Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1078/2024 30.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X8 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, cavabdehin nümayəndəsi vəkil X4, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(059)-35/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Siyəzən Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) İddiaçı Cavabdeh qarşı borc pulun qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi, iddia tələbi üzrə ödənilmiş 261 (iki yüz altmış bir) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı borc pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 may 2019-cu il tarixdə cavabdehə verdiyi 57000 manat borc pulun sonuncudan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh özünə iş qurmaq üçün Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 254.5 kv.m olan qeyri-yaşayış binasını almaq məqsədilə 02 may 2019-cu il tarixdə ondan 57000 manat məbləğində borc pul almış, habelə pulu alarkən qısa müddət ərzində qaytaracağını vəd etsə də, hələ də bu pulu ona qaytarmamışdır. Ona görə də, 02 may 2019-cu il tarixdə cavabdehə verdiyi 57000 manat borc pulun sonuncudan alınaraq ona geri qaytarılması mütləq və zəruridir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Siyəzən Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsi İddiaçı Cavabdeh qarşı borc pulun qaytarılması tələbinə dair e-2(059)-35/2024 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsinə dair qətnamə qəbul etmişdir. Sözügedən qətnamə kobud maddi və prosessual qanun pozuntusuna yol verməklə qəbul etmişdir. Belə ki, eyni hakim tərəfindən həmin işlə paralel şəkildə icraatı aparılan, iş üzrə Cavabdeh qarşı X1 birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair e-2(059)-48/2024 nömrəli mülki iş üzrə iddiaçı X2 maraqlı tərəf qismində hazırki işə cəlb etmişdir. Bildirmək istəyir ki, ayrı-ayrı şəxslər arasındakı borc münasibətləri ilə bağlı mübahisənin gedişinə hakim tərəfindən həmin şəxslər arasındakı münasibəti aidiyyəti olmayan, 3-cü bir şəxsin cəlb edilməsi hakimin qeyri-obyektiv və qərəzli olmasını təsdiq edən hallardandır. Məhkəmə işə baxarkən və öz qərarını qəbul edərkən Cavabdeh tərəfindən iddianın etiraf edilməsinə dair ərizəsini nəzərə almamış, Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsini kobud şəkildə pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil X6 apellyasiya şikayətini qəbul edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən üçüncü şəxs X5 izahatında bildirdi ki, iddiaçı onun keçmiş ərinin dayısıdır və onunla hazırkı iş üzrə cavabdeh olan Cavabdeh arasında hazırda birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair məhkəmə mübahisəsi vardır. Hazırkı işdə olan borc mübahisəsi ona çatası əmlakın azaldılması məqsədilə süni şəkildə yaradılmışdır. Bu baxımdan apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi Vəkil ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsi İddiaçı 02 may 2019-cu il tarixdə Cavabdeh 57000 manat məbləğində pul verməsi, habelə sonuncunun həmin vaxt iddiaçıdan bu pulu məhz borc olaraq almasının heç bir qanuni əsasının olmadığı və ya hər hansı müqavilə şərtlərinə əsaslanmadığı, Mülki Məcəllənin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc məbləğinin üç min manatdan çox olduğu halda, bu müqavilənin yazılı formada bağlanmalı olduğunu, lakin tərəflərin mülki qanunvericiliyin qeyd olunan tələblərinə əməl etmədiyini, pulun verilməsi ilə bağlı aralarında şifahi razılaşmaya əsasən bağlanmasını iddia etdikləri əqdin (müqavilənin) etibarsızlığına səbəb olması ilə əsaslandırmışdır. İddiaçı bu nəticə ilə razılaşmayaraq məhkəmənin qətnaməsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllənin 337.4 maddəsi). Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Nəzərə alınmalıdır ki, əqdlər mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitam edilməsinə yönəlmiş hüquqi hərəkətlər olduğuna görə onların bağlanması üçün iradə ifadəsi hüquqi formada qanunla müəyyən olunmuş şəkildə ifadə edilməlidir. Məhz bu baxımdan mülki dövriyyədə əqdlərin formaları müəyyənedici əhəmiyyətə malikdir. Əqdin forması onun həqiqiliyi, məzmununun müəyyən edilməsi, mübahisə baş verdikdə isə bağlanmış əqddən irəli gələn hüquq və vəzifələrin sübut edilməsi üçün hüquqi əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 351-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq tərəflərin aralarında müqavilənin məcburi forma tələbinə riayət etmədən 02 may 2019-cu il tarixdə bağladıqlarını iddia etdikləri əhəmiyyətsiz əqdin məhkəmə iclasında şifahi olaraq cavabdeh tərəfindən təsdiqlənməsinin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğun gəlmədiyi, eləcə də üçüncü şəxs yəni Mənsumə Rzayevanın mənafeyini pozduğunu və iddia edilən əqdin bağlandığı tarixdən sonrakı vəziyyətin tərəflərin hazırda məhkəmədə nümayiş etdirdikləri hərəkət və bildirdikləri fikirlərlə uzlaşmadığı qənaətinə gəlmişdir. İnsan Hüququları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi. Bu mənada məhkəmə kollegiyası iddiaçını bu hüququndan məhrum etməmək məqsədilə apellyasiya şikayətində göstərdiyi (Mənsumə Rzayevanın üçüncü şəxs qismində hazırki işə cəlb edilməsi) dəlilinə münasibət bildirməyi zəruri hesab edir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Ali Məhkəmə Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 3.17. və 3.18. bəndlərinə əsasən məhkəmə təcrübəsində ər-arvadın ümumi əmlakdakı paylarına süni təsir etmək üçün uydurma borc müqaviləsinin bağlanması, bununla bağlı məhkəmədə qaldırılmış iddianın və ya iddiaçının əsaslandığı faktların etiraf edilməsi hallarına rast gəlinir. Belə mübahisələrə baxılarkən ər-arvadın hüquq və vəzifələrinə dair məsələ onların hüquqlarının pozulması ilə nəticələnə bilərsə, məhkəmə Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə əsasən həmin şəxsləri müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işdə iştirak etməyə cəlb edə bilər. Qeyd olunan işlər üzrə cavabdeh olan ər (arvad) tərəfindən iddia və ya iddiaçının tələblərini əsaslandırdığı faktlar etiraf edildikdə, habelə kreditorla (kreditorlarla) borcalan arasında barışıq sazişi bağlandıqda məhkəmələr Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsinin və tərəflərin barışıq sazişinin qanuna zidd olub-olmadığına, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmadığına, yaxud Mülki Prosessual Məcəllənin 106.4-cü maddəsinə əsasən faktın işin hallarının gizlədilməsi məqsədi ilə etiraf olunmasına xüsusi diqqət yetirməlidirlər. Bu cür halların mövcudluğu müəyyən edilərsə, belə hərəkətlər qəbul olunmamaqla, mübahisəyə mahiyyəti üzrə baxılması davam etdirilməli və ya həmin faktlar ümumi qaydada sübut edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası şikayətin bu dəlili ilə razılaşmayaraq hesab edir ki, məhkəmə tərəfindən X1 üçüncü şəxs qismində işə cəlb edilməsi yuxarıda qeyd olunan Ali Məhkəməsi Plenumunun qərarına uyğun olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1078/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1078/2024
30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver