsumu İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməli, məhkəmə ekspertizalarının keçirilməsi ilə bağlı cəmi 250 manat məbləğində pul tutulub Ədliyyə Nazirliyinin Məhkəmə X1 xəzinədarlığı Ağentliyi 210005, AZ 41NABZO**********000003944 saylı müxbir hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş Abşeron Rayon Məhkəməsinin 2(012)-62/2019 saylı, 15 avqust 2019cu il tarixli qətnaməsi ləğv olunsun. Yeni qətnamə qəbul edilsin və iddia təmin olunmasın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apelyasiya və kassasiya şikayətlərinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş cəmi 30,80 (15,4+15,4) manat dövlət rüsumu İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilsin. Məhkəmə ekspertizalarının keçirilməsi ilə bağlı cəmi 250 manat məbləğində pul İddiaçı tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə X1 xəzinədarlığı Ağentliyi 210005, AZ 41NABZO**********000003944 saylı müxbir hesabına köçürülsün. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar