Məhkəmə qərarları › İş №2(105)-1072/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1072/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1072/2024 12.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X9 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2(060)-1432/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 1400 ABŞ dollarının manata məzənnəsi ilə 2380 (iki min üç yüz səksən) manat pulun, həmin pula 2023-cü il yanvar ayından bank uçot dərəcəsinə görə (8,5%) hesablanmış 202,30 (iki yüz iki manat otuz qəpik) manat faizin, ödənilmiş 51,0 (əlli bir) manat dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 (iki yüz) manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Cavabdeh 3000 ABŞ dolları manata məzənnə ilə borc pul vermişdir. Bu barədə Cavabdeh ilə aralarında borc müqaviləsi bağlanmışdır. Cavabdeh həmin məbləği borc aldığını öz imzası ilə təsdiq etmişdir. Hal-hazırda Cavabdeh həmin məbləğdən 1400 ABŞ dolları manata məzənnə ilə borcu ödəməmişdir. Pulu ödəmədiyinə görə cavabdeh barəsində tədbir görülməsi üçün 2023-cü ilin fevral ayının 07-də ərizə ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin 17 fevral 2023-cü il tarixdə işin mülki xarakterli olması ilə əlaqədar “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı qəbul edilmişdir. Yenə də tələblərindən sonra cavabdehin əri X10 ondan polisə şikayət etmiş və onun hərəkətlərində cinayət tərkibi olmadığından “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 iyun 2023-cü il tarixli qərar qəbul olunmuşdur. Cavabdeh borclu qaldığı məbləği ödəmədiyindən iddiaçıya əlavə olaraq maddi ziyan vurmuşdur. 2023-cü ilin yanvar ayından həmin məbləği ödəmir. 1400 ABŞ dolları manata məzənnə ilə 2380 manat edir. Həmin məbləğə dəymiş maddi ziyan həmin dövrün bank uçot dərəcəsinə uyğun olaraq hesablanmalıdır. Cavabdeh dəfələrlə tələb etməyinə baxmayaraq iddiaçıya olan borcunu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınır. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2(060)-1432/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddia qismən təmin edilmiş, Cavabdeh 2380 (iki min üç yüz səksən) manat, ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə ödənilmiş 200 (iki yüz) manat pulun alınaraq iddiaçı - İddiaçı ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Cavabdeh məhkəmə iclasında iddiaçıya olan borcunu tam ödəməsini bildirsə də, bu barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135, 385.1, 739, 740, 1091, 1092.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 121.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2(060)-1432/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, iddiaçıya cəmi 290 manat ödəməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2017 ilin avqust ayından 2021-ci ilin sonuna qədər ünvan 1 ünvanda qeyri-yaşayış sahəsi icarəyə götürüb təndirxana kimi işlətmiş, 2021-ci ildən idiaçı İddiaçı təndirxananın müştərisi kimi tanımışdır. Ona müraciət edib onu təndirxanaya şərik etməyini təklif etmış, aralarında razılaşmışlar ki, Eldar 5.000 manat pul verir, bu pula təndirxanaya əlavə manqal və masalar alıb qoyur və hər ay ona 750 manat pul ödəyir. 02 oktyabr 2021-ci il tarixdə Eldar təndirxanaya gəlib ona 3.000 ABŞ dolları verdi ki, bu da manat məzənnəsi ilə 5.000 manat təşkil edirdi. Pul verməsi barədə qəbz yazıb ona vermişdir. Bundan sonra 3 ay ərzində hər dəfə 750 manat olmaqla 2.250 manat pulu Eldara ödəmış, qazanc olmadığına görə 2021-ci ilin dekabr ayının sonunda təndirxananı təhvil vermiş, sonradan qonşuluqda meyvə satan adam vasitəsi ilə 3 dəfəyə cəmi 900 manat, kolbasa satan oğlan vasitəsi ilə 300 manat və bir dəfə də 750 manat pulu Eldarın özünə vermişdir. 13 iyul 2022-ci ildə terminal vasitəsi ilə oğlu X1 200 ABŞ dolları göndərmiş, bir dəfə isə özü onun hesabına 170 manat ödəmişdir. Ümumilikdə Eldara 4.710 manat pul ödəyib. Eldar razı qalmadı və verdiyi pula görə əlavə faiz tələb etdi. Onunla razılaşmışdır ki, hissə-hissə olmaqla ona 500 ABŞ dolları versin. Sonra isə razılaşmanı pozdu və polisə şikayət etməyə başladı. Hazırda Eldara cəmi 290 manat borcu qalmışdır. Eldara etibar edib ondan qəbz tələb etməmişdir. O, isə bundan istifadə edib əlavə pul qoparmağa çalışır. Birinci instansiya məhkəməsində tələb etsə də, sübutlat kifayət qədər araşdırılmamışdır. Belə ki, onunla birlikdə təndirxananı işlədən və hadisələrin birbaşa iştirakçısı olan əri X2 izahatı alınmalıdır. Təndirxanada işləmiş X5 da hadisələrin birbaşa şahididir. Onun izahatının alınması da vacibdir. Bundan başqa 100 manat pulu bankomat vasitəsi ilə Eldarın hesabına ödəmiş, oğlu Əhmədov Rasim isə xx.xx.2022-ci ildə Eldarın hesabına 200 ABŞ dolları köçürmüşdür. Həmçinin Eldarın onunla danışdığı yazışmaları və səsi vardır. Bu danışıqlarda dinlənilməli və sübut kimi istifadə olunmalıdır. Birinci instansiya məhkəməsi göstərdikləri ilə bağlı vəsatətlərini təmin etməmişdir. Odur ki, yenidən vəsatət verir və qeyd etdiyi sübutların təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilərək qeyd edilmişdir ki, cavabdeh ilk 3 ay ərzində deyil, 2 ay ərzində hər ay 750 manat pul vermis, 2021-ci ilin dekabr ayında təndirxananı təhvil vermis və pul ödəməyə dayandırmışdır. Mübahisələrdən sonra bir dəfə 700 manat, axırıncı dəfə isə terminal vasitəsi ilə 300 ABŞ dolları (200 ABŞ dolları və 170 manat) pul ödəmişdir. Sonuncu dəfə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli Cİnayət işinin başlanmasının rəd edilməsi haqqında qərarda qeyd etmişdir ki, cavabdehin ona 1400 ABŞ dolları borcu qalıb. Cavabdeh isə həmin pulu ödəməsinə dair sübut təqdim etməmişdir. Həmin qərardan sonra cavabdeh ona borcdan bir manat belə ödəməmişdir. Cavabdeh məhkəmə iclasında na olan borcunun tam ödədiyini bildirsə də bu barədə sübutları təqdim etməmişdir. c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehə 3000 ABŞ dolları borca pul vermiş, razılaşmılar ki, cavabdeh hər ay 750 manat pul verəcək . Cavabdeh iki dəfə 750 manat, bir dəfə 700 manat, bir dəfə 340 manat (200 ABŞ dolları), bir dəfə də 170 manat, ümumilikdə 2710 manat ödəniş etmişdir. Bu da 1600 ABŞ dolları edir. Hazırda cavabdehin 1400 ABŞ dolları borcu qalmışdır. Bir dəfə də ona 300 manat ödəniş etməsi barədə qəbzin şəklini ona göndərsə də, həmin qəbzdə pulu Adil Miriyevin adına göndərilməsi qeyd edilmişdir ki, həmin şəxsi də tanımır.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbərləri barədə məlumat verməmişdir.. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 3000 ABŞ (üç min ABŞ dolları) götürmüş və 1 ay əvvəlcədən xəbərdarlıq edilərək geri ödəniləcəyini öz imzası ilə təsdiq etmişdir.

14. İşdə olan “cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə tanıdığı Cavabdeh birgə iş qurmaq adı ilə 3000 ABŞ dolları məbləğində pul vermiş, lakin Samirə ona qarşı dələduzluq edərək pullarını mənimsəməsi barədə şikayət ərizəsi əsasında qeyd olunan faktda cinayət hadisəsi müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir.

15. İşə əlavə olan “cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, X7 ünvan 2 ünvanda yerləşən “AZZA” mağazasının qarşısında əvvəlcədən tanıdığı İddiaçı ilə aralarında borc pul məsələsi ilə əlaqədar olaraq yaranmış mübahisə zamanı sonuncu söhbət zamanı əlində olan qaz balonu ilə onun sifət nahiyəsinə qaz püskürdərək hər iki gözünə xəsarət yetirilməsi barədə şikayət ərizəsi əsasında qeyd olunan faktda X2 əməlində cinayət hadisəsi müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir.

16. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı hüquqi yardıma görə 200 manat ödəniş etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Mülki Prosessual Məcəllə

18. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alıqmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

19. Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2(060)-1432/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni cavabdehdən tutulan pulun məbləği hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2(060)-1432/2024 nömrəli qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdeh 02 oktyabr 2021-ci tarixdə iddiaçıdan bir ay qabaqcadan xəbərdarlıq edilməsi şərti ilə 3000 ABŞ dolları məbləğində borc pul almış, borc öhdəliyini qismən icra etmiş və nəticədə iddiaçıya 1400 ABŞ dolları, manata olan məzənnəsi ilə isə 2380 manat borcu qalmışdır. Cavabdeh şikayətində 3 ay ərzində hər dəfə 750 manat, sonradan qonşuluqda meyvə satan adam vasitəsi ilə 3 dəfəyə cəmi 900 manat, kolbasa satan oğlan vasitəsi ilə 300 manat və bir dəfə də 750 manat pulu iddiaçının özünə, 13 iyul 2022-ci ildə terminal vasitəsi ilə oğlu X3 iddiaçıya 200 ABŞ dolları göndərməsini, bir dəfə isə özünün iddiaçının hesabına 170 manat ödəməsini bildirmiş, iddiaçı isə cavabdeh tərəfindən ümumilikdə ona iki dəfə 750 manat, bir dəfə 700 manat, bir dəfə 340 manat (200 ABŞ dolları), bir dəfə də 170 manat olmaqla, ümumilikdə 2710 manat, yəni 1600 ABŞ dolları döəməsini qeyd etmişdir.

22. Göründüyü kimi cavabdehin qeyd etdiyi 2 dəfə 750 manat, 1 dəfə 700 manat, oğlu vasitəsi ilə 340 manat və özü tərəfindən 170 manatın göndərilməsi iddiaçının izahatı ilə təsdiqini tapsa da, əlavə olaraq 1 dəfə 750 manat, sonradan qonşuluqda meyvə satan adam vasitəsi ilə 3 dəfəyə cəmi 900 manat, kolbasa satan oğlan vasitəsi ilə 300 manat pulun göndərilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir.

23. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya 2710 manat ödəniş edilməsi iddiaçının izahatı ilə təsdiqini tapsa da cavabdeh tərəfindən mübahisəli olan 1950 manat ödəniş etməsi iş materialları ilə təsdiqini tapmamışdır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində həmin halların aralarında aparılmış yazışmalar və səs yazıları ilə təsdiqini tapdığını qeyd etsə də, həmin sübutları nə birinci instansiya məhkəməsinə, nə də ki apellyasiya instansiyasına təqdim etmişdir.

25. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməklə əsaslı hesab edilə bilməz.

26. Məhkmə kollegiyası qeyd edir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olsa da, tərəflər Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə riayət etmədən müqaviləni yazılı deyil, şifahi qaydada bağlamışlar ki, Mülki Məcəllənin 329.1 və 337.1-ci maddəsinin tələbinə əsasən həmin müqavilə qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıldığından əhəmiyyətsiz, etibarsız əqd olmuşdur. Tərəflər arasında bağlanmış borc müqaviləsi əhəmiyyətsiz əqd hesab olunsa da, cavabdehin iddiaçıdan 3000 ABŞ dolları məbləğində borc götürməsi, borcunun bir hissəsini ödəməsi, qalıq öhdəliyinin isə 2380 manat məbləğində olması iş materialları ilə təsdiq olunduğundan o, həmin məbləği Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən iddiaçıya qaytarmaq öhdəliyi daşımaqdadır.

27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2(060)-1432/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 28 Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2(060)-1432/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar