Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1074/2024 25.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X6 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)- 174/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Xızı rayon qeydiyyat şöbəsi tərəfindən 15 noyabr 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 254315 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 30 oktyabr 2019-cu il tarixdə Sumqayıt şəhərində doğulmuşdur, atası Cavabdeh, anası Rəsulova (Qasımlı) Ülkər Rövşən qızıdır.
2. Siyəzən Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(059)-288/2022 nömrəli qətnaməsi ilə 30 oktyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 29 mart 2022-ci il tarixdən başlayaraq Cavabdeh iddiaçı Rəsulova (Qasımlı) Ülkər Rövşən qızının xeyrinə hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 oktyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(059)-288/2022 saylı qətnaməsi ilə hər ay tutulan alimentin miqdarının dəyişdirilərək, Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutulmaqla, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbini onunla əsaslandırmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə 30 oktyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda maddi imkanı aşağıdır və cavabdeh tərəfindən ödənilən aliment məbləği uşağın maddi tələbatını ödəmir. Eyni zamanda, ölkədə inflyasiya getmiş, bazar qiymətləri kəskin şəkildə artmışdır. Həmçinin, cavabdeh aylıq yüksək gəlir əldə etdiyindən yüksək məbləğdə aliment ödəmək imkanındadır. Buna baxmayaraq, cavabdeh uşağa baxmır, habelə ayrı yaşadıqları vaxtdan onunla maraqlanmır. Uşağa tək başına baxması onun üçün çox çətindir. Belə ki, o, övladının saxlanılması ilə bağlı xərcləri qarşılamaqda çətinlik çəkir, hətta bəzi xərclərini ödəyə bilmir. Övladının immuniteti çox zəif olduğuna görə tez-tez xəstələnir. Bu səbəblə də, o, uşağın müalicələrinə vəsait sərf edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Cavabdeh "xxxx" QSC-nin benzin doldurma məntəqəsində köməkçi fəhlə işləməklə, 549 manat aylıq əmək haqqı alır.
6. Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, iddiaçı X1 rayon gigiyena və epidemiologiya mərkəzində direktor müavini işləməklə, aylıq 406 manat əmək haqqı alır.
7. “Aysmed” klinikası tərəfindən 26 iyul 2023-cü il tarixdə verilmiş exokardioqrafiyanın surətindən görünür ki, 30 oktyabr 2019-cu il təvəllüdlü Sadiq Rəsulovda pulmanar qapaq üzərində axın surəti və təzyiq artmış yüngül PS, sağ qulaqcıqda KİARİ şəbəkəsi qeyd olunmaqla sağ boşluqlar genişlənmişdir.
8. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-174/2024 nömrəli qətnaməsi ilə (hakim Bəylər Ələkbərov) iddia təmin edilərək, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 30 oktyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(059)-288/2022 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması, İddiaçı ödəməkdən azad edildiyi 46,40 (qırx altı manat 40 qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
9. İddianı təmin edən birinci instansiya məhkəməsi tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun minimum maddi təminatını və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır.
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 75.1, 56.1, 78.1, 112.1-ci maddələrinin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarının, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, alimentin onun aylıq əmək haqqı məbləğinin ¼ hissəsi miqdarında və bundan əlavə 30 manat sabit pul məbləğində müəyyən edilib iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tələbin əsasını alimentin müqdarı müəyyən olunduğdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklər olmasının təsdiqi üçün məhkəməyə hər hası möhtəbər sübut təqdim etmədən ümumi ifadələrlə əsaslandırmağa çalışmış, məhkəmə də öz növbəsində işin faktiki hallarını araşdırmadan aliment tələbini qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmədiyi halda təmin etmişdir. Lakin məhkəmə, onun "xxxx" QSC-də opreator işləməklə aylıq 549 manat əmək haqqı aldığını, bununla da onun aylıq gəlirinin sabit və müntəzəm olduğunu, yəni aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olmadığını, habelə onun anasının müalicəsi üçün götürdüyü kreditə görə hər ay 200 manat məbləğində kredit ödənilməsi faktlarını nəzərə almayaraq, qanuna əsasən ondan almentin tutulmasını məlum gəlirinin ¼ hissəsi miqdarında deyil, sabit pul məbləğində müəyyən etmişdir. Habelə məhkəmə qətnamədə qeyd edildiyi kimi iddiaçı Siyəzən rayon Gigiyena və Epidemiologiya mərkəzində direktor müavini kimi yüksək vəzifədə işləməklə aylıq 406 manat məbləğində əmək haqqı almasını da nəzərə almamışdır. Məlum olduğu kimi məhkəmənin müəyyən etdiyi almentin miqdarının dəyişdirilməsi, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri əsasında aparılır. Bu normanın tələbinə görə almentin miqdarı müəyyən olunduqdan sonra alimentin miqdarının dəyişdirilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə şərtləndirilmişdir. Lakin qətnamənin əsaslandırıcı hissəsində, o, cümlədən iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin faktiki əsası kimi təqdim etdiyi sənədlərin məcmusu, habelə mahiyyəti Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tərkibini yaratmır. Bütün bunlara baxmayaraq məhkəmə, iddiaçının tələbin təmin etməsinə əsas verməyən formal mülahizələrini, habelə özünün əsaslandırılmayan daxili inamına əsaslanaraq, yalnız Azərbaycan Respublikasında 2024-cü il üçün uşaqlar üçün müəyyən olunan 235 manat məbləğində yaşayış minimumu əsas tutaraq hüquqularını pozan qətnamə qəbul etmişdir. Hazırda mübahisələndirdiyi qanunsuz qətnamə onun yenidən ailə qurub yaşayışnı mümkünsüz etmişdir. Lakin iddiaçı ikinci dəfə nikaha girmiş və iddia ərizəsində qeyd etdiklərinin əksinə olaraq uşağı onunla görüşməyə qadağa qoymuş və bu səbəəbdən onun iddiaçıya qarşı məhkəmədə “uşaqla ünsiyyət günlərinin müəyyən edilməsi” tələbinə dair iddia qaldırmış və müvafiq mülki iş məhkəmənin icraatındadır. Beləliklə yuxarıda qeyd edilənlərlə, habelə iddiaçının qətnamədə tələbin faktiki əsası kimi qeyd etdikləri ilə 220 manat məbləğində almentin tutulmasına əsas vermir. Ona görə ki, iddiaçı tələbin faktiki hallarını əsaslandıran heç bir sənəd təqdim etmədən, yalnız formal mülahizə irəli sürərək, hazırda maddi imkanının aşağı olmasını, ölkədə gedən infilyasiyanı göstərir. Əgər infilyasiyanı əsas tutursa infilyasiya hər bir şəxs kimi ona da təsir etmişdir. Aylıq qazanca qalanda iddiaçı müdir müavini, o, isə fəhlə qisimində operator işləyir. Bundan əlavə iddiaçı ikici dəfə ailə qurub, onun ailəyə əlavə gəlir gətirəni (ikinci nikahdan olan əri) var, o, isə himayəsində şəkər xəstəsi olan ailə başçısını itirən anası yaşayır və onun müalicəsi üçün bankdan kredit götürülmüşdür. Buna görə görə hər ay banka 200 manat məbləğində kredit ödənilir. Əgər onun 549 manat aylıq gəlirinin 200 manatını kredit borcuna və 220 manatı alimentə tutulsa onda, onun yaşayışı üçün aylıq 129 manat pul qalar ki, bu da 2024-cü il üçün əmək qabiliyyətli əhali üçün müəyyən olunmuş 287 manat miniumim yaşayış həddindən 158 manat az təşkil edər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
16. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
17. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
18. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
20. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
21. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
24. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar.
29. Qərarda (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
30. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 220 manat, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda isə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.
31. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi üçün qanunda nəzərdə tutulmuş əsasların mövcud olduğu görünür.
32. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qeyd etdiyi dəlillər onu uşağı saxlamaq, ondan ayrılıqda yaşayan uşağın minimum dolanacaq xərcləri həddində maddi təminatını ödəmək vəzifəsindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.
34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
35. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-174/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.